Azərbaycan Prezidenti Heydər Əliyevin İsrailin müdafiə nazirinin müavini, ABŞ - İsrail - Azərbaycan parlamentlərarası birgə qrupunun həmsədri Efraim Snehin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 4 dekabr 1999-cu il


Heydər Əliyev: Hörmətli nazir!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz! Mən sizi səmimi qəlbdən salamlayıram.

Azərbaycanla İsrail arasında yaxşı, yaxın dostluq əlaqələri mövcuddur. Ancaq biz, hesab edirəm ki, hər iki tərəfdən bu əlaqələri daha da inkişaf etdirmək arzusundayıq. Məhz buna görə də ATƏT-in İstanbul zirvə görüşündə mən sizin ölkənin - İsrailin baş naziri cənab Barakla görüşdüm və bizim görüşümüz çox səmərəli, əhəmiyyətli oldu. Biz birinci növbədə, Azərbaycan-İsrail əlaqələri haqqında fikir mübadiləsi apardıq, başqa regional məsələlərə də toxunduq. Mən bu görüşdən çox məmnunam.

İndi isə sizin Azərbaycanı ziyarətiniz, hesab edirəm ki, həmin məqsədi, yəni əlaqələrimizin inkişaf etdirilməsi məqsədi daşıyır. Xoş gəlmisiniz!

Efraim Sneh: Çox sağ olun, hörmətli cənab prezident. İcazə verin, hər şeydən öncə, baş nazir cənab Barakın Sizə ən xoş salamlarını yetirim. O məndən xahiş etdi ki, prezident Əliyevə mənim şəxsi salamlarımı çatdırın.

Mənim bu səfərimin əsas məqsədi yəhudi bayramının - Xanuka bayramının ilk gününü burada yəhudilər arasında keçirməkdir. Biz çox məmnunuq ki, Azərbaycanda yaşayan yəhudilər həm indi, həm də əvvəllər Azərbaycan xalqı tərəfindən həmişə çox dostcasına qarşılanmışlar, onlara daim isti münasibət, səmimi dostluq münasibətləri göstərilmişdir. Biz bütün bunları çox yüksək qiymətləndiririk. Bizdə, İsraildə Azərbaycandan gəlmiş, Bakıdan köçmüş yəhudilərlə danışarkən onlar Azərbaycana olan məhəbbətlərini, hərarətlərini heç cür gizlədə bilmirlər və Azərbaycanla bağlı hisslərini çox böyük məmnuniyyətlə bölüşürlər.

Cənab prezident, mən burada özümün şəxsi təəssüratlarımı da Sizinlə bölüşmək istəyirəm. Sizin yaxşı tərcüməçinizin əvəzinə mən bu hisslərimi qırıq-qırıq olsa da rus dilində ifadə etmək istəyirəm.

Cənab prezident, mən burada, Bakıda altı il və dörd il əvvəl olmuşam. Bu, çox böyük hadisədir: hər şey var - avtomobillər, mağazada mallar - hər şey var. Bu, sanki möcüzədir. Bilirəm ki, bunların hamısı Sizin siyasətiniz, Sizin rəhbərliyiniz, Sizin cəsarətiniz sayəsində olmuşdur. Təkcə onu demək istəyirəm, - çox şadam ki, burada insanlar daha yaxşı yaşayırlar və Azərbaycan güclü respublikadır. Bu, mənim şəxsi hisslərimdir və onları Sizinlə bölüşmək istədim.

Mən 1993-cü ilin elə bu dekabr ayında Azərbaycanda olmuşdum və o günləri çox canlı şəkildə xatırlayıram. Heç müqayisə edilə bilməz. Fürsətdən istifadə edərək, cənab prezident, Sizə möhkəm cansağlığı arzulayırıq ki, Sizin hakimiyyətiniz hələ uzun müddət davam etsin.

Bakı-Ceyhan haqqında tarixi sazişin imzalanmasından qısa vaxt ötsə də mən onun çox böyük əhəmiyyətini bir daha vurğulamaq istəyirəm. Qeyd etmək istəyirəm ki, bu saziş Sizin ölkənizin beynəlxalq icmada özünəlayiq yer tutmasında böyük kömək olacaqdır.

