Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının idarə heyətinin, siyasi şurasının, partiyanın qurultayına hazırlıq üzrə təşkilat komitəsinin üzvləri və mərkəzi aparatının rəhbər işçiləri ilə görüşdə giriş sözü - Prezident sarayı, 4 sentyabr 1999-cu il


Hörmətli YAP-çılar, bizim Yeni Azərbaycan Partiyasının qurultayına hazırlıq sürətlə həyata keçirilir. Mənə verilən məlumatlara görə, 30 rayon partiya təşkilatında konfranslar keçirilibdir, rayon təşkilatlarının yeni tərkibi, qurultaya nümayəndələr seçilibdir, ancaq böyük bir hissəsində konfranslar hələ keçirilməyibdir. Mən hesab etdim ki, biz müəyyən bir mərhələdə bu sahədə aparılan işləri təhlil etməliyik, müəyyənləşdirməliyik ki, işlər necə gedir, hansı səviyyədədir, səhvlər, qüsurlar varmı, yoxsa yoxdur, müsbət təcrübə nədən ibarətdir. Ona görə ki, bizim partiyamızın yaşının indi çox olmasına baxmayaraq, partiya ilk dəfədir ki, qurultay keçirir və bu qurultaya geniş hazırlıq gedir.

Bir də ona görə ki, partiyamız yaranandan indiyə qədər inkişaf edibdir, genişlənibdir, həm sayca çox artıbdır, həm də partiyanın işinin keyfiyyəti yüksəlibdir.

İndi bu partiya Azərbaycanda ən böyük siyasi partiyadır və hesab edirəm ki, ölkəmizdə vətəndaşlar, əhali arasında özünə layiq yaxşı hörmət qazanıbdır. Biz gərək indi partiyada keyfiyyət işlərinə çox fikir verək. Buna görə də bu barədə qurultayda daha da irəliyə doğru addımlar atmaq üçün lazımdır ki, biz indi gördüyümüz işləri təhlil edək. Ona görə də konfransların keçirilməsi müəyyən bir müddətə dayandırıldı.

Hesab edirəm ki, artıq indi konfransların davam etdirilməsinin vaxtı çatıbdır. Dediyim kimi, görülən işləri qısaca yekunlaşdırmaq lazımdır. Şübhə etmirəm ki, buraya dəvət olunanlar - partiyanın idarə heyətinin, yaranmış təşkilat komitəsinin üzvləri, partiya aparatının rəhbər işçiləri - siz bu prosesin içindəsiniz və vəziyyəti bilirsiniz. Ancaq hesab edirəm ki, vəziyyəti hamımız birlikdə daha da dəqiq bilməliyik və qiymətləndirməliyik.

Bunun da məqsədi yalnız və yalnız bundan sonrakı işləri daha da keyfiyyətli həyata keçirməkdən ibarətdir. Mən sizi bu gün buraya bu məqsədlə dəvət etmişəm. Hesab edirəm ki, Əli Nağıyev bu sahədə görülən işlər barədə məlumat verər, ondan sonra ehtiyac duyulsa, kimsə öz fikrini deyə bilər.

Yekun nitqi

Yeni Azərbaycan Partiyasının qurultayına hazırlıq haqqında burada verilən məlumatlar və qurultaya hazırlıqla əlaqədar keçirilən rayon konfranslar haqqında kütləvi informasiya vasitələrində verilən məlumatlar, bunlar hamısı birlikdə göstərir ki, Yeni Azərbaycan Partiyası - artıq bir neçə aydan sonra onun yaranmasının 7 ili tamam olacaqdır - bu dövrdə möhkəmlənmə, inkişaf edib, genişlənib və Azərbaycanda güclü siyasi partiyaya çevrilmədir. Bu, bizim hamımızı sevindirməlidir. Çünki biz 1992-ci ildə ağır şəraitdə bu partiyanı yaradarkən partiya hələ Azərbaycanın bir çox bölgələrini, rayonlarını, yaşayış məntəqələrini əhatə etmirdi. Çox olsaydı, onlardan ayrı-ayrı nümayəndələr var idi. İndi Azərbaycanın bütün şəhərlərində, rayonlarında, yaşayış məntəqələrində Yeni Azərbaycan Partiyasının təşkilatları yaranıbdır. Bunlar da partiyanın özünün fəaliyyəti nəticəsində yaranıbdır, möhkəmlənibdir, inkişaf edibdir.

Siz bilirsiniz ki, Yeni Azərbaycan Partiyası yarananda biz hakimiyyətdə deyildik. Əksinə, təqib olunurduq. Ona görə də biz bu partiyanı Naxçıvanda yaratmaq imkanı əldə etdik. Çünki başqa yerdə bizə partiyanı yaratmağa imkan verməyəcəkdilər.

Xatirimdədir ki, partiya yaranandan sonra - 1993-cü ilin fevral ayında mən böyük qardaşımın vəfatı ilə əlaqədar Bakıya gəlmişdim. O vaxt mən Nərimanov rayonunda partiyanın fəalları ilə bir-iki gün görüş keçirirdim. Üçüncü gün isə orada bizim qarşımızı aldılar, hətta bu partiyanın görüşlərinin keçirilməsinə də imkan vermədilər. Baxmayaraq ki, bizim partiyamız qeydiyyatdan keçmiş leqal bir partiya idi, burada gizli heç bir şey yox idi, - bu, mətbuatdan da məlum idi.

Bəziləri düşünə bilərdi ki, partiyanın sədri Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olunandan, respublikaya başçılıq edəndən sonra qısa bir zamanda partiyanı həm hər yerdə təşkil etmək, həm genişləndirmək, həm də onun üzvlərinin sayını artırmaq olardı. Amma keçmişdə də, indi də dəfələrlə demişəm, bu gün də qeyd etmək istəyirəm ki, mən buna yol vermədim. Çünki bu partiya onu həqiqətən sevənlərin, partiya ilə eyni fikir də, eyni əqidədə olanların, partiyanın proqramını, nizamnaməsini və bütün prinsiplərini qəlbən qəbul edənlərin partiyası ola bilər. Əgər hansısa bir partiya hakimiyyətdə olan qüvvələr tərəfindən süni surətdə genişləndirilərsə, yaxud da inkişaf etdirilərsə, həmin partiya möhkəm ola bilməz. Yenə də deyirəm, ona görə də o vaxtlar mən buna imkan vermədim.

Hətta partiyamızın fəallarından bir qismi bəlkə məndən narazı qaldı ki, partiyanın sədri Azərbaycanın başçısıdır, prezidentidir, amma icra orqanlarında bizə iş vermirlər, işsizik, ancaq partiyanın işi ilə məşğul oluruq. Mən bunları da eşidirdim.

Birincisi, - mən o vaxt da demişəm, bu gün də deyirəm, - Azərbaycanda bugünkü hakimiyyət bizim partiyanın fəaliyyəti və mübarizəsi nəticəsində yaranmayıbdır. Azərbaycan Respublikasının rəhbəri, prezidenti kimi mən partiyanın seçkilərdə qələbəsi nəticəsində Azərbaycanın başçısı seçilməmişəm. Məni xalq dəvət edibdir. Onda da, şübhəsiz ki, bunda da o vaxt az yaşı olan partiyanın fəalları, nümayəndələri, üzvləri də iştirak ediblər. Xalq Azərbaycanın ağır dövründə ölkəmizi xilas etmək üçün məni Bakıya dəvət edib və mənə bu etimadları göstəribdir. Ona görə də lazım idi ki, bizim partiya özü təkamül yolu ilə inkişaf etsin. Mən də məhz bu məqsədi həyata keçirmək istəyirdim. Mən indi sevinirəm ki, partiya inkişaf edib, genişlənibdir. Ona görə yox ki, partiyanın sədri respublikanın prezidentidir. Ona görə yox ki, partiya üzvlərinin çoxu icra orqanlarında, yaxud da parlamentdə fəaliyyət göstərirlər. Ona görə ki, - bunu tam hamısı üçün deyə bilmərəm, - əksər insanlar partiyaya öz əqidələrinə görə gəliblər.

Mən bu fikirləri söyləyərək, bir tərəfdən partiyanın bugünkü səviyyədə olmasını yüksək qiymətləndirirəm, ikinci tərəfdən isə Yeni Azərbaycan Partiyasının bundan sonra ideya, əqidə sağlamlığını təmin etmək vəzifəsini bir daha bütün partiya təşkilatları qarşısında qoyuram.

Bir partiyadan, o cümlədən partiya vasitəsilə deputat seçilmiş üç nəfərin, yaxud başqa vəzifədə olan adamların Yeni Azərbaycan Partiyasını tərk edib digər partiyaya keçməsini heç də faciə kimi qəbul etmək lazım deyildir. Şübhəsiz ki, partiyamızı sevməyənlər, müxalifət qüvvələri bundan sensasiya kimi istifadə etdilər. Məsələn, partiyanın sədri kimi şəxsən mən buna heç qətiyyən əhəmiyyət də vermədim. Sizə də məsləhət görürəm ki, əhəmiyyət verməyəsiniz.

Həmin adamlardan birini mən tanıyıram. O, partiya təşkil olunanda gəlmişdi. Həmin adam sonra bizim partiyaya dönük çıxdısa - baxmayaraq ki, o partiyadan çoxlu imtiyazlar əldə etdi - demək, onun kökündə bizimlə uyğun olmayan satqınlıq, əqidəsizlik, yaxud başqa məsələlər var idi. Amma bəzən də olur ki, doğrudan da əqidəli, sədaqətli adam sonra kiminsə toruna düşür, nəyə görəsə aldanır. İndi bizim cəmiyyətimizdə belə şeyləri pulla edirlər. Görünür, həmin adamlar da pula aldanır, yaxud da ki, səhv fikirlər onlara üstün gəlir, ona görə də gedir. Bundan narahat olmağa dəyməz.

Partiyamız inkişaf etdikcə eyni zamanda təmizlənməlidir. Mən bu gün sizə də, Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə də üzümü tutub deyirəm ki, bu partiyada əqidə ilə, sədaqətlə kim varsa və vəzifəsindən, bugünkü maddi və başqa vəziyyətindən asılı olmayaraq bu partiyanı sevib, onu qəbul edibsə onlar bizim partiyanın həqiqi üzvləridir. Kim konyunktura məqsədi, səbəbi ilə, özünün başqa məqsədlərinə nail olmaq üçün, yaxud da ki, əqidəsi olmayaraq, ikiüzlülük edərək bu partiyaya gəlibsə və bu partiyada varsa, belələrinin bizim partiyadan getməsi daha yaxşıdır, nəinki partiyamızda qalması. Əgər bizim partiyadan onlar özləri getmirsə, bu konfranslar zamanı, qurultaya hazırlıq kampaniyasında yerli təşkilatlar gərək belələrini aşkar etsinlər və partiyanı bu cür adamlardan xilas etsinlər.

Yenə də deyirəm, bizim partiya ancaq partiyanın hərəkət xəttini, prinsiplərini ürəkdən qəbul etmiş insanlardan ibarət olmalıdır. Məhz bu baxımdan demək istəyirəm ki, yerlərdə heç kim partiyanın üzvlərinin sayını süni surətdə artırmağa çalışmasın. Partiyaya kim istəyirsə özü gəlsin.

Bilirsiniz, biz keçmişdə kommunist partiyasının təcrübəsini görmüşük. Həqiqətən, o vaxt çoxları bu partiyaya öz əqidəsi ilə gəlirdi. Amma bir çoxları da çalışırdı ki, partiyanın üzvü olsun, vəzifə alsın və yaxud partiyanın üzvü kimi kimsə ona kömək etsin. Bunu da inkar etmək olmaz ki, Sovetlər İttifaqında o vaxt başqa bir partiya yox idi. Amma kommunist partiyasının böyük tarixi var idi. Ona görə də bu partiyaya daxil olmaq istəyənlər çox idi. Həmin dövrdə kommunist partiyasının hər bir təşkilatında norma var idi. Bu təşkilata normadan artıq üzv qəbul etmək olmazdı. Məsələn, bu gün kim istəsə kommunist partiyasını tənqid edə bilər. Ancaq həqiqət bundan ibarət idi.

Məsələn, o vaxt Azərbaycanda əhalinin sayı 7 milyon olduğu halda, respublika partiya təşkilatının 400 minə yaxın üzvü var idi. Mən demirəm ki, biz kommunist partiyasının yolu ilə gedək. Yox. Bizim partiyanın öz yolu vardır. Partiyamızda yalnız və yalnız onu sevənlər, həvəskarlar olmalıdır.

Siz yəqin şübhə etmirsiniz ki, partiyanın sədri eyni zamanda ölkənin prezidenti olduğuna görə istəsə, bu partiyanın üzvlərinin sayını qısa müddətdə beş dəfə artırar. Amma buna ehtiyac yoxdur. Mən buna heç vaxt yol vermərəm. Hökumət üzvlərindən, icra orqanlarında yüksək vəzifə tutanlardan, yəni prezident kimi mənim komandamda işləyənlərdən çoxu bizim partiyanın üzvləri deyildir. Mən onların heç birinə demirəm ki, sən niyə bizim partiyanın üzvü deyilsən. Mən onları bu və ya başqa vəzifəyə təyin edərkən düşünməmişəm ki, bu, bizim partiyanın üzvü deyil. Mən şəxsi keyfiyyətlərinə, ixtisasına və başqa xüsusiyyətlərinə görə onları vəzifəyə təyin etmişəm. Siz bu prinsipi unutmayın.

Birincisi, biz heç vaxt düşünməməliyik ki, bütün vəzifələrdə ancaq Yeni Azərbaycan Partiyasının üzvləri olmalıdırlar. Yeni Azərbaycan Partiyasının üzvləri respublikanın bütün ictimaiyyətini təmsil etmirlər. İkincisi, Yeni Azərbaycan Partiyasının üzvü olmayan istedadlı, dövlətçiliyimizə, siyasətimizə öz sədaqətli fəaliyyətini göstərmək istəyən nə qədər insanlar vardır.

Mən 6 ildən çoxdur ki, Azərbaycana başçılıq edirəm. Heç vaxt hesab etməmişəm ki, bütün icra orqanlarında ancaq Yeni Azərbaycan Partiyasının üzvləri olmalıdırlar. Əlbəttə, mən arzu edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri arasında o qədər dəyərli kadrlar olsun ki, onlar respublikada, xüsusən icra orqanlarında daha çox yer tutsunlar. Amma buna da, təkcə Yeni Azərbaycan Partiyasının üzvüdür deyə, süni yanaşmaq olmaz.

İnsanlar bu və ya başqa vəzifəyə siyasi mənsubiyyəti ilə bərabər, eyni zamanda iş qabiliyyətinə, həmin iş üçün xüsusi keyfiyyətlərinə görə təyin olunmalıdırlar və onlardan buna görə istifadə edilməlidir.

Xatirinizdədir ki, mən bu prinsipi 1993-cü ildən indiyə qədər saxlamışam. İstər yerli, istərsə də yüksək icra orqanlarında indi elə adamlar var ki, onlar 1993-cü ildən əvvəl bu vəzifədə çalışır, on ildir işləyirlər. Yaxud da elələri var ki, 1992-ci ildən bu vəzifəyə təyin olunub və işləyir.

Bilirsiniz ki, mən bu adamlara sadəcə olaraq, imkan verdim ki, onlar özləri-özlərini müəyyən etsinlər. Kim öz vəzifəsinin öhdəsindən gələ bildisə-qaldı, kim onu edə bilmədisə, o getdi. Amma bunun üçün bir kampaniya düzəltmək doğru deyil. Necə ki, bizdən əvvəlki iqtidar kimin bacarığı, istedadı var, yoxdur, bu vəzifəyə layiqdir, layiq deyil, - onların hamısını bir ayın içərisində eşiyə atıb, ancaq layiqsiz adamları gətirib vəzifəyə qoydu və beləliklə, ölkəni, necə deyərlər, ağır vəziyyətə saldı.

Bu, hamıya məlumdur. Bunu ancaq o adamlar edə bilərdilər ki, onlar respublikaya rəhbərlik etməyin nə olduğunu bilmirdilər. Bunu o adamlar etdilər ki, onların özləri rəhbər vəzifələrə layiq deyildilər. Bunu o adamlar etdilər ki, onlar tutduqları vəzifənin məsuliyyətini dərk edə bilmirdilər, anlamırdılar. Təsadüfi deyil ki, onlar bir ildən sonra hakimiyyətdə qala bilmədilər. Onlar bir ilin içərisində xalqın etimadını tamamilə itirdilər. Deyə bilmərəm ki, xalqın hamısı, əksəriyyəti onlara etimad göstərmişdi; amma müəyyən hissəsi göstərmişdi, inanmışdı. Yenə də deyirəm, bu adamlar xalqın inamını bir ilin içərisində itirdilər. Bax, bu cür acı təcrübədən, işlərdən hamı nəticə çıxarmalıdır.

Mənim nəticə çıxarmağım üçün burada qeyri-adi heç nə yoxdur. Mən keçmiş zamanlarda da Azərbaycana rəhbərlik etdiyim zaman kimin bacarığı var idi, kim işi doğrudan da apara bilirdisə, belə insanların hamısını işə cəlb etməyə çalışmışdım. Amma kim işin öhdəsindən gələ bilmirdisə, şübhəsiz ki, o, rəhbər vəzifədə işləyə bilmədi.

Beləliklə, mən bir daha qeyd etmək istəyirəm ki, partiyanın üzvlərinin sayını süni surətdə artırmaq lazım deyildir. Hansısa bir nazir, yaxud da başqa bir icra orqanında işləyən adam düşünməməlidir ki, bəli, «mənim ətrafımdakıların hamısı Yeni Azərbaycan Partiyasının üzvləri olmalıdır, əgər bu partiyadan deyildirlərsə, işdən çıxsınlar». Bu, düzgün deyildir. Bu, insanların hüquqlarına toxunmaq deməkdir.

