Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına dövlət səfəri ( 24-26 yanvar 2002-ci il)


Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24-26 yanvar 2002-ci il tarixli dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir.

Səfərin ilk günü, yanvarın 25-də Rusiya Federasiyasının prezidentinin Novo-Oqaryovadakı şəxsi iqamətgahında Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub. Görüş zamanı iqtisadi, siyasi, humanitar və digər sahələrdə hər iki ölkənin əməkdaşlığının böyük perspektivlərə malik olduğunu vurgulayan prezidentlər beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələrdən və dövlətlərin bir-birinə göstərdiyi qarşılıqlı dəstəkdən məmnunluqla söhbət açıblar.

Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti Heydər Əliyev münaqişənin aradan qaldırılmasında Rusiyanın həlledici rolunu nəzərə çatdırıb, Rusiya Prezidenti Vladimir Putin bu sahədə öz ölkəsinin səylərini daha da artırmağa hazır olduğunu vurğulayıb.

Elə həmin gün Azərbaycan Respublikası və Rusiya Federasiyasının nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Azərbaycan danışıqları olub. Danışıqlardan sonra Rusiya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib. Prezident Heydər Əliyev və Prezident Vladimir Putin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2010-cu ilədək olan dövr üçün uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə, Azərbaycan Respublikası ilə Rusiya Federasıyası arasında Qəbələ Radiolokasiya Stansiyasının (“Dəryal” RLS) statusu, ondan istifadə olunmasının prinsipləri və şərtləri haqqında saziş, Rusiya Federasiyası Prezidentinin və Azərbaycan Respublikası Prezidentinin birgə bəyanatını imzalayıblar. Rusiya və Azərbaycan nümayəndə heyətlərinin üzvləri Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında, istehsal kooperasiyası haqqında, vergi qanunvericiliyinin pozulması sahəsində mübarizədə əməkdaşlıq və informasiya mübadiləsi haqqında, sərhəd nümayəndələrinin fəaliyyəti haqqında sazişləri imzaladılar.

Sənədlərin imzalanması mərasimindən sonra kütləvi informasiya vasitələri nümayəndələri qarşısında bəyanatla çıxış edən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövləti başçısının səfərini ikitərəfli münasibətlərin inkişafında ciddi mərhələ kimi qiymətləndirdiyini qeyd edib. Azərbaycan Prezidenti Heydər Əliyev bu görüşün Rusiya-Azərbaycan münasibətlərində çox mühüm yer tutacağını vurgulayıb.

Elə həmin gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin bünövrəsini əcdadlarımızın bir çox onilliklər ərzində qoyduqları möhkəm təməl üzərində qurulduğunu qeyd edib.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti Rusiya Federasiyası hökumətinin sədri Mixail Kasyanov ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əlaqələrin ildən-ilə daha da sıxlaşmasının hər iki tərəf üçün çox əhəmiyyətli olduğu bildirilib, Xəzərin karbohidrogen ehtiyatlarının birgə işlənilməsində və nəqlində ölkələrimizin əməkdaşlığı məsələləri ətrafında söhbət aparılıb. Həmçinin, iqtisadı əlaqələrin daha geniş miqyasda inkişaf etdirilməsində Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının xüsusi rol oynadığı bildirilib.

Yanvarın 25-də  Azərbaycan Prezidenti Heydər Əliyev Moskva şəhərinin meri Yuri Lujkov ilə görüşüb. Görüşdə Azərbaycanla Moskva şəhəri arasında iqtisadi, mədəni və elmi-texniki əməkdaşlığa dair birgə komissiyanın işindən razılıqla bəhs edilib, bu komissiyanın fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Yanvarın 25-də M.Lomonosov adına MDU-da rektor V.Sadovniçi Rusiya-Azərbaycan münasibətlərinin və elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafında böyük xidmətlərinə görə Prezident Heydər Əliyevə Moskva Universitetinin fəxri professoru diplomunu və medalını təqdim edib.

Yanvarın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev Rusiyanın xarici işlər naziri İqor İvanov ilə görüşüb. Görüşdə Xəzər dənizinin statusu məsələsində Rusiya ilə Azərbaycanın mövqelərinin yaxınlaşmasından məmnunluq ifadə edilib. Xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun bu istiqamətdə işi davam etdirməsi qərara alınıb. Regional və beynəlxalq təşkilatlarda əməkdaşlığın gücləndirilməsinin, humanitar sahədə əlaqələrin daha da inkişafının zəruriliyi qeyd olunub.

Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev İTAR-TASS agentliyinin və Rusiya Federasiyasının digər aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Görüşdən sonra Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi (AzərTac) və Rusiya Federasiyasının İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS) arasında beynəlxalq informasiya məkanında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev Rusiya Federasiyasına dövlət səfərinin sonuna doğru Azərbaycan Beynəlxalq Bankının Moskvada törəmə bankının açılışı mərasimində çıxışında qeyd edib: “Mənim Rusiya Federasiyasına çox uğurlu keçmiş dövlət səfərim başa çatır. Mən bu səfərdən son dərəcə məmnunam.”