Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Fransanın ölkəmizdəki səfiri Jak Pyer Ginyutu qəbul edərkən söhbətindən - Prezident sarayı, 7 iyun 2000-ci il


Heydər Əliyev: Dünən sərgidə sizinlə görüşdük, söhbət etdik. Ancaq mənə dedilər ki, bu gün yenə də görüşmək istəyirsiniz.

Jan Pyer Ginyut: Çox sağ olun, cənab prezident. Çalışaçağam ki, fikrimi olduqca yığcam ifadə edim. Bilirəm ki, Sizin vaxtınız həddindən azdır və görüləsi işləriniz həddindən çoxdur.

Cənab prezident, düşünürəm ki, təmsil etdiyim hakimiyyət üçün də, mənim üçün də çox vacib haldır ki, Fransa prezidentinə göndərdiyiniz məktubun cavabını Sizə çatdırım. Bu məktub Avropa Şurasına üzv olmaq haqqında Sizin prezident Jak Şiraka müraciət etdiyiniz məktuba cavabdır. Bu, çox vacib mövzudur. Bu gün hamı bu mövzudan danışır. Cənab prezident, icazə versəydiniz, məktubun bir hissəsini Sizə oxuyardım.

Heydər Əliyev: Buyurun.

Jan Pyer Ginyut: "Möhtərəm çənab prezident!

Əziz dost!

Ölkənizin Avropa Şurasına qəbul edilməsinə aid olan bu il 8 mart tarixli məktubunuza görə Sizə təşəkkür edirəm. Mən bu məktubla çox diqqətlə tanış oldum. Fransa Azərbaycanın bu beynəlxalq quruma daxil olmasına əvvəldən müsbət yanaşmışdır. Ölkənizin Avropa Şurasına qəbul edilməsi onu Avropa təsisatlarına yaxınlaşmağa istiqamətləndirərdi və ölkənizdə demokratiyanın və hüquqi dövlətin möhkəmliyini sübut etmiş olardı. Bu baxımdan, mən Avropa Şurası tərəfindən irəli sürülən dəyərlər sisteminə qoşulmaq üçün Sizin rəhbərliyiniz altında Azərbaycanın göstərdiyi səyləri, o cümlədən ölüm hökmünün ləğv olunmasını və fikir azadlığının inkişafını alqışlamaq istəyirəm.

Mən cənab Bomelin bu mövzu ətrafında hazırladığı məruzəni diqqətlə öyrəndim. Bütün bir sıra dövlətlər kimi, Fransa da belə hesab edir ki, Azərbaycanın Avropa Şurasına daxil olması tarixi və müsbət bir hadisə olardı".

Cənab prezident, Fransa prezidentinin Sizə göndərdiyi məktubun bir neçə hissəsini Sizə çatdırdım. İndi bu məktubu Sizə təqdim etmək istəyirəm.

(Səfir Jan Pyer Ginyut Fransa prezidenti Jak Şirakın məktubunu Azərbaycan prezidenti Heydər Əliyevə təqdim etdi).

Heydər Əliyev: Çox sağ olun, cənab səfir, təşəkkür edirəm.

Mənim əziz dostum - o, məktubunda mənə həmişə belə müraciət edir, mən də ona belə müraciət edirəm - prezident Jak Şiraka mənə göndərdiyi bu məktuba görə və Azərbaycan üçün mühüm olan məsələdə Fransanın müsbət mövqeyinə göra təşəkkürlərimi bildirirəm.

Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması prosesində biz daim Fransanın dəstəyini hiss etmişik. Bu sahədə siyasi komitə üzrə məruzəçi olan hörmətli cənab Bomel dəfələrlə Azərbaycanda olmuş, Azərbaycandakı vəziyyəti öyrənmiş və müsbət əyini siyasi komitədə - həm Parisdə, həm də Dublində bildirmişdir. Bunun nəticəsində də siyasi komitə Azərbaycanın Avropa Şurasına qəbul olunması haqqında qərar qəbul etmişdir.

Prezident cənab Şirakın bu məktubunda Azərbaycanın açıq-aydın dəstəklənməsi, təbiidir ki, bizi çox ruhlandırır, çox şad edir. Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq əlaqələri çox genişdir. Biz bunu yüksək qiymətləndiririk. Gələcəkdə bu əlaqələri daha da inkişaf etdirmək üçün çalışırıq və çalışaçağıq. Prezident çənab Jak Şirak ilə aramızda yaranmış dostluq əlaqələri mənim üçün çox əzizdir. Ona görə bir də təşəkkür edirəm və inanıram ki, gələcəkdə də Fransanın dəstəyi nəticəsində bu ayın 3-də Strasburqda Parlament Assambleyasının iclasında Azərbaycanın Avropa Şurasına qəbul olunması məsələsi həll diləcəkdir. Sonra nazirlər komitəsində də bu məsələ həll olunacaqdır. Bir daha təşəkkür edirəm.

JanPyer Ginyut: Cənab prezident, icazə versəydiniz, üç məsələ barədə fikrimi qısa deyərdim.

Birincisi bizim ikitərəfli əlaqələrimizə aiddir. Fransa prezidenti Sizin bu yaxınlarda "Kastel" şirkətinin nümayəndəsini qəbul etməyinizə və onların məsələsinin həlli ilə bağlı tapşırıqlar verməyinizə həddindən artıq həssaslıqla yanaşır və bununla bağlı sizə öz minnətdarlığını bildirir.

Heydər Əliyev: Mən keçən dəfə də demişdim. Bu barədə mən "Kastel"in buradakı təminatçısıyam. Ona görə hər bir məsələ barəsində mənə vaxtında müraciət edin.

Jan Pyer Ginyut: Cənab prezident, bilirəm ki, belə də olacaqdır. Nəzərinizə çatdırım ki, "Kastel" şirkəti də sizin dediyiniz bu sözlərə tamamilə arxayındır.

Cənab prezident, ikinci məsələ iqtisadi əlaqələrimiz haqqındadır. Fransa vətəndaşı, lakin mənşəcə azərbaycanlı olan və mənim tanıdığım bir nümayəndə bu yaxınlarda özünün səyi ilə hazırlanmış bir layihəni həyata keçirmək istəyir. Bu layihə neft terminalının tikilməsi, başa çatdırılması ilə əlaqədardır.

Cənab prezident, siz həmin adamla 1997-ci ildə Fransaya səfər etdiyiniz zaman tanış olmusunuz. O vaxt siz Fransadakı Azərbaycan diasporu ilə görüşünüz zamanı onunla yaxın söhbət etmisiniz. Həmin söhbət zamanı Siz ondan Fransada olan "Azərbaycan evi" cəmiyyətinin sədri kimi xahiş və tələb etdiniz ki, əgər doğrudan da Azərbaycanın mənafeyi üçün çalışırsınızsa, onda Azərbaycan üçün səmərəli, lazımlı bir layihə hazırlayın, iş görün. Mənə elə gəlir ki, bu layihə çox gözəldir.

Cənab prezident, üçüncüsü-bizim buradakı diplomatik həyatımıza aiddir. Mən bunu sizə Bakıdakı diplomatik korpusun duayeninin müavini kimi demək istəyirəm. Bu, o hadisə haqqındadır ki, İsrailin Bakıdakı səfiri təhqirlərə məruz qalmışdır.

Səfir Milman Azərbaycanda hamı tərəfindən çox rəğbətlə qarşılanan bir insandır. Cənab prezident, bildiyiniz kimi, burada olan xarici nümayəndələr içərisində Sizə ən çox hörmət və rəğbətlə yanaşan, Sizi məhəbbətlə sevən biri varsa, o, cənab Arkadi Milmandır.

Heydər Əliyev: Sizdən sonra.

Jan Pyer Ginyut: Cənab prezident, Siz məni çox çətin vəziyyətdə qoyursunuz.

Cənab prezident, bu hadisə ilə bağlı demək istəyirəm ki, İsrail ilə əlaqəli olan ölkələrin səfirliklərinin hamısı İsrail səfirini dəstəkləyirlər, yəni onun tərəfindədirlər. Çox sağ olun, cənab prezident.

Heydər Əliyev: Mən bu hadisəni bilirəm və daxili işlər naziri Ramil Usubova göstəriş vermişəm ki, məsələni araşdırsın, lazımi ölçülər götürsün. Doğrudur, mən bu göstərişi bir neçə gün bundan öncə vermişəm. Bundan sonra nə edilibdir,- bilmirəm. Amma bu gün onu bir də soruşaçağam.

Jan Pyer Ginyut: Cənab prezident, mən bu məlumatı səfir Milmana çatdıracağam.

Heydər Əliyev: Sağ olun.


"Azərbaycan" qəzeti, 8 uyun 2000-ci il.