İnsan gərək sərbəst olsun, insan gərək öz fikri ilə azad olsun. Biz bu azadlıqların, sərbəstliklərin hamısını Konstitusiyada elan etmişik. Prezident kimi, mən bunları təmin edirəm. Ona görə də insanın hüququnu, şəxsi fikrini zorla dəyişdirmək olmaz. Mən bunları deməyi vacib bildim ki, siz öz işinizdə onları nəzərə alasınız və bunlardan istifadə edəsiniz. Ancaq eyni zamanda, onu da bildirmək istəyirəm ki, mən 6 ildir Azərbaycan Respublikasının prezidentiyəm. Təəssüflər olsun ki, Yeni Azərbaycan Partiyasının bəzi üzvləri, partiyaya ilk vaxtlardan daxil olmuş insanların bir qismi işlə, yaxud da özlərinə layiq olan işlə təmin edilməyiblər.

Hesab edirəm ki, icra hakimiyyəti orqanları mənim onlar barəsində demokratik münasibətimdən sui-istifadə ediblər. İcra hakimiyyəti orqanlarına təyin etdiyim, bu işi təmin etməli olan adamlar isə bizim partiyanın üzvlərinə sadəcə, biganəlik göstəriblər. Məsələn, mən dünən də, bu gün də soruşdum ki, bizim partiyanı heç üzvlərindən demirəm, rəhbərlərindən elələri varmı ki, rayonlarda lazımi işdə deyillər?

Belələri vardır. Ancaq bunlardan elələri də var ki, onlara yüksək vəzifə, yaxşı iş vermək olar. Amma icra hakimiyyəti başçısı bunu etmir və bizim icra aparatında da bu işə laqeyd yanaşırlar.

Mən bunu bu gün tənqid edirəm. Məsələn, son zamanlar belə bir fikir yarandı ki, bu partiya konfranslarını keçirmək Əli Nağıyevə tapşırıldığına görə o, rayon təşkilatlarının sədrliyinə yalnız rəhbərlik etdiyi nazirlikdən olan işçiləri seçdirir. Mən dünən ondan soruşdum ki, belə vəziyyət nəyə görədir? O mənə dedi ki, 30 təşkilatda 10 nəfər, bu gün dedilər ki, 12 nəfər belə seçilibdir.

Əli Nağıyev: Cənab prezident, 30 rayon təşkilatında sədrliyə rəhbərlik etdiyim nazirliyin yerli nümayəndələrindən 6 nəfər seçilibdir.

Heydər Əliyev: Əli Həsənov, bəs sən dedin ki, 10 nəfər seçilibdir?

Əli Həsənov: Cənab prezident, 6 rayon təşkilatının sədri bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli nümayəndələridir.

Heydər Əliyev: İndi seçilənlərin sayı bu qədərdir?

Əli Həsənov: Bəli.

Heydər Əliyev: Bunu görüblər və mənfi bir meyl kimi qeyd ediblər. Belə mənfi meylə həqiqətən yol vermək olmaz. Çünki biz partiyanı bir adamın nazirliyinin filialına çevirə bilmərik. Ona görə də Əli Nağıyev bu məsələdə diqqətli olmalıdır. Şübhəsiz ki, buna yol vermək olmaz. Amma ikinci tərəfdən, onun dünən mənə verdiyi izahatda da məntiq vardır. O deyir ki, Yeni Azərbaycan Partiyası yerli təşkilatının sədrinə, məsələn, filan rayonda uzun müddətdir iş vermirlər. Mən də nazir olandan sonra, yaxud da indi nazir vəzifəmdən istifadə edərək onları bu nazirlikdə müəyyən işə -rayon sosial müdafiə idarəsinə və yaxud başqa işə təyin edirəm.

Yəni niyə, məsələn, Əli Nağıyev vəzifəsindən istifadə edərək Yeni Azərbaycan Partiyasının üzvlərini, hətta rayon təşkilatlarının sədrlərini öz nazirliyi sistemində işlə təmin edir, amma başqaları bunu etmir?

Əgər hamı bunu etsəydi, onda belə fikir yaranmazdı ki, bəli, Əli Nağıyev bu işləri ona görə edir ki, partiyanı nazirliklə bağlasın və hamısını əlinə keçirsin. Sabah mən Əli Nağıyevi götürüb başqa bir vəzifəyə keçirsəm, onda nə olacaq? Onlar da Əli Nağıyevin arxasınca başqa bir təşkilata keçməyəcəklər ki! Bu faktdan nəticə çıxarmaq lazımdır.

Beləliklə, bizim yerli icra hakimiyyəti orqanları ilə partiya təşkilatları arasında ziddiyyətlər vardır. Ancaq eyni zamanda, bizim yerli partiya təşkilatları da öz partiya vəzifələrindən, mənsubiyyətlərindən gərək sui-istifadə etməsinlər. Bunlar da var və az deyil. İddialı adamlar da var.

Mən, məsələn, bu dəfə niyə tövsiyə etdim ki, rayonlarda, şəhərlərdə icra hakimiyyəti başçıları eyni zamanda Yeni Azərbaycan Partiyası yerli təşkilatlarının sədrləri olmamalıdırlar? Çünki bu, ümumiyyətlə, düzgün deyildir. Ola bilər, bizim icra hakimiyyəti orqanları, yerli partiya təşkilatları formalaşarkən bu mümkün idi. Ancaq indi biz böyük bir mərhələ keçmişik, bu lazım deyildir. Ona görə yox ki, Yeni Azərbaycan Partiyası və icra hakimiyyəti orqanı bir-birindən ayrıdır. Yox. Yeni Azərbaycan Partiyasının dəyərli nümayəndəsi birinci növbədə rayon icra hakimiyyəti başçılığına namizəd olmalıdır və həmin vəzifəyə təyin edilməlidir. Ancaq əgər o keyfiyyətlər - rayon icra hakimiyyəti başçısı, yaxud nazir olmaq keyfiyyətləri onda yoxdursa, onda ona orada müavin, yaxud başqa vəzifə vermək lazımdır.

Təkcə rayonlarda deyil, nazirliklərdə də belədir. Bunlara çox ciddi fikir vermək lazımdır. Bizim nazirlərin çoxu Yeni Azərbaycan Partiyasının üzvü deyildir. Əgər öz yollarını indiyə qədər müəyyən etməyiblərsə, mən heç də istəmirəm ki, onlar bizim partiyanın üzvü olsunlar. Ancaq bu o demək deyildir ki, o nazirin, rəhbərlik etdiyi təşkilatda Yeni Azərbaycan Partiyasının üzvləri, necə deyərlər, dördüncü plandadır. O bilməlidir ki, onu nazir təyin edən Azərbaycanın prezidenti, Yeni Azərbaycan Partiyasının sədridir.

Mən bu sözlərimlə ziddiyyətləri kəskinləşdirmək yox, aradan götürmək istəyirəm. Yeni Azərbaycan Partiyasının üzvləri ölçüb-biçməlidirlər ki, hansı işi apara bilərlər, hansını yox.

Belələri əsassız iddialarından əl çəkməlidirlər. Onlar mənim bu sözlərimdən, eyni zamanda Yeni Azərbaycan Partiyasına mənsubiyyətlərindən sui-istifadə etməməlidirlər. Bax, bu hal da, o hal da olmamalıdır.

Mən hesab edirəm ki, bu konfransların keçirildiyi dövrdə bunları mütləq nəzərə almaq lazımdır. Mənim dediyim bu sözləri gələcəkdə də rəhbər bir göstəriş kimi qəbul edib həyata keçirmək lazımdır.

Buradakı çıxışlarda dedilər ki, bizim Yeni Azərbaycan Partiyasına ilk dəfə gələnlərin bəziləri işsizdir. Şübhəsiz ki, bu, bizim üçün narahatedici haldır. Ola bilər, onların içərisində elələri var ki, böyük vəzifələr iddiasındadır, həmin vəzifə verilmədiyinə görə başqasına da getmir. Bu da ola bilər. Mən konkret heç bir şey bilmirəm. Amma hər halda bizim Yeni Azərbaycan Partiyasından yüksək vəzifə almış və yüksək vəzifədə oturmuş adamlar gərək onların da qayğısına qalsınlar, onları da düşünsünlər. Onların partiyamıza sədaqəti şübhə doğurmur. Əgər o dövrdə bizim partiyanın yoluna düşüblərsə, onlar ən sədaqətli insanlardır. Ancaq eyni zamanda o, ölçüb biçməlidir ki, hansı vəzifəni apara bilər. Bir var sədaqət, bir də bu və ya başqa işi aparmaq imkanı və qabiliyyəti vardır. Əlbəttə, bunlara bir yerdə baxılmalıdır. İndi, rayonlarda partiya konfransları keçirilərkən, rayon təşkilatları sədrlərinin bir qismi icra hakimiyyəti başçıları olduğuna görə, bəziləri o işi apara bilmədiklərinə görə yenisi seçilməlidir. Dəyişilən hər bir adamın yerinə seçilən ondan qatqat keyfiyyətli olmalıdır. Təbii ki, həmin adamları yuxarıdan heç kəs təyin etmir və partiyada buna yol vermək lazım deyil.

