Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsrail Xarici İşlər Nazirliyinin MDB və Şərqi Avropa Ölkələri üzrə Departamenti baş direktorunun müavini Şimon Ştaynı və nazirliyin idarə rəisi Şmiel Meyronu qəbul edərkən söhbətindən - Prezident sarayı, 11 yanvar 1999-cu il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mənə məlumat veriblər ki, siz respublika Xarici İşlər Nazirliyində geniş müzakirələr aparmısınız və mənim müşavirim Vəfa Quluzadə ilə də görüşmüsünüz. Mən 1999-cu ilin ilk günlərində İsraildən Azərbaycana nümayəndə heyətinin gəlməsini çox əhəmiyyətli hesab edirəm.

İsrail ilə Azərbaycan arasında əlaqələr inkişaf edir və biz bu əlaqələrin bundan sonra daha da sürətlə inkişaf etməsinin tərəfdarıyıq. Bunun üçün də görüşlər keçirmək, məsləhətləşmələr aparmaq, bir sıra məsələləri müzakirə etmək çox lazımdır. Mən sizi salamlayıram.

Şimon Ştayn: Cənab prezident, Sizin qeyd etdiyiniz kimi, bu gün biz Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşmüşük. Həmin görüş zamanı biz ikitərəfli, regional və eyni zamanda beynəlxalq münasibətlər baxımından əhəmiyyət kəsb edən məsələlər haqqında söhbətlər aparmışıq. Çox şadam ki, bu gün Sizinlə görüşmək imkanı qazanmışıq və biz hər iki tərəfi maraqlandıran məsələlər barədə sizinlə də müzakirələr apara biləcəyik.

Cənab prezident, bu imkandan istifadə edərək, yenidən prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. İsraildə Sizin ölkənizdə həyata keçirdiyiniz, inkişaf etdirdiyiniz siyasəti diqqətlə izləyirik. Biz Azərbaycanı Zaqafqaziya regionunda vacib bir ölkə hesab edirik, Sizin liderliyiniz altında respublikamızın həyata keçirdiyi siyasətə böyük maraq göstəririk.

Cənab prezident, Sizin son bəyanatlarınızdan birini İsraildə çox böyük minnətdarlıq hissi ilə xatırlayırlar. Buna böyük hörmətlə yanaşırıq ki, Siz Rusiyada antisemitizmi ifşa etmisiniz və bu barədə bəyanat vermisiniz. Məlum olduğu kimi, bu məsələ İsrail cəmiyyətini çox narahat edən bir məsələdir. Biz çox şadıq ki, Sizin ölkdə antisemitizm problemi yoxdur. Azərbaycan çoxmillətli bir ölkədir, respublikanızda yəhudi icmasına çox gözəl münasibət vardır.

Bizim buraya səfərimizin və buradakı həmkarlarımızın məqsədi iki ölkə arasında dialoqu davam etdirməkdən ibarətdir. Cənab prezident, Sizin qeyd etdiyiniz kimi, bizi də çox maraqlandırır ki, İsrail-Azərbaycan əlaqələri daha sürətlə inkişaf etsin, hər iki tərəfi düşündürən məsələləri həm Azərbaycanın, həm də İsrailin xeyrinə həll edək.

Cənab prezident, mən İsrailin baş naziri cənab Netanyahunun salamlarını Sizə yetirmək istəyirəm. O, Bakıya səfərini, Sizinlə söhbətini böyük məmnuniyyətlə xatırlayır və birgə müzakirə etdiyiniz məsələləri həmişə diqqət mərkəzində saxlayır.

Bildiyiniz kimi, Zaqafqaziya ilə bizim regionumuz bir-birinə yaxın ərazidə yerləşmişdir. Bu regionlar bir-birindən qarşılıqlı surətdə asılıdırlar. Ona görə də biz çox maraqlıyıq ki, regionumuzda olan münaqişəni sülh yolu ilə həll edəsiniz və ölkənizi daha sürətli iqtisadi inkişafa aparasınız. Cənab prezident, biz ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün qəbul olunmuş prinsipləri tam dəstəkləyirik. ATƏT-in həmin zirvə görüşündə 53 ölkə arasında biz də Lissabon prinsiplərini dəstəklədik. Fikrimizcə, məhz bu prinsiplərin həyata keçirilməsi münaqişənin həllinə gətirib çıxaracaqdır. Həmin münaqişə Azərbaycanda narahatlıq törədir və bu, yalnız Azərbaycan cəmiyyəti üçün deyil, eyni zamanda ölkənizin ehtiyatlarının birgə istismarı sahəsində də müəyyən problemlər yaradır.

Cənab prezident, bu gün respublikanızın Xarici İşlər Nazirliyindəki görüş zamanı mən "potensial" sözünü bir neçə dəfə təkrar etdim. Bizim ölkələrin əlaqələrini daha da genişləndirmək üçün həqiqətən böyük potensial vardır. Mən ilk növbədə iqtisadi potensialı nəzərdə tuturam. Ona görə də biz ölkənizdə apardığınız iqtisadi layihələrin həyata keçirilməsini böyük maraq hissi ilə izləyirik. Biz Bakı-Ceyhan marşrutu üzrə Sizin səylərinizi tam dəstəkləyirik və belə hesab edirik ki, bu marşrut həm srtateji, həm də iqtisadi baxımdan çox əlverişlidir, ümumiliklə Zaqafqaziya regionu üçün çox vacib bir layihədir. Bu, Azərbaycanın digər ölkələrindən asılılığına son qoyacaqdır və respublikanızı tam müstəqil edəcəkdir.

Cənab prezident, Türkiyəyə səfəriniz zamanı Ankarada ələ aldığınız təşəbbüs münasibətilə də Sizi təbrik edirik. Məhz Sizin təşəbbüsünüzün və səyinizin nəticəsi idi ki, Siz beş ölkənin prezidentlərini bir araya gətirdiniz və həmin ölkələrin prezidentləri Ankara bəyannaməsini imzaladılar. Hesab edirik ki, Ankara bəyannaməsi Bakı-Ceyhan marşrutu layihəsinin gələcəkdə həyata keçirilməsinin əsasını qoydu.

Biz gələcəyə böyük ümidlə baxırıq və belə hesab edirik ki, ölkələrimizin ümumi maraqları çoxdur. Bundan sonra məqsədimiz ondan ibarət olacaqdır ki, həmin maraqları daha qabarıq şəkildə üzə çıxaraq. Biz qarşımıza məqsəd qoymuşuq ki, 1999-cu ilin sonunadək və bəlkə bundan da əvvəl Sizi İsraildə salamlayaq. İstəyirik il başa çatandan sonra deyə bilək ki, biz 1999-cu ildə Azərbaycan-İsrail əlaqələrinin inkişaf etməsi üçün xeyli iş görmüşük.

Heydər Əliyev: Əvvəla, bir daha qeyd edirəm ki, biz İsrail-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk. Məmnuniyyətlə deyə bilərəm ki, biz son illərdə bu sahədə xeyli iş görmüşük və mən hesab edirəm ki, İsrail-Azərbaycan əlaqələri bu gün yüksək səviyyədədir. Bunlar dostluq və əməkdaşlıq əlaqələridir. Biz bu əlaqələri bundan sonra da genişləndirmək və inkişaf etdirmək məqsədi daşıyırıq, öz tərəfimizdən lazımi tədbirlər görürük və görəcəyik.

Müstəqil dövlət kimi Azərbaycan öz müstəqilliyini qoruyub saxlayır və biz bunu dövlətimizin bundan sonra da əsas vəzifəsi hesab edirik. Biz hər bir təcavüzün, təzyiqin əleyhinəyik. Hesab edirik ki, hər bir ölkə, xalq, dövlət öz həyatını özü istədiyi kimi qurmalıdır, dövlətini inkişaf etdirməlidir.

Son zamanlar Rusiyada antisemitizm fikirlərinin, hərəkətlərinin yaranması bizi çox narahat etmişdir. Biz həmişə antisemitizmin əleyhinə olmuşuq. Mən bu gün bu barədə öz mövqeyimi bir daha bildirirəm. Güman edirəm ki, bu cür yola düşən siyasətçilər, yaxud da dövlət xadimləri həm bəşəriyyət, həm də öz xalqları qarşısında çox böyük cinayət edirlər.

Biz millətlər arasında hər cür ayrı-seçkiliyin, diskriminasiyanın əleyhinəyik. Şovinizm, qatı millətçilik, antisemitizm heç vaxt heç bir xalqa şərəf və uğur gətirməyibdir. Azərbaycan xalqı da əsrlər boyu bu cür hərəkətlərin nəticəsində çox əziyyətlər çəkib, məhrumiyyətlərə məruz qalıbdır. Xalqımıza qarşı əsrlər boyu aparılan imperiya, şovinizm siyasəti, soyqırımı halları xalqımızın həyatında faciələr meydana gətiribdir. Doqquz il bundan əvvəl yanvarın 20-də sovet hökumətinin böyük qoşun hissələri Azərbaycan xalqına qarşı hərbi təcavüz, cinayət etmiş və respublikamızda günahsız insanları qırmış, Bakının küçələrində qan tökülmüşdür. Bu, son illərdə vurulan ən böyük yaralardan biridir.

On il bundan əvvəl Ermənistan Azərbaycanın ərazisinin bir hissəsini - Dağlıq Qarabağı ələ keçirmək üçün respublikamıza qarşı hərbi təcavüz etmiş və nəticədə qan tökülmüş, insanlar həlak olmuş, ölkəmizin ərazisinin 20 faizi işğal olunmuşdur. İşğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıb, didərgin düşüb, əksəriyyəti ağır vəziyyətdə çadırlarda yaşayırlar.

Bu, son dövrün hadisələridir. Ancaq dediyim kimi, bizim xalqımız tarix boyu belə təcavüzlərlə, ədalətsizliklərlə çox rastlaşıbdır. Ona görə də biz yəhudi xalqının keçirdiyi faciələri, əzab-əziyyətləri başqa xalqlara nisbətən bəlkə də daha çox anlaya bilirik. Biz istər başqa xalqa, istərsə də yəhudi xalqına qarşı edilən ədalətsiz hərəkətlərə nəinki razı olmarıq, eyni zamanda, bunlara həmişə öz etirazımızı bildirmişik.

Mən məmnunam ki, bizim ölkələrimiz arasındakı əlaqələr həm iqtisadiyyatda nəticələr verir, həm də beynəlxalq aləmdə sıx əməkdaşlıq etməyimizə imkanlar yaradır. 1996-cı ilin dekabr ayında mən ATƏT-in Lissabon zirvə görüşündə baş nazir cənab Netanyahu ilə görüşümü məmnuniyyətlə xatırlayıram. Çox məmnunam ki, o vaxt Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar təklif olunmuş prinsiplərə İsrail hökuməti də səs verdi və bizi dəstəklədi.

Baş nazir cənab Netanyahu ilə Bakıdakı görüşümüzdə də biz bir çox məsələləri ətraflı müzakirə etdik və bu da ölkələrimiz arasında əlaqələrin inkişafına çox kömək etdi. Mən məmnunam ki, siz Azərbaycanın bizim bölgədə, Qafqazda nə qədər əhəmiyyətli mövqeyi olduğunu və nə qədər əhəmiyyətli rol oynadığını bilir və bunu qiymətləndirirsiniz.

Biz həqiqətən öz regionumuzda üzərimizə düşən vəzifəni yerinə yetirmək istəyirik. Bu vəzifə də birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasına və ərazi bütövlüyünün bərpasına nail olmaqdır. Ümumiyyətlə, Qafqazda sülh və əmin-amanlıq yaratmaqdan ibarətdir.

Bu sahədə bizim fikirlərimiz üst-üstə düşür. Bu gün siz bəyan etdiniz ki, bizim bu sahədə apardığımız işləri və mövqeyimizi dəstəkləyirsiniz. Bunlar hamısı ölkələrimiz arasında əlaqələrin inkişafına kömək edir. Güman edirəm, biz bu əlaqələri inkişaf etdirmək üçün bir neçə tədbirlər də görə bilərik. O cümlədən, Azərbaycanın xarici işlər naziri ona olan dəvəti qəbul edibdir və güman edirəm ki, bu il ərzində onun İsrailə səfəri həyata keçirilməlidir. Şübhəsiz ki, biz bir çox başqa addımlar da ata bilərik.

Beləliklə, görüşümüzün əvvəlində dediyim kimi, bizim əlaqələrimiz yüksək səviyyədədir, ancaq bunları daha da inkişaf etdirmək lazımdır.

Şimon Ştayn: Cənab prezident, bu, baş nazir tərəfindən şəxsən Sizə ünvanlanmış məktubdur. Həmin məktubda bu gün bizim toxunduğumuz bəzi məsələlər öz əksini tapmışdır. Elə bilirəm ki, məktub mübadiləsi, eləcə də qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafı üçün çox vacib amillərdir. Zənnimcə, bizim əlaqələrimiz bu cür də davam edəcəkdir. Bundan əlavə, çox vacib bir amil də şəxsi münasibətlərdir. Hesab edirəm ki, şəxsi münasibətlər vasitəsilə insanlar bir-birini daha yaxından tanıyırlar. Məsələn, burada bizim səfirliyimiz var, o, Azərbaycanda çox fəal işləyir. Məhz onun vasitəsilə biz Azərbaycanın problemləri ilə daha yaxından tanış olmağa başlamışıq.

Heydər Əliyev: Mən baş nazir cənab Netanyahunun məktubunu diqqətlə oxuyacağam və buna mütləq cavab yazacağam. Sizin fikrinizlə razıyam ki, məktublar vasitəsilə həmişə çox işlər görmək olur. Ancaq şəxsi görüşlər bundan daha səmərəli olur. Son dəfə mən sizin ölkənin prezidenti cənab Veysmanla oktyabr ayının axırında Ankarada görüşdüm və biz onunla söhbət etdik. Güman edirəm, bu il cənab Netanyahu ilə də bizim görüşlərimiz ola bilər. Hər halda mən bunun çox tərəfdarıyam.

Sizin Azərbaycandakı səfirliyiniz fəaldır. Hələ ki, sizin ölkədə bizim səfirliyimiz yoxdur. Bilirsiniz ki, bizim iqtisadi vəziyyətimiz sizinki kimi deyil, ona görə də hələ ölkələrin çoxunda səfirliklərimizi aça bilmirik. Mən bilirəm ki, hətta zəngin ölkələr də başqa ölkədə səfirlik açmaq üçün vəsait axtarırlar. Məsələn, son illər Yaponiya ilə Azərbaycan arasında əlaqələr çox geniş inkişaf edibdir. Yaponiyanın şirkətləri, xüsusən böyük neft şirkətləri Azərbaycanda müştərək iş görürlər və bunu genişləndirmək istəyirlər. Mən 1998-ci ildə Yaponiyada rəsmi səfərdə oldum və biz razılaşdıq ki, Yaponiya Azərbaycanda öz səfirliyini açacaqdır. Ancaq onlar deyirlər ki, səfirlik açmaq üçün hələ vəsait axtarırlar. İndi görün, Yaponiya kimi zəngin dövlət bir səfirlik açmaq üçün vəsait axtarırsa, bu barədə bizim vəziyyətimiz necə ola bilər. Ancaq biz zəngin olmasaq da, səfirliklərimizi açacağıq, o cümlədən İsraildə.

Hələlik İsrailin Azərbaycandakı səfirliyi iki funksiyanı daşıyır - həm sizin üçün, həm də Azərbaycan üçün işləyir" deyəndə, düzgün başa düşün, birdən başqa cür başa düşərsiniz. Yəni demək istəyirəm ki, bizim əlaqələrimizi inkişaf etdirir.

Şimon Ştayn: Cənab prezident, çox sağ olun ki, bizim səfirliyimiz, səfirimiz haqqında yaxşı, xoş sözlər deyirsiniz. Həqiqətən, bizim səfirimiz burada çox fəal işləyir. O həm cavandır, həm də sözün yaxşı mənasında ambisiyalı planları var. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün həqiqətən möhkəm çalışır. Bizdə, israillilərdə bir adət var - adamı özünün yanında çox tərifləmirlər. Lakin mən bu gün onun haqqında yaxşı söz deməyə məcburam.

Cənab prezident, Siz varlı ölkələrin adını çəkdiniz. İsrail kiçik ölkədir və biz özümüz istədiyimiz qədər də varlı deyilik. Lakin son 50 il ərzində, İsrail dövlətinin yaranmasından sonra biz böyük inkişaf yolu keçmişik. Əlbəttə, istəyirik ki, bizə dost ölkə olan Azərbaycan da böyük inkişaf yolu keçsin, bizdən də sürətlə inkişaf edəsiniz. Siz bəlkə də bilmirsiniz, 106 ölkədə bizim nümayəndəliklərimiz var və bu, bizim kimi kiçik ölkə üçün çox böyük rəqəmdir. Biz belə qərara gəlmişik ki, mümkün qədər çox ölkədə səfirlik açaq. Çünki görürdük ki, ölkələrdə baş verən hadisələri kifayət qədər izləyə, lazımi qədər məlumat toplaya bilmirik. Məhz buna görə də, büdcəmizin çətinliyinə baxmayaraq, çoxlu dost qazanmaq və daha məlumatlı olmaq naminə qərara aldıq ki, mümkün qədər çox səfirlik açaq.

Əlbəttə, İsraildə səfirlik açılması Sizin sərəncamınızdan asılı olacaqdır. Lakin mən Sizin Xarici İşlər Nazirliyində olarkən bəzi fikirlərimi nazirlə bölüşmüşəm və elə bilirəm ki, sabah cənab Quluzadə ilə görüşəndə bu haqda onunla da müzakirələrimiz olacaqdır. İsraildə belə bir söz var ki, əgər birdən tullanıb adlaya bilmirsənsə, bəlkə hissə-hissə tullanasan. Ona görə də biz istəyirik ki, ölkəmizdə sizin səfirliyiniz də açılsın. Sizə məlum olduğu kimi, bu, dostluq üçün bir növ rəmzi xarakter daşıyır. Yəni ölkəmizdə sizin səfirliyinizin olması bizim üçün çox vacibdir. Bir halda ki, siz yaradıcı xalqsınız, bu xalqın yaradıcı prezidenti var, elə bilirəm ki, biz bu məsələyə də yaradıcı yanaşacağıq və istərdik ki, tezliklə İsraildə sizin nümayəndənizi görək.

Heydər Əliyev: Bunu biz də istəyirik. Güman edirəm ki, buna nail olacağıq.

"Azərbaycan" qəzeti, 12 yanvar 1999-cu il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya