Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonar Türkiyənin Baş naziri Məsud Yılmazla birgə mətbuat konfransında bəyanatı - Prezident Sarayı, 14 aprel 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Bildiyiniz kimi, bu gün Türkiyənin baş naziri, hörmətli dostumuz Məsud Yılmaz Azərbaycana ilk rəsmi səfərə gəlibdir. Biz Azərbaycan-Türkiyə münasibətləri ilə əlaqədar danışıqlar aparmışıq. Bildirmək istəyirəm ki, danışıqlarımız dostluq, qarşılıqlı anlaşma, mehribanlıq şəraitində keçibdir. Bu danışıqlar Türkiyə ilə Azərbaycan arasında olan dostluq və qardaşlıq əlaqələrinin təzahürüdür, bu dostluğu dünyaya bir daha nümayiş etdirir.

Biz bir çox məsələləri müzakirə etmişik. Birinci növbədə Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və genişləndirilməsi haqqında müzakirələr apardıq. Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün müştərək komissiya yaradıblar. Bu komissiyanın sədrləri Azərbaycan tərəfindən baş nazirin müavini Abid Şərifovdur, Türkiyə tərəfindən isə enerji naziri cənab Hüsni bəydir. Onlar artıq işə başlayıblar və bir çox müzakirələr də aparırlar. Biz ümumiyyətlə, Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin bütün sahələrinə nəzər saldıq və eyni fikirdə olduq ki, bu əlaqələr inkişaf etdirilməli, genişləndirilməlidir. Mən güman edirəm ki, hörmətli baş nazirin Azərbaycana bu səfərindən sonra hər iki ölkə tərəfindən bu barədə lazımi addımlar atılacaqdır.

Türkiyə və Azərbaycan üçün çox mühüm məsələ olan Ermənistan-Azərbaycan hərbi münaqişəsi bizim danışıqlarımızın, müzakirələrimizin mərkəzində oldu. Bildirmək istəyirəm ki, bu barədə biz eyni fikirdəyik. Türkiyə-Azərbaycan Respublikasın haqq və ədalətli işini müdafiə edir. Baş nazir Məsud Yılmaz tərəfindən bu fikirlərin bir daha bəyan edilməsi bizim üçün çox əhəmiyyətli oldu.

Həm Türkiyə tərəfi, həm də Azərbaycan tərəfi eyni fikirdədir ki, sülh danışıqları Minsk qrupu çərçivəsində və ayrı-ayrı böyuk dövlətlərin - ABŞ-ın, Rusiyanın, Türkiyənin vasitəçiliyi ilə davam etdirilməlidir. Bu məsələ sülh yolu ilə həll olunmalıdır.

Məsələnin sülh yolu ilə həll olunması üçün Azərbaycan Respublikasının irəli sürdüyü təkliflər məlumdur. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalıdır, torpaqlarımız azad edilməlidir və bu torpaqlardan didərgin düşmüş Azərbaycan vətəndaşları öz yerlərinə, yurdlarına qayıtmalıdırlar. Respublikamızın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır. Belə bir şəraitdə Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilə bilər. Azərbaycan tərəfi bunu bəyan etmişdir. Bu məsələlər barədə bizim fikirlərimiz Türkiyə ilə eynidir.

Bütün bunlarla yanaşı, hörmətli baş nazir və onun başçılıq etdiyi nümayəndə heyəti ilə biz beynəlxalq məsələləri də gözdən keçirdik. Bölgəmizdə, ümumiyyətlə, dünyada olan vəziyyəti də müzakirə etdik. Bu məsələfər barədə də bizim fikirlərimiz eynidir, yaxud bir-birinə bənzərdir.

Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin ən mühüm cəhəti ondan ibarətdir ki, bir çox beynəlxalq məsələlərə də biz eyni münasibət göstəririk. Biz beynəlxalq aləmdə də əməkdaşlıq edirik və beynəlxalq məsələlərin həll olunmasında bir-birimizə yardım edir, dəstək veririk.

Güman edirəm ki, baş nazir Məsud Yılmazın respublikamıza səfəri Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələ olacaqdır. Əmin olduğumu bildirmək istəyirəm ki, hər iki tərəf bu münasibətlərin daha da inkişaf etməsi üçün səylər göstərəcəkdir. Mən hörmətli baş nazir cənab Məsud Yılmaza Azərbaycana rəsmi səfər etdiyinə görə bir daha təşəkkürümü bildirirəm. Sağ olun.

Sual: Azərbaycan və Türkiyə qardaş olmaları barədə dəfələrlə bəyanat vermişlər. Türkiyə ötən il Ermənistanla hava sərhədlərini açdı və ümid edirdi ki, Erməinistan Dağlıq Qarabağ münaqişəsinin həllində əməli addımlar atacaqdır. Ermənistan heç bir addım atmadı. Məndə olan məlumata görə, Azərbaycanla Ermənistan arasında protokol imzalandıqdan sonra Türkiyə Ermənistanla sərhədləri açmağa hazırdır. Belə bir şəraitdə Türkiyə Ermənistanla sərhədləri açarsa, bu, qardaşlıq haqqında bəyanatlara zidd deyilmi?

İkincı sualım Azərbaycan prezidentinədir. Əgər sərhədlər indiki şəraitdə açılarsa, bu, bizim Türkıyə ilə münasibətlərimizə necə təsir edə bilər?

Məsud Yılmaz: Türkiyə Ermənistan üçün hava dəhlizi açandan sonra Ermənistanın sülh istiqamətində Türkiyənin gözlədiyi addımları atmadığı barədəki fikirlər doğrudur. Biz də bunu müəyyən etmişik. Ermənistanla bizim aramızda olan sərhəd keçid məntəqəsinin - Əlican qapısının açılması ilə əlaqədar bəyanatımızın şərtləri məlumdur. Ermənistan Azərbaycanla apardığı ikitərəfli danışıqlarda razılığa gəlmədikcə və Azərbaycanın ərazi bütövlüyünü tanıması və hazırda işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyi öhdəsinə götürməsi prinsiplər bəyannaməsi imzalamadıqca Türkiyənin bu sərhəd qapısını açmasından bəhs edilə bilməz. Türkiyə bu addımı atarkən qardaş Azərbaycanın mənafeyini öz mənafeyi hesab edir, bunu Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsinə bir töhfə kimi qiymətləndirir. Türkiyədən bunun əksi olan başqa bir hərəkət gözləmək olmaz və bu günə kimi Azərbaycanla birlikdə göstərdiyimiz nümunəvi həmrəylik bizə başqa cür hərəkət etməyə izn verməz.

Heydər Əliyev: Hesab edirəm ki, hörmətli baş nazirin bu cavabından sonra həmin suala mənim cavab verməyimə ehtiyac yoxdur. Bir halda ki, belə olacaq, demək, bizim münasibətlərimiz də elə indikl kimi olacaqdır.

Suаl: Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ və Rusiya diplomatiyasının fəallaşdığı bir vaxtda bu danışıqlarda Türkiyənin mövqeyi və rolu haqqında məlumat verməyinizi xahiş edirəm.

Məsud Yılmaz: Dağlıq Qarabağ probleminin həlli üçün ABŞ ilə Rusiya Federasiyası arasında aparılan məsləhətləşmələrdən, bu istiqamətdəki sülh səylərindən biz məmnunuq. Azərbaycan və Ermənistan arasında ikitərəfli müzakirələrə əlavə olaraq, Rusiya ilə Amerikanın məsələyə bu şəkildə münasibəti bizim üçün problemin həllini asanlaşdıran bir amildir. Biz bu prosesdə necə iştirak edəcəyimiz barədə düşünürük. Bizim bu ixtilafdakı yerimiz Azərbaycanın yanındadır. Biz hər baxımdan Azərbaycanın yanında olmağa məcburuq. Əvvəla, Azərbaycan zərərçəkən, torpaqları işğal edilən, təcavüzə məruz qalan ölkə olduğu üçün biz onun yanındayıq Azərbaycanla aramızda olan qardaşlıq əlaqələri tələb etdiyi üçün də biz Azərbaycanın yanındayıq. Lakin bu mövqeyimizə baxmayaraq, bu münaqişənin həllinə, bu işğalın qurtarmasına necə kömək edə bilərik biz bu barədə düşünürük. Bu sahədə Ermənistana təsir edə biləcək bütün vasitələrdən istifadə etməyə hazırıq.

Suаl: Hörmətli baş nazir, Bakıya səfərinizdən əvvəl Ermənistan prezidenti Levon Ter-Petrosyanın nümayəndəsi Libaridyanla görüşünüz barədə xəbərlər yayılmışdır. Bu görüşdə nə barədə söhbət apardınız, Ermənistan nə istəyir?

Məsud Yılmaz: Ermənistan prezidenti Levon Ter-Petrosyanın nümayəndəsi Liberidyanla görüşümdən əvvəl mən Azərbaycan prezidenti hörmətli Heydər Əliyevin xüsusi nümayəndəsi Vəfa Quluzadə ilə görüşmüşdüm. Hər iki görüşdə toxunduğumuz məsələ iki ölkə arasındakı müzakirələrin gedişi ilə əlaqədardır. Bizim müəyyən etdiyimizə görə iki ölkə arasında razılıq əldə edilməməsinin əsas səbəbi ermənilərin Dağlıq Qarabağa əslində muxtariyyəti aşan, müstəqilliyi nəzərdə tutan status verilməsində israr etməsidir. Biz Azərbaycanın bu barədəki şərtlərinin daha doğru olduğuna inanırıq. Bizim fikrimizcə, Ermənistanın bu məsələdə irəli sürdüyü şərtlər qəbul edilə bilməz. Bu fikrimizi Ter-Petrosyanın nümayəndəsinə açıq şəkildə bildirdik.

Suаl: Hörmətli baş nazir, Bakı-Supsa neft kəməri ilə əlaqədar olaraq təkliflərinizin qəbul edilməsində Türkiyə israr edəcəkmi? Türkiyə bu təkliflərində hansı güzəştlərə gedə bilər?

Məsud Yılmaz: Bakı-Supsa boru xətti ilə əlaqədar Türkiyənin fikirləri aydındır, ictimaiyyətə məlumdur. Türkiyənin israr etdiyi əsas məsələ Xəzər neftinin Türkiyənin Aralıq dənizi sahilinə axıdılmasıdır. Bu boru xəttinin Ceyhana dogru uzadılmasıdır. Bu həm iqtisadi baxımdan, həm də Qara dəniz boğazlarının təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Türkıyə bu məsələdə israr edəcəkdir. Bunu Azərbaycanın rəhbərliyi fikrimizə tərəfdar çıxanların getdik daha çox olduğunu görməkdən məmnunluq duyuruq.