Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 noyabr Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbriki - 11 noyabr 2000-ci il


Əziz Azərbaycan vətəndaşları!

Sizi 12 noyabr Konstitusiya günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə xoş arzularımı yetirirəm.

Beş il bundan əvvəl, 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının vətəndaşları böyük ruh yüksəkliyi şəraitində ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk konstitusiyasını qəbul etdilər. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir şanlı səhifə yazıldı. Uzunmüddətli gərgin əməyin məhsulu olan bu konstitusiya öz demokratikliyi, humanistliyi və dolğunluğu ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması və tərəqqisi üçün hərtərəfli zəmin yaradır.

Azərbaycanda belə bir yüksək səviyyəli konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, çoxəsrlik dövlətçilik ənənələrinin, xalqımızın keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Hələ 1918-ci ildə Azərbaycan xalqı müsəlman Şərqində ilk dəfə olaraq, xalq cümhuriyyəti yaratmış, özünün demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına sadiqliyini bəyan etmişdi. Azərbaycanın indiki konstitusiyası isə xalqımızın müstəqil, azad, demokratik dövlət qurmaq və dünya birliyində layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, bəşəriyyətin sivil inkişafına öz töhfəsini bəxş etmək əzmini və iradəsini nümayiş etdirir. Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.

Konstitusiyamızın qəbul edilməsindən keçən beş ildə Azərbaycanda dövlət və cəmiyyət həyatının bütün sahələrinin konstitusiyaya uyğunlaşdırılması, konstitusiyanın verdiyi geniş imkanlardan bəhrələnərək, dövlət idarəçiliyinin, iqtisadiyyatın, demokratikləşmə proseslərinin müasir dünya standartlarına yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil etmişdir. Hakimiyyətin bölünməsi prinsipinin ardıcıl həyata keçirilməsi müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, vətəndaşların konstitusiyadan irəli gələn hüquq və azadlıqlarına daha dolğun məzmun verilməsi, respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət prinsiplərinə dönmədən əməl edilməsi keçən illərdə olduğu kimi, bundan sonra da qarşımızda duran mühüm vəzifələrdəndir. Eyni zamanda, Azərbaycanın hər bir vətəndaşı, onun ərazisində fəaliyyət göstərən hər bir ictimai-siyasi qurum özünün dövlət və xalq qarşısındakı konstitusiya ilə müəyyən edilmiş vəzifə və borcunu da vicdan və ləyaqətlə yerinə yetirməli, vətənini, dövlətini sevməli, onu qorumalı və tərəqqisinə çalışmalıdır.

Ölkəmiz siyasi plüralizmin, siyasi fəaliyyət azadlığının təmin edilməsi sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Bu il noyabrın 5-də yeni seçki qanunları əsasında çox partiyalı sistem üzrə Milli Məclisə növbəti seçkilər keçirilmişdir. Seçkilər azad, rəqabət, aşkarlıq və şəffaflıq şəraitində, seçicilərin yüksək fəallığı ilə keçmiş və ölkədə demokratik proseslərin dinamik inkişafının daha bir bariz nümunəsi olmuşdur.

Noyabrın 9-da Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın bu quruma tamhüquqlu üzv qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Bu, ölkəmizdə gedən demokratikləşmə, hüquqi dövlət quruculuğu proseslərinə, insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə edilmiş nailiyyətlərə dünyada verilən qiymətdir. Azərbaycan bundan sonra da Avropa xalqları ailəsinə inteqrasiya siyasətini ardıcıl davam etdirəcək, qabaqcıl dünya təcrübəsindən, inkişaf etmiş ölkələrin köməyindən layiqincə yararlanaraq, Qafqazda, Yaxın və Orta Şərqdə demokratiyanın etibarlı dayaqlarından birinə çevriləcək. Demokratiya bizim üçün xaricdən gətirilmə bir dəyər deyildir, bu, Azərbaycan xalqının öz istəyidir, onun özünün müəyyən etdiyi, getmək istədiyi yoldur.

Əminəm ki, Azərbaycan xalqı bundan sonra da demokratiya və siyasi plüralizm yolu ilə gedəcək, milli xüsusiyyətləri, tarixi ənənələri və ölkəmizin reallıqlarını nəzərə almaqla öz konstitusiyasında əks olunmuş prinsiplərin tamamilə həyata keçirilməsinə çalışacaqdır.

Əziz həmvətənlər!

Sizi bir daha bu böyük bayram münasibətilə təbrik edir, hər birinizə cansağlığı, firavanlıq və dövlətimizin tərəqqisi naminə uğurlu fəaliyyət arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 noyabr 2000-ci il.