Mən hər zaman Azərbaycanla İsrail arasında oxşarlıqları müqayisə etməyi, analogiya aparmağı xoşlayıram. İndi də fürsətdən istifadə edib bildirmək istəyirəm ki, bizim ölkələrimiz bir sıra xüsusiyyətlərlə bir-birinə çox oxşayır. Birincisi, öz qədim dillərinin bərpa olunması sahəsində göstərdikləri səylər. İkincisi, ölkə əhalisinin böyük əksəriyyətinin ölkə ərazisindən kənarda yaşaması. Üçüncüsü isə, elə bir regionda yaşamağımız ki, orada zəiflərə də yer yoxdur. Biz Azərbaycan ilə dostluq münasibətlərimizdən istifadə edərək və ona əsaslanaraq, ixtiyarımızda olan bütün gücdən və imkanlardan istifadə edib Sizə dünyada yardımçı olacağıq.

Mən yekun olaraq, fəxrlə demk istəyirəm ki, indi Amerika Birləşmiş Ştatlarında yaşayan yəhudi icması səfərbər edilibdir ki, Azərbaycana qarşı diskriminasiya xarakteri daşıyan 907-ci maddənin aradan qaldırılmasına nail olunsun. Çox sağ olun, cənab prezident.

Heydər Əliyev: Təşəkkür edirəm. Sizin Xanuka bayramınızı təbrik edirəm və çox məmnunam ki, siz bu milli bayramınızı məhz Azərbaycanda, Bakıda keçirirsiniz və Azərbaycanda yaşayan yəhudilərlə görüşüb bu bayram şənliklərini bir yerdə keçirmisiniz.

Həqiqətən, yəhudilər keçmiş zamanlarda da, indi də Azərbaycanda bütün vətəndaşlıq hüquqlarından istifadə edirlər və biz heç bir ayrı-seçkiliyə yol vermirik. Yəhudilər keçmişdə də, indi də Azərbaycanın ictimai-siyasi həyatında, elm sahəsində, mədəniyyət sahəsində çox işlər görüblər, Azərbaycana çox faydalar gətiriblər.

Mənim şəxsən özümün yəhudilərdən nə qədər dostlarım olubdur. Hansılar ki, mədəniyyət, musiqi sahəsində, yaxud səhiyyə sahəsində, elmdə, başqa sahələrdə Azərbaycanda çox görkəmli yer tuturdular. Onlar Azərbaycanın çox dəyərli sakinləri, dəyərli vətəndaşları olublar. Biz Azərbaycanın inkişafında, xüsusən mədəniyyətin, elmin, səhiyyənin inkişafında onların xidmətlərini heç vaxt unutmayacağıq.

Bu gün Azərbaycanda yəhudilər çox sərbəst, rahat yaşayırlar, istədikləri işlə məşğul olurlar və hesab edirəm ki, onların yaşayış şəraiti, onların həyata aid olan başqa tələbləri hamısı yüksək səviyyədədir. Onlar bu gün də Azərbaycanın həyatının bütün sahələrində istədikləri işdə çalışırlar və mən hesab edirəm ki, burada olduqlarından razıdırlar. Bunu siz də bəyan etdiniz.

Son illərdə Azərbaycandan, Bakıdan İsrailə köçmüş yəhudilər isə, bilirəm ki, orada Azərbaycan üçün, Bakı üçün çox darıxırlar. Onların bəziləri mənim keçmiş tanışlarım olubdur, dostlarım olubdur. Azərbaycana son vaxtlar gələndə mən onlarla görüşmüşəm, danışmışam və hər dəfə görmüşəm ki, onların ürəkləri Azərbaycanla bir yerdədir, Azərbaycan üçün darıxırlar. Mən onlara deyirəm, - nə vaxt kefiniz istədi, qayıdıb yenə də Azərbaycanda yaşaya bilərsiniz. İndi İsrailin əhalisi artıq yetərlidir və onun ərazisi bütün dünyada yaşayan yəhudiləri yerləşdirə bilməz.

Azərbaycanın son illərdəki vəziyyəti haqqında və mənim haqqımda dediyiniz xoş sözlərə, öz təəssüratlarınıza görə təşəkkür edirəm. Mən çox məmnunam ki, siz 1993-cü ildə - bildirdiniz ki, elə bu vaxtlarda, ilin bu mövsümündə - burada olmusunuz. İndi, altı il keçəndən sonra yenidən gəlmisiniz və Azərbaycanın həyatındakı dəyişiklikləri görürsünüz. Sizin müşahidələrinizlə yanaşı, mən hesab edirəm ki, bizim ən böyük nailiyyətimiz bundan ibarətdir ki, biz 1993-cü ildə Azərbaycanı parçalanma, dağılma, vətəndaş müharibəsi təhlükəsindən xilas etdik. Ondan sonra Azərbaycanda həyata keçirdiyimiz tədbirlər nəticəsində cəmiyyətimizi təmizlədik, qanunsuz silahlı dəstələri zərərsizləşdirdik, cinayətkarları cəmiyyətdən təcrid etdik və bütün bunların nəticəsində Azərbaycanda sabit ictimai-siyasi şərait yarada bildik.

Bilirsiniz ki, mən də Bakıya ikinci dəfə 1993-cü ildə gəlmişəm. O illər və aylar mənim də xatirimdədir. Güman edirəm, siz də müşahidə etmişdiniz ki, o vaxt insanlar axşamlar küçəyə çıxa bilmirdilər. Çox ailələr öz uşaqlarını küçəyə buraxmırdılar. Dəhşətli bir vəziyyət idi. Amma indi gedin, səhərə qədər Bakının küçələrində istirahət edə bilərsiniz.

Əlbəttə ki, siz çox şeyləri görmüsünüz. Dediniz, - avtomaşınları, şəhərdə olan dəyişiklikləri, otelləri. Bunlarla bərabər, ən əsası odur ki, biz insanların rahat, sərbəst yaşaması üçün şərait yaratdıq.

Təbiidir ki, ötən illərdə bizim iqtisadiyyatın inkişaf etməsi siz gördüyünüz həmin mənzərəni yaradıbdır. 1994-cü ildə biz Ermənistanla müharibəni dayandırdıq və atəşkəs haqqında saziş imzaladıq.

Siz dediniz ki, bizim ölkələrimizin bir-birinə çox oxşarlığı vardır. Siz tamamilə doğru dediniz. Bilirsiniz ki, bizim də ərazi bütövlüyümüz pozulubdur. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib və indiyə qədər işğal altında saxlayır. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır, ağır vəziyyətdə və çoxları çadırlarda yaşayırlar.

Biz müharibənin yenidən başlanmasının tərəfdarı deyilik, məsələni sülh yolu ilə həll etmək istəyirik. Təəsüflər olsun ki, Ermənistan tərəfi hələ ki, məsələnin sülh yolu ilə həll olunması üçün konstruktiv mövqe tuta bilmir. Amma mən inanıram ki, biz bu məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq.

Azərbaycana qarşı çox ədalətsizlikər olubdur. O cümlədən siz indi yada saldığınız, Amerika Konqresində qəbul olunmuş 907-ci maddə. Amerika hökuməti bizə həmişə deyir ki, Amerikada yaşayan ermənilərin Konqresə təsiri vardır, ona görə biz o maddəni aradan götürə bilmirik. Ancaq mən də deyirəm ki, - siz bunu bəyan etdiniz, - yəhudi icmasının Amerikada Konqresə və bütün hökumətə təsiri hamıdan çoxdur.

Amerikadakı yəhudi icması ilə bizim çox sıx əlaqələrimiz vardır. Mən orada olarkən Hyu-Yorkda Amerika yəhudi icmalarının konfranslarının nümayəndələri ilə görüşmüşəm. Onlar Azərbaycana çox gəliblər və burada çox görüşlərimiz olubdur. Mən "Xolokost" muzeyini görmüşəm. Bizim çox sıx əlaqələrimiz vardır. Ona görə mən sizin bəyanatlarınızı çox məmnuniyyətlə qəbul edirəm ki, Amerikada olan yəhudi icması 907-ci maddənin ləğv olunması üçün bundan sonra da çalışacaqdır. Bütün bunlar hamısı onu göstərir ki, bizim bugünkü münasibətlərimiz yaxşıdır, amma gələcəkdə daha da yaxşı ola bilər.

Siz Bakı-Ceyhan neft kəməri haqqında müqavilənin imzalanması mövzusuna toxundunuz. Həqiqətən, bu, bizim böyük qələbəmizdir, böyük uğurumuzdur. Biz ötən beş ildə bu sahədə çox işlər gördük. Qərb ölkələrinin, xüsusən Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri artıq burada bizimlə geniş müştərək işlər görürlər. Müştərək işimizin nəticəsində neft hasil edirik və dünya bazarlarına çıxarırıq. Amma bizim təbii sərvətlərimiz çoxdur. Biz bu barədə çox zənginik. Onların hamısını dünya bazarlarına çıxarmaq üçün, təbiidir ki, Bakı-Ceyhan neft kəməri çox vacib idi, çox lazım idi. Biz buna nail olduq və İsrailə daha da yaxınlaşdıq. Oradan, Ceyhan limanından İsrailə məsafə çox azdır.

Bizim gələcəkdə də layihələrimiz vardır. Ancaq əsas məqsədimiz Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq və Ermənistanla Azərbaycan arasında sülh yaratmaqdır. Biz ümumiyyətlə Qafqazda, xüsusən Cənubi Qafqazda sülh yaranmasının tərəfdarıyıq. Bunun üçün çox səylər qoyuruq və ATƏT-in İstanbul zirvə görüşündə mən Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq haqqında pakt yaranması barədə təklif irəli sürdüm. Hesab edirəm, belə bir paktın yaranması da realdır.

Bir sözlə, siz də çox böyük çətinliklərlə rastlaşırsınız, biz də çox çətinliklərlə rastlaşırıq. Ancaq önəmli cəhət ondan ibarətdir ki, biz bu çətinliklərin öhdəsindən gələ bilirik və mən nikbinəm. Gələcək həm İsrail üçün, həm də Azərbaycan üçün daha da yaxşı olacaqdır.

Mənim ünvanıma dediyiniz xoş və səmimi sözlərə görə sağ olun. Mən bunu rus dilində deyirəm, ona görə ki, bu fikri siz də rus dilində ifadə etdiniz.

Efraim Sneh: Mən bir az başa düşürəm.

Heydər Əliyev: Siz rusca pis danışmırsınız. Siz yəqin, danışmağa nisbətən daha yaxşı başa düşürsünüz. Bu, həmişə belədir.

Efraim Sneh: Cənab prezident, mən bir məsələyə bir daha qayıtmaq istəyirəm. Buraya gəlməmişdən öncə Vaşinqtonla əlaqə saxladım. Mənə bildirdilər ki, 907-ci maddənin aradan qaldırılması üçün növbəti səylərə yazın əvvəllərindən başlamaq mümkündür. Gələn il seçki ili olduğu üçün bu məsələ bir az mürəkkəbləşibdir. Bildirmək istəyirəm ki, bizim dövlətimizin yaradıcısı cənab Ben-Qurionun çox gözəl sözləri olmuşdur. O, bu firki o zaman söyləmişdi ki, İsrail təcrid olunmuş halda, tənha bir dövlət kimi mövqcud idi, onun səsini çoxları eşitmirdi. O demişdi ki, "Mühüm deyil ki, başqaları bizim barəmizdə nə deyirlər, nə düşünürlər. Ən mühümü odur ki, biz özümüz nələri edirik və nəyə qadir olduğumuzu göstəririk". Mənə elə gəlir ki, bu sözləri sizə də şamil etmək olar. Əminik ki, Siz burada gördüyünüz işlərlə bütün dünyaya nələrə qadir olduğunuzu göstərdiniz.

Heydər Əliyev: Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 5 dekabr 1999-cu il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya