Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın "Remko" şirkətinin rəhbərlərini qəbul edərkən söhbətindən - Prezident sarayı, 16 fevral 1999-cu il


Heydər Əliyev: Xoş gəlmisiniz. Sizinlə yenidən görüşümdən çox məmnunam.

Malkolm Rifkind (Böyük Britaniyanın keçmiş xarici işlər naziri): Çox sağ olun, cənab Prezident. Həm mənim üçün, həm də "Remko" şirkəti üçün çox böyük şərəfdir ki, biz yenidən Bakıdayıq. Cənab Prezident, Sizin səhhətinizi belə gözəl görmək bizim üçün çox böyük xoşbəxtlikdir.

Cənab Prezident, Birləşmiş Krallığa Sizin rəsmi səfərinizi böyük məmnuniyyətlə xatırlayırıq. O, çox uğurlu bir səfər idi və həftələr, aylar ötdükcə biz onun müsbət nəticələrini görürük. Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrin və məsləhətləşmələrin miqyası da getdikcə artmaqdadır. Deməliyəm ki, Birləşmiş Krallığın parlamentində də Azərbaycana maraq artıb, ölkənizlə əlaqədar müzakirələr genişlənibdir.Həm İcmalar Palatasında, həm də Lordlar Palatasında Azərbaycan haqqında tezliklə böyük müzakirələr gözlənilir. Cənab Prezident, mənə elə gəlir ki, Sizin Britaniyaya rəsmi səfəriniz bu marağın artmasına səbəb olmuşdur.

Heydər Əliyev: Mən də Böyük Britaniyaya rəsmi səfərimi çox məmnuniyyətlə xatırlayıram. Hesab edirəm ki, mənim Birləşmiş Krallığa rəsmi səfərim, keçirdiyim görüşlər, apardığım danışıqlar, imzaladığımız sənədlər çox böyük əhəmiyyət daşıyır. Mən həmin səfəri çox məhsuldar hesab edirəm. Birləşmiş Krallığın Baş naziri Toni Bleyer ilə mən böyük bəyyannamə və bir sıra konkret müqavilələr, o cümlədən "Remko" şirkəti ilə müqavilə imzaladıq. Mən bundan çox məmnunam. Hesab edirəm ki, biz birlikdə - həm Britaniya tərəfi, həm də Azərbaycan tərəfi işlərimizin daha da sürətlənməsi üçün yaxşı əsas yaratdıq.

Malkolm Rifkind: Cənab Prezident, xüsusi məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq çox uğurludur. Cənab Stiv Remp bir neçə həftə bundan əvvəl burada olarkən biz onunla birlikdə "Myradxanlı" yatağına baş çəkdik. Mənə elə gəlir ki, cənab Rempin burada görülən işlər haqında Sizə sözü vardır.

Stiv Remp: Cənab Prezident, "Muradxanlı" yatağı barədə biz Sizinlə əvvəllər də söhbət etmişik. Mən yaxşı bilirəm ki, "Meradxanlı" yatağına tarixi baxımdan Sizin marağınız vardır. Azərbaycan Dövlət Neft Şirkətinin və "Remko" şirkətinin iştirakı ilə "Muradxanlı" şirkəti yaradılmışdır.

Hazırda biz "Muradxanlı" yatağında birinci quyunun qazılması barədə tender keçiririk. Məqsəd ondan ibarətdir ki, bu ilin may, yaxud iyun ayında həmin quyunun qazılmasına başlayaq. Bu sahədə iş çox sürətlə gedir. Bu, "Remko"nun iştirakı ilə Azərbaycanın qurudakı neft yatağında qazılan ilk quyudur. Daha vacib məsələ ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə "Remko" şirkəti arasında imzalanmış müqaviləyə əsasən "Muradxanlı" yatağında qazılan bu quyu qurudakı yataqdan Azərbaycana gəlir gətirəcək ilk quyu olacaqdır.

Cənab Prezident, mən yaxşı bilirəm ki, Azərbaycanda xarici şirkətlərə dost münasibəti yaradılmasına şəxsən Siz çox böyük əmək sərf etmisiniz. Mən əminəm ki, "Remko"nun buradakı fəaliyyəti xarici şirkətlərin Azərbaycandakı işinə nümunə olacaqdır.

Heydər Əliyev: "Muradxanlı" neft yatağı həqiqətən mənim üçün xüsusi əhəmiyyətə malikdir. Mən Azərbaycanda 1970-ci illərdə işlədiyim zaman "Muradxanlı"da neftin aşkar edilməsi və hasilatı bizim üçün böyük hadisə olmuşdu. Çünki əvvəllər belə bir fikir var idi ki, Azərbaycanda - quruda Abşeron yarımadasında və onun yaxınlığında olan Salyan, Neftçala, Əli Bayramlı, Şirvan bölgəsində neft var, başqa yerlərdə yoxdur. "Muradxanlı" yatağı fəaliyyətə başlayanda oradakı quyular çox yüksək miqdarda neft verirdi. Bu, bizi çox sevindirmişdi. Ancaq sonrakı illərdə bir sıra səhvlər olmuşdu, orada neft hasilatı aşağı düşmüşdü. Mən inanıram ki, həmin yataqda neft çoxdur. Siz bu yatağı çox düzgün seçmisiniz. Mən ümidvaram ki, biz birlikdə o yataqdan həm çox neft, həm də gəlir götürəcəyik. Sizin bu sahədəki işinizi həmişə dəstəkləyəcəyəm.

Malkolm Rifkind: Cənab Prezident, böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq yaxşı səviyyədədir. Mənə elə gəlir ki, Birləşmiş Krallıqda Azərbaycanı indi daha yaxşı anlayırlar. Cənab Prezident, bu əməkdaşlığı daha da genişləndirmək üçün biz yeni yollar arayıb tapırıq.

Heydər Əliyev: Bilirsiniz ki, Azərbaycan Böyük Britaniya ilə bütün sahələrdə əlaqələrini genişləndirmək istəyir. Ona görə də bu istiqamətdə görülən hər bir iş bizim üçün çox əhəmiyyətlidir. Londonda bəyan etdiyimiz kimi, bu, bizim imzaladığımız bəyannamədə də öz əksini tapıbdır ki, Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr strateji əməkdaşlıq xarakteri daşıyır. Bizim əlaqələrimiz adi iqtisadi əməkdaşlıq deyildir. Biz bu sahədə üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk və yetirəcəyik. Şübhəsiz ki, "Remko" şirkəti ilə əməkdaşlıq da bizim bu böyük əməkdaşlığımızın mühüm bir hissəsidir.

Cənab Rifkind, xarici işlər naziri işlədiyimiz zaman biz Sizinlə yaxşı əməkdaşlıq etmişdik. "Remko" şirkəti Azərbaycana birincilər sırasında gələn xarici şirkətlərdən biridir. "Remko"nun respublikamızla əlaqələri artıq böyük sınaqlardan keçibdir. Güman edirəm ki, "Remko" şirkəti ilə əlaqələrimizin yaxşı gələcəyi vardır. Bunları səfir də təsdiq edə bilər.

Stiv Remp: Cənab Prezident, cənab Rifkindlə birlikdə biz üç həftə bundan əvvəl Azərbaycana səfərə gəlmişdik. Biz Bakı-Supsa ilkin neft kəmərini də gördük. Deməliyəm ki, bu, çox gözəl bir layihədir. Aprel ayında bu layihə üzrə neftin ixracına başlanacaqdır. Biz xüsusilə burada görülən işin keyfiyyətinə valeh olduq.

Heydər Əliyev: Bəli, bu, əhəmiyyətli bir layihədir. Biz artıq aprel ayında neftin Supsa limanından tankerlərə doldurulmasını qeyd edəcəyik. Bilirsiniz ki, həmin boruya artıq neft doldurulubdur. İndi Gürcüstan yaxınlığında və Supsa limanında işlər başa çatmaq üzrədir. Həmin işə başlanması böyük hadisə olacaqdır. Siz borunun çəklişi işinin yüksək keyfiyyətdə olduğunu qeyd edirsiniz. Bu, məni sevindirir.

Stiv Remp: Cənab prezident, bu boru kəmərinin daha böyük mənası vardır. Həmin kəmər həm də regional əməkdaşlıq - Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyır.

Heydər Əliyev: Bəli, bu kəmər bizim dostluğumuzun, əməkdaşlığımızın gələcək onilliklər üçün də əsasını qoyur.

Stiv Remp: Mənə elə gəlir ki, dünyanın bütün ölkələrindəki nüfuzlu investorlar bu uğurlu, gözəl regional əməkdaşlığı görüb buraya daha böyük maraq göstərəcəklər.

Heydər Əliyev: Mən də belə düşünürəm.

Stiv Remp: Cənab Prezident, onu da bildirmək istəyirəm ki, biz Tbilisidə olarkən Gürcüstan rəhbərliyi cənab Rifkinddən xahiş etdi ki, o, bu neft kəmərinə Qərbin münasibəti barədə televiziya vasitəsilə öz fikrini söyləsin. Mənim fikrimcə, cənab Rifkind Gürcüstan televiziyası ilə öz fikirlərini çox gözəl açıqladı.

Heydər Əliyev: Bu, Gürcüstan ictimaiyyəti üçün lazımdır. Çünki Bakı-Supsa neft kəmərinin tikilməsi Gürcüstanın iqtisadiyyatı və siyasi sabitliyi üçün çox əhəmiyyətlidir, Azərbaycan ilə Gürcüstan arasında isə çox yaxın dostluq əlaqələri vardır. Ona görə də bu kəmərin tikilməsi, şübhəsiz, həm bizim neftin ixracı üçün lazımdır, eyni zamanda, bizim Gürcüstana verdiyimiz dəstəkdir. Cənab Rifkindin Gürcüstan televiziyası ilə çıxışı, şübhəsiz ki, Gürcüstan ictimaiyyəti üçün çox əhəmiyyətli olubdur.

Stiv Remp: Biz Gürcüstanda olanda mən cənab Şevardnadze ilə söhbət etdim və ona belə bir fikir çatdırdım ki, Qərbdə böyük neft kəməri ilə daha çox maraqlanırlar. İlkin neft kəməri barədə az adamın məlumatı vardır. Baki-Supsa boru kəməri çox uğurlu bir işdir və bu barədə hamıya geniş məlumat çatdırmaq lazımdır.

Heydər Əliyev: Bəli, böyük neft kəməri hazır olana qədər biz Bakı-Supsa kəməri ilə xeyli miqdarda neft ixrac edəcəyik. Onun ilkin tutumu 9-10 tona qədərdir. Ona görə də bu kəmərin tikintisi çox əhəmiyyətlidir. Mən Sizinlə şərikəm ki, bu kəmər barədə bütün dünyaya geniş məlumat çatdırmaq lazımdır.

Supsada bu kəmərin təntənəli açılışı olacaqdır. Cənab Şevardnadze ilə biz nəzərdə tutmuşuq ki, oraya xarici ölkələrdən qonaqlar dəvət ediləcəkdir.

Heydər Əliyevin "Neft Strategiyası" kitabından, II hissə, Bakı 2001.