Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ Dövlət Departamentinin yeni müstəqillik qazanmış dövlətlərə yardım üzrə koordinatoru səfir Uilyam Teylorun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 11 may 2000-ci il


- Hörmətli cənab Teylor!

Hörmətli cənab səfir!

Hörmətli qonaqlar!

Mən sizi səmimi qəlbdən salamlayıram və Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün yaradılmış ikitərəfli dövlətlərarası işçi qrupunun birinci iclasının Bakıda keçirilməsi münasibətilə sizi təbrik edirəm. Biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdirilməsinin tərəfdarıyıq və bunun üçün öz tərəfimizdən mümkün olan tədbirləri həyata keçiririk. Ancaq bu baxımdan iqtisadi əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Hörmətli cənab Teylor, bu barədə biz sizinlə keçən görüşlərimizdə dəfələrlə danışmışdıq və hörmətli cənab səfir Eskudero da bunu yaxşı bilir. Ona görə də indi bu məsələlərin müəyyən qədər təşkilatlanması, belə ikitərəfli dövlətlərarası işçi qrupunun yaranması və sizin əməli fəaliyyət göstərməyiniz, təbiidir ki, bizim tərəfimizdən çox böyük ruh yüksəkliyi ilə qəbul olunur.

Düşünürəm ki, siz bu gün ilk görüşü çox uğurlu keçirmisiniz. Ona görə də sizin fikirlərinizi bilmək istərdim. Buyurun.

Uilyam Teylor: Cənab prezident, giriş sözünüzlə bizi Bakıda salamladığınıza görə təşəkkürümüzü bildiririk. Biz Azərbaycana gəlməyimizdən çox məmnunuq.

Mən Sizin Vaşinqtonda olan çoxsaylı dostlarınızın birindən Sizə salamlar gətirmişəm. Bizim ölkəmizin vitse-prezidenti doğum gününüz münasibətilə Sizi təbrik edir və bu münasibətlə Sizə xüsusi məktub göndərmişdir. Mən o məktubu özümlə gətirmişəm.

Heydər Əliyev: Çox təşəkkür edirəm.

Səfir Uilyam Teylor ABŞ-ın vitse-prezidenti Albert Qorun təbrik məktubunu Azərbaycan prezidenti Heydər Əliyevə təqdim edir:

- Cənab prezident, o, ad gününüz münasibətilə göndərdiyi məktubda Sizə ən xoş arzuları ilə bərabər, həmçinin bizim işçi qrupunun fəaliyyətinə uğurlar arzuladığını bildirir.

Siz çox haqlı olaraq qeyd etdiniz ki, bu gün biz sizin maliyyə nazirinizlə keçirdiyimiz ilk görüşümüzü çox uğurlu görüş kimi qiymətləndiririk.

Cənab prezident, bu gün mənimlə Sizin bu görüşümüzdə böyük bir nümayəndə heyəti iştirak edir və bu nümayəndə heyətini Sizə təqdim etmək istəyirəm. Mənim rəhbərlik etdiyim ofisdən cənab Cerri Oberndorfer burada əyləşibdir. Xanım Katlin Treyl bu regionla əlaqələrdə çox məsul olan şəxslərdən biridir və buradakı işlərin görülməsində artıq onun özünün müəyyən təcrübəsi də vardır.

Heydər Əliyev: Burada çox xanım var; ona görə deyirəm. Bu xanımı tanıyıram. Buyurun.

Uilyam Teylor: Cənab Cak Brayer bizim Ticarət Nazirliyimizi təmsil edən mütəxəssisdir. Cənab prezident, Siz Ticarət Nazirliyinin müşaviri cənab Yan Kalitskini yaxşı tanıyırsınız. O, burada dəfələrlə olubdur. Cak Brayer cənab Yan Kalitski ilə bərabər çalışır. Cənab Teodor Kyem mənim müşavirimdir və bizim işçi qrupunun fəaliyyətinin təşkil olunmasında iştirak edənlərdən biridir.

Heydər Əliyev: Bunu tanımıram. Bunu ilk dəfədir görürəm.

Uilyam Teylor: Cənab prezident, Cozef Qrəndmeyson bizim nümayəndə heyətinin ən mötəbər şəxsidir. O, Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyinin rəhbəridir. Bu vəzifəsində o, belə demək mümkündürsə, bütün dünyaya cavabdeh olan şəxsdir.

Heydər Əliyev: Böyük adamdır.

