Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriya Respublikasının vitse-kansleri, xarici işlər naziri Volfqanq Şüssel başda olmaqla nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 9 iyul 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab nazir, hörmətli qonaqlar!

Mən sizi səmimi qəlbdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Bu, Avstriya xarici işlər nazirinin Azərbaycana ilk səfəri olduğuna görə bunu çox əlamətdar hadisə hesab edirəm.

Azərbaycan gənc müstəqil dövlətdir. Ona görə də biz çox maraqlıyıq, çox istəyirik ki, Azərbaycanı daha da yaxından tanısınlar, onun bugünkü gününü bilsinlər. Buna görə də belə səfərlərin bizim üçün çox əhəmiyyəti var.

Avstriya iqtisadi cəhətdən, bütün başqa sahələrdə dünyanın inkişaf etmiş ölkələrindən biridir. İndi Avropada Avstriyanın mövqeyi çox əhəmiyyətlidir. Ona görə də mən hesab edirəm ki, Avstriyanın xarici işlər nazirinin Azərbaycana səfəri, o cümlədən onu müşayiət edən nümayəndə heyətinin səfəri Azərbaycanı tanımaq, əlaqələrimizin inkişafı üçün daha da böyük imkanlar yaradacaqdır.

Biz Avstriya ilə əlaqələrimizə böyük əhəmiyyət veririk və bunların bütün sahələrdə inkişaf etməsini arzulayırıq. Şübhəsiz, öz tərəfimizdən lazımi addımlar atmalıyıq ki, bu əlaqələr daha geniş, daha yüksək səviyyədə olsun. Cənab nazir, sizin səfəriniz təkcə Azərbaycana deyil, Cənubi Qafqaz ölkələrinə, respublikalarınadır. Bildiyimə görə, siz Ermənistanda, Gürcüstanda olmusunuz, indi də Azərbaycandasınız. Hesab edirəm ki, səfərinizi bu cür qurmaq çox əhəmiyyətlidir, çünki təkcə bir ölkə ilə yox, Cənubi Qafqaz respublikaları ilə tanış olub bu ölkələrlə Avstriyanın əlaqələrini inkişaf etdirmək, şübhəsiz ki, sizin üçün də vacibdir. Buna görə də hesab edirəm ki, qonşu ölkələrdə, yəni Ermənistanda, Gürcüstanda aldığınız təəssüratlar, Azərbaycanda alacağınız təəssürat Avstriyanın Cənubi Qafqaza və xüsusən Azərbaycana marağını artıracaqdır. Sizi bir daha salamlayıram.

Volfqanq Şüssel:  Çox sağ olun, cənab prezident, Sizi Avstriya nümayəndə heyəti adından salamlayıram. Siz həqiqətən doğru buyurdunuz ki, bu, Avstriya xarici işlər nazirinin, ümumiyyətlə, Avstriyadan olan nazirin Azərbaycana ilk səfəridir. Çox şadam və məmnunam ki, bu missiya məhz mənim üzərimə düşübdür.

Sizinlə tam razıyam ki, ikitərəfli münasibətlər hər iki ölkə üçün üstün xarakter daşıyır. Azərbaycanla münasibətləri inkişaf etdirmək Avstriya üçün də çox əhəmiyyətlidir. Ona görə də ilk növbədə sizin xarici işlər nazirinizə minnətdarlığımı bildirmək istəyirəm ki, məni Azərbaycana dəvət etmiş və bugünkü görüş baş tutmuşdur. Hesab edirəm ki, bir neçə gündən sonra Siz ölkənizə təyin etdiyimiz səfirlə görüşəcəksiniz. Elə bilirəm, Vyanada da bizim görüşlərimiz davam edəcəkdir.

Siz doğru dediniz ki, bu, bizim yalnız Azərbaycana deyil, eyni zamanda Gürcüstana, Ermənistana olan səfərimizdir. Bu da Avropa Birliyində qəbul olunmuş yanaşmadır - biz bütün bu əraziyə bir region kimi yanaşırıq. Məlumdur ki, Avstriya 1998-ci ildə Avropa Birliyinin prezidenti idi, tərəfdaşlıq, əməkdaşlıq işində çox fəal olmuşdur. İndi bir həftədir ki, biz bu işimizi uğurla davam etdiririk.

O da məlumdur ki, tərəfdaşlıq və əməkdaşlığı geniş çərçivədə - bütün ölkələrlə mədəni, siyasi, iqtisadi sahələrdə genişləndirməkdə görürük.

Buraya səfərimizin ikinci məqsədi 2000-ci ildə ATƏT-ə sədrliyimiz dövründə işimizə daha yaxından yardım edə biləcək vasitələri axtarıb tapmaqdan ibarətdir. Bu mənada bizim fikrimiz kənardan təkliflər gətirmək deyil, məsələni daxildə öyrənmək, daxildəki adamlarla ünsiyyətə girib onların fikirlərini öyrənməkdən ibarətdir. Cənab prezident, elə bilirəm ki, bu mənada Siz xüsusi fikrə maliksiniz. Ona görə də hər şeydən əvvəl Sizin fikrinizi öyrənmək istəyirik ki, bizim ATƏT-də, Avropa Birliyində rolumuzu və ümumiyyətlə, gələcək əməkdaşlığımızı necə görürsünüz.

Mən bilirəm ki, Azərbaycan keçid dövrünü, özünün çox vacib bir dövrünü yaşayan ölkədir. Cənab prezident, bu gün səhər mən Şəhidlər xiyabanında oldum, 1990-cı ildə müstəqillik uğrunda qurban gedənlərin məzarlarını gördüm. Bu, həqiqətən çox ağır bir səhnə idi. Lakin bununla belə, bilirəm ki, bütün bu qurbanlara baxmayaraq, siz irəliyə doğru getməkdəsiniz. Mən sizi ruhlandırmaq istəyirəm ki, Avropaya doğru, demokratiyaya, bazar iqtisadiyyatına doğru getməkdə davam edəsiniz və Avropa dəyərlərinə yaxınlaşasınız.

Heydər Əliyev: Birincisi, Azərbaycanın iqtisadi vəziyyəti və ölkəmizdə gedən proseslər haqqında xarici işlər naziri, baş nazir və parlamentin sədri yəqin ki, sizə geniş məlumat veriblər. Azərbaycan həqiqətən keçid dövrünü yaşayır. Ümumiyyətlə, bu dövr totalitar rejimdən demokratiya yoluna çıxan ölkələrin hamısı üçün çox ağır, çətindir. Biz də bu çətinlikləri hiss edir, öhdəsindən gəlirik və demək olar ki, irəliyə gedirik. 1990-1994-cü illərdə Azərbaycan böyük iqtisadi-maliyyə böhranı içərisində yaşayıbdır. O vaxt biz çox çətinliklər çəkdik. Təxminən 1995-ci ildən, 1996-cı ildən bu böhranın qarşısını ala bilmişik, ümumiyyətlə iqtisadiyyatın ilbəil tənəzzülünün qarşısını ala bilmişik. Son üç ildə iqtisadiyyatda inkişaf mərhələsini yaşayırıq. Biz iqtisadiyyatı inkişaf etdirmək üçün iqtisadi islahatlar həyata keçiririk. Bunların bir qismi həyata keçirilib və müsbət nəticələrini verir. Biz bazar iqtisadiyyatını inkişaf etdirir, geniş özəlləşdirmə proqramı, torpaq islahatı proqramı həyata keçiririk. Ümumiyyətlə, iqtisadiyyatı liberallaşdırmaq, insanlara sərbəstlik vermək və bunun sayəsində və inkişafa nail olmaq yolundayıq və bu yolla da irəliyə gedirik.

Dövlət quruculuğu sahəsində tutduğumuz yol Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu davam etdirmək və buna nail olmaqdır. Hesab edirəm ki, son illərdə bu sahədə də böyük nailiyyətlər əldə etmişik.

Bütün bunlara nail olmaq üçün Azərbaycanda böyük bir problemi həll etmək - ictimai-siyasi sabitliyi təmin etmək lazım idi. 1990-cı ildən, sovet ordusunun Azərbaycana hərbi təcavüz etdiyi zamandan sonrakı illərdə Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuşdu. Bu da Azərbaycanın inkişaf etməsinə çox maneələr törədirdi. Bu sabitliyi təmin etmək üçün biz çox ciddi tədbirlər gördük və çox çətinliklərlə rastlaşdıq. Çünki o illərdə Azərbaycanda qanunsuz silahlı dəstələr, hakimiyyətsizlik, hakimiyyət uğrunda mübarizə aparan bəzi insanların silahdan istifadə etməsi halları geniş yayılmışdı.

Artıq 1995-ci ildən biz ictimai-siyasi sabitliyi təmin edə bilmişik və ötən illərdə Azərbaycanda daxili vəziyyət tam sabitdir. Məhz 1995-ci ildən sonra iqtisadiyyatda tənəzzülün qarşısını ala bildik, islahatlar həyata keçirməyə başladıq və inkişafa nail olduq. Dövlət quruculuğu sahəsində lazımi islahatların, tədbirlərin həyata keçirilməsinə nail ola bildik. 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik, müstəqil Azərbaycanın ilk parlamenti seçildi.

Son illərdə Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi yolunda atdığımız ciddi addımlardan biri, çox əhəmiyyətlisi ölkəmizə xarici investisiyanın cəlb olunmasıdır. Biz bu sahədə Azərbaycanın zəngin təbii sərvətlərinin - neft və qaz yataqlarının dünyanın böyük şirkətləri ilə müştərək işlənilməsi üçün bir çox müqavilələr imzalamışıq və bunlar da artıq öz müsbət nəticəsini verir.

Biz Avropa ilə, Qərblə əlaqələrimizi gündən-günə genişləndirir, Avropanın beynəlxalq strukturlarında geniş fəaliyyət göstərməyə çalışırıq. O cümlədən, vaxtilə Avropa Birliyi ilə tərəfdaşlıq haqqında imzaladığımız müqavilənin bu yaxın günlərdə, yəni keçən ayın 21-də ratifikasiya olunması da bizim üçün çox əhəmiyyətlidir. 1996-cı ildə Avropa Birliyi ilə imzaladığımız müqavilənin sonra parlamentlər tərəfindən təsdiq edilməsi böyük proses olmuşdur. Bu prosesdə Avstriya da Avropa Birliyinə sədrlik edən zaman çox səylər qoymuşdur. Ona görə də mən sizə xüsusi təşəkkürümü bildirirəm.

Biz Avropa Şurası ilə çox geniş əməkdaşlıq edirik və Avropa Şurasına daxil olmaq istəyirik. Bizə qonaq statusu verilib və ümid edirik ki, gördüyümüz işlər nəticəsində Azərbaycan Avropa Şurasına qəbul olunacaqdır.

Azərbaycan son illərdə öz dövlət müstəqilliyini möhkəmləndiribdir. Biz bunu çox vacib hesab edirik, çünki bundan sonra Azərbaycan daim müstəqil ölkə kimi yaşamaq istəyir, daha heç bir ölkənin təsiri altına düşmək, yaxud onun vassalına çevrilmək istəmir.

Bunlar hamısı Azərbaycanın dünyəvi dəyərlərə, Avropa dəyərlərinə daha da yaxınlaşmasını, bu dəyərlərlə daha sıx bağlı olmasını göstərir. Azərbaycan Avropanın tərkibində, Avropanın Şərq hissəsindədir. Biz istəyirik ki, Azərbaycan coğrafi nöqteyi-nəzərdən Avropada olduğu kimi, eyni zamanda iqtisadi, siyasi nöqteyi-nəzərdən də həqiqətən Avropanın bir hissəsi olsun.

Ancaq, güman edirəm, artıq siz bunu yaxşı bilirsiniz və burada olduğunuz vaxtda da sizi tanış ediblər - bizim ən ağır problemimiz Ermənistanla Azərbaycan arasında olan hərbi münaqişədir. Cənubi Qafqaz respublikaları haqqında danışarkən bildirmək istəyirəm ki, həqiqətən, bu regionun bir çox xüsusiyyətləri var. Azərbaycan da bu xüsusiyyətlərin bir çoxunun daşıyıcısıdır. Biz çalışırıq ki, Cənubi Qafqazda sülh, əmin-amanlıq, sabitlik yaransın. Gürcüstanla dostluq əlaqələrimiz, çox geniş əməkdaşlığımız var və bunu özümüz üçün çox əhəmiyyətli hesab edirik. Ermənistanla münasibətlər isə, bilirsiniz ki, hələ 1988-ci ildən, Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində pozulmuşdur. O illərdə Ermənistan Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edib, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı özünə bağlamağa çalışıb, bu da böyük müharibəyə gətirib çıxarıbdır. Qan tökülüb, qurbanlar verilibdir. Nəticədə, bəzi məlum səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı zorla çıxarılmış, etnik təmizləmə aparılmışdır və indi onlar Azərbaycanın başqa bölgələrində çox ağır şəraitdə, çadırlarda yaşayırlar. 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşin kəsilməsi haqqında saziş imzalanıbdır. O vaxtdan indiyə qədər biz, - Ermənistan tərəfi də, - buna riayət edirik, atəşkəs rejimini qoruyub saxlayırıq. Bizim məqsədimiz bu dövrdə sülh danışıqları apararaq münaqişəni sülh yolu ilə həll etməkdən ibarətdir.

Təəssüf ki, biz hələ buna nail ola bilməmişik, sülh yaranmayıbdır. Azərbaycanın ərazi bütövlüyü pozulmuş, torpaqlarımız Ermənistan silahlı qüvvələrinin zəbti altında qalmışdır.

Bilirsiniz ki, bu məsələlərlə ATƏT-in Minsk qrupu məşğul olur. Biz Minsk qrupu ilə və xüsusilə onun həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa ilə çox sıx əməkdaşlıq edirik. Bunun nəticəsində müəyyən nailiyyətlər əldə etmək mümkün olmuşdur. Bu baxımdan 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə əldə edilmiş nailiyyət, yəni Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması haqqında qəbul edilmiş bəyanat çox əhəmiyyətlidir. Fürsətdən istifadə edib, ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində qəbul olunmuş çox vacib bir sənədi dəstəklədiyinə və bu sahədə göstərdiyi xidmətə görə Avstriya hökumətinə təşəkkürümü bildirirəm.

Xatirinizdədir ki, o vaxt Lissabonda ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bu sənədin qəbul olunmasına səs verdi, ancaq Ermənistan etiraz etdi. Bu sənəd məsələnin sülh yolu ilə həll olunması üçün ən optimal bir sənəddir və həm Azərbaycanın, həm də Ermənistanın maraqlarını təmin edir.

Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların və ermənilərin təhlükəsizliyinin təmin edilməsi, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarə hüququ verilməsi barədə prinsiplər müəyyən edilibdir. Ancaq Ermənistanın bu sənədə qeyri-konstruktiv münasibətinə görə münaqişə ondan sonra da həll olunmayıbdır. İndi açıq-aydın görünür ki, Ermənistan Qarabağa tam müstəqillik statusu əldə etmək istəyir.

Biz danışıqları davam etdiririk. Azərbaycan Minsk qrupunun fəaliyyətinin bundan sonra da davam etməsini arzu edir. Mən bu ilin aprel ayında Ermənistan prezidenti Robert Koçaryanla Vaşinqtonda görüşdüm. Biz məsələni geniş müzakirə etdik. Biz gələcəkdə də birbaşa görüşlər keçirmək haqqında razılığa gəldik. Yəni biz bütün vasitələrdən istifadə edirik ki, məsələ sülh yolu ilə həll olunsun. Bu məsələnin həll olunması Ermənistan tərəfindən, eyni zamanda, Minsk qrupundan və Minsk qrupunun həmsədrləri olan dünyanın ən böyük dövlətləri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadan asılıdır.

Avstriyanın Minsk qrupunun üzvü olması bizi sevindirir. Bir də ona görə ki, Avstriya 2000-ci ildən ATƏT-ə sədrlik edəcəkdir. Ona görə də Avstriyanın üzərinə böyük məsuliyyət düşür. Biz Avstriyadan çox şeylər gözləyirik. Onu da nəzərə alırıq ki, ATƏT-in Baş Qərargahı Vyanada yerləşir. Bizim Avstriyadakı səfirimiz həm də ATƏT-də Azərbaycanın nümayəndəsi vəzifəsini həyata keçirir.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində 2000-ci ildən başlayaraq Avstriyanın böyük rolu ola bilər. Mən ümid edirəm ki, siz bu sahədə öz səylərinizi əsirgəməyəcəksiniz. Bir daha qeyd edirəm ki, Azərbaycan bütün dünyada, o cümlədən Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranması üçün çalışır və bunu arzu edir. Güman edirəm ki, mənim sizə verdiyim məlumatlar, indiyə qədər aldığınız məlumatlarla bərabər, yetərlidir.

Volfqanq Şüssel: Cənab prezident, məlumat və şərhlərinizə görə çox sağ olun. Hər şeydən əvvəl onu demək istəyirəm ki, səfər proqramında mənə müəyyən güzəştlər edilibdir. Bu gün vaxt tapıb Rostropoviçin doğulduğu evdə olduq. Rostropoviçin ev muzeyində çoxlu fotolar vardır. Cənab prezident, orada əsrin ən görkəmli musiqiçilərindən biri olan Rostropoviçlə Sizin şəkliniz də vardır. Mənə isə ən çox təsir edən çadır şəhərciyində Rostropoviçin azərbaycanlı qaçqınlarla çəkdirdiyi şəkil oldu. Bu, həqiqətən nadir bir şəkildir. Çünki bu şəkildə onun sifətində həm qorxu, həm də anlaşılmazlıq bir-birini əvəz edir.

Cənab prezident, mənə elə gəlir ki, qaçqınların ağır vəziyyətini, əzablarını bu şəkil bütün statistik məlumatlardan daha aydın göstərir. Aydındır ki, bir milyondan artıq qaçqının olması sizin ölkəniz üzərində çox ağır bir yükdür. Sizə məlumdur ki, Avstriya da Azərbaycan kimi kiçik bir ölkədir. O, Avropanın ürəyində yerləşən, 8 milyon əhalisi olan bir ölkədir. Ancaq biz çalışırıq ki, humanitar yardım sahəsində ən qabaqcıl ölkələrdən biri olaq.

Avstriya, eyni zamanda Kanada, Meksika, Tailand kimi ölkələrlə, yəni özündən qat-qat böyük olan dövlətlərlə təxminən eyni miqdarda yardım göstərir. Biz siyasətdə, ümumiyyətlə, humanitar məqamın olmasını çox vacib hadisə hesab edirik. ATƏT-in üzvü olan Avstriya həm humanitar yardım haqqında düşünür, həm də Azərbaycanın probleminin həll edilməsi üçün ciddi səylər göstərir.

Cənab prezident, mən Sizin məlumatınıza çox diqqətlə qulaq asdım, əsas məqamları tutmağa çalışdım. Mən Sizinlə tam razıyam ki, Lissabon sammitində qəbul olunmuş prinsiplər çox vacib prinsiplərdir. Ona görə çox vacibdir ki, bunlar problemin həlli üçün əsas prinsiplərdir. Bunlar Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların öz daimi yerlərinə qayıtmaq haqları, Dağlıq Qarabağa Azərbaycanın tərkibində özünüidarəetmə statusu verilməsi məsələlərini əhatə edir.

Düşünürəm ki, Ermənistan prezidentindən eşitdiklərimizi söyləsək bu, Sizin üçün maraqlı olar. O, birbaşa əlaqələrlə maraqlanır, Sizin haqqınızda yüksək fikirdədir, çox yaxşı sözlər deyir, keçirdiyiniz görüşləri yüksək qiymətləndirir. Ermənistan prezidenti, əlbəttə, həmsədrlərin "ümumi dövlət" yaratmaq barədə son təkliflərini çox bəyənir və dəstəkləyir. Onun fikrincə, digər məqamların bir o qədər də əhəmiyyəti yoxdur. Hər halda mənim çıxardığım nəticə belədir, xahiş edirəm, bu barədə bir qədər ehtiyatlı olasınız.

Mənə elə gəlir ki, Ermənistan müstəqillikdən bir qədər az, muxtariyyətdən isə bir qədər yüksək status istəyir. Onlar "ümumi dövlət" ifadəsi işlətməklə bu aranı tapmağa çalışırlar.

Vəfa Quluzadə (Azərbaycan Respublikasının dövlət müşaviri): İcazə verin, mən bu məsələyə bir qədər aydınlıq gətirim. Cənab nazir qeyd edir ki, Robert Koçaryan bu "ümumi dövlət" konsepsiyasının üzərində bir o qədər də durmur. İkincisi, cənab nazir onu da deyir ki, "ümumi dövlət" konsepsiyası bir qədər ikimənalı, ikibaşlı ifadədir.

Volfqanq Şüssel: Cənab prezident, Ermənistan prezidenti Koçaryan dedi ki, o, Sizinlə birbaşa əlaqələri tezliklə bərpa etmək barədə düşünür.

Cənab prezident, mən Gürcüstana səfərim barədə də danışmaq istəyirəm. Gürcüstan prezidenti Eduard Şevardnadze Azərbaycanla yaxşı qonşuluq əlaqələri barədə bizə danışdı. Əlbəttə, onların daxili problemləri - Osetiya və Abxaziya ilə problemləri də vardır. Görünür, Osetiyada bir qədər sabitlik yaranmaq üzrədir. Çünki Avropa Birliyi orada bir sıra layihələr işləyib hazırlayır. Avropa Birliyi orada orta məktəblərin fəaliyyət göstərməsi, suvarma işlərinin sahmana salınması və digər sahələr üzrə layihələrin həyata keçirilməsinə kömək edir. Əlbəttə, Gürcüstanın ən mühüm problemi Abxaziya ilə olan problemdir.

Cənab prezident, Siz sovet dövründən miras qalmış problemlərə toxundunuz, o vaxtkı totalitar rejimdən bəhs etdiniz. Biz Gürcüstanda olanda da təxminən eyni sözləri işlətdilər.

Cənab prezident, Avropa Birliyi buraya ümumi bir bölgə kimi baxır. ATƏT isə, əlbəttə, hər şeydən əvvəl demokratik dəyərləri əsas götürür. Belə hesab edirəm ki, bütün bunlar region ölkələrinin Avropa Şurasına üzv qəbul edilməsinə yardım göstərəcəkdir.

Cənab prezident, mən minnətdarlığımı bildirimək istəyirəm ki, Siz 1998-ci ilin noyabr ayında çox mühüm bir sənədə imza atmısınız. Həmin sənəddə seçkilər, mətbuat azadlığı haqqında və bir sıra digər məsələlər öz əksini tapmışdır. Bütün bunlar isə Azərbaycanın Avropaya inteqrasiyasına yardım göstərmiş olacaqdır.

Cənab prezident, Avstriya Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasını dəstəkləyir. Yeri gəlmişkən, Avropa Şurasında baş katib vəzifəsini avstriyalı cənab Şvimmer icra edir və o da Azərbaycanın bu şuraya qəbul olunmasının tərəfdarıdır.

İcazə verin, mən bir rəvayət barədə söhbət açım. Rəvayətə görə, Avropa Finikiya kralının qızıdır, Zevs ona vurulduqdan sonra ağ öküz simasında yanına gəlir və götürüb Aralıq dənizinə - Krit adasına gedir. Bu əhvalatı danışmaqda məqsədim ondan ibarətdir ki, Avropa həqiqətən macəralarla doludur. Əgər onunla hansısa bir dənizə səyahətə çıxmaq fikrində olarsansa, uğur taparsan. Elə bilirik ki, Siz də bu sahədə uğur qazana bilərsiniz.

Heydər Əliyev: Cənab nazir, bu macəra haqqında onu demək istəyirəm ki, Avropa hansı dənizə gedərsə, biz onunla birlikdə həmin dənizə getməyə hazırıq.

Sizin mənə verdiyiniz məlumatlardan bir məqama toxunmaq istəyirəm. Son zamanlar Rusiyanın təşəbbüsü ilə Minsk qrupunun irəli sürdüyü "ümumi dövlət" formulu demək olar ki, müstəqillik deməkdir. Ermənistanın sizə bəyan etdiyi - onlar müstəqillikdən bir az aşağı, muxtariyyətdən bir az yuxarı status tələb edirlər - fikrə gəldikdə, Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplərdən biri, yəni Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməsi məhz elə onların istədikləridir. Bu status muxtariyyətdən yüksəkdir və müstəqillikdən də aşağıdır. Amma onlar istəyirlər ki, daha da yüksəyə qalxsınlar. Biz bunu qəbul etməmişik. Mənə elə gəlir, indi Minsk qrupunun həmsədrləri də anlayırlar ki, onların düşdüyü bu yol səhv yoldur. Hər halda mən sizi bir daha əmin etmək istəyirəm ki, biz Ermənistanla münaqişənin sülh yolu ilə həll olunması üçün bundan sonra da öz səylərimizi əsirgəməyəcəyik. Avropa dəyərlərini, dünya dəyərlərini Azərbaycanda getdikcə yaratmağa, inkişaf etdirməyə çalışacağıq.

Volfqanq Şüssel: Cənab prezident, icazə verin, ölkəmizin prezidentinin məktubunu Sizə təqdim edim. Prezidentimiz həmin məktubunda ümid edir ki, Siz gələn il Avstriyanı ziyarət edəcəksiniz. O, bu məktub vasitəsilə ən xoş arzularını Sizə yetirir.

Heydər Əliyev: Avstriya prezidentinin mənə göndərdiyi məktuba görə minnətdarlığımı bildirirəm. Əvvəlcədən deyirəm ki, mən bu təklifi qəbul edirəm. Eyni zamanda, mən Avstriya prezidentini Azərbaycana dəvət edirəm. Xahiş edirəm, mənim bu dəvətimi prezidentə çatdırasınız. Mən gələn il Avstriyaya gəlməyə hazıram. Bir daha təşəkkür edirəm.


"Azərbaycan" qəzeti, 10 iyul 1999-cu il.