Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin yeni səfiri Qədri Ecvet Tezcanın etimadnaməsini qəbul edərkən çıxışı - 9 fevral 1998-ci il


Hörmətli cənab səfir! Türkiyə Cümhuriyyətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə sizi təbrk edir və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram.

Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında olan dostluq, qardaşlıq və geniş əməkdaşlıq əlaqələrinin böyük tarixi var. Bunun ən önəmli hissəsi Azərbaycanın dövlət müstəqilliyinin əldə edildiyi zamandan indiyə qədər olan dövrdür. Azərbaycan öz dövlət müstəqilliyi uğrunda mübarizə apararkən, ölkəmizlə müstəqilliyə, milli azadlığa qovuşmaq istəyən insanlar bu duyğularını, hisslərini bildirərkən ən güclü səs Türkiyədən gəlibdir və Azərbaycan xalqına ən yaxın Türkiyə xalqı olduğundan onun dəstəyi və mənəvi yardımı Azərbaycan üçün çox əhəmiyyətli olubdur. Azərbaycanın dövlət müstəqilliyi elan ediləndən sonra Türkiyə onu müstəqil dövlət kimi tanıyan ilk ölkə, ilk dövlətdir.

Ötən illərdə bizim əlaqələrimiz günü-gündən möhkəmlənib, genişlənib və indi dostluq, strateji əməkdaşlıq xarakteri daşıyır. Bu, təbiidir, bunlar bizim tarixi köklərimizlə bağlıdır, bizdən əvvəlki nəsillərin bir-biri ilə sıx əlaqələrinin olması, dilimizin, mənəviyyatımızın, mədəniyyətimizin, tarixi köklərimizin birliyi ilə əlaqədardır. Ancaq indiki dövr həm Türkiyə Cümhuriyyəti, həm də Azərbaycan Respublikası üçün çox mürəkkəb dövrdür. Biz XX əsri sona çatdırır və XXI əsrə doğru gedirik. Ona görə də ölkələrimiz arasında əlaqələrin günü-gündən möhkəmlənməsi, genişlənməsi, inkişafı həm Azərbaycan, həm də Türkiyə üçün çox əhəmiyyətlidir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Türkiyə Cümhuriyyəti bu sahədə Azərbaycana münasibətini ilk günlərdən indiyə qədər açıq-aydın bildirir, biz Türkiyənin dəstəyini, qardaşlıq yardımını daim hiss edirik və bu, bizim üçün çox mühümdür.

Azərbaycanda da Türkiyəyə olan məhəbbət, sevgi, dostluq münasibətləri daim güclənir, genişlənir. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmək, demokratik, hüquqi, dünyəvi dövlətini quraraq Türkiyənin təcrübəsindən çox istifadə edir və bu inkişaf zamanı bizim əlaqələrimiz yeni bir mərhələyə çıxıb, yeni bir xarakter alıbdır. Türkiyənin prezidenti, hörmətli dostum, əziz qardaşım Süleyman Dəmirəlin, Türkiyənin baş nazirinin və başqa yüksək vəzifəli şəxslərinin Azərbaycana ziyarətləri və Azərbaycan prezidentinin Türkiyəyə ziyarətləri, imzaladığımız sənədlər, müqavilələr son illərdəki əlaqələrimizin tarixini əks etdirən sübutlardır. Biz bu əlaqələrə sadiqik və bundan sonra da sadiq olacağıq, ona görə də Türkiyə ilə dostluğa, əməkdaşlığa xüsusi əhəmiyyət veririk.

Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, siz Türkiyənin Azərbaycandakı səfiri kimi qarşımızda duran bütün birgə vəzifələrin, - həm Türkiyə Cümhuriyyəti, həm də Azərbaycan Respublikası tərəfindən, - yerinə yetirilməsinin fəal iştirakçısı olacaqsınız. Əmin ola bilərsiniz ki, Azərbaycanda hər yerdə hər yardımı, dəstəyi alacaqsınız. Şübhə etmirəm ki, Azərbaycana gələn hər bir Türkiyə vətəndaşı burada özünü öz vətənində, məmləkətində hiss edir, siz də bunu hiss edəcəksiniz. Türkiyənin səfiri kimi sizə xüsusi ehtiramı da hiss edəcəksiniz. Sizin uğurlu fəaliyyət göstərməyiniz üçün bütün imkanlar var və bundan sonra da bütün dövlət orqanları tərəfindən bu imkanlar yaradılacaqdır. Əminəm ki, siz bunların hamısından faydalı istifadə edərək öz vəzifənizi uğurla həyata keçirəcək və Türkiyə - Azərbaycan dostluq, qardaşlıq əlaqələrinə öz payınızı verəcəksiniz. Mən sizi bir daha təbrik edir və sizə cansağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

"Azərbaycan" qəzeti, 10 fevral 1998-ci il.