"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yüksək sıviyyəli ABŞ və Azərbaycan Respublikası nümayəndə heyətlərinin danııqlarında çıxışından" (Vaşinqton, Ağ ev, 1 avqust 1997-ci il) sənədinə tarixi arayış


1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konstitusiya aktı qəbul ediləndən sonra onun müstəqilliyini tanıyan dünya dövlətlərindən biri də ABŞ olub. Həmin il dekabrın 25-də Vaşinqton öz müstəqilliyini elan etmiş Azərbaycan dövlətini rəsmi tanıdığını bəyan edib və tezliklə iki dövlət arasında diplomatik münasibətlər yaratmaq üçün müəyyən addımlar atıb. 1993-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilən Heydər Əliyev Azərbaycanın əvvəlki prezidentlərindən fərqli olaraq ABŞ-la münasibələri xarici siyasətinin əsas prioritetlərindən birinə çevirdi.

ABŞ - Azərbaycan münasibətlərində ən əhəmiyyətli hadisələrdən olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfərinin (27 iyul-7 avqust 1997) əsas görüşü Ağ Evdə, Heydər Əliyev və ABŞ prezidenti Bill Klinton arasında müvafiq nümayəndə heyətlərinin iştirakı ilə keçirilib. Həmin görüşdən əvvəl Heydər Əliyev və Bill Klintonuun təkbətək danışıqları da olub.

İki dövlət başçısının təkbətək və nümayəndə heyətləri ilə birgə danışıqlarında Heydər Əliyevin ABŞ-a bu səfəri tarixi hadisə kimi qiymətləndirilib və Azərbaycanla ABŞ-ın dost, tərəfdaş ölkələr olduğu bəyan edilib. Həmin gün Əliyev-Klinton danışıqlarında ABŞ-Azərbaycan əməkdaşlığının gücləndirilməsi, Xəzərdə böyük neft layihələrinin həyata keçirilməsində Amerika neft şirkətlərinin Azərbaycan hökuməti ilə birgə fəaliyyəti və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın memken yardımı məsələləri barədə ətraflı söhbət aparılıb.

Geniş tərkibli danışıqlarda ABŞ Prezidenti Bill Klinton regionda sülh və təhlükəsizlik üçün əlindən gələni edəcəyini və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və bu ölkədə demokratiyanın inkiaşafını müdafiə edəcəyini bəyan edib.

Azərbaycan Prezidenti Heydər Əliyev danışıqlardakı çıxışında ABŞ-Azərbaycan əməkdaşlığında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində başlamış Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, Xəzərdə böyük neft layihələrinin icra olunması və ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişinin aradan qaldırılmasının zəruriliyi məsələlərindən danışıb.

Heydər Əliyev və Bill Klintonun rəhbərlik etdiyi nümayəndə heyətlərinin danışıqlarından sonra prezidentlər arasında tərəfdaşlığı genişləndirmək, regional sülh və Azərbaycanın Avropanın yeni təhlükəsizlik strukturlarına inteqrasiyasına köməyi nəzərdə tutan Birgə bəyannamə və iqtisadi əlaqələri gücləndirmək haqqında İnvestisiyaların Qarşılıqlı Qorunması barədə müqavilə imzalanıb.

Azərbaycan Prezidenti Heydər Əliyevin 2000-ci ilin fevralında ABŞ-a işgüzar səfəri zamanı ölkə üçün əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycan neftinin ixracı ilə bağlı Bill Klintonla müzakirələr davam etdirilib. O, həmçinin, səfərdəki çıxışlarında Rusiyanın Ermənistanda hərbi sahədə fəallığını ittiham edib və münaqişənin sülh yolu ilə həllinin vacibliyini təkrarlayıb.

Neft sahəsində Azərbaycan - ABŞ əməkdaşlığı daha uğurlu olub. 1999-cu ilin noyabrında Azərbaycan neftinin əsas ixrac boru kəmərinin çəkilməsi haqqında İstanbulda Azərbaycan, Türkiyə, ABŞ, Gürcüstan və Qazaxıstan prezidentləri bəyannamə imzalanıb. Bakı-Tbilisi-Ceyhan adlanan bu kəmərə ilk neft 2005-ci ilin mayında vurulub. Həmin neft 2006-cı ilin martında Türkiyənin Ceyhan limanına çatıb. 2006-cı ilin iyulunda BTC-nın rəsmi açılış mərasimi keçirilib.

ABŞ-ın vitse-prezidenti Dik Çeyni 2008-ci il avqustun 3-də Azərbaycana gəlib. Azərbaycan Prezidenti İlham Əliyev vitse-prezidenti qəbul edib. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif tərəfləri, regional vəziyyət, təhlükəsizlik, müdafiə sahəsində, eləcə də beynəlxalq sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Dik Çeyni prezidentlə görüşdə Azərbaycana dəstək nümayiş etdirdiyini bildirib və ABŞ-ın Azərbaycanın inkişafında və təhlükəsizliyində maraqlı olduğunu vurğulayıb.

Tarixi arayış 9 sentyabr 2008-ci ildə yeniləşdirilib.

***

Heydər Əliyevin 27 iyil - 7 avqust 1997-ci il tarixdə ABŞ-a ilk rəsmi səfəri həm məzmununa, imzalanmış sənədlərin əhəmiyyətinə və ümumi yekunlarına görə tarixi əhəmiyyət kəsb edir.

Səfər dövründə Heydər Əliyev ABŞ Prezidenti Bill Klintonla görüşüb, geniş danışıqlar aparıb. Amerika-Azərbaycan əlaqələri haqqında birgə bəyanat, sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında iki ölkə hökuməti arasında müqavilə, ABŞ və Azərbaycan arasında müdafiə və hərbi sahələrdə gələcək münasibətlər haqqında birgə bəyanat, iki ölkə arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında bəyanat, layihələrin təşviqinə dair Azərbaycan Respublikası hökuməti, Milli Bankı ilə ABŞ-ın İxrac-İdxal Bankı arasında baş saziş, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ ilə ABŞ-ın neft şirkətləri arasında imzalanmış dörd saziş səfərin mühüm nəticələrindəndir. İlk dəfə olaraq Ağ evdə neft müqavilələrinin imzalanması Heydər Əliyevin ABŞ-a səfərinə verilən əhəmiyyətin göstəricilərindən idi.

Səfər ərzində Heydər Əliyev ABŞ-ın Vaşinqton, Nyu-York, Hyuston və Çikaqo şəhərində bu ölkənin dövlət başçısı, nazirlər, iş adamları və media nümayəndələri ilə bütövlükdə 88 görüş keçirib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.97