Bakıda İtaliya səfirliyinin yeni binasının açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 9 aprel 1999-cu il


Hörmətli cənab senator!

Hörmətli cənab səfir!

Hörmətli səfirlər, xanımlar və cənablar!

Bu gün Bakıda, Azərbaycanda əlamətdar hadisə baş verir. İtaliyanın Azərbaycandakı səfirliyi binasının açılış mərasimi keçirilir. Bu münasibətlə sizi təbrik edir, İtaliyanın Azərbaycandakı səfirliyinə uğurlu fəaliyyət arzulayıram.

Çox təqdirəlayiqdir ki, İtaliyanın Azərbaycandakı səfirliyi iki il müddətində öz işini təşkil edə bilibdir və nəhayət, bu gün gözəl bir binada işini davam etdirməyə başlayır.

Biz İtaliyanın Azərbaycana olan diqqət və qayğısını yüksək qiymətləndiririk. Ölkələrimiz arasında qarşılıqlı anlaşma, əlaqələr yaranıb, bir neçə müqavilə imzalanıbdır. Bunlar hamısı İtaliya-Azərbaycan əməkdaşlığının, dostluğunun əsaslarını qoyubdur.

Biz İtaliya ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk. Bu əlaqələrin həm iqtisadi, həm siyasi sahələrdə, həm də elm, mədəniyyət sahəsində inkişaf etməsini arzu edir və bunun üçün öz tərəfimizdən lazımi tədbirlər görürük.

İki il bundan öncə İtaliyanın Azərbaycanda səfirliyi açıldı və iki il öncə ilk dəfə Azərbaycan prezidenti İtaliyaya rəsmi səfər etdi. Biz Azərbaycanda bu səfərə və həmin səfər zamanı İtaliyanın prezidenti, baş naziri, hökumət üzvləri ilə və başqa rəsmi şəxslərlə apardığımız danışıqlara və imzaladığımız sənədlərə yüksək qiymət veririk.

Ötən iki il ərzində İtaliya-Azərbaycan əlaqələri inkişaf edibdir. Ancaq bu əlaqələri genişləndirmək, daha da inkişaf etdirmək ehtiyacı həm İtaliya tərəfindən, həm də Azərbaycan tərəfindən duyulur. İtaliyanın böyük şirkəti olan "ENİ/ACİP" Şirkəti Azərbaycanda neft hasilatı sahəsində imzalanmış müqavilələrdə iştirak edir və öz sərmayəsini Azərbaycan neft sənayesinin inkişafına sərf edir. Ancaq Azərbaycan iqtisadiyyatının başqa sahələrində də İtaliya ilə əməkdaşlıq etmək üçün böyük imkanlar var. Biz çalışmalıyıq ki, bu imkanlardan istifadə edib həm İtaliya üçün, həm də Azərbaycan üçün faydalı olan işlər görək.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, İtaliyanın Azərbaycandakı səfirliyi belə gözəl, yaraşıqlı və eyni zamanda iş üçün çox uyğun olan binada yerləşəndən sonra İtaliya-Azərbaycan əlaqələrinin inkişaf etməsinə daha çox səy qoyacaqdır. Biz isə İtaliya ilə Azərbaycan arasında əlaqələrə xüsusi əhəmiyyət verərək, İtaliyanın Azərbaycandakı səfirliyinin uğurlu fəaliyyəti üçün lazımi imkanları yaratmışıq və bundan sonra da yaradacağıq.

Cənab senator, sizin bu münasibətlə, ümumiyyətlə İtaliya-Azərbaycan əlaqələrini inkişaf etdirmək məqsədi ilə səfəriniz də çox əhəmiyyətlidir. Güman edirəm ki, bu səfər zamanı aparılan danışıqlar və əldə olunan nəticələr bizim əlaqələrimizi daha da inkişaf etdirəcəkdir. İtaliyanın prezidentinə, baş nazirinə, İtaliya hökumətinə mənim salamlarımı, hörmət-ehtiramımı və ən xoş arzularımı çatdırmağı sizdən xahiş edirəm.

İtaliyanın Azərbaycandakı səfirliyinə - səfirə və səfirliyin bütün işçilərinə bu yaraşıqlı binada uğurlu fəaliyyət göstərməyi arzu edirəm. Sizi bu münasibətlə bir daha təbrik edirəm.


"Azərbaycan" qəzeti, 10 aprel 1999-cu il.