Konfranslarda demokratiyaya geniş imkan vermək lazımdır ki, insanlar, yəni konfrans nümayəndələri özləri qiymətləndirsinlər, bu konfranslar, seçkilər tam demokratik şəraitdə keçirilsin. Bu, əsas şərtdir. Ancaq bununla yanaşı olaraq, hər halda biz deyə bilmərik ki, hər bir partiya təşkilatında tam sağlam, demokratik əhval-ruhiyyə vardır. Qruplaşma, ayrı-ayrı adamların bir-birinə simpatiyası, yaxud antipatiyası vardır. Belə hallar hər yerdə, burada sizin içərinizdə də vardır. Ona görə də demokratiya mütləq təmin edilməlidir. Partiyada demokratik prinsiplər kök salmalı, əsas prinsiplər kimi olmalıdır. Amma eyni zamanda, elə etmək lazımdır ki, ayrı-ayrı adamlar demokratiyadan istifadə edərək öz şəxsi məqsədlərinə nail olmasınlar. Buna yol vermək olmaz. Ona görə də bu işlərə çox diqqətlə yanaşmaq lazımdır.

Güman edirəm ki, mənim bu sözlərim partiyamızın rayonlardakı bütün üzvlərinə, konfrans nümayəndələrinə də çatacaqdır, onlar mənim bu sözlərimdən özləri nəticə çıxaracaqlar və bizim yeni seçilən təşkilatlar daha da sağlam, işgüzar, yüksək səviyyəli təşkilatlar edəcəklər.

Bizim partiyada gənclərin daha da çox yer alması barədə burada məsələ qaldırıldı. Partiyamız o qədər də yaşlı deyil. Bir-iki aydan sonra partiyamızın 7 yaşı tamam olacaqdır. Amma şübhəsiz ki, bu partiya yarananda onun sıralarına müxtəlif adamlar - yaşlı, orta, gənc nəsillərdən olan adamlar gəliblər.

Bizim partiya yüksək intellektə, biliyə malik bir partiya olmalıdır. Biz bunu nəzərə alaraq istərdik ki, partiyanın təşkilatları, onun əsas rəhbər orqanları ziyalılardan, alimlərdən, yüksək biliyə, mütəxəssis keyfiyyətinə malik olan adamlardan təşkil edilsin. Bu, tamamilə düzgün yoldur. Əlbəttə, belə keyfiyyətlər gənclərin çoxunda yoxdur. Gənclərin çoxunda istedad var. Biz bu istedaddan istifadə etməliyik. Gənclərdə işləmək həvəsi, enerji var, ancaq təcrübə azdır. Bizə təcrübə də, yüksək elmi bilik də lazımdır. Ancaq gənclərdə belə keyfiyyət yaşlı və orta nəsillərdə olduğu kimi deyildir.

Ona görə də bu dövr, partiyanın formalaşması dövrü tamamilə təbii keçibdir. Biz bu gün deyə bilərik ki, Azərbaycanda olan heç bir siyasi partiyada bu qədər yüksək intellektə malik adamlar - alimlər, professorlar, elmlər doktorları, akademiklər yoxdur. Hansısa bir partiyada orta hesabla iki-üç nəfər alim olanda deyirlər ki, bəli, bu partiyada bu qədər alim var. Amma bizim partiyanın elə təkcə idarə heyətini, yaxud təşkilat rəhbərlərini götürün. Onların böyük əksəriyyəti dünyagörmüş, böyük təcrübə toplamış, yüksək biliyə, elmi potensiala, intellektə malik olan, ziyalı tərbiyəsi almış insanlardır. Bu, bizim partiyanın üstünlüyünü göstərir.

Partiyamızın əvvəldən bax, bu tərkibdə təşkil olunması tamamilə təbii bir hal idi. Bəli, hesab edirəm ki, bu, bizim partiyanın üstünlüyünü göstərir. Ancaq eyni zamanda heç bir şey yerində durmamalıdır. Partiya inkişaf edir, cəmiyyət inkişaf edir, nəsillər nəsilləri əvəz edir, yeni nəsil yaşlı nəslin yerinə gəlir. Bu, cəmiyyətin təbn inkişaf prosesidir. Biz partiyamızda bunu mütləq nəzərə almalıyıq.

Mən hesab edirəm ki, bizim partiyamızda yaşlı nəsil, orta nəsil də heç bir halda işdən kənarlaşdırılmamalıdır, işdə olmalıdır və onların fəaliyyəti qiymətləndirilməlidir. Ancaq gənclərə də yol vermək lazımdır. Gənclər və yaşlı nəsil problemi yeni bir problem deyildir. Hər bir cəmiyyətdə, o cümlədən keçmişdə bizim yaşadığımız cəmiyyətdə bu, ən aktual problemlərdən biri olubdur. Yəni bu, təkcə bizim partiyaya xas olan bir şey deyildir. Ümumiyyətlə, bizim ölkəmizdə, Azərbaycanda da bu gün bu problem var. Mən dəfələrlə demişəm ki, bizim dövlət orqanlarında, hakimiyyət orqanlarında - hökumətdə, icra orqanlarında gəncləri daha da cəsarətlə irəli çəkmək, gənclərə yol açmaq lazımdır. Gənclər Azərbaycanın gələcəyi olaraq bu gün təcrübələnməli, möhkəmlənməli və Azərbaycanı gələcəkdə inkişaf etdirməlidirlər. Bizim partiya bu prinsipi mütləq həyata keçirməlidir.

Burada dedilər ki, 21 faiz gənclərdir. Bu, şübhəsiz ki, azdır. Bəlkə bu fikir doğrudur ki, ola bilər, yerli təşkilatlarda rəhbər təşkilatların sayını artırasınız ki, yaşlı nəsildən olan təcrübəli adamlar da rəhbər orqanlarda olsunlar və öz təcrübəsini gənclərə versinlər. Amma bu artımın hesabına mütləq gənclərin sayını artırmaq lazımdır. Beləliklə, gənclərin sayı 21 faiz olmasın, ola bilər, bir neçə faiz də artsın. Bunu etmək lazımdır.

Bunları deyərək mən eyni zamanda öz fikrimi deyirəm: partiyanın sədaqətli, namuslu, partiyanın təşkilində iştirak etmiş və bu gün yaşlı, yaxud da orta nəsildən olan üzvlərinə hörmət ehtiramımı bildirirəm və hesab edirəm ki, partiyada bu əhval-ruhiyyəni yaratmaq lazımdır, gəncləri irəli çəkmək lazımdır.

Ancaq gərək onlar özlərindən yaşlı olan insanlara hörmət etsinlər, xidmətlərini qiymətləndirsinlər, təcrübələrindən istifadə etsinlər. Yəni biz heç vaxt imkan verməməliyik ki, yaşlı nəsil, orta nəsil ilə gənc nəsil arasında ziddiyyət yaransın. Əksinə, gərək varislik prinsipi öz yerini tapsın.

Konfranslarda, şübhəsiz, imkan vermək lazımdır ki, insanlar nöqsanlar və çatışmazlıqlar haqqında daha çox danışsınlar.

Burada iki istiqamət olmalıdır. Birinci, partiyadaxili problemlər haqqında ki, partiyamız daha da möhkəmlənsin, daha da inkişaf etsin. İkinci də ümumiyyətlə, respublikamızda, rayonda, şəhərdə gedən proseslər haqqında, vəziyyət, nailiyyətlər haqqında, eyni zamanda qüsurlar, çatışmazlıqlar haqqında. Son illər respublikamızda nailiyyətlər çoxdur və bunlar hamısı göz qabağındadır. Bunu hər bir şəhər, hər bir rayon üçün demək olar. Ancaq bununla bərabər, problemlər də çoxdur. Bu, keçid dövrünün problemləridir. Nöqsanlar, çatışmazlıqlar, mənfi hallar da çoxdur, qanunu pozanlar, qayda-qanuna riayət etməyənlər, hətta cinayət yoluna düşənlər, rüşvətxorluq edənlər, vəzifəsindən sui-istifadə edənlər də çoxdur, az deyildir.

Bizə müxalifətdə olan qüvvələr hər şeyi görürlər, amma inkar edirlər, bütün mənfi cəhətləri qabardırlar, beşqat da artırırlar, bizim əleyhimizə təbliğat aparırlar. Ona görə də bizim partiyanın ideoloji işi, təbliğat işi çox güclü olmalıdır. Bugünkü iqtidarın gördüyü işləri kütləyə düzgün çatdırmaq, əldə etdiyi nailiyyətləri insanların bilməsi üçün onlara çatdırmaq, eyni zamanda çatışmazlıqları, naqis cəhətləri, qüsurları obyektiv təhlil etmək lazımdır.

Ancaq təəssüf ki, biz bəzən başqa cür, əcaib hallarla rastlaşırıq. Burada Zahid Qaralov tamamilə düzgün dedi ki, hətta bizim içərimizdə olan, bax, burada oturan adamların bəziləri deyirlər ki, «Azərbaycanda hər şey pisdir, hər şey bərbad haldadır». Bir-biri haqqında, nə təhər deyərlər, əksmaterial yığmaq, bir-biri haqqında ayrı-ayrı əsassız şayiələr yaymaq, filan, - bu, partiyanı gücləndirmir. Bu xəstəliyi konfranslar vaxtı və qurultaya qədər bizim partiyadan tamamilə çıxarmaq lazımdır.

Bilirsiniz, yenə də deyirəm, bizim partiya çox sağlam, güclü partiyadır. Amma içərisində artıq yüksək vəzifə, deputat statusu almış insanlar var ki, öz şəxsi məqsədlərinə görə onu da pisləyirlər, bunu da pisləyirlər, bəzən partiyanın adına, iqtidarın adına da nalayiq sözlər deyirlər. Bu yaramaz, qətiyyən yaramaz!

Bir də qeyd edirəm, bizim partiya təşkilatlarında bütün danışıqlar, bütün müzakirələr tənqid, özünütənqid, eyni zamanda həqiqi nöqsanları tənqid prinsipləri əsasında getməlidir. Amma o nöqsanları şişirtmək, müxalifətlə səs-səsə vermək, çalışmaq ki, səsi müxalifətin səsindən də gur çıxsın, ona görə ki, bununla özünə diqqəti cəlb etsin, yaxud da bununla bir şeyə nail olsun - bunlar keçən şey deyildir. Bu adamlara - bizim partiyada hansı səviyyədə olursa-olsun, lap partiyanın adi üzvüdür, yaxud partiyanın rəhbər orqanlarındandır, rəhbər icra orqanlarındandır - mən məsləhət görürəm ki, dövlətçiliyimizə, müstəqilliyimizə, gördüyümüz işlərə və partiyamızın prinsiplərinə zidd olan hərəkətlərindən əl çəksinlər.

Beləliklə, bir də təkrar edirəm, partiya təşkilatlarında sağlam əhval-ruhiyyə, səmimi yoldaşlıq əhval-ruhiyyəsi yaratmaq lazımdır. Kim ki, bu partiyaya daxil olubdur, demək, partiyanın digər üzvləri ilə eyni fikirdə, eyni əqidədə olan, eyni yolla gedən adamdır. Münasibətlər səmimi olmalıdır. Mən bununla onu demək istəmirəm ki, «Sən mənim səhvimi bağışla, mən sənin səhvini bağışlayım, sən mənim günahımın üstünü açma, mən sənin günahının üstünü açmayım». Yox! Münasibətlər eyni zamanda prinsipial olmalıdır. Amma prinsipial münasibət o demək deyildir ki, bizim partiyanın bir üzvü başqa bir üzvü haqqında müxalifət qəzetində yalan şeylər yazsın. Sənin sözün var, partiyanın üzvüsən, gəl, partiyanın rəhbər orqanına yaz, rəhbər icra orqanına yaz. Mən deyə bilmərəm ki, bizim hakimiyyətdə olan hər bir vəzifəli şəxsimiz düzgün işləyir, onun səhvi yoxdur. Yaxud, partiyanın rəhbərliyində olan hər bir şəxs idealdır, - bu da yoxdur. Amma bunun yolu nədən ibarətdir?

Yolu partiyadaxili sağlam əhval-ruhiyyə, sağlam münasibət, sağlam tənqid, sağlam özünütənqiddir. Sağlam, hansısa məqsədlər üçün yox. O cümlədən iqtidarla, hakimiyyət orqanları ilə əlaqədar sağlam münasibətlər olmalıdır.

Bu baxımdan mən hesab edirəm ki, bəzi təşkilatlarda ayrı-ayrı şəxslərin cürbəcür iddialarına və qanunsuz hərəkətlərinə biz daha dözə bilmərik. Dözə bilmərik. Mən idarə heyətinə öz göstərişimi verirəm. Əlbəttə, hər şey ədalətli olmalıdır, ədalətsizliyə yol verilməməlidir. Bu təşkilatlarda belə partiya üzvləri haqqında ciddi qərarlar qəbul edilməlidir. Qərarlar qəbul olunmalıdır ki, bu da partiyam təmizləmək üçün lazımdır. Heç kəs hansısa keçmiş xidmətindən sui-istifadə etməməlidir.

Keçmişdə - partiya yaranarkən, partiyanın yaranma prosesində, bizim o ağır dövrümüzdə partiyaya gələnlər, partiyanın təşkilatçıları, yaxud partiyanın təşkilində fəal iştirak eləyən adamlar hamısı sağ olsunlar. Mən onlara bir də təşəkkürümü bildirirəm. Ancaq onların heç birisi buna görə öz vəzifəsindən, keçmiş xidmətlərindən sui-istifadə etməməlidir. Kim sui-istifadə edirsə, keçmiş xidmətlərinə baxmayaraq, o adam öz cəzasını almalıdır, onun işlərinə bu günün səviyyəsindən qiymət verilməlidir.

Düzdür, bizim partiyanın yarandığı dövrdən yeddi il keçir. Bu, o qədər də. Biz o dövrü heç vaxt unutmamalıyıq, çətin bir dövr olubdur. Amma iş də onda deyil ki, bu gün hər yerdə deyəsən ki, «Mən o partiyanı belə təşkil etdim, mən orada belə xidmət göstərdim». Bunlar hamısı olub keçdi. Kim nə xidmət göstəriləsə, sağ olsun. Amma bu gün sən nə edirsən, bu gün nə iş görürsən? Bundan danışmaq lazımdır. Bu gün sənin hərəkətlərin, danışığın, çıxışların partiyanın hörmətini qaldırırsa, partiyanı möhkəmləndirirsə, iqtidarın hörmətini qaldırırsa, iqtidarı möhkəmləndirirsə, çox gözəl! Amma sən keçmişdəki xidmətlərinə görə bu gün belə, sabah başqa bir fikir söyləyəsən ki, həm iqtidara, həm də partiyaya zərərdir - biz belə şeylərə dözə bilmərik. Belə şeylərə dözə bilmərik və heç kəs də keçmiş xidmətlərindən sui-istifadə etməsin.

Partiyanın üzvləri, xüsusən rəhbər orqanlarda olan üzvlər fəal olmalıdırlar. Partiyanın parlamentdə olan üzvləri fəal olmalıdırlar. Ancaq təəssüf ki, mən bir qismində bu fəallığı görmürəm. İndi biz demokratiya şəraitində yaşayırıq.

Azərbaycanda demokratik cəmiyyət mövcuddur və formalaşır. Demokratik, hüquqi dövlət qurulur. Geniş mətbuat azadlığı verilib. Azərbaycanda söz, fikir azadlığı, vicdan azadlığı bütün insan azadlıqları təmin olunubdur.

Təbiidir ki, belə bir şəraitdə iqtidara müxalif qüvvələr var. Təəssüf ki, Azərbaycanda bu müxalif qüvvələrin əksəriyyəti sağlam müxalifət deyildir. Bunların əksəriyyəti 88, 89, 90-cı illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı olan təcavüz, Qarabağın əldən getməsi, yaxud Moskvada sovet hakimiyyətinin Azərbaycana qarşı ədalətsiz qərarları, tədbirləri nəticəsində meydanlara gələn cəsarətli, vətənini, millətini sevən insanların içərisindən çıxmış adamlardır. Mən demək istəmirəm ki, o vaxt kimin nə cür xidməti olubdur. Amma indi üzdə olan müxalifətin fəaliyyətinə baxırsan, bunlar hamısı o vaxtlar təkcə Azərbaycanın milli mənafelərini müdafiə etmək üçün yox, bu fürsətdən istifadə edilə hakimiyyət əldə etmək - əsas bu fikiriə mübarizə aparırdılar. Ona görə də bunlar artıq on ildir ki, hakimiyyət xəstəliyi ilə yaşayırlar. Bu xəstəlik də keçmir.

Bunun müalicəsini onda görürlər ki, hakimiyyətə gəlsinlər. Hakimiyyətə gəlməyə bir il imkanlan oldu, ancaq hakimiyyəti saxlaya bilmədilər. Bundan sonra belə imkanları yoxdur. Ona görə yox ki, bu, bizim cəmiyyətdə mümkün deyildir. Cəmiyyətdə hər şey mümkündür. Ona görə yoxdur ki, bunlara etibar etmirlər.

Belə bir qeyri-sağlam müxalifət indi iqtidara qarşı yalanlar, böhtanlar, uydurmalar - nələr yazmır, hansı şayiələri buraxmır. Buna qarşı nə etmək lazımdır? Bunları qadağan etmək yox. Nə qədər bu cür yalan, böhtan, şər, şəmatət, uydurma yazırlarsa, onlar o qədər də hörmətdən düşürlər və düşəcəklər.

Ancaq eyni zamanda bizim iqtidar nümayəndələri, partiyamızın üzvləri, xüsusən partiyada yüksək vəzifə alanlar gərək fəal olsunlar. Amma mən belə görürəm ki, bəziləri deputat olub, vəzifə alilədir, durub kənarda. Nə mübarizəyə qoşulub, nə müxalifətə cavab verib, nə onların yalanını, böhtanını ifşa edib, amma bəzən də onların dəyirmanına su tökür. Belələri də var. Ona görə də hesab edirəm ki, hər bir partiya üzvü Azərbaycanın dövlət siyasətinin, Azərbaycan prezidentinin siyasətinin həyata keçirilməsində, müdafiə olunmasında, onun kütlə arasında, vətəndaşlar arasında düzgün təbliğ edilməsində mübariz insan, mübariz əsgər olmalıdır, kənarda durmamalıdır.

Belə tək-tük adamlar, xüsusən bəzi imtiyazlar, bəzi vəzifələr əldə edəndən sonra bizim partiyada, mənə elə gəlir ki, o qədər xeyir verməyəcəklər. Bəzən də elə düşünürlər, hesab edirlər ki, onlarınkı elə buraya qədər imiş ki, bu vəzifəni, imtiyazları alsınlar. Bundan sonra özünü mübarizəyə də salmaq istəmir, kiminləsə də, el arasında deyildiyi kimi, pis olmaq istəmirlər. Mən bu fikir ləri bir daha sizə çatdıraraq hesab edirəm ki, bu fikir lər konfranslarda öz əksini tapmalıdır. Birinci növbədə sizin hər birinizdən, burada oturanlardan tələb edirəm ki, hərə öz prinsipial mövqeyini tutsun, öz prinsipial mövqeyini göstərsin.

Azərbaycanın dövlətçiliyi naminə, Azərbaycanda gedən müsbət proseslərin inkişaf etməsi naminə öz prinsipial mövqeyi ilə sinəsini irəliyə versin, demaqoqluqla, orada-burada şayiə yaymaqla məşğul olmasın.

Mən müşahidə edirəm ki, bizim partiyanın içərisində müəyyən intriqalar da vardır, bir-birinə qısqanclıq, paxıllıq da vardır. Bunlar da var, - nəinki partiyanın yerli təşkilatlarında, hətta rəhbər orqanlarında da. Bunları aradan qaldırmaq lazımdır. Bunlar bizim partiyaya ziyan verir. Gərək hərə özü üçün nəticə çıxarsın. Bunlar nədən irəli gəlir? Bəzən həddindən çox ambisiya xəstəliyinə düşürlər. Hesab edirlər ki, onlar bundan da artıq olmalıdırlar. Bəzi adamlar isə fikir ləşir ki, niyə başqası belədir, gərək mən belə olam. Mən təəccüb edirəm, bəzən belə fikir lər gəlir ki, partiyanın içərisində ayrı-ayrı adamlar deyirlər ki, gələcəkdə bu kim olacaq, o kim olacaqdır. Bundan yuxarıda nə var? Bundan yuxarıda prezident var. Tutulan vəzifələrdən yuxarıda bircə prezident var. Prezident də öz yerindədir. Hələ uzun müddət də prezident öz yerində olacaqdır.

Bir var ki, müxalifətdə hakimiyyət xəstəliyinə düşən adamlar oturub-durub deyirlər ki, nə bilim, prezidentliyə vahid namizəd kim olsun, kim kiminlə birləşsin. Bir-biri ilə mübarizə, ədavət aparırlar. Bəzən qəzetlərə baxanda düşünürsən ki, bunlar hesab edirlər sabah prezident seçkiləri olacaqdır? Prezident seçkiləri 2003-cü ildə olacaqdır. Əgər onlar hazırlaşırlarsa, qoy 2003-cü ilə hazırlaşsınlar. Amma bu prezident olacaq, o prezident olacaq - bunlar hamısı boşşeylərdir.

Bəli, Heydər Əliyev prezident kimi 2003-cü ilə qədər öz prezidentliyini edəcəkdir. 2003-cü ildə Azərbaycanın vətəndaşları, seçiciləri hesab etsəbr ki, Heydər Əliyev yenə də beş il prezident olacaq, onda Heydər Əliyev olacaqdır. Buna heç kəsin şübhəsi olmasın. Kimsə deyir ki, Heydər Əliyevin yaşı çoxdur. Mən cərrahiyyə əməliyyatı keçirəndən sonra kimsə deyir ki, bəli, Heydər Əliyevin səhhəti belədir, elədir. Bilirsiniz, hər bir insan xəstələnə bilər. Ola bilər, hər bir insanda belə ciddi cərrahiyyə əməliyyatı aparılsın. Yəqin hər bir insanın orqanizmindən asılıdır ki, xəstəliyi, əməliyyatı kim necə keçirir.

Gözünüzün qabağındadır ki, əməliyyatdan bir ay sonra mən burada işə başladım. Gözünüzün qabağındadır ki, - mən bunu sizə demirəm, cəmiyyətə deyirəm, - fəal iş prosesindəyəm və bundan sonra da belə olacaqdır.

Ona görə də indi fikir ləşəsən ki, bu qabağa getdi, sabah nə olacaq, o birisi gün nə olacaq - buna hələ çox var. Olduqca çox var! O vaxta qədər kim bizim partiyamızdan həqiqətən nəinki sədaqət, nəinki vətənpərvərlik, nəinki Azərbaycanın müstəqilliyi yolunda xidmətlər göstərmək, eyni zamanda öz səviyyəsi, işgüzarlığı, insani keyfiyyətləri ilə layiq olsa, şübhəsiz ki, o, Heydər Əhyevin işinin davamçısı kimi prezident seçiləcəkdir.

Şübhəsiz ki, mən Azərbaycan xalqının, millətinin, dövlətçiliyinin yolunda bu qədər zəhmət çəkərək, bu qədər ağır məsuliyyəti öz üzərimə götürərək arzu edirəm və istəyirəm ki, Azərbaycanın gələcək dövlət başçılarının da hamısı Heydər Əliyevin işinə sədaqətli, Yeni Azərbaycan Partiyasının işinə sədaqətli adamlar olsunlar. Ancaq bunun üçün hələ yetişmək lazımdır. Bunun üçün zaman lazımdır. Sadəcə, bunun üçün də hələ vaxt gəlib çatmayıbdır. Çünki Heydər Əliyev hələ çox işləyə bilər.

Bu mövzuya toxunduğuma görə bir məsələ haqqında da demək istəyirəm. Axır zamanlar, beş-altı aydır mətbuatda - müxalifət mətbuatında, başqa mətbuatda - mənim oğlum İlham Əliyev haqqında cürbəcür yazılar verirlər. Bəziləri hesab edirlər ki, o, Heydər Əliyevin işinin davamçısı olmalıdır. Bəziləri sübut etməyə çalışırlar ki, o, bu işə yaramır, bu, mümkün deyildir.

Bəziləri də nəinki Azərbaycanda, dünyanın bəzi ölkələrində də fikir yayınaq istəyirlər ki, Heydər Əliyev oğlunu öz yerinə hazırlayır, guya ki, burada demokratiya, filan pozulur. Bunlar hamısı yalan fikir lər, yalan şayiələrdir.

Mən təəccüb edirəm ki, bizim partiyadan olan adamların, yaxud da partiyaya yaxın olan adamların bəziləri də bu mövzu ətrafında möhtəkirliklə məşğuldurlar, bundan sui-istifadə edirlər, öz məqsədlərinə nail olmaq istəyirlər. Bəli, kimsə deyir ki, İlham Əliyev və filankəslər islahatçıdır, kimsə mühafizəkardır. İlham Əliyevin bu işlərdən xəbəri yoxdur. İlham Əliyev öz işləri ilə məşğuldur. Amma onun adını salıblar ortaya. Müxalifət nə üçün salıbdır - bu aydındır. Çünki müxalifət görür ki, İlham Əliyev həm biliyinə, həm iş təcrübəsinə, həm ağlına, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində görkəmli bir adamdır. Ona görə də bu şayiələrlə əks fikir yaratmaq istəyirlər. Amma yarada bilməyəcəklər.

İlham Əliyev gənc, artıq siyasətlə, dövlət işi ilə məşğul olan Azərbaycan vətəndaşıdır. Onun çox böyük təhsili və böyük biliyi var. Eyni zamanda son beş-altı il içərisində də burada, Azərbaycanda çalışıbdır. Əvvəl də iş təcrübəsi vardı, Beynəlxalq Münasibətlər İnstitutunda müəllimlik edilədir, bu, asan iş deyil, tələbələrə dərs veribdir. Diplomatlar hazırlayan institutda onun cəmi 23 yaşı var idi, elmlər namizədi dissertasiyası müdafiə etdi.

Bundan sonrakı dövrdə, mənə görə institutdan çıxanlarıda gedib üç il bizneslə məşğul olub, o təcrübəni də toplayıbdır, iqtisadiyyatı da bilir. Son illərdə Dövlət Neft Şirkətində birinci vitse-prezident vəzifəsini apararaq Azərbaycanın neft siyasətinin, Azərbaycan dövlətinin yeni bir siyasətinin həyata keçirilməsinin fəal iştirakçısıdır, yəni onun həlledici fiqurlarından biridir. Xarici iqtisadi əlaqələrə rəhbərlik edir və beləliklə, Azərbaycan neftinin dünya nefti ilə birləşməsi və inteqrasiyası prosesləri sahəsində - müqavilələrin hazırlanması və həyata keçirilməsi sahəsində böyük təcrübə toplamış adamdır.

Bundan əlavə, onun üzərinə başqa vəzifə də düşübdür -Milli Olimpiya Komitəsinin prezidentidir. İctimaiyyət də görür ki, Milli Olimpiya Komitəsi onun prezidentliyi zamanı çox fəaliyyət göstərir, beynəlxalq əlaqələr genişlənib, Azərbaycanda idmanın, bədən tərbiyəsinin inkişafında, gənclərin idmana qoşulmasında çox işlər götürülübdür. İlham Əliyev Milli Məclisin deputatıdır. Görürsünüzmü, üzərinə nə qədər vəzifələr düşüb və oğlum olduğuna görə mən çox sevinirəm ki, bu vəzifələri də uğurla həyata keçirir. Hər bir belə adamın, şübhəsiz ki, gələcəyi də ola bilər. Ancaq bu, onun özündən asılıdır. Heç kəs bunu süni surətdə edə bilməz, heç kəs də deyə bilməz ki, o, Heydər Əliyevin yerini tutacaq, ya tutmayacaqdır. Bunu gələcək göstərəcəkdir. Gələcəkdə də bunu cəmiyyət, vətəndaşlar deyəcəkdir, ayrı heç kəs deyə bilməz. İndi bu mövzunu, necə deyərlər, çeynəmək, hərənin bundan özü üçün, nə bilim, xal qazanmaq, mənfəət götürmək istəməsi - bu, düzü, məni narahat edir. İlham Əliyev Yeni Azərbaycan Partiyasının üzvüdür. O, artıq bir neçə dəfə öz siyasi çıxışları, gənclərlə görüşləri ilə Yeni Azərbaycan Partiyasında öz xidmətlərini göstəribdir. Bu gün də göstərir, gələcəkdə də göstərəcəkdir. Yəni, Yeni Azərbaycan Partiyası sədrinin - Heydər Əliyevin yolu ilə gedir və bu yolla da gedəcəkdir. Buna heç kəsin şübhəsi olmasın. Amma, yenə də deyirəm, bu mövzunu fırlatmaq, yaxud da hansısa məqsədə nail olmaq - bunlar lazım deyildir. Mən məsləhət görmürəm.

O ki qaldı müxalifətə, bilirsiniz, - müxalifət öz işini nə cür istəyirsə, o cür görür. Mən onlara heç bir şey deyə bilmərəm. Hər halda onların yazıları, nə təhər deyərlər, fikir ləri özləri üçündür. Ola bilər, onlar cəmiyyətin hansısa bir hissəsinə təsir edirlər. Amma bizim dövlətin işinə və apardığımız işlərə onlar heç bir təsir etmirlər və edə də bilməzlər.

Mən arzu edərdim ki, bu məsələdə aydınlıq olsun. Bir sözlə, Azərbaycanın prezidenti Heydər Əliyev, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev uzun müddət bu vəzifələrdə olacaqdır və siz də, xalq da buna tamam arxayın ola bilərsiniz. Bir çox məsələlər var ki, bizim Yeni Azərbaycan Partiyası bu barədə, yəni təbliğat işində çox aparıcı yer tutmalıdır. Bunlardan biri də Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması məsələsidir.

Siz bilirsiniz, ictimaiyyət də, hamı da bilir ki, mən 1993-cü ildə Bakıya gəlib dağılmış Azərbaycanın rəhbərliyinə seçilməyə razılıq verərkən bilirdim ki, qarşımda nə qədər çətin vəzifələr var. Sizin çoxunuz şahidsiniz ki, buna görə də bu ağır məsuliyyəti öz üzərimə götürmək istəmirdim. Bir çoxunuz şahidsiniz ki, hələ Yeni Azərbaycan Partiyası yaranmamışdan neçə dəfə Naxçıvana gəldiniz, mənimlə görüşdünüz. Çalışdınız təbliğ edəsiniz ki, mən Bakıya gəlim, burada siyasi işlərlə məşğul olum. Mən bundan imtina etdim. Məktublar yazdınız, qəzetdə dərc etdirdiniz. Mən buna sadəcə, öz insani cavabımı verdim.

Mən sizə açıq deyirəm, Yeni Azərbaycan Partiyasının yaranmasının da o qədər təşəbbüskarı deyildim. Sadəcə, mən vəziyyəti gördüm, gördüm ki, bu partiyanın pərəstişkarları, mənim siyasətimə, şəxsiyyətimə hörmət edən adamlar - bunlar hansısa bir təşkilatda toplaşmaq istəyirlər. Mən də razılıq verdim ki, Yeni Azərbaycan Partiyası yaransın. O vaxt biz yazmamışdıq ki, Yeni Azərbaycan Partiyasını yaradırıq ki, hakimiyyəti ələ keçirək. Yox. Götürün, proqrama baxın, - bizim proqramımızda bu yoxdur. Biz sadəcə yazdıq ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir, Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin möhkəmlənməsi üçün çalışacaqdır.

Mən bunlan niyə xatırladıram? Çünki o vaxt Azərbaycanda vəziyyət çox ağır idi. Kimsə, məsuliyyətsiz adam, əlbəttə ki, hakimiyyət yolunda mübarizə aparırdı, anlamırdı bunun məsuliyyəti nədən ibarətdir. Onların da aqibətini gördünüz. Amma mən isə bilirdim ki, Azərbaycan keçmişdə nə idi, bu gün nədir, 85-86-cı illərdən sonra Azərbaycanın başına nə işlər gəlibdir. Hələ Qarabağ məsələsi meydana çıxmamışdan qabaq kommunist partiyasının rəhbərləri Azərbaycanı dağıtmaq istəyirdilər. Götürün, Qorbaçovun müşaviri, köməkçisi Çernyayevin bu günlərdə çapdan çıxmış xatirələrini oxuyun.

Hələ 88-ci ildə Qorbaçovun Heydər Əliyevin məhv olması üçün hansı tədbirlər görməsini indi yazır, - o, gündə Qorbaçovun yanında olan adam idi. Bunu da etmək üçun Azərbaycanı dağıtmaq istəyirdilər. Mən bunu bilirdim. Sonra, Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ məsələsi. Təbiidir ki, Dağlıq Qarabağ münaqişəsinin qabağı vaxtında alına bilərdi. Almadılar, çünki burada, Azərbaycanda da xalqın başında duran adamlarda qeyrət-namus, bacarıq olmadı. Sovet hökumətinin başçıları da bunu istəmədilər, çünki Azərbaycanı dağıtmaq istəyirdilər.

Sonra gedən proseslər Azərbaycanda vəziyyəti tamamilə bərbad hala salmışdı. Belə bir vaxtda, 1993-cü ildə mən buraya gələrkən öz məsuliyyətimi hiss edirdim. Ona görə də gəlmək istəmirdim. Ancaq eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, - uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu dağılır, - şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm.

Məsuliyyəti öz üzərimə götürəndə bilirdim ki, ən ağır, ən çətin məsələ Dağlıq Qarabağ problemidir, ErmənistanAzərbaycan münaqişəsidir. 1993-cü ildə ermənilər indi işğal olunmuş torpaqların əksəriyyətini zəbt etmişdilər. Ondan sonra da, 1993-cü ilin sentyabr ayına qədər işğal olunan torpaqların işğal edilməsi problemi əvvəlcədən həll olunmuşdu. Çünki Azərbaycanın daxilində o qədər qarmaqarışıqlıq var idi ki! Bir tərəfdən, bilirsiniz ki, 4 iyun hadisələri ilə əlaqədar Surət Hüseynov, - Azərbaycan torpaqlarının guya müdafiəsi belə bir yaramaz adama tapşırılmışdır, - çəkilmişdi Gəncəyə. İqtidar onu məhv etmək üçün cəbhədən başqa bir hissəni oraya çəkmişdi.

Cənubda «Talış-Muğan Respublikası»nı yaradan Əlikram Hümbətov da ordunun böyük bir hissəsini aparmışdı. Belə bir vəziyyətdə, əlbəttə ki, torpaqlar işğal olunacaqdı, başqa cür ola bilməzdi.

Mən dünən televizora baxırdım. Məsələn, orada danışırlar, yeddi il bundan öncə Ağdamın ən böyük, özü də ən mötəbər kəndlərindən biri 1992-ci il sentyabr ayının əvvəlində işğal olunmuşdu. Həmin Gülablı kəndinin adamları o vaxt deyirdilər ki, bizim kəndin işğal edilməsi Ağdamın işğal olunması deməkdir. Bu, 1992-ci ildə idi. Şübhəsiz ki, Ağdamın bir hissəsi işğal olunmayıb, böyük bir hissəsi, şəhər işğal edilibdir. Bu artıq o vaxt həll olunmuş məsələ idi.

Ancaq mən məsuliyyəti üzərimə götürərək, ordumuzu, xalqımızı müəyyən qədər toplayaraq, ermənilərə müəyyən cavab verərək, işğal olunmuş torpaqlarıb bir qismini geri qaytararaq başa düşürdüm ki, müharibəni aparmaq bundan sonra gərəksizdir. Ona görə sülh yaratdım, atəşi dayandırdım. Bunu kim necə istəyir qiymətləndirsin - Azərbaycanın beş ildən artıqdır ki, sülh şəraitində, tam sülh olmasa da, atəşkəs şəraitində yaşaması, xalqımızın beş il müddətində belə şaraitdə yaşaması ölkəmizdə əldə etdiyimiz nailiyyətlərin əsasını təşkil edir. Bunları geniş izah etmək lazımdır. Biz indi sülh danışıqları aparırıq.

Bu günlər mən həm Amerika prezidentinin nümayəndəsini, həm də Rusiyanın xarici işlər nazirini qəbul etmişəm. Əgər siz televiziya ilə baxmısınızsa, yaxud da - qəzetlərdə dərc olunub-oxumusunuzsa, bilirsiniz ki, onlarla nə qədər kəskin danışmışam, onları nə qədər ciddi tənqid etmişəm, özü də faktla.

1992-ci ildə Minsk qrupu yaranandan indiyə qədər yeddi il keçibdir. Dünyada, nə təhər deyərlər, elə bir vasitə yoxdur ki, bu məsələnin sülh yolu ilə həll olunması üçün biz və şəxsən bilavasitə mən özüm bundan istifadə etməyək. Dünyanın ən böyük ölkələrinin prezidentləri ilə dəfələrlə görüşmüşəm, danışmışam, müzakirə eləmişəm. Dünən mən Fransanın prezidenti cənab Jak Şirakdan məktub aldım, bu gün qəzetdə dərc olunubdur, televiziyada verilməlidir.

