Azərbaycan Prezidenti Heydər Əliyevin Neapol şəhərinin meri cənab Bassollini ilə görüşdə söhbətindən - Neapol, 27 sentyabr 1997-ci il


Hörmətli cənab Bassollini!

Səmimi sözlərə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm və Azərbaycan Respublikasının Prezidenti kimi İtaliya Respublikasına rəsmi səfərimi ölkələrimizin əməkdaşlığının sıxlaşdırılmasında tarixi hadisə kimi qiymətləndirirəm. Səfər zamanı Romada İtaliya prezidenti Oskar Luici Skalfaro, baş nazir Roman Prodi ilə və yüksək vəzifəli digər rəsmi şəxslərlə görüşlər keçirilmiş, səmərəli danışıqlar aparılmış, mühüm sənədlər imzalanmışdır. Əmin olduğumu bildirirəm ki, bütün bunlar tarixi dostluq əlaqələrinə malik xalqlarımızın münasibətlərinin daha da yaxınlaşmasında mühüm rol oynayacaqdır.

Mən məmnunluqla xatırlayıram ki, Neapol ilə Bakı arasında əlaqələr qurulması sahəsində 1972-ci ildə ilk mühüm addım atılmasına yaxından kömək göstərmişəm. Bu gün isə vurğulayıram ki, o vaxtdan qardaşlaşmış bu şəhərlərin əlaqələrinin daha da canlandırılması çox vacibdir.

Bir daha bəyan edirəm ki, müstəqil, demokratik bir ölkə olan, bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycan Dünya Birliyi ilə sıx əlaqələr qurmağa böyük maraq göstərir. Biz dünyanın bütün dövlətləri, o cümlədən Avropanın çox nüfuzlu dövlətlərindən biri sayılan İtaliya ilə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veririk.

Bu gün məmnunluqla qeyd etmək istəyirəm ki, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün xarici ölkələrin bir çox nüfuzlu neft şirkətləri ilə ARDNŞ arasında imzalanmış tarixi müqavilələr uğurla fəaliyyət göstərir. Belə nüfuzlu neft şirkətləri sırasında İtaliyanın "Acip" Şirkətinin "Qarabağ" yatağının birgə istismarında iştirak etdiyini razılıqla qeyd etmək istəyirəm.

"Kürdaşi" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında Romada imzalanmış müqaviləni İtaliya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi sahəsində yeni mühüm addım kimi qiymətləndirirəm. Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, həmin yatağa dünyanın bir sıra çox nüfuzlu neft şirkətləri də böyük maraq göstərirlər.

Dünya Birliyi ilə sıx əlaqələr qurmuş, öz qapılarını xarici iş adamlarının üzünə geniş açmış, hüquqi, demokratik dövlət quruculuğunda və iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsində böyük uğurlar qazanmış Azərbaycan həm də bir sıra problemlərlə qarşılaşmışdır. Bu problemlərdən biri Ermənistan silahlı qüvvələrinin ölkəmizə 1988-ci ildən bəri davam edən hərbi təcavüzüdür.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in bu məqsədlə yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlardan, üç böyük dövlətin - ABŞ-ın, Rusiyanın və Fransanın Minsk qrupuna həmsədrlik etməsindən danışarkən onu vurğulamaq olar ki, həmsədrlərin münaqişənin həll edilməsi üçün irəli sürdükləri təkliflər heç şübhəsiz Azərbaycan tərəfindən maraqla qarşılanmış və diqqətlə öyrənilmişdir.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabonda keçirilən zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə qəbul olunmuş prinsiplərini 53 dövlət, o cümlədən İtaliya təsdiq etmişdir. Biz bu münaqişənin həmin prinsiplər əsasında tezliklə həll olunmasına tərəfdarıq.

Biz əminik ki, Minsk qrupunun üzvü olan İtaliya Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində öz səylərini daha da artıracaqdır.

Hörmətli cənab Bassollini, çıxışımın sonunda bir daha bildirirəm ki, Sizin tamamilə haqlı olaraq qeyd etdiyiniz aşağıdakı fikirlərə ürəkdən tərəfdarıq və inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti kimi mənim İtaliyaya bu rəsmi səfərim ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində yeni mərhələ açacaq, İtaliya-Azərbaycan münasibətlərinin, Bakı ilə Neapol arasında qardaşlıq və əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayacaqdır.