Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika birləşmiş Ştatlarının milli bayrami - İstiqlaliyyət Günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - 4 iyul 2001-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Amerika Birləşmiş Ştatlarının milli bayramı – Amerika Birləşmiş Ştatlarının Müstəqilliyinin əldə edilməsinin 225-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Amerika Birləşmiş Ştatlarının xalqına, bütün vətəndaşlarına ən xoş arzularımı bildirirəm.

225 il bundan əvvəl müstəqillik əldə etmiş xalq özünün gələcək dövlətini qurmağa başlamış və bu gün bütün dünyada məlumdur ki, dövlətin əsaslarını quranlar, onun gələcək yolunu müəyyən edənlər elə bir yol tutmuşlar, elə bir bünövrə qoymuşlar ki, tarixi nöqteyi-nəzərdən o qədər də çox olmayan bu 225 il ərzində ABŞ dünyanın güclü, zəngin, inkişaf etmiş və demokratiya yolu ilə gedən böyük bir ölkəsi olmuşdur.

Azərbaycan xalqı öz azadlığını, dövlət müstəqilliyini əldə edəndən Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında dostluq əlaqələri, qarşılıqlı surətdə faydalı əlaqələr yaranmışdır. Bu əlaqələr ötən on ildə ardıcıl surətdə genişlənmiş və inkişaf etmişdir. İndi biz iftixar hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlıq əlaqələri səviyyəsinə gəlib çatmışdır. Amerika Birləşmiş Ştatlarının xalqı, onun dövləti 225 il ərzində bəşəriyyətə böyük töhfələr vermişdir. Bu, demokratiyanın, bazar iqtisadiyyatının, elmin, yeni texnologiyanın ardıcıl surətdə inkişaf etdirilməsindən və dünyada gedən proseslərə öz təsirini göstərməsindən ibarətdir.

Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə – dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daim bəhrələnirik. Amerika Birləşmiş Ştatları həm ərazisinə görə, həm əhalisinin sayına görə, həm iqtisadi və elmi potensialına görə və demokratiya yolunda əldə etdiyi nailiyyətlərə görə nəhəng bir ölkədir. Bunlar 225 il ardıcıl surətdə Amerika Birləşmiş Ştatlarının həyatında gedən proseslərin və hakimiyyət orqanları tərəfindən aparılan siyasətin nəticəsidir.

Azərbaycan kiçik dövlətdir. Ancaq böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər bir xalq müstəqillik yolu ilə gedərkən özünün xoşbəxtliyini, firavanlığını, sülh, əmin-amanlıq şəraitində yaşamasnı təmin edə bilər. Biz bu yolla gedirik. Ötən on il ərzində xeyli nailiyyətlər əldə etmişik. Ancaq bizim qarşımızda hələ böyük yol vardır. Mən tam əminəm ki, Azərbaycan xalqı bu böyük yol ilə – müstəqillik yolu ilə, demokratiya yolu ilə, insan azadlıqları yolu ilə, bazar iqtisadiyyatı yolu ilə sürətlə irəliləyəcəkdir. Bütün bunlar üçün sülh lazımdır. Sülh, əmin-amanlıq – ölkədə sülh lazımdır, bölgədə sülh lazımdır, cahanda sülh lazımdır.

Amerika Birləşmiş Ştatlarının xoşbəxtliyinin və onun əldə etdiyi nailiyyətlərin böyük bir hissəsinin əsasını təşkil edən odur ki, ABŞ dövlət müstəqilliyini əldə edəndən, Şimal–Cənub müharibəsinə son qoyandan sonra, demək olar ki, öz ərazisində müharibə ilə rastlaşmayıbdır. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları həm Birinci dünya müharibəsində, həm də İkinci dünya müharibəsində iştirak edib, amma xalq sülh və əmin-amanlıq içərisində yaşayıbdır.

Ancaq bizim Azərbaycanın vəziyyəti bundan çox fərqlidir. Biz müstəqilliyimizi əldə edəndən bəri bölgədə sülh yoxdur. Ermənistanın Azərbaycana etdiyi təcavüzlə mübarizə aparmışıq və bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır. Müharibə gedib, qan tökülüb, şəhidlər vermişik. Ancaq 7 il bundan öncə atəşi dayandırmışıq ki, məsələni sülh yolu ilə həll edək. Güman edirəm razı olarsınız ki, kiçik bir ölkə, yaxud xalq müstəqillik əldə edəndən sonra bu qədər çətin proseslərlə rastlaşarkən və bu prosesləri həll etməyə çalışarkən, eyni zamanda öz dövlət quruculuğu ilə məşğul olubdur və onların hamısının bir yerdə aparılması bizim üçün nə qədər çətin və ağır olubdur. Bu gün də çətindir, bu gün də ağırdır.

Əgər bizim bölgədə sülh əldə edilsə, Ermənistan–Azərbaycan münaqişəsinə son qoyulsa, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa, sərhədlərinin toxunulmazlığı təmin edilsə və ümumiyyətlə, Qafqazda sülh, əmin-amanlıq olsa, Azərbaycan bir müstəqil dövlət kimi, Amerikanın 225 ildə keçdiyi yolu bəlkə də ondan tez keçə bilər.

Biz ümid edirik ki, sülh əldə olunacaqdır. Biz beynəlxalq birliyə, beynəlxalq təşkilatlara, beynəlxalq hüquq normalarına arxalanaraq və dünyanın aparıcı dövlətlərinin dövlətlərarası hüquq normalarının təmin olunması üçün səylər göstərməsinə arxalanırıq.

Demokratik, hüquqi dövlət qurarkən biz eyni zamanda əmin olmalıyıq ki, beynəlxalq aləmdə beynəlxalq hüquq normaları da təmin edilir və onların pozulmasına yol verilmir. Bu məsələnin həll olunmasında biz Amerika Birləşmiş Ştatlarına çox böyük ümidlər bəsləyirik. Çünki Amerika Birləşmiş Ştatları Rusiya, Fransa ilə bərabər hələ 1992-ci ildə yaranmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Amerika Birləşmiş Ştatlarının bu sahədə indiyə qədər göstərdiyi səyləri biz yüksək qiymətləndiririk. Mən çox məmnunam ki, prezident Corc Buş hakimiyyətə başladıqdan az zaman sonra mənə göndərdiyi məktubda Amerikanın həm Qafqaz bölgəsində, həm Azərbaycanda böyük marağı olmasını bildirdi və Ermənitsan–Azərbaycan, Dağlıq Qarabağ probleminin həllini öz hökumətinin siyasətinin üstün sahələrindən biri kimi bəyan etdi.

Azərbaycan xalqı buna inanır, ümid bəsləyir. İnanır ki, beynəlxalq təşkilatların ümumi səyləri nəticəsində, Minsk qrupu həmsədrlərinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının səyləri nəticəsində biz bu münaqişəyə son qoya biləcəyik və bölgəmizdə sülh yaranacaqdır.

Amerika Birləşmiş Ştatlarının bir çox şirkətləri – 100-dən artıq şirkəti Azərbaycanda fəaliyyət göstərir. Amerika Birləşmiş Ştatlarının bir çox böyük şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda mühüm işlər görürlər, ölkəmizə sərmayələr gətirirlər. Burada onların iqtisadi marağı qısamüddətli deyil, uzunmüddətlidir. Hesab edirəm, ola bilər ki, bunun sonu da olmasın.

Mən dünən hörmətli səfirlə bərabər Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarının Ticarət Palatasının nümayəndələri ilə görüşdüm, onların problemlərini müzakirə etdik. Təbiidir, gördükləri işləri mən çox yüksək qiymətləndirirəm. Amma eyni zamanda problemlər də vardır. Onların həll olunması həm bizdən, həm də şirkətdən asılıdır. Bunun üçün biz lazımi tədbirlər görəcəyik.

Beləliklə, bizim iqtisadi əlaqələrimiz bundan sonra daha da genişlənəcək və daha da inkişaf edəcəkdir. Bir daha və bir daha deyirəm - bunların hamısı Azərbaycanda sülhün, əmin-amanlığın təmin olunması ilə bağlıdır. Bir daha bəyan edirəm, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bütün sahələrdə yaranmış əlaqələr bizim üçün çox qiymətlidir, əhəmiyyətlidir və biz bu əlaqələrin ardıcıl surətdə inkişaf etməsi üçün bundan sonra da lazım olan səyləri qoyacağıq.

Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm. Amerika Birləşmiş Ştatlarının dövlətinə, hökumətinə, xalqına, bütün vətəndaşlarına sülh, əmin-amanlıq və rifah arzulayıram. Sağ olun.