Uilyam Teylor: Cənab Corc İnqram Amerika Birləşmiş Ştatlarının Yardımlar Təşkilatının və Beynəlxalq İnkişaf Agentliyinin direktorunun müavinidir. O, bu regionda Amerika Birləşmiş Ştatları tərəfindən göstərilən bütün yardımlara cavabdeh olan şəxsdir. Cənab Uilyam Makkinni də buradadır. Xanım Şeltonu da Siz tanıdığınızı artıq qeyd etdiniz.

Heydər Əliyev: Xanım Elizabet Şeltondur. Amma Elizabet Teylor deyildir. Siz Teylorsunuz. Siz o biri xanımın adını mənə demədiniz?

Uilyam Teylor: Xanım Culiya Panaro "Eksimbank"dandır. O, "Eksimbank"ın Türkiyədəki "Xəzər" mərkəzini təmsil edir.

Heydər Əliyev: O da mühüm adamdır. Özü də gözəl bir qadındır.

Uilyam Teylor: Bütün amerikalı xanımlar gözəl xanımlardır.

Heydər Əliyev: Təbiidir. Amma azərbaycanlı xanımlar da gözəldirlər. Ora baxın, görün, nə qədər gözəl xanımlar vardır.

Uilyam Teylor: Biz Bakını ziyarət etməkdən həmişə məmnunluq duyuruq.

Heydər Əliyev: Xanımlara görə.

Uilyam Teylor: Cənab prezident, bu gün səhərdən başlayaraq sizin maliyyə naziri ilə çox gözəl görüş keçirmişik. Birinci sessiyamız baş tutubdur və istərdim ki, birinci iclasımız barədə Sizə qısa məlumat verim.

Heydər Əliyev: Buyurun.

Uilyam Teylor: Ümidvarıq ki, ilk görüşümüz Amerika-Azərbaycan müştərək dövlətlərarası işçi qrupunun çoxsaylı görüşlərinin başlanğıcıdır. Bu görüş dövlət məmurlarımız arasında təmasların qurulması baxımından çox önəmli idi. Biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığa yönəlmiş gələcək növbəti çoxsaylı görüşlərin planlaşdırılmasını da müzakirə etdik.

Cənab Ələkbərov Azərbaycanın iqtisadi durumunun bugünkü vəziyyəti barədə bizə hərtərəfli təhlil verdi və eyni zamanda Azərbaycanda investisiya şəraitinin yaxşılaşdırılması məqsədi ilə hökumətin həyata keçirmək niyyətində olduğu tədbirlər planı ilə bizi tanış etdi. Hesab edirik ki, bu planlar həm Amerikanın Ticarət və İnkişaf Agentliyi, həm də "Eksimbank"ı tərəfindən dəstəklənə biləcək layihələr baxımından da çox əhəmiyyətlidir. Görüşümüz və müzakirələrimiz zamanı bizim iqtisadiyyatımızın da özəyini təşkil edən və indi sizin iqtisadiyyat üçün əsas fundamental prinsip kimi qəbul etdiyiniz məsələlər ətrafında eyni fikir olduğu tam müəyyənləşdi. Bu prinsiplər bazar prinsipləri, bazar iqtisadiyyatının qurulması və özəl sektorun inkişafına yardımçı olmaq üçün hökumətin fəaliyyətinin məhdudlaşdırılmasının təmin olunmasıdır.

Biz həmçinin islahatların həyata keçirilməsində struktur dəyişiklikləri aparılması və bu islahatların həyata keçirilməsinin zaman çərçivəsinin müəyyənləşdirilməsi sahəsində də razılığa gəldik. Biz hazırda hökumət tərəfindən son qiymətləndirilməsi aparılan, parlamentdə artıq ilkin müzakirələri gedən özəlləşdirmə haqqında qanun sahəsində deyərdim ki, konkret inkişafa nail olduq və dərin fikir mübadiləsi apardıq.

Sizə bir fikri bildirim ki, məsələn, bizim işçi qrupunun keçirdiyi görüşün davam etdiyi müddət ərzində özəlləşdirmə haqqında qanun layihəsinin indiyə qədər bizdə olmayan variantının, son variantının müzakirəsinə başladıq. Bunu deməklə göstərmək istəyirəm ki, daha səmərəli fəaliyyətə başlamışıq.

Biz qeyri-neft sektoru sahəsində əməkdaşlığımızın perspektivləri barədə də fikir mübadiləsi apardıq. Cənab vitse-prezident Qor Sizə göndərdiyi məktubunda ölkələrimiz arasında enerji sektorunda artıq mövcud olan yaxşı əməkdaşlıqdan söhbət açır. Ona görə də bir daha vurğulayıram ki, biz bugünkü müzakirələrimizdə qeyri-dövlət sektorundakı əməkdaşlığımıza daha çox diqqət yetirdik və Azəbaycanın uzunmüddətli inkişafı, sabitliyi üçün qeyri-enerji sektorunun inkişafının əhəmiyyətindən danışdıq.

Biz müzakirələrimiz zamanı son olaraq Amerika Birləşmiş Ştatlarından Azərbaycana göstərilən yardımın proqramlarını təhlil etdik. Düzdür, bu yardım proqramlarının həyata keçirilməsində məlum fakta görə müəyyən məhdudiyyətlər olsa da, biz Amerika Birləşmiş Ştatları Yardım və İnkişaf Agentliyinin, o cümlədən cənab Cozef Qrəndmeysonun rəhbərlik etdiyi Ticarət və İnkişaf Agentliyinin həyata keçirdiyi layihələr barədə də ətraflı fikir mübadiləsi apardıq. Sizin maliyyə naziriniz bizə gələcəkdə hansı sahələrdə əməkdaşlıq etməyin mümkünlüyü barədə sahələrin, sektorların siyahısını, layihələr təqdim etdi. Biz də bu layihələri gözdən keçirib gələcək əməkdaşlığımızda onları nəzərə almağa çalışacağıq.

Cənab prezident, fəaliyyətimizin daha bir konkret nəticəsini Sizə bildirmək istəyirəm. Xanım Katlin Treyl sizin dövlət məmurları ilə birgə çalışaraq, regionda standartlaşdırmanın həyata keçirilməsi üçün və bu regionun dövlətlərində qəbul olunacaq müəyyən standartın formalaşdırılması barədə çoxlu təmaslar qurdu, fikir mübadiləsi apardı. Biz bu mövzunu da inkişaf etdirəcəyik.

Ölkələrimiz arasında əməkdaşlığın və Azərbaycana yardımın konkret cəhətlərindən biri olan azərbaycanlı tələbələrin Amerika Birləşmiş Ştatlarında təhsil alması və gənclərin təhsilinin davam etdirilməsi sahəsində mümkün perspektiv əməkdaşlıq barədə də fikir mübadiləsi apardıq. Əgər sülh əldə olunarsa, bu sülhün beynəlxalq icma tərəfindən dəstəklənməsinin yolları barədə də fikir mübadilsəi apardıq və beynəlxalq ictimaiyyətin bu sülhün daimi olmasına yardım üçün maliyyə dəstəyi vermək imkanları barədə də geniş müzakirələr keçirdik.

Son olaraq qeyd etmək istəyirəm ki, sözümün əvvəlində bildirdiyim kimi, biz bu müzakirələri, bu görüşləri başlanğıc hesab edərək, onların davam etdirilməsi arzusu ilə işçi qrupunun növbəti görüşünün, iclasının payızda Vaşinqtonda keçirilməsi barədə də razılığa gəldik və bu barədə əlavə məsləhətləşmə aparacağıq. Ümidvarıq ki, sizin maliyyə nazirini Vaşinqtonda salamlaya biləcəyik.

Cənab prezident, beləliklə, biz dövlətlərarası işçi qrupunun indiki fəaliyyətini uğurlu hesab edirik və ümidvarıq ki, bu əməkdaşlıq gələcəkdə daha da gücləndiriləcəkdir.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Əvvəlcə vitse-prezident hörmətli cənab Albert Qorun doğum günüm münasibətilə mənə göndərdiyi təbrik ilə əlaqədar təşəkkürümü bildirirəm və xahiş edirəm, minnətdarlığımı ona çatdırasınız. Bitse-prezident Albert Qorun məktubunda Amerika Birləşmiş Ştatları - Azərbaycan iqtisadi əməkdaşlığı üzrə ikitərəfli işçi qrupunun işinə aid də mülahizələri var. Bunlarla da tanış olacağam və təbiidir, əvvəldən deyə bilərəm ki, mən bunları bəyənirəm. Çünki mən bu gün görüşümüzdə də dedim, ondan əvvəlki görüşlərimizdə də dedim ki, indi bu addım, yəni dövlətlərarası iqtisadi əməkdaşlıq üzrə ikitərəfli işçi qrupunun yaranması özü-özlüyündə, hesab edirəm, irəliyə doğru bir addımdır.

Siz bu gün gördüyünüz işlər haqqında çox ətraflı məlumat verdiniz. Ona görə də sizə təşəkkür edirəm. Bilmirəm, bizim maliyyə nazirinin bu məlumata əlavələri var, yoxsa yox. Yəni onun da, sizin də verdiyiniz məlumatlar eynidir. Belədirsə, demək, birincisi, qarşılıqlı anlaşma, ikincisi, çox səmərəli əməkdaşlıq var. Siz gələcək üçün çox yaxşı əsaslar yaratmısınız.

Bu işçi qrupunun fəaliyyəti iqtisadiyyatın çox sahələrini əhatə edir. Mən onlarla tanışam və sizin bu gün keçirdiyiniz görüşün proqramını bilirəm. Siz onların haqqında çox geniş və maraqlı məlumat verdiniz. Mənim arzum olacaqdır ki, bu iş, bu başlanğıc sürətlə irəliyə getsin. Çünki Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın iqtisadi əməkdaşlığını iki hissəyə bölmək olar. Birincisi, çox məmnunam ki, Azərbaycanın neft sektorunda işləyən Amerika şirkətləri ilə ölkəmizin əməkdaşlığı çox uğurla gedir. Biz yaxşı nəticələr əldə etmişik və gələcəyə çox gözəl perspektiv açmışıq. Bunların da son nəticəsi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri barədə keçən il İstanbulda imzaladığımız sazişin kommersiya məsələlərinin həll edilməsi və son olaraq, mayın 9-da bütün sənədlərin, protokolların İstanbulda imzalanması oldu.

Mən baş nazirin müavini Abid Şərifovu oraya göndərmişdim, əvvəlcə belə bir fikir də var idi ki, bəlkə üç ölkənin prezidentləri - Süleyman Dəmirəl, Eduard Şevardnadze və Heydər Əliyev bu imzalanma mərasimində iştirak etsinlər. Amma sonra biz - üç ölkənin prezidentləri bir-birimizlə danışdıq və prezident Süleyman Dəmirəldən xahiş etdik ki, o, öz ölkəsindən əlavə, Azərbaycanı və Gürcüstanı da orada bir dövlət başçısı kimi təmsil etsin. Orada sənədlər imzalandı, sonra prezident Süleyman Dəmirəl mənə telefon edərək dedi ki, mən sizin xahişinizi yerinə yetirdim. İndi artıq bu məsələyə son nöqtə qoyulubdur. İndi gərək biz, xüsusən şirkətlər bu layihə üzrə, təbiidir ki, inşaat işlərinə başlasınlar. Güman edirəm, bunlar hamısı uğurlu olacaqdır. Bir sözlə, neft sektorunda bizim işlərimiz yaxşı gedir.

Azərbaycanın qeyri-neft sektoru üzrə iqtisadiyyatında da böyük irəliləyiş vardır. Məsələn, keçən il Azərbaycana xarici investisiyanın 40 faizi neft sektoruna, amma 60 faizi qeyri-neft sektoruna gəlibdir. Bu o demək deyildir ki, Azərbaycanın neft sektoruna investisiya azalıbdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna investisiya o qədər artıbdır ki, onu üstələyib. Ancaq təbiidir ki, bu sektorda imkanlar böyükdür və biz gördüyümüz işlər kafi deyildir. Mən hesab edirəm, Amerika Birləşmiş Ştatları ilə bizim xüsusən bu sahədə iqtisadi əməkdaşlığımız indiyə qədər kafi deyildir. Bilirsiniz, 907-ci düzəliş həmişə sizə mane olubdur. Yəni bizə heç bir şey mane olmayıbdır. Biz Amerika Birləşmiş Ştatlarının iş adamlarını, bütün investorlarını Azərbaycanın müxtəlif sahələrində iş görməyə dəvət etmişik. Amma 907-ci düzəliş sizin işinizi məhdudlaşdırıbdır.

Mən məmnunam ki, indi siz hətta 907-ci düzəliş aradan götürülmədiyi şəraitdə də belə bir işçi qrupunun yaranmasının təşəbbüskarı olmusunuz. Siz 907-ci düzəlişin qoyduğu qadağalara baxmayaraq, bu işçi qrupu vasitəsilə müxtəlif yollarla Azərbaycanla iqtisadi əməkdaşlıq etmək proqramınızı yaratmısınız.

Bildirdiniz ki, sizin bugünkü birinci görüşünüz uğurlu olubdur. Ümid edirəm ki, Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda payızda keçiriləcək görüş də uğurlu olacaqdır. Amma bu görüşlər məqsəd deyil, vasitədir. Gərək biz əməli nəticələr əldə edək. Bunun üçün imkanlar çox böyükdür.

Siz bütün sahələr haqqında fikirlərinizi dediniz. Mən onların üzərində dayanmaq istəmirəm. Sadəcə, demək istəyirəm ki, mən sizin fikirlərinizin hamısı ilə razıyam. İşçi qrupunun Azərbaycan tərəfindən sədri - maliyyə naziri də bunlara heç bir şey əlavə etmədi.

Mən bir məsələni bildirmək istəyirəm. Biz Azərbaycanda bazar iqtisadiyyatını sürətlə, tamamilə bərqərar etmək istəyirik. Sizin dedyiniz kimi, bu sahədə hökumətin fəaliyyətini məhdudlaşdırmaq istəyirik. Yəni bu, bazar iqtisadiyyatının tələbatı, tələbidir. Bu nə sizin, nə də bizim hökmümüz deyildir. Biz yaxşı anlayırıq ki, özəl sektor nə qədər geniş inkişaf etsə, iqtisadiyyatın - həm istehsalın, həm də bütün başqa sahələrin yükünü öz üzərinə götürsə, onda hökumətin işi yüngülləşəcək və istər-istəməz onun işi də məhdudlaşacaqdır. Mənim üçün vacibdir ki, prezidentin də işi yüngülləşəcəkdir, azalacaqdır. Ona görə də bunu biz hamımız istəyirik. Bəlkə hamı istəməsə də, mən hamıdan çox istəyirəm.

Dediniz ki, siz özəlləşdirmə haqqında qanun layihəsi ilə tanış oldunuz. Bu qanun tezliklə qəbul ediləcəkdir. Artıq özəlləşdirmə proqramı hazırlanır. Qəbul edilən kimi, mən proqram haqqında fərman imzalayacağam. Azərbaycanda özəlləşdirmənin geniş miqyasda yeni mərhələsi başlanacaqdır.

Cəmiyyətdə müəyyən psixoloji hazırlıq da lazım idi. İnsanlar bu işə alışmalı idilər. İndi biz hiss edirik ki, insanlar buna alışırlar. Təbiidir ki, özəlləşdirmə çox çətin bir prosesdir. Sizin ölkənin iqtisadiyyatı, ümumiyyətlə, özəl sektor üzərində qurulubdur. Amma ona baxmayaraq, sizin hökümətiniz 1930-cu illərə qədər ağır vəziyyətə düşmüş özəlləşdirmə sahəsində yeni tədbirlər həyata keçirməyə məcbur olmuşdu. Bizim ölkəmizin iqtisadiyyatı dövlət sektoru üzərində qurulubdur. Ona görə də özəlləşdirmə aparmaq asan məsələ deyildir.

Mən bunları deməklə onu izah etmək istəyirəm ki, əgər biz müəyyən sahələrdə bunu istədiyimiz zaman edə bilməmişiksə, bu, obyektiv, səbəblərdən irəli gəlir. Amma bizim strategiyamız dönməzdir. Təbiidir ki, bu da özəl sektorun inkişaf etdirilməsinə çox geniş imkanlar yaradacaqdır. Sizin ölkə ilə bizim ölkə arasındakı əməkdaşlıq daha da uğurlu olacaqdır.

Mən baxdım, siz burada özəl sektora kiçik kreditlər vermək haqqında da lazımi tədbirlər görürsünüz. Bu da çox yaxşıdır. Çünki Azərbaycanda özəl sektor birdən-birə çox böyük miqyasda ola bilməz. Ona görə də sərbəst işləməyə qadir olan hər bir iş adamına şərait yaratmaq lazımdır. Biz öz tərəfimizdən yaradırıq, amma maliyyə məsələlərində onlara ayrılan kreditlər çox əhəmiyyətli olacaqdır.

Bir sözlə, mən çox şadam ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq artıq bir təşkilat çərçivəsində həyata keçirilir. Bir neçə ay bundan öncə biz Amerika-Azərbaycan Ticarət Palatasının nümayəndələri ilə də burada görüşdük və onlar da artıq yaxşı fəaliyyətə başlayıblar. Bunlar hamısı böyük canlanmanın nümunəsidir. Mən bunları alqışlayıram. Ona görə də sizə gələcək işlərinizdə uğurlar arzulayıram və Azərbaycanın prezidenti kimi öz tərəfimdən həm bu məsələyə nəzarətimi artıracağam, həm də əlimdən gələn köməyi edəcəyəm.

Bir şeyi də sizə xatırlatmaq istəyirəm. Siz ilk dəfə Azərbaycana gələndə Qafqaz forumu və Qafqaz iqtisadi əməkdaşlığı haqqında məsələ qaldırdınız. O vaxt mən bunu qəbul etmədim. Çünki bu, real deyildi. Amma indi sizin bu proqramınız çox realdır. Ona görə gələcəkdə də hər şey reallıq əsasında qurulsun. Sağ olun.

"Azərbaycan" qəzeti, 12 may 2000-ci il.