Türkiyədən vətənə qayıdarkən İstanbulun Atatürk Hava limanında jurnalistlər üçün brifinqdə Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - 10 iyun 1994-cü il


Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəlin dəvəti ilə mən dünən buraya qısamüddətli işgüzar səfərə gəldim. İndi də geriyə dönürəm, Azərbaycana yola düşürəm. Bu müddətdə burada Azərbaycan üçün çox əhəmiyyətli görüşlər oldu. Hörmətli dostumuz, qardaşımız Süleyman Dəmirəlin dəvəti ilə mənim buraya gəlməyimin məqsədi Türkiyə ilə Azərbaycan arasında əlaqələrin sürətlə inkişaf etməsi barədə bəzi danışıqlar aparmaq, məsləhətləşmələr etmək idi.

Dünən Türkiyə prezidenti Süleyman Dəmirəllə çox ətraflı söhbətimiz oldu, ölkələrimiz üçün maraqlı olan məsələlərin hamısını müzakirə etdik. Bu gün Türkiyənin baş naziri hörmətli Tansu Çillərlə, baş nazirin birinci müavini hörmətli Murad Qarayalçınla görüşlərim oldu. Bu görüşlərdə də Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və bəzi məsələlərin həllinin sürətləndirilməsi üçün danışıqlar, söhbətlər apardıq, çox məsələlərdə razılığa gəldik. Mənim səfərimin əsas məqsədi bundan ibarət idi və bu baxımdan mən səfərimdən çox razıyam.

Hörmətli Süleyman Dəmirəllə, hörmətli Tansu Çillərlə, Murad Qarayalçınla, Hikmət Çətinlə danışıqlarda Azərbaycanın indiki vəziyyəti, Ermənistanın Azərbaycana təcavüzü və bu məsələlərin həll olunması yolları müzakirə edildi. Artıq dünya ictimaiyyəti bilir ki, Azərbaycan tərəfi, şəxsən mən bir prezident kimi bu məsələnin sülh yolu ilə həll olunmasının - müharibəyə son qoyulmasının, döyüşlərin dayandırılmasına tərəfdarıyam. Bu barədə biz bir neçə dəfə təkliflərimizi vermişik. Amma təəssüf ki, indiyədək buna nail ola bilməmişik.

Məsələnin sülh yolu ilə həll olunması üçün Azərbaycanın çox qəti şərtləri var. Bu şərtlər ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı təmin olunmalı, Azərbaycan ərazilərini işğal etmiş Ermənistan silahlı qüvvələri bu torpaqlardan çıxmalı və Azərbaycan vətəndaşları həmin işğal olunmuş torpaqlara, öz yerlərinə qayıtmalıdır. Biz bu şərtlər əsasında məsələnin sülh yolu ilə həll olunmasına tərəfdarıq və bu barədə ATƏM-in və onun Minsk qrupunun imkanlarından geniş istifadə etməyə çalışırıq. Biz dünyanın böyük dövlətlərinin (bunların böyük əksəriyyəti ATƏM təşkilatının, Birləşmiş Millətlər Təşkilatının, BMT Təhlükəsizlik Şurasının üzvüdür) imkanlarından istifadə etməyə çalışırıq. Bu barədə bizim bir çox tədbirlərimiz olub. Rusiya dövləti də bu məsələlərdə çox fəal iştirak edir, bu məsələnin həll olunmasında vasitəçilik etməyə çalışır. Son vaxtlar ATƏM təşkilatının Minsk qrupu və onun başçısı Yan Eliasson bu məsələdə Rusiya dövlətinin xüsusi bir yer tutmasına da razılıq vermişdir. Minsk qrupu Müstəqil Dövlətlər Birliyinin də bu işə qoşulmasını lüzumlu bilmişdir.

Biz öz işlərimizi bu prinsiplər əsasında aparırıq. Dünyanın bir çox ölkələrinin xarici işlər nazirlərinin İstanbulda olması ilə əlaqədar dünən və bu gün mən bir neçə Qərb ölkəsinin xarici işlər nazirləri ilə də görüşdüm. ABŞ-ın dövlət katibi cənab Uorren Kristoferlə, Böyük Britaniyanın xarici işlər naziri Duqlas Herdlə, İsveçin xarici işlər naziri xanım Marqaret af Uqlasla (bilirsiniz ki, İsveç hazırda Minsk qrupuna rəhbərlik edən bir ölkədir, həmin qrupa İsveçin nümayəndəsi başçılıq edir. Xanım af Uqlas da son vaxtlaradək ATƏM təşkilatının sədri olmuşdur. O bu problemlərlə məşğul olub, bu problemləri yaxşı bilir. Marqaret af Uqlas Bakıya da gəlmişdi, bizim onunla görüşümüz olub), Avropa İqtisadi Birliyinin sədri, Yunanıstanın xarici işlər naziri Karolos Papuliasla görüşdüm.

Bu görüşlərdə Azərbaycanın hazırkı ağır vəziyyətdən çıxması, yəni müharibəyə son qoyulması, məsələnin sülh yolu ilə həll olunması barəsində fikir mübadiləsi, müzakirələr apardıq. Mən belə hesab edirəm ki, görüşlərimiz çox faydalı, əhəmiyyətli oldu. Bu görüşlərdə Azərbaycan bir daha öz mövqeyini elan etdi, böyük dövlətlərin, Avropa dövlətlərinin bu prosesdə iştirak etməsi üçün öz arzularını bildirdi. Həmin dövlətlərin xarici işlər nazirləri də bu məsələnin yalnız ATƏM təşkilatı çərçivəsində, Minsk qrupu vasitəsilə həll edilməsinə tərəfdar olduqlarını bildirdilər və bu istiqamətdə gələcəkdə də fəaliyyət göstərəcəkləri haqqında mənə məlumatlar verdilər.

Ona görə də belə hesab edirəm ki, mənim Türkiyəyə səfərim Türkiyə ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğu halda, bu müddətdə Azərbaycanla əlaqədar bir çox mühüm məsələləri burada müzakirə etmək üçün mənə bir fürsət yarandı.

Mənim sizə deyəcəyim bu qədər. İstanbula qısamüddətli ziyarətimdən çox məmnunam. Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli dostum, qardaşım Süleyman Dəmirələ bu dəvət üçün təşəkkürümü bildirirəm. Türkiyənin baş naziri hörmətli Tansu Çillərə, baş nazirin müavini hörmətli Murad Qarayalçına, xarici işlər naziri hörmətli Hikmət Çətinə və burada olan başqa dostlarımıza, qardaşlarımıza bizə göstərilən qonaqpərvərliyə, hörmətə, dostluq, qardaşlıq əlaqələrinə görə minnətdarlığımı bildirirəm. Türkiyənin xalqına öz hörmətimi və məhəbbətimi bir daha bildirirəm, bundan sonra da xoşbəxt, bəxtiyar yaşamağı arzu edirəm.

"Azərbaycan" qəzeti, 11 iyun 1994-cü il.