Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Danimarkanın xarici işlər naziri, ATƏT-in sədri Niyels Petersenlə görüşdə söhbətindən - Strasburq, Avropa sarayı, 10 oktyabr 1997-ci il


Heydər Əliyev: Hörmətli cənab Petersen! Sizi salamlayıram və bildirirəm ki, ATƏT-in sədri kimi Sizinlə görüşməyimə çox şadam. Bu görüşümüzdə Minsk qrupunun fəaliyyətindən, habelə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələlərindən danışmaq istərdim.

Niyels Petersen: Biz Minsk qrupu çərçivəsində Azərbaycana hər cür kömək etmək istəyirik və mən Minsk qrupu həmsədrlərinin verdikləri təkliflərdən xəbərdaram.

Heydər Əliyev: Ola bilər, sonradan həmsədrlərin təkliflərində düzəlişlər olsun, amma indiki halda biz sülh danışıqlarını intensivləşdirmək üçün onları əsas kimi qəbul etmişik.

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması sahəsində ATƏT-in fəaliyyətindən söhbət açaraq vurğulayıram ki, bu təşkilat 1995-ci ildə Budapeştdə böyük iş görmüşdür, 1996-cı ildə Lissabonda isə münaqişənin sülh yolu ilə həllinin üç prinsipi qəbul olunmuşdur.

Cənab Petersen! Mən istərdim ki, ATƏT-in indiki sədri kimi siz də bu münaqişənin aradan qaldırılmasına kömək göstərəsiniz. Azərbaycana gəlin, onda münaqişə ilə bağlı məsələlərlə yerində tanış ola bilərsiniz.

Niyels Petersen: Hörmətli cənab Prezident, Minsk qrupunun fəaliyyətini müsbət qiymətləndirdiyinizə görə Sizə təşəkkür edirəm. Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması yolunda müəyyən irəliləyişin nəzərə çarpmasından çox şad olduğumu bildirirəm və bu işdə Azərbaycan Respublikasının Prezidenti kimi Sizin şəxsi xidmətinizin böyük olduğunu vurğulayıram. Sizə məlumat verirəm ki, vəziyyətlə tanış olmaq üçün regiona gəlmək niyyətindəyəm. Hərtərəfli əməkdaşlıq məsələlərindən danışarkən Danimarkanın xarici işlər naziri kimi bildirmək istəyirəm ki, Danimarka Azərbaycanla iqtisadi əlaqələrə maraq göstərir. Bundan əlavə, mənim ölkəm respublikanıza, ilk növbədə qaçqınlara humanitar yardım etmək istəyir.

Heydər Əliyev: Biz ölkəmizin Böyük Britaniyadakı səfiri Mahmud Məmmədquliyevi həm də Danimarkada Azərbaycanın səfiri təyin etmişik. O öz etimadnaməsini təqdim etmək üçün tezliklə sizin ölkənizə gələcəkdir. Görüşümüzün sonunda, hörmətli nazir, Sizi bir daha respublikamıza səfərə dəvət edirəm.

"Müstəqilliyimiz əbədidir", XII cild, Azərnəşr, Bakı-2004, səh 293.