12 noyabr - Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrik - Bakı şəhəri, 11 noyabr 1996-cı il


Əziz Azərbaycan vətəndaşları!

1995-ci il noyabrın 12-də müstəqil dövlətimiz və bütün xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən ilk konstitusiyamız ümumxalq referendumu yolu ilə qəbul edilmişdir.

Bu konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir.

Qəbul olunduğu gündən keçən bir ildə Azərbaycan dövlətinin diqqəti respublika həyatının bütün sahələrini bu konstitusiyaya uyğunlaşdırmağa və ondan irəli gələn başlıca tələbləri həyata keçirməyə yönəlmişdir. İctimai-siyasi, iqtisadi və mədəni sahələrdə aparılan islahatların əsasını da məhz konstitusiya təşkil edir.

Bu gün ən mühüm vəzifə konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi təminatlardan bəhrələnməkdən ibarətdir. Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.

Əmin olduğumu bildirmək istəyirəm ki, respublikamızın hər bir vətəndaşı dövlətin ali qanununun həyata keçirilməsi yolunda və müstəqil Azərbaycanda inkişaf etmiş vətəndaş cəmiyyətinin bərqərar olması işində öz səylərini əsirgəməyəcəkdir.

Əziz həmvətənlərim!

Sizi Konstitusiya günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət arzulayır, hər birinizə müstəqil dövlətimizin yaranması və tərəqqisi yolunda böyük uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 
"Azərbaycan" qəzeti, 12 noyabr 1996-cı il.