Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında təhlükəsizliyə dair dialoqun növbəti mərhələsində iştirak edən ABŞ nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 10 aprel 1999-cu il


Heydər Əliyev: Hörmətli qonaqlar, Sizi səmimi qəlbdən salamlayıram. Sizin səfəriniz çox əhəmiyyətlidir, - Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında təhlükəsizlik məsələlərini müzakirə edirsiniz. Biz buna çox əhəmiyyət veririk. Bildiyimə görə, bu gün Amerika Birləşmiş Ştatlarının səfirliyində çox faydalı müzakirələr aparmışınız. Sizin müzakirə etdiyiniz bütün məsələlər bizi, Azərbaycanı çox maraqlandırır. Bu məsələlər ətrafında sizinlə aparılan dialoqun gələcəkdə də davam etdirilməsinin tərəfdarıyıq.

Robert M. Bikroft ( ABŞ nümayəndə heyətinin rəhbəri, Dövlət katibinin regional təhlükəsizlik üzrə köməkçisinin müavini): Cənab prezident, hər şeydən əvvəl, Sizi əmin etmək istəyirəm ki, bizim və sizin nümayəndə heyətləri arasında həqiqətən də çox gözəl, səmərəli danışıqlar olmuşdur. Bizim nümayəndə heyətinin tərkibində Dövlət Departamentinin, Müdafiə Nazirliyinin, eləcə də Avropada yerləşən ordu hissəsinin nümayəndələri vardır.

Azərbaycan xarici işlər nazirinin müavini cənab Əzimova xüsusi minnətdarlığımı bildirmək istəyirəm. O, danışıqlarda Azərbaycan tərəfindən aparıcı şəxs idi və burada qaldığımız müddət ərzində bizə yaxından kömək etmişdir.

Sizə məlum olduğu kimi, bu, təhlükəsizlik məsələləri barəsində Azərbaycan hökumətinin nümayəndələri ilə dördüncü dialoqumuzdur. Bundan əvvəlki dialoqlar Vaşinqtonda və Bakıda keçirilmişdir.

Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu ilə çox maraqlanır. Ona görə də indiki səfər zamanı bizim məqsədimiz Yerevanda, Tbilisidə və Bakıda olmaq idi. Biz bu şəhərlərdə olduq və Cənubi Qafqazın üç ölkəsinin paytaxtlarında mövcud problemləri, məsələləri daha yaxşı anlamağa başladıq. Biz Azərbaycanın narahatlığını xüsusi maraqla dinlədik. Azərbaycanın əsas narahatlığı bölgədə qüvvələr nisbəti tarazlığının pozulması ilə əlaqədardır. Biz Azərbaycanın bu fikri ilə tam şərikik ki, bölgədə həqiqətən qüvvələrin tarazlığı olmalıdır. Çünki bu problem Birləşmiş Ştatların özünə də məlumdur və ABŞ yalnız bu bölgədə deyil, ümumiyyətlə, bütün dünyada, hər şeydən əvvəl özü ilə Rusiya arasında qüvvələr tarazlığının olmasına çalışır.

Bu məqsədlə Birləşmiş Ştatlar sizin ölkə ilə, eləcə də sizin ətrafınızdakı qonşu ölkələrlə sıx əlaqədə işləmək fikrindədir. Yalnız bu halda Moskvanın mümkün fitnəkar aktlarına son qoyula bilər. Biz keçmişdə olan hadisələrin bir daha təkrar olunmasını istəmirik.

Qərb neft kəməri marşrutunun açılması münasibətilə Sizi böyük məmnuniyyətlə təbrik edirik. Ümid edirik ki, lap yaxın günlərdə bu marşrut işə düşəcəkdir.

Biz Vaşinqtonda sizin nümayəndələrlə böyük məmnunluqla işləyirik və səbirsizliklə gözləyirik ki, yaxın zamanlarda sizin səfirlikdə hərbi attaşe də olacaqdır.

Eyni zamanda başa düşürük ki, bizim əlaqələrimizə, əməkdaşlığımıza mane olan bir problem də var. Bu, 907-ci maddədir. Biz Azərbaycan hökuməti, eləcə də ölkənizin Vaşinqtondakı səfirliyi ilə sıx əlaqədə işləmək əzmindəyik ki, 907-ci maddənin törətdiyi məhdudiyyəti aradan qaldıraq və ABŞ hökuməti tezliklə Azərbaycana tam qüvvəsi ilə yardım edə bilsin.

Cənab prezident, biz böyük məmnuniyyət hissi ilə Sizi Vaşinqtonda gözləyirik. Ümid edirik ki, Vaşinqtona səfəriniz uğurlu və səmərəli olacaqdır. Biz də əlimizdən gələni edəcəyik ki, səfəriniz dolğun proqramla həyata keçsin.

Heydər Əliyev: Sizin ətraflı məlumatınız məni çox məmnun etdi. Əvvəla, çox sevindirici haldır ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bir dialoq mövcuddur, davam edir və siz bir neçə görüş keçirib təhlükəsizlik məsələlərini müzakirə etmisiniz.

Siz doğru buyurdunuz ki, bu məsələlər həm Amerika Birləşmiş Ştatları, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bildirmək istəyirəm ki, Azərbaycan üçün bunun bəlkə də daha çox əhəmiyyəti var və bizim buna daha çox ehtiyacımız var.

Siz qeyd etdiniz ki, qüvvələrin tarazlığı məsələsi təhlükəsizliyi təmin etmək üçün əsas şərtlərdən biridir. Eyni zamanda bildirdiniz və mən bunu bir daha bəyan edirəm ki, Qafqazda, xüsusən Azərbaycanın vəziyyəti nəzərə alınsa, qüvvələrin tarazlığı ciddi şəkildə pozulubdur. Birincisi, ona görə ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və Ermənistanın silahlı qüvvələri işğal olunmuş torpaqlardadır. İşğal olunmuş torpaqlardan Azərbaycanın bir milyon vətəndaşı zorla çıxarılıbdır. Beləliklə, Ermənistanla Azərbaycan arasında qüvvələr tarazlığı Ermənistanın xeyrinə tamamilə pozulubdur.

Biz Ermənistan - Azərbaycan münaqişəsini sülh yolu ilə həll etməyə çalışırıq. Dörd ildən artıqdır ki, atəşkəs rejimi mövcuddur və biz sülh danışıqları aparırıq. Ancaq sülh danışıqları getdiyi zaman və Amerika Birləşmiş Ştatları, Fransa ilə bərabər Rusiya Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün Minsk qrupunun həmsədri vəzifəsini həyata keçirdiyi bir vaxtda Rusiya Ermənistana həddən çox silahlar verir və onun ərazisində öz hərbi bazasını yaradıbdır.

Güman edirəm, siz bu barədə geniş müzakirə aparmısınız. Sadəcə, mən qeyd edirəm ki, son illərdə Rusiya Ermənistana bir milyard Amerika dolları dəyərində silah-sursat və hərbi texnika veribdir. Ermənistanın ərazisində Rusiyanın hərbi bazası, qoşun hissələri yerləşir. Son aylarda isə bu hərbi bazada Rusiyanın güclü silahları S-300 raketləri, MİQ-29 təyyarələri yerləşdirilibdir.

Biz bu məsələlər barəsində Rusiyaya qəti etirazımızı dəfələrlə bildirmişik. Aprel ayının 2-də Moskvada Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının görüşü zamanı mən bu məsələ haqqında öz fikirlərimi demişəm. Rusiyanın prezidentinə narazılığımızı, etirazımızı bildirmişəm və bu barədə bəyanat vermişəm. Mənim bəyanatım Müstəqil Dövlətlər Birliyinin toplantısında, bütün mətbuatda yayılıbdır.

Bütün bunlar nəinki Ermənistanla Azərbaycan arasında qüvvələr tarazlığını tamamilə pozub, ümumiyyətlə Qafqazda sülh, əmin-amanlıq olmasına böyük təhlükə yaradır. Biz həmişə demişik və bu gün bir daha deyirəm ki, Amerika Birləşmiş Ştatları da bu məsələlərə öz münasibətini bildirməlidir. Sizin ölkənin dövlət katibi xanım Olbrayt bir müddət bundan öncə mənə göndərdiyi məktubda qeyd etmişdir ki, Moskvada Rusiyanın xarici işlər naziri ilə görüşdüyü zaman Rusiyanın Ermənistana silah verməsinə və orada hərbi baza yerləşdirməsinə Amerika Birləşmiş Ştatlarının narazılığını bildirmişdir. Təəssüf ki, bunlar da hələ heç bir nəticə vermir. Ona görə də yəqin ki, sizin dialoqunuz haqqında fikirlər, təkliflər meydana çıxmalı və bütün ölkə Qafqazda vəziyyətə daha dərindən münasibət göstərməlidir. Qafqazda sülhün, əmin-amanlığın qorunması üçün sizi ölkə tərəfindən lazımi təşəbbüslər göstərilməlidir.

Təhlükəsizlik məsələləri haqqında danışarkən, şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarının burada - Azərbaycanda və bizim regionda indi artıq yerləşdirdiyi böyük kapitalı, Amerikanın neft şirkətlərinin və digər şirkətlərinin Azərbaycanda gördükləri və gələcəkdə görəcəkləri işlərin də təhlükəsizliyini nəzərə almaq lazımdır.

Bəli, biz Azərbaycanın Xəzər dənizindəki sektorundan dünyanın böyük neft şirkətləri, o cümlədən Amerika Birləşmiş Ştatlarının iri şirkətləri ilə birlikdə hasil etdiyimiz neftin dünya bazarlarına çıxarılması üçün neft kəmərləri yaratmışıq. Birinci neft kəməri Bakı-Novorossiysk marşrutu ilə gedibdir. İkinci neft kəmərini Bakıdan Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanına çəkmişik və yaxın günlərdə onun istismara verilməsi nəzərdə tutulubdur.

Bu neft kəmərlərinin təhlükəsizliyi haqqında da çox ciddi düşünmək lazımdır. Mən xüsusən Qərb marşrutu ilə gedən neft kəmərini nəzərdə tuturam. Şübhəsiz ki, bunlar hamısı sizin və bizim qarşımızda çox ciddi problemlər qaldırır. Arzu edərdim ki, sizin bu müzakirələr bu problemlərin real həll olunması üçün müəyyən təkliflər irəli sürə bilsin.

907-ci maddə Azərbaycana çox böyük zərər vurur. Ancaq indi siz özünüz dərk edirsiniz ki, o, sizin ölkəyə - Amerika Birləşmiş Ştatlarının hökumətində, Konqresində də 907-ci maddənin ümumiyyətlə zərərli olması tamamilə dərk edilir. Biz bunun ləğvinə, yaxud da tam məhdudlaşmasına nə qədər tez nail ola bilsək, o qədər də bütün işləri daha müvəffəqiyyətlə görə bilərik.

907-ci maddənin varlığı bilavasitə Qafqazda təhlükəsizlik məsələlərinə çox zərər verir. Hesab edirəm ki, Dövlət Departamenti, Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi və başqa dövlət dairələri 907-ci maddənin aradan götürülməsi üçün daha ciddi təşəbbüslər göstərməlidirlər.

Bir çox başqa məsələlər də var. Güman edirəm, siz onları müzakirə etmisiniz. Lazım olsa, bu barədə də danışa bilərik.