Məsələn, mən bu məsələləri Fransanın həm keçmiş prezidenti ilə müzakirə edirdim, həm də Jak Şirak prezident seçiləndən sonra onunla müzakirə edirəm. Cəmisi üç ildir, üç il müddətində bizim aramızda o qədər səmimi münasibət yaranıb və mən bilirəm ki, o bu işə nə qədər kömək etmək istəyir. Yaxud da ki, Amerikanın prezidenti Bill Klinton bu işə nə qədər kömək etmək istəyir. Başqaları da həmçinin. Ancaq bu, çox ağır işdir, çox çətin məsələdir. Mən inanıram ki, biz bu münaqişəni sülh yolu ilə həll edəcəyik. Buna görə də mən Ermənistan prezidenti ilə birbaşa danışıqlara getdim. Mən həmin danışıqlardan sonra da, bu gün də deyirəm, - əgər müəyyən kompromislər olmasa, bu məsələni həll etmək mümkün olmayacaqdır. Hər iki tərəfdən kompromislər olmalıdır.

Müxalifət mətbuatı və sair yenə də yalanlar, şayiələr yazırlar. Çünki nə lazımdır? Hər şey əllərindən çıxıbdır, indi deyirlər ki, «Gəlin, Qarabağı azad etmək məsələsini qaldıraq». Qarabağı azad edənlər idinizsə, niyə siz onu əldən verdiniz? Həmin bu adamlar Dağlıq Qarabağın və Dağlıq Qarabağ ətrafındakı rayonların işğal olunmasının bilavasitə günahkandırlar. İndi deyirlər ki, «Gəlin, Dağlıq Qarabağı belə azad edək, elə azad edək» və sair.

Bu fikirlərimi çatdırıram ki, birincisi, siz mənim fikirlərimi bilavasitə biləsiniz - baxmayaraq ki, mən bunu televiziya, mətbuat vasitəsilə dəfələrlə bildirmişəm. İkincisi, ona görə ki, siz burada bu işlərin, necə deyərlər, təbliğatçısı olasınız, kənarda durmayasınız ki, elə Heydər Əliyev bu işləri aparır, mənim nə işim var. Mən ətrafımda olan ən yüksək vəzifəli şəxslərlə bu yaxınlarda, Ermənistan prezidenti ilə görüşümdən sonra söhbət zamanı təəccüb etdim. Onlar, məsələn, vaxtilə əsas götürdüyümüz prinsiplərin mahiyyətini dərindən bilmirlər.

Məsələn, biz Lissabonda böyük nailiyyət əldə etdik, münaqişənin sülh yolu ilə həll olunmasının prinsipləri ilk dəfə müəyyən olundu. Siz bunları bilirsiniz. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal edilmiş torpaqların azad olunması, vətəndaşlarımızın öz doğma yerlərinə qayıtması, Dağlıq Qa- rabağa yüksək dərəcəli özünüidarə statusu verilməsi və Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyinin təmin olunması.

Biz ilk dəfə idi ki, ATƏT-in 53 üzvünün - təkcə Ermənistan buna müxalif oldu - bu prinsipləri qəbul etməsinə nail olduq. Ancaq üç ildə biz bu prinsipləri həyata keçirə bilmədik. Həyata keçirə bilməməyimizin səbəbləri də məlumdur. Çünki Ermənistan bu prinsipləri qəbul etmir. Amma mən bu yaxınlarda soruşanda ki, siz bu prinsiplərin mahiyyətinə varmısınızmı, bu nədir? Gördüm ki, bunu dərindən bilmirlər.

Yaxud, keçən ilin noyabrında ATƏT-in Minsk qrupu Rusiyanın təşəbbüsü ilə bizə «ümumi dövlət» formulu veribdir. Biz bundan imtina etmişik. Siz bilirsiniz, Rusiyanın xarici işlər naziri və Amerika Birləşmiş Ştatları prezidentinin nümayəndəsi ilə bu günlərdəki görüşlərimdə mən bu barədə fikir lərimi dedim ki, biz bunu qəbul etmirik. Amma Ermənistan bunu qəbul edib. Hətta Amerikanın Konqresi vasitəsilə bizə təsir göstərmək istəyiblər ki, nə üçün Azərbaycan bunu qəbul etmir.

Amma yenə deyirəm, mənim ətrafımda olan adamlarla bu yaxınlarda olan söhbətimdə gördüm ki, «ümumi dövlət» prinsipi nədir, biz bunu niyə qəbul etmirik, qəbul etsək nə olacaq - çoxları bunu bilmir. Mən həmin hadisəni müşahidə edəndən sonra fikir ləşdim ki, görəsən, mənim partiyanın üzvləri bu məsələlərlə dərindən məşğul olurlarmı, bunları bilirlərmi, öz mövqelərini müəyyən ediblərmi, lazımi iş aparırlarmı, yoxsa yox.

Beləliklə, gərək partiya bütün sahələrdə bizim bugünkü dövlətçiliyin mövqelərini xalqa düzgün çatdıran, izah, təbliğ edən qüvvə olsun. Bunların içərisində də xüsusən, ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yolları və bu barədə Azərbaycan iqtidarının, dövlətinin gördüyü işlər və əldə etdiyi nəticələr gərək təbliğ olunsun.

Mən bilirəm ki, insanların əksəriyyəti bunu ümumiyyətlə bilir və bizim gördüyümüz işlərə inanır. Mən bunu bilirəm hiss edirəm. Əgər mən bunu hiss etməsəm, bu cür cəsarətli siyasət aparmaram. Ancaq eyni zamanda, təkcə o deyildir ki, mən deyirəm, kütlə bunu eşidir, qəbul edir. Bəs bizim təbliğatçılarımız, partiyamız, dövlət nümayəndələrimiz? Xahiş edirəm, bu məsələləri nəzərə alasınız.

Başqa məsələlər də var, ancaq görürəm ki, vaxt çox gecdir. Hesab edirəm ki, bu gün müzakirə etdiyimiz mövzular konfranslarda işgüzar, səmərəli müzakirələr aparmaq üçün yaxşı imkanlar yaradır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bunlardan səmərəli istifadə edəcəksiniz.

Konfransların keçirilməsi, müxtəlif işçi qruplarının fəaliyyəti haqqında Əli Nağıyev burada məlumat verdi. Hesab edirəm ki, bu işlərin hamısı düzgün istiqamətdə gedir. Ancaq hesab edirəm ki, bilavasitə konfransların aparılması prosesinə rəhbərlik diqqət mərkəzində olmalıdır. Qurultaya hazırlıq işində bir çox məsələlər vardır. Onların bir hissəsi, demək olar ki, ən vacib hissəsi budur. Rəhbərlik barəsində düşünmək lazımdır.

Deyirsiniz ki, ümumən, təşkilat komitəsi, idarə heyəti, əlavə olaraq partiyanın aparatı da, yəni böyük bir kollektiv bu işlə məşğuldur. Amma ola bilər, bu kollektivin içərisində xüsusi, az tərkibli işçi qrupu, bu məsələyə, yəni konfransların keçirilməsinə gündəlik rəhbərlik etmək üçün - konfransları nə vaxt keçirmək, kimin hara getməsini təmin etmək və hansı rayonda vəziyyət necədir, onu daha da obyektiv qiymətləndirmək üçün - kollegial bir orqan yaradılsın. Yəqin ki, bu barədə siz də düşünərsiniz, mən də düşünərəm. Sabah, yaxud birinci gün fikir ləşilə bunu müəyyən edərik. Mənə belə gəlir ki, bu, işin daha da dinamik getməsini təmin edəcək və konfransların gedişinə yaxşı nəzarət edəcəkdir.

Dediniz ki, 50, yaxud 51 təşkilatda konfrans qalır. Siz, Əli Nağıyev, təşkilat komitəsinin üzvləri - hamınız birinci günədək birlikdə fikir ləşin və bir qrafik hazırlayın ki, hansı rayonlarda konfranslar nə vaxt keçiriləcəkdir. Əvvəlcədən müəyyən edin ki, bizim partiyanın rəhbər vəzifəli şəxslərindən kim hansı konfransda iştirak edəcəkdir. Bunlan mənə də məruzə edin ki, mən də bilim. Ola bilər, əgər imkan olsa, vaxt tapıb konfransların birində, yaxud ikisində mən də iştirak edə bilərəm. Siz bu işləri də görün və birinci gün bu barədə mənə məlumat verin.

Mən bir daha bildirmək istəyirəm ki, bizim Yeni Azərbaycan Partiyası öz qurultayına yüksək səviyyədə gələcəkdir. Mən buna inanıram. Yəqin ki, bu konfranslar sentyabrda və oktyabrın ortasın0adək keçiriləcəkdir. Mənə elə gəlir ki, biz qarşıda duran 10 gün içərisində qurultayın gününü təyin etməliyik. Qurultayın keçiriləcəyi günə əsasən də bu konfransların qrafikini müəyyənləşdirməliyik. Siz bunu da fikirləşin, mən də fikirləşərəm, müəyyən edərik.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış