Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İstanbulda Mətbuat Mərkəzində jurnalistlər və kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransında bəyanatı - 11 fevral 1994-cü il


Türkiyəyə səfərimiz sona çatır. Bir-iki saatdan sonra biz Türkiyədən ayrılacağıq. Gördüyünüz işlər haqqında, mənim Türkiyəyə səfərimin məqsədi haqqında sizə məlumat vermək üçün görüşünüzə gəlmişəm.

Bilirsiniz ki, Azərbaycan prezidenti kimi fevralın 8-də mən Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəlin dəvəti ilə buraya rəsmi səfərə gəlmişəm. Səfərin məqsədi Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da genişləndirmək və inkişaf etdirməkdir. Bildiyiniz kimi, son illərlə bu əlaqələr sürətlə inkişaf etmişdir. Türkiyə Azərbaycanın istiqlaliyyətini dünyada tanıyan ilk dövlətdir. Türk xalqı ilə Azərbaycan xalqının tarixində, milli ənənələrində, mədəniyyətində çox oxşarlıq var. Dəfələrlə demişik və bu gün də qeyd edə bilərəm ki, hətta biz bir kökdən gələn xalqlarıq. Ona görə də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin sıx olması təbii bir haldır. Ancaq biz daim bu əlaqələri daha da inkişaf etdirməyə çalışırıq. Bu məqsədlə də Türkiyə prezidenti hörmətli Süleyman Dəmirəlin dəvətini qəbul edərək Türkiyəyə gəldim. Mənimlə birlikdə Azərbaycandan böyük bir heyət də gəlmişdir. Burada dord gün ərzində görülən işlər mətbuatdan sizə məlumdur. Doğrudur, bəzi qəzetlərə baxanda görürük ki, onlar bu barədə çox az və qısa məlumat verirlər. Ola bilər, bu, Türkiyə mətbuatının xüsusiyyətidir. Ancaq mən güman edirəm ki, Türkiyə ictimaiyyəti, Türkiyə xalqı bu dörd gün ərzində Azərbaycan prezidentinin səfərindən lazımınca xəbərdardır, bizim görüşlərimiz, danışıqlarımız ictimaiyyətə məlumdur.

Burada mən Türkiyə prezidenti hörmətli Süleyman Dəmirəllə çox ətraflı, geniş söhbətlər apardım. Türkiyənin baş naziri hörmətli Tansu Çillərlə ətraflı danışıqlarımız oldu. Türkiyə parlamentinin başçısı hörmətli Hüsaməddin Cindoruqla görüşümüz və çox mənalı söhbətlərimiz oldu. Mənim üçün çox mühüm hadisələrdən biri də Türkiyə Böyük Millət Məclisində millət vəkillərinə xitabən Azərbaycan haqqında, Azərbaycan ilə Türkiyənin əlaqələri haqqında və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin düşüncələri haqqında danışmağıma verilən imkan idi. Mən bu hadisəni yüksək qiymətləndirirəm və Türkiyə Böyük Millət Məclisində millət vəkilləri qarşısında çıxış etməyimdən çox məmnunam.

Bütün bu danışıqların, görüşlərin çox əhəmiyyətli nəticəsi olmalıdır. Bu nəticə ondan ibarətdir ki, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əmökdaşlıq müqaviləsi imzalanmışdır. Həmin müqavilədə çox əhəmiyyətli müddəalar var və bu sənəd gələcək əlaqələrimizin inkişafı üçün çox dəyərli və gərəkli əsasdır. Bununla yanaşı, biz Türkiyə Cümhuriyyətinin dövlət rəhbərləri ilə, nazirlərlə 16-dək müqavilə və protokol imzaladıq. Həmin sənədlərdə də ayrı-ayrı sahələrdə əlaqələrimizin genişləndirilməsi və inkişaf etdirilməsi proqramı öz əksini tapmışdır. Bizim əsas məqsədimiz əlaqələrimizi daha da çoxtərəfli etmək, daha da genişləndirmək, dərinləşdirməkdir.

Danışıqlarımızda bir problem də olmuşdur. Həmin problem ondan ibarətdir ki, indi Azərbaycan ağır müharibə şəraitində olduğuna görə, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarının 20 faizini itirdiyinə görə, işğal olunmuş həmin ərazilərdən bir milyondan artıq vətəndaşımız qaçqın düşdüyünə görə Azərbaycana Türkiyə Cümhuriyyəti tərəfindən daha kəsərli, tutarlı yardım göstərilməsini Türkiyə Cümhuriyyətinin rəhbərlərindən rica etmişdik. Türkiyə hökuməti bundan əvvəl Azərbaycana 250 milyon dollar kredit vermişdir. Həmin kreditin az bir hissəsindən istifadə olunmuşdur, qalanından da indi istifadə edilməkdədir. Bəzi səbəblərə görə həmin kreditdən istifadə olunmasında çətinliklər yaranmışdır. Bunları aradan qaldırmaq üçün də müvafiq danışıqlar apardıq. Eyni zamanda bizim yeni kreditə ehtiyacımız var. Bir də Azərbaycan əhalisini çörəklə təmin etmək üçün ehtiyatlarımız tükəndiyinə görə və müharibə şəraitində başqa imkanlarımız olmadığına və yaxud bu imkanlar məhdud olduğuna görə Türkiyədən Azərbaycana pulsuz-parasız taxıl verilməsini Türkiyə rəhbərlərindən xahiş etdim.

Məmnuniyyət hissi ilə deyə bilərəm ki, bizə 100 min ton taxıl verilməsi barədə xahişimizə müsbət yanaşılmış, Türkiyənin rəhbərləri həmin xahişin yerinə yetirilməsi üçün müəyyən tədbirlər görüldüyü haqqında bizə məlumat vermişlər. Ümidvaram ki, Azərbaycanın bu dar, çox ağır günündə Türkiyə Cümhuriyyəti Azərbaycan xalqına qardaş köməyini əsirgəməyəcəkdir.

Bizim danışıqlarımızda Azərbaycan ilə Türkiyənin xarici siyasət sahəsində də fəaliyyətinin əlaqələndirilməsi məsələsinə toxunulmuşdur. Hər iki tərəf belə fikrə gəlmişdir ki, Türkiyə xarici siyasət sahəsində də Azərbaycana kömək edəcək və biz beynəlxalq təşkilatlarla, böyük dövlətlərlə əlaqələrimizdə Türkiyənin dünyadakı nüfuzundan və təsirindən bundan sonra da istifadə edə biləcəyik. Azərbaycan müstəqillik yoluna çıxmış gənc dövlətdir, biz xarici siyasətdə ilk addımlarımızı atırıq. Ona görə də bütün sahələrdə məsləhətlərə ehtiyacımız var və danışıqlarda bu barədə də razılığa gəlmişik.

İndi Azərbaycanın ən ağır problemi ölkəni erməni təcavüzündən xilas etməkdir. Bildiyiniz kimi, Ermənistan altıncı ildir ki, Azərbaycana qarşı hərbi təcavüz edir. Bunun nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal olunmuş, onun ərazi bütövlüyü pozulmuş, bir milyonadək vətəndaşımız öz yaşayış yerlərindən didərgin düşmüşdür. Onlar Azərbaycanın başqa bölgələrində çox çətin şəraitdə yaşayırlar. Ona görə də Azərbaycanla Ermənistan arasında gedən müharibəyə son qoymaq, respublikamızın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etmək məsələsi danışıqlarımızda mühüm yer tutmuşdur. Türkiyə Cümhuriyyətinin rəhbərləri Azərbaycan Respublikasının bu sahədə həm diplomatiya yolu ilə gördüyü işlərə, həm də xalqı səfərbər edib torpaqlarımızı qorumaq üçün gördüyü tədbirlərə müsbət qiymət vermişlər. Bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışıq və deyə bilərəm ki, mövqelərimiz eynidir.

Ermənistanın Azərbaycana təcavüzü misli görünməmiş təcavüzdür. Bəlkə də dünya miqyasında buna bənzər təcavüz olmamışdır. Azərbaycanın əvvəlki dövlət orqanları ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq üçün lazımi tədbirlər görə bilmədiyindən Ermənistan silahlı qüvvələri öz niyyətlərini həyata keçirmiş və qeyd etdiyim kimi, Azərbaycan torpaqlarının bir hissəsini işğal etmişdir. Biz bu məsələ ilə çox çiddi məşğul oluruq. Çünki bu, Azərbaycan üçün ən başlıca problemdir. Şübhəsiz ki, biz bu məsələni sülh yolu ilə, danışıqlar vasitəsilə həll etmək istəyirik. Bu baxımdan biz daim Birləşmiş Millətlər Təşkilatının və başqa beynəlxalq təşkilatların, o cümlədən ATƏM-in, onun Minsk qrupunun, böyük dövlətlərin imkanlarından istifadə etməyə çalışırıq.

Bildiyiniz kimi, bir müddət öncə Amerika Birləşmiş Ştatları, Türkiyə və Rusiya Azərbaycanla Ermənistan arasındakı müharibəyə son qoymaq üçün təşəbbüs göstərmişdilər. Azərbaycan tərəfi bu təşəbbüsü bəyənmiş və qəbul etmişdi. Təəssüf ki, bu təşəbbüs də həyata keçirilmədi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar dörd qətnamə qəbul etmişdir. Bu sənədlərin hamısında erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Ancaq təəssüf ki, Ermənistan Təhlükəsizlik Şurasının bu qətnamələrinə məhəl qoymamışdır və özünün işğalçılıq siyasətini davam etdirir. ATƏM-in Minsk qrupunun rəhbərləri 1993-cü ilin iyulunda Bakıda olmuş və biz çox danışıqlar aparmışdıq. O vaxt erməni silahlı qüvvələrinin işğal olunmuş Kəlbəcər və Laçın rayonlarından çıxması haqqında protokollar hazırlanmışdı. Biz həmin protokolların həyata keçirilməsinə razılıq verdik. Təəssüf ki, erməni tərəfi bununla razılaşmadı. Hətta ATƏM-in, onun Minsk qrupunun fəaliyyətinə hörmətsizlik edərək, Minsk qrupunun sədri cənab Mario Raffaelli Azərbaycanın Yuxarı Qarabağ və Ağdam bölgələrinə səfər edib gedəndən bir neçə gün sonra erməni silahlı qüvvələri respublikamızın Ağdam şəhərini işğal etdilər.

Beləliklə, yəqin ki, sizdən ötrü aydındır: Ermənistan tərəfi məsələni zor ilə, güc ilə həll etmək istəyir. Azərbaycan Respublikasını diz çökdürmək, öz iddialarını həyata keçirmək istəyir.

Biz isə beynəlxalq qəşkilatların imkanlarından istifadə etməyə çalışırıq. Diplomatiya yoluna daha çox üstünlük veririk. Bunları görən erməni silahlı qüvvələri onları dəstəkləyən xarici qüvvələrin və ayrı-ayrı qrupların yardımı ilə Azərbaycanın yeni-yeni ərazilərini işğal etməyə çalışırlar.

Belə bir vəziyyətdə Azərbaycan xalqı öz gücünü, qüdrətini toplamalı idi. Yəni bir halda ki, bizim sülhsevər siyasətimiz nəticə vermir, deməli döyüş yolu ilə torpaqların azad edilməsinə nail olmalı idik. Bunu əvvəl də etmək lazım idi. Təəssüflər olsun, tam qətiyyətlə demək olar ki, əvvəlki illərdə Azərbaycanda sağlam, bir mərkəzdən idarə olunan və güclü ordu olmamışdır. Azərbaycanla Ermənistan arasında gedən müharibədə Azərbaycan tərəfi pərakəndəliyə yol vermiş, ayrı-ayrı siyasi qüvvələr, siyasi qruplar dövlət vəzifələrində olarkən yalnız öz siyasətini yeritmiş, bu isə Azərbaycanı zəiflətmiş, yaxud da ona qüvvələrini toplamağa imkan verməmişdir. Erməni silahlı qüvvələri isə bu fürsətdən istifadə edərək Azərbaycan torpaqlarını işğal etməyə başlamışdır.

Təsəvvür edin ki, Azərbaycanın bəzi torpaqları işğal olunarkən heç döyüş də getməmişdir. Erməni silahlı qüvvələrinin bir neçə tankının bölgəyə girməsi və daxildə ayrı-ayrı təxribatçı qrupların hay-küy salması nəticəsində adamlar həmin bölgələrdən qaçmışlar.

Məsələn, Kəlbəcər bölgəsində ay yarımdır ki, qanlı döyüşlər gedir. Azərbaycan ordusu işğal olunmuş Kəlbəcər torpaqlarının bir hissəsini geri almışdır. Ancaq bu, asan başa gəlmir, erməni silahlı qüvvələri güclü müqavimot göstərirlər. Azərbaycan ordusunun üstünlüyü nəticəsində erməni qüvvələri böyük itki verərək geri çəkilirlər. Halbuki bir il bundan oncə erməni silahlı qüvvələri heç bir döyüş əməliyyatı aparmadan, asanlıqla Kəlbəcər bölgəsini işğal etmiş və oranın 60 min nəfər əhalisi hay-küyə uyaraq öz yerlərindən qaçıb getmişdi. Yəni demək istəyirəm ki, Azərbaycan son illərdə ordu yaratmaq üçün lazımi tədbirlər görmədiyinə, öz torpaqlarını etibarlı müdafiə etmək üçün ordusu olmadığına görə erməni silahlı qüvvələri üstünlük əldə etmişlər. Ona görə də biz son aylarla Azərbaycan ordusunun yaradılmasına çox fikir veririk. Şübhəsiz ki, belə böyük iş qısa müddətlə həyata keçirilə bilməz. Ancaq biz müharibə şəraitini nəzərə alaraq gecə-günlüz bu məsələ ilə məşğul oluruq və bu iş ilk nəticələrini verir. Həmin nəticələr isə ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə Azərbaycan xalqında milli şüur, torpaqları müdafiə etmək əhval-ruhiyyəsi, vətənpərvərlik əhval-ruhiyyəsi, döyüş ruhu, qəhrəmanlıq ruhu yüksəlmişdir.

Azərbaycan əsgərləri, zabitləri qorxmadan, çəkinmədən döyüşə girir, erməni silahlı qüvvələrinə ağır zərbələr endirərək çox yerlərlə onları geri oturdur və işğal olunmuş kəndləri, qəsəbələri geri almağa çalışırlar.

Tam həqiqəti sizə çatdırmaq üçün bir daha deyirəm ki, bu, çox ağır və çətin məsələdir. Çünki Azərbaycan ordu quruculuğuna biganə münasibət bəslədiyi vaxtlarda Ermənistan tərəfi ordu yaratmağa çox ciddi fikir verirdi. Onlar çox təcrübəli zabitlər, tankçılar, topçular hazırlamışlar. Ona görə də bizim qısa müddətdə hazırladığımız zabitlər və əsgərlər məhz qəhrəmanlığına, cəsarətinə görə, bəzən təcrübələri az olmasına baxmayaraq, mərdliyi, mətanəti sayəsində çox yerdə erməni silahlı qüvvələrinə qalib gəlirlər. Bu iş davam edir, ancaq açıq demək istəyirəm ki, o qədər də asan iş deyildir. Çünki bildiyiniz kimi xaricdən Ermənistana kömək edən qüvvələr çoxdur, ayrı-ayrı dövlətlər, maliyyə cəhətdən böyük imkanları olan qruplar, müxtəlif beynəlxalq siyasi qruplar Ermənistana siyasi, maddi və başqa yardım göstərirlər. Bütün bunlar torpaqlarımızı azad etmək uğrunda apardığımız ədalətli müharibəni, şübhəsiz ki, çətinləşdirir.

Ancaq ən önəmli cəhət, ən mühüm cəhət onlan ibarətdir ki, əsgərlərimizin, zabitlərimizin hazırlığı o qədər çox olmasa da, qeyd etdiyim kimi, artıq onlarda güclü vətənpərvərlik hissi yaranmışdır. Məsələn, beş-altı ay bundan əvvəl Azərbaycanda ordudan fərarilik edənlərin sayı çox idi. Bu, böyük bir problemə çevrilmişdi. Təklif edirdilər ki, fərariləri ciddi cəzalandırmaq, hətta güllələmək lazımdır. Əslində bu haqlı təkliflər idi. Çünki hər bir adam öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Hər bir vətəndaşın ən ümdə borcu orduda xidmət etməkdən, torpağını qorumaqdan ibarətdir. Əlbəttə, mən hərbi xidmətə yararlı olanları nəzərdə tuturam.

Son aylarla gördüyümüz tədbirlər nəticəsində fərarilərin bir qrupunu həbs edərək cəzalandırdıq. Sonra mən prezident kimi, onları bağışladım. Qalan fərarilərə müraciət etdim, bildirdim ki, fərariliklə özünüzü xalqın gözündən salacaqsınız. Möhlət verdim ki, kim yanvarın 10-dək könüllü şəkildə gəlib hərbi komissarlıqlara, hərbi prokurorluğa müraciət edərsə və orduya qayıdarsa, onların günahları bağışlanılır. Təsəvvür edin ki, onların əksəriyyəti ordu sıralarına qayıtmışdır, bəziləri cəsarətlə vuruşaraq hətta şəhid olmuşdur. Bu da onu göstərir ki, gənclərimiz arasında milli vətənpərvərlik ruhu yüksəlmişdir. Belə vəziyyət bizə imkan verir ki, bütün vasitələrdən həm sülh danışıqlarından, diplomatik vasitələrdən, həm də ordumuzun, xalqımızın gücündən istifadə edərək Azərbaycan torpaqlarını işğalçılardan təmizləyək, Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edək.

Mən burada Türkiyə dövlətinin rəhbərləri ilə, rəsmi şəxslərlə danışıqlarla bu sahədə bizim mövqeyimizin, siyasətimizin dəyişməz olduğunu bildirdim. Sizə də bu barədə məlumat verdim. Son illərlə Azərbaycanın daxilində, ictimai-siyasi həyatında da çox böyük çətinliklər olmuşdur. Həmin çətinliklər də davam edir. Bu, nə ilə bağlıdır?

Azərbaycanda bir tərəfdən müharibə getdiyi, onun torpaqlarının bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi halda, bu vəziyyətdən istifadə edən ayrı-ayrı siyasi qruplar, qüvvələr ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparırdılar, torpaqlarımızın qorunmasını isə yaddan çıxarmışdılar. Son beş-altı ildə Azərbaycanda bir neçə dəfə hakimiyyət dəyişikliyi olmuşdur.

Sonuncu belə dəyişiklik isə, bildiyiniz kimi, 1993-cü ilin yayında baş vermişdir. Şübhəsiz ki, bütün bu hakimiyyət dəyişiklikləri müstəqil Azərbaycan Respublikasının daxilində ictimai-siyasi proseslərin sivilizasiyalı səviyyədən aşağı olmasından irəli gəlmişdir. Yəni, ayrı-ayrı adamlar öz şəxsi mənafelərini, şəxsi məqsədlərini xalqın, ölkənin, dövlətin mənafelərindən üstün tuturlar. Nəticədə isə xalq böyük zərər çəkir.

Ona görə də son vaxtlar biz bu problemlərlə də məşğul oluruq. Bilirsiniz ki, 1993-cü ilin iyununda Azərbaycanda daxili ictimai-siyasi vəziyyət çox kəskinləşmişdi, artıq vətəndaş müharibəsi başlanmışdı. Gəncədə, Bakının ətrafında qardaş qanı tökülmüşdü. Bu fürsətdən istifadə edən ayrı-ayrı siyasi qruplar, xaricdən olan düşmənlərimiz, deyə bilərəm ki, erməni millətçiləri tərəfindən dəstəklənən qüvvələr Azərbaycanı bir neçə bölgəyə parçalamaq niyyətlərini həyata keçirməyə çalışırdılar. Elə vəziyyət yaranmışdı ki, Azərbaycan doğrudan da parçalana bilərdi. Biz bunun qarşısını almağa nail olduq.

İndi Azərbaycanda dövlət rəhbərliyində müəyyən qədər formalaşma gedir. Biz çalışırıq ki, Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət daha da sabitləşsin.

Onu da deyim ki, biz bu işlərin hamısını demokratiya, fikir azadlığı yolu ilə aparırıq və aparacağıq. Azərbaycan müstəqil dövlətdir və bu günlərdə mən dəfələrlə demişəm ki, Azərbaycan xalqı öz müstəqilliyini heç vaxt əldən verməyəcəkdir. Müstəqil respublika kimi. Azərbaycan demokratiya yolu ilə gedir. Dünya demokratiyasının təcrübəsindən bəhrələnən Azərbaycan bu təcrübəni öz milli, tarixi ənənələrinə uyğun olaraq həyatına tətbiq etməklə demokratiya yolu ilə irəliləyəcəkdir. Daxili siyasətimizin əsas prinsipləri Azərbaycanda hüquqi demokratik dövlət qurmaq, cəmiyyət yaratmaqdır. Biz elan etmişik ki, Azərbaycanda milliyyətindən, dinindən, dilindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş eyni hüquqa malikdir. Azərbaycan dövləti vətəndaşların bu hüququnun qorunmasına təminat verir. Biz Azərbaycanda çoxpartiyalı sistem olmasına şərait yaratmışıq. İndi ölkəmizdə 40-a qədər partiya var, mətbuat azadlığı geniş yayılmışdır. Kiçik bir dövlət olan, 7 milyon əhali yaşayan Azərbaycanda 600-dək qəzet, jurnal çıxır və hər kəs öz fikrini sərbəst ifadə edə bilir.

Ancaq təəssüf ki, Azərbaycanın daxili həyatında demokratik prinsiplər sahəsində lazımi təcrübə olmadığına görə, bəzən ictimai-siyasi qüvvələrin birbirinə münasibəti respublikanın ümumi mənafeyinin qorunmasına deyil, bir-biri ilə düşmənçilik etməyə yönəldilir. Ola bilsin, bu, təbiidir. Dediyim kimi, Azərbaycan gənc müstəqil dövlətdir. Demokratik prinsiplər, siyasi plüralizm, fikir ayrılığı onun üçün yeni amillərdir. Bilirsiniz ki, Azərbaycan 70 il communist ideologiyası ilə yaşamışdır. Ona görə də insanların birdən-birə demokratik prinsiplərlə yaşamağa keçməsi çətindir. Bəzən də son illər ayrı-ayrı qruplar, təəssüf ki, bu demokratik prinsipləri ləkələmiş, təhrif etmişlər. Adamlar demokratiya bayrağı altında hay-küylə cürbəcür mitinqlər təşkil edərək öz şəxsi məqsədlərini həyata keçirməklə məşğul olmuşlar.

Bunlar hamısı Azərbaycanın daxili həyatının təbii prosesləridir. Mənə belə gəlir ki, biz, dövlətimizin rəhbərləri qətiyyətli yol tutmuşuq və Azərbaycan Respublikası demokratiya yolu ilə insan hüquqlarının qorunması, siyasi pluralism yolu ilə gedəcəkdir. Həmin çətinliklər yavaş-yavaş aradan götürüləcəkdir. İqtisadiyyat sahəsinə gəldikdə isə, Azərbaycan yeni iqtisadi sistemə keçir. Əslində bu, təzə kəşf olunmuş sistem deyil, dünya təcrübəsində öz müsbət nəticələrini vermiş sərbəst iqtisadiyyat sistemi, təşəbbüskarlıq, sahibkarlıq prinsipləri əsasınla qurulan iqtisadi sistemdir. Biz bunlar üçün imkan yaratmışıq və gələcəkdə də yaradacağıq. Həm ictimai-siyasi, həm də iqtisadi sahədə islahatlar apararaq Azərbaycanın tam demokratiya yolu ilə getməsinə çalışacağıq.

Buna heç kimin şübhəsi olmasın. Azərbaycanın indiki vəziyyəti haqqında ayrı-ayrı qrupların dedikləri, yaxud qəzetlərdə yazdıqları böhtançı fikirlər - Türkiyədə də belə şeylər yazılır - heç kəsi çaşdırmasın. Türkiyədə də, başqa ölkələrdə də hamı əmin ola bilər ki Azərbaycan müstəqil dövlətdir və günbəgün bu müstəqilliyi möhkəmləndirəcəkdir, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü təmin edəcək, işğal olunmuş torpaqlarını erməni silahlı qüvvələrindən təmizləyəcəkdir. Kimi hansı məsələlər maraqlandırırsa, Azərbaycana gəlib öz gözü ilə görsün. Hansı məsələlər aydın deyildirsə, bizimlə görüşsün. İstəməzdim ki, Azərbaycanın belə ağır vəziyyətində ayrı-ayrı qüvvələr, şəxslər respublikamıza kömək etmək əvəzinə öz hərəkətləri ilə ona zərər vursun. Güman edirəm ki, onların hərəkətləri zərər vura bilməz, siyasətimizə heç bir ləkə gətirə bilməz.

Mən həm buradakı görüşlərimizin əsas məzmunu haqqında, həm də Azərbaycandakı mövcud vəziyyət barədə, elə bilirəm, yetərincə məlumat verdim. Çıxışımın sonunda demək istəyirəm ki, biz dörd gün ərzində Türkiyədə dostluq və mehribanlıq şəraitində olmuşuq, bizə çox böyük qonaqpərvərlik göstərmişlər. Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl də, ölkənin digər rəhbərləri də, sadə vətəndaşlar da azərbaycanlılara, Azərbaycana dostluq, qardaşlıq münasibəti göstərirlər. Səfər proqramımızın səmərəli şəkildə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunmuşdur. Ona görə də mən Türkiyənin rəhbərlərinə hörmətli prezident Süleyman Dəmirələ, hörmətli baş nazir Tansu Çillərə, parlamentin başçısı, hörmətli Hüsaməddin Cindoruqa, bizi müşayiət edən nazirlərə və başqa şəxslərə minnətdarlığımı bildirirəm. Əmin ola bilərsiniz ki, hər biriniz Türkiyədən Azərbaycana gəldiyiniz vaxt həmin dostluq və mehribanlıq şəraitində olacaqsınız. Mən sizi Azərbaycana dəvət edirəm. Gəlin, Azərbaycanı öz gözünüzdə görün.

Diqqətinizə görə sağ olun. Sizin suallarınıza cavab verməyə hazıram.

Sual: Hörmətli Heydər Əliyev, ermənilərin Qarabağla əlaqədar elə bir son təklifi var ki, erməni qüvvələri Azərbaycan torpaqlarının bir hissəsindən çıxarıldıqdan sonra Dağlıq Qarabağla sülh qüvvələri yerləşdirilsin. Bu barədə nə deyə bilərsiniz?

Cavab:  Sizə bildirdim və bir də deyirəm ki, biz Ermənistanla Azərbaycan arasındakı müharibəyə son qoymaq istəyirik, bu məsələni sülh danışıqlar yolu ilə həll etməyə çalışırıq. Lakin son vaxtlar erməni silahlı qüvvələri Azərbaycan ordusundan ağır zərbələr aldığına görə ermənilər təklif etmişdilər ki, üç həftəlik atəşkəs haqqında saziş bağlansın və bu müddətdə Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında danışıqlar aparılsın. Biz bu təklifi rədd etmədik, lakin öz şərtlərimizi irəli sürdük. Bu da ondan ibarətdir ki, erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarını sözsüz tərk etsin. Belə olarsa, biz hər cür sülh danışıqlarına gedə bilərik. Ancaq bizə deyirlər ki, gəlin üç həftəlik atəşkəs elan edək və bu müddətdə danışıqlar aparaq. Lakin bilmirəm ki, nədən danışacağıq? Çünki keçmişdəki danışıqlar zamanı Ermənistan həmişə Azərbaycanın zərərinə olan təkliflər irəli sürmüşdür. Bu təkliflər bizə əl vermədiyinə görə razılaşmamışıq.

Sual: Ermənistan prezidenti Londona səfəri zamanı təklif etmişdir ki, Qarabağ Birləşmiş Millətlər Təşkilatının mandatlığına verilsin. Buna necə baxırsınız? İkincisi, Azərbaycandakı PKK-nın fəaliyyəti haqqında nə deyə bilərsiniz?

Cavab:  Ermənistan prezidentinin Londondakı bəyanatı mənə məlum deyil. Əgər sizin söylədiyiniz onun dediklərinə müvafiqdirsə, biz bunu qəbul elə bilmərik.

Azərbaycanda PKK-nın fəaliyyəti barədə sualınıza gəldikdə isə, təəssüflər olsun, Azərbaycanın bu ağır vəziyyətində burada, qardaş Türkiyə Cümhuriyyətində də elə qüvvələr var ki, Azərbaycanın daxilində təxribat aparmaq istəyirlər. Həmin qüvvələr bu cür böhtançı şayiələr yayırlar. Mən sizə qətiyyətlə deyirəm ki, Azərbaycanda PKK-nın heç bir fəaliyyəti yoxdur və ola da bilməz.

Sual: Hörmətli Heydər Əliyev, Sizə iki sualım var. Birincisi, Siz Ankarada hörmətli Həsən Həsənovun bir fikrini təsdiq etdiniz ki, Azərbaycanla neft sahəsində müqavilə bağlamaq istəyən ölkə Qarabağ məsələsində onu dəstəkləməlidir. Məsələn, Amerika desə ki, Qarabağı biz azad edəcəyik, nefti bizə verin, nə edərsiniz? Bunu bir qədər açıqlaya bilərsinizmi? İkincisi, Rusiya bölgəyə - Qafqaza başqa ölkələrin girməsinə razı olarmı?

Cavab:  Yəqin ki, cənab Həsənov belə deməmişdir. Bu barədə bizim fikrimiz eynidir. Yəni neft Azərbaycan xalqının əvəzsiz sərvətidir və biz ondan birinci növbədə xalqımızın ehtiyaclarını ödəmək üçün istifadə etməliyik. Əgər neftin çıxarılmasında xarici ölkələrin şirkətləri ilə əməkdaşlıq edəcəyiksə, bu əməkdaşlıq bizə eyni zamanda gərək siyasi dəstək olsun. Fikrimiz belədir. Biz neftimizdən xarici şirkətlərlə müştərək istifadə edə bilərik. Lakin ilk növbədə Azərbaycan xalqının mənafeyini qorumalıyıq. Amerika da heç vaxt deməz ki, mən Qarabağı xilas edəcəyəm, yaxud torpaqlarınızı azad edəcəyəm, nefti bizə verin. Bu ola bilməz. Yəqin ki, fikirlərimizi düzgün ifadə etməmisiniz. Biz neft məsələsində çox danışıqlar aparmışıq. Son vaxtlar Azərbaycan Dövlət Neft Şirkəti bu barədə konkret təkliflər vermişdir. Mən fərman imzalamışam. Qərb neft şirkətləri - "Amoko", "Pennzoyl", "Britiş Petroleum- Statoyl", Türkiyənin neft şirkəti və başqaları Azərbaycana dəvət olunmuşlar və onlarla danışıqlar aparılaraq müqavilələr bağlanmalıdır. Ancaq bilin ki, bu müqavilələr hər iki tərəf üçün faydalı olmalıdır. Eyni zamanda, bu sərvətin sahibi olan Azərbaycan tərəfinin mənafeyi ilk növbədə edənilməlidir.

İkinci sualınıza cavab verirəm. Qafqaz elə bir yerdir ki, böyük dövlətlər, o cümlədən Rusiya əsrlər boyu buraya maraq göstərmiş, Qafqazla öz mövqelərini möhkəmlətməyə çalışmışdır. Əlbəttə, Rusiya çalışacaq ki, Qafqazda mövqeyini saxlasın. Bilirsiniz ki, Ermənistanda və Gürcüstanda Rusiyanın hərbi bazaları var. Rusiyanın Qafqazda öz mövqeyini möhkəmləndirməyə çalışması təbii haldır. Bunu başqa cür başa düşmək lazım deyil. Başqa dövlətlər də çalışacaqlar, Türkiyə də çalışmalıdır ki, Qafqazda mövqe tutsun.

Sual: Burada, Türkiyə mətbuatında müəyyən yanlış xəbərlər verilməsindən narahat olaraq Sizdən bəzi şeyləri soruşmaq istəyirəm. Xahiş edirəm, öz həyat yolunuzu bir qədər açıqlayasınız.

Cavab:  Mən istərdim ki, hamı həqiqəti bilsin. Həqiqət isə, əgər sizi maraqlandırırsa, ondan ibarətdir ki, mətbuat sahəsində Türkiyədə yanlış fikirlər çoxdur. Mən buna təbii baxıram. Çünki bir halda ki, demokratiyadır, fakir ayrılığıdır, siyasi plüralizmdir, kim nə istəyirsə onu da yazır. Türkiyədə də, Fransada da, Amerikada da, Azərbaycanda da belədir. Ancaq eyni zamanda, doğru yazmaq lazımdır. Yanlış, böhtançı yazılar gərək deyil.

Əgər həyatım sizi maraqlandırırsa, mənim həyatım həmişə xalqla bağlı olmuşdur. Gənc yaşlarımdan xalqıma xidmət etmişəm. Sosialist sistemi daxilində xalqım üçün çox dəyərli işlər görmüşəm. Siz bunu başqa cür qəbul etməyin, çünki Azərbaycana, Bakıya gələn hər bir adam sağa da, sola da baxsa Heydər Əliyevin vaxtındakı işlərin nəticələrini öz gözü ilə görəcəkdir. Ancaq sonra mən Moskvaya getmişəm. Mən orada beş il çalışdım. Orada da xalqıma, millətimə kömək etmək istədim.

Yalnız sonra, Azərbaycanda vəziyyət pisləşdiyinə görə və xüsusən 1990-cı ildə 20 Yanvar hadisəsi baş verdikdən sonra, yəni sovet hökumətinin, Sovet İttifaqı Kommunist Partiyasının başçıları Azərbaycan xalqına qarşı hərbi təcavüz etdiyinə görə, qoşun yeridərək azərbaycanlıları qırdığına görə mən daha Moskvada dözə bilmədim, səsimi qaldırdım. Gedib mitinqdə sözümü dedim, mətbuat konfransında fikrimi bildirdim, Kommunist Partiyasının, Sovet İttifaqının, Azərbaycan Kommunist Partiyasının, Azərbaycan hökumətinin rəhbərlərini günahlandırdım. Təbii ki, məndən ötrü bu, asan olmadı. Məni təqib etməyə başladılar. Əslində əvvəllər də təqib edirdilər, məni həbs etmək istəyirdilər. Moskvada ev dustağı idim. Azərbaycana qayıtmaq istəyirdim, qoymadılar. On dörd il Azərbaycana rəhbərlik etdiyim dövrdə yetişdirdiyim adamlar, Azərbaycana başçılıq edən adamdar gəlib. Bakıda yaşamağıma imkan vermədilər. Naxçıvana getməyə məcbur oldum, çünki orada doğulmuşam. Üç il orada mühacirətdə qaldım.

Bilirsiniz ki, Naxçıvan Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi ilə ayrılmışdır. Biz orada blokada şəraitində yaşayırdıq. Orada da torpağıma, xalqıma xidmət etdim, Naxçıvanı ağır vəziyyətdən çıxarmağa çalışdım. Bu işdə də Türkiyənin və xüsusən hörmətli dostum və qardaşım Süleyman Dəmirəlin köməyindən çox istifadə etdim. Sonra isə xalq lazım bilərək məni Bakıya dəvət etdi.

Mən həyatımdan çox razıyam. Həyatımın bütün mərhələlərini özüm üçün çox önəmli sayıram. Bilirsiniz ki, mən nəinki Azərbaycanda, həm də sovetlər birliyində Kommunist Partiyasının başında duran adamlardan biri olmuşam. Ancaq 1991-ci ildə, hələ Kommunist Partiyası, sovetlər birliyi güclü olan vaxtda mən Moskvada bəyanat verərək Kommunist Partiyasından çıxdım. Bakıda parlamentdə dedim ki, sovetlər birliyi dağılır, onu dağıtmaq lazımdır. Azərbaycan müstəqil olmalıdır. O zaman səsimi boğmağa çalışdılar. Mənim bu çıxışlarım kitabça halında burada yayılmışdır, özünüz tanış ola bilərsiniz. Bir sözlə, mən mövqeyimdən dönmədim. Çünki mənim həyatım xalqa xidmət etməkdən ibarət olmuşdur. Son nəfəsimədək də xalqıma xidmət edəcəyəm. Bəzi adamların burada yanlış məlumatlar yayması isə fil ilə qarışqanın məsələsinə bənzəyir. Əgər qarışqa fili sanca bilərsə, o adamlar da məni sanca bilərlər.

Sual: İrandakı azərbaycanlıları da birləşdirmək niyyətiniz varmı?

Cavab:  Bilirsinizmi, biz Azərbaycanın müstəqilliyi uğrunda çalışırıq. Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdur. Onu azad etmək lazımdır. Bu bizim ən başlıca problemimizdir. Bu problemi başa düşmədiyiniz halda mənə nə üçün başqa suallar verirsiniz?

Sual: Hörmətli prezident, dörd gündür ki, biz Turkiyədəyik. Azərbaycan Xalq Cəbhəsinin üzvləri İbrahim ibrahimov, Vurğun Əyyubov, Tofiq Qasımov burada prezidentin əleyhinə iş aparırlar. Türkiyə televiziyası da bunu yayır. Sadə türklər deyirlər ki, prezidentin əleyhinə təbliğat aparmaq onun xalqına qarşı təbliğat aparmaq deməkdir. Siz neçə düşünürsünüz, Xalq Cəbhəsinin bu işlərinə nə vaxt son qoyulacaq?

Cavab:  Bilirsiniz, mən bunların heç birisinə əhəmiyyət vermirəm və heç də düşünmürəm ki, bunlar Türkiyədə Azərbaycan prezidentinin əleyhinə aparılan təbliğatdır. Ayrı-ayrı adamlar, gücləri çatırsa, qoy təbliğat aparsınlar. Gücləri çatmayacaq.

Sual: Türkiyənin Azərbaycan ordusuna yardım göstərməsi nəzərdə tutulurmu?

Cavab:  Biz xaricdən, o cümlədən Türkiyədən heç bir hərbi yardım istəmirik. Biz taxıl verilməsini, kreditlər ayrılmasını istəyirik. Mən dünən iş adamları ilə görüşərək onları dəvət etdim ki, Azərbaycana gəlsinlər, investisiya qoysunlar. Biz belə yardım istəyirik. O ki qaldı müharibə məsələsinə, bunu biz özümüz həll edirik. Ancaq eyni zamanda Türkiyənin hərbi məktəblərində Azərbaycan gənclərinin təhsil alması bizim üçün, ordumuzun qurulması üçün çox lazımdır. Çünki Türkiyə hərbi məktəblərinin çox böyük imkanları var və biz bundan istifadə edərək hərbi kadrlar hazırlayacağıq.

Sual: Sizdən əvvəlki prezident Elçibəy Türkiyənin ən böyük dostu kimi qəbul edilirdi. Siz iqtidara gələndə hamı qorxurdu ki, görəsən, əlaqələr pozulacaqmı, Elçibəy Türkiyəyə çox arxalanırdı. Sizinlə Elçibəy arasındakı fərq nədir?

Cavab: Mən Əbülfəz Elçibəy haqqında bir şey demək istəmirəm. Çünki o, bir ilə yaxın Azərbaycanın prezidenti olmuşdur. Amma hər kəsin öz siyasəti var. Yəqin bilirsiniz ki, mən siyasət sahəsində təcrübəli adamam. Bu təcrübəmdən istifadə edərək Azərbaycanın xarici siyasətini dövlətimizin mənafeyi üçün lazımi yollarla aparmağa çalışıram. Əbülfəz Elçibəyin Türkiyənin yaxın dostu olması fikrinə gəldikdə isə, deyə bilərəm ki, Heydər Əliyev də Türkiyənin dostudur. Amma dostluq hay-küylə, populist sözlərlə deyil, qəlbdən gəlməlidir. Azərbaycanın prezidenti kimi, mən türk xalqına, Türkiyə Cümhuriyyətinə, onun tarixi keçmişinə, bugünkü siyasətinə hörmətimi, məhəbbətimi bu dörd gün ərzində bütün çıxışlarımda, o cümlədən Böyük Millət Məclisində, hörmətli prezident Süleyman Dəmirəlin təşkil etdiyi böyük ziyafətdə demişəm.

Sual: "Britiş Petroleum-Statoyl" alyansı ilə danışıqlar, nəhayət, bir bağlaşma ilə nəticələnəcəkmi?

Cavab: Mən sizə bildirdim ki, bütün şirkətləri "Amoko", "Britiş Petroleum-Statoyl", "Pennzoyl" şirkətlərini, Türkiyə neft şirkətini müqavilələr bağlamaq üçün danışıqlar aparmağa dəvət etmişik və yəqin ki, yaxın vaxtlarda müqavilələr bağlanacaqdır.

Sual: Ərəb dünyasına münasibətinizi və keçmiş prezident Əbülfəz Elçibəyin siyasəti barədə fikrinizi açıqlamağı xahiş edirik.

Cavab: Azərbaycan Ərəb dünyasına çox müsbət münasibət bəsləyir. Bir dinə mənsub olmağımız, ənənələrimizin, mədəniyyətlərimizin oxşarlığı tarixən bizi yaxınlaşdırmışdır. Ona görə də ərəb dünyasına münasibətim müsbətdir və güman edirəm ki, bu, xarici siyasətimizdə önəmli yer tutacaqdır. Elçibəyin siyasətinə gəldikdə isə, mən, ümumiyyətlə, bu barədə danışmaq istəmirəm.

Sual: Cənab prezident, birinci sualım belədir: Bildiyiniz kimi bu yaxınlarda Ermənistan prezidenti Levon Ter-Petrosyan İngiltərəyə getmiş və orada Dağlıq Qarabağ haqqında danışıqlar aparmışdır. Sizcə Dağlıq Qarabağ məsələsində İngiltərənin vasitəçiliyi necə ola bilər? İkinci sualım: - Siz Naxçıvanda olarkən Ermənistan prezidenti ilə yaxşı münasibətləriniz olub, həmin münasibətlər də qalırmı?

Cavab: Birinci sualınıza cavab verirəm. Ermənistan prezidenti Levon Ter-Petrosyanın Londonda nə kimi danışıqlar apardığını bilmirəm. Ancaq onu deyə bilərəm ki, bu yaxınlarda mən Londona gedəcəyəm. Oraya rəsmi dəvət olunmuşam. Yəqin ki, orada İngiltərə hökuməti ilə Azərbaycan - İngiltərə münasibətləri haqqında, o cümlədən Dağlıq Qarabağ barədə danışıqlar aparacağıq. Əgər İngiltərə bu məsələdə bizə hər hansı kömək etmək istəsə, biz bunu məmnuniyyətlə qəbul edəcəyik.

İkinci sualınız barədə. Doğrudan da, Naxçıvanda olarkən Ermənistan prezidenti Levon Ter-Petrosyanla əlaqələrimiz var idi və bunun sayəsində mən Naxçıvanla Ermənistan arasında münaqişəyə yol verilməməsinə nail oldum. Eyni zamanda Ter-Petrosyan da orada müharibə olmaması üçün öz səylərini göstərdi. Azərbaycanın prezidenti kimi, mən yenə də Ter-Petrosyanla əlaqə saxlayıram. Moskvada, Aşqabatda onunla görüşdüm, telefonla danışırıq. Çalışıram ki, bu məsələ sülh yolu ilə həll edilsin. Ancaq necə olacağını gələcək göstərər.

Sual: Türkiyədə bəzi qəzetlərdə Azərbaycan haqqında yanlış məlumatlar verilir. Bu, müəyyən dərəcədə Azərbaycandan informasiya axınının azlığı ilə bağlı deyilmi? Son vaxtlar belə fikir yayılır ki, Azərbaycanda demokratiya pozulur, demokratiya tərəfdarları həbs edilir. İkinci sualım isə belədir ki, Gürcüstanla Rusiyanın qoşun yerləşdirməsi müstəqil Azərbaycan dövləti üçün daha bir təhlükə törətmirmi? Bu məsələyə Azərbaycan rəhbərliyinin münasibəti necədir?

Cavab: Doğrudan da, Türkiyədə Azərbaycan haqqında məlumat azdır. Mən belə hiss etdim ki, Türkiyənin bəzi qəzetləri çalışırlar ki, mənfi məsələlərlə məşğul olsunlar. Ona görə də ictimaiyyətə doğru-dürüst məlumat çatdırılmır. Siz haqlısınız. Azərbaycanda informasiya məsələsi lazımi səviyyədə qurulmamışdır. Bununla əlaqədar tədbirlər görürük. Məsələn, son vaxtlar mən Qabil Hüseynlini yeni dövlət müşaviri təyin etmişəm. O, bu işlərlə məşğul olacaqdır. Lakin siz də burada çalışın ki, Azərbaycan haqqında doğru məlumat yayılsın. Hamınıza müraciət edirəm. Mən demirəm ki, qəzetlər Azərbaycan haqqında təriflər yazsın. İstərdik ki, vəziyyət haqqında düzgün məlumat verilsin. İkincisi, siz deyirsiniz ki, Rusiya Azərbaycanın müstəqilliyinə təhlükə törədə bilər. Azərbaycan belə vəziyyətdədir ki, daim təhlükə altındadır. Çünki bir tərəfdən Azərbaycan müharibə aparır, digər tərəfdən bizim ətrafımızda - Ermənistanda və Gürcüstanda Rusiyanın hərbi bazaları var. Buna görə də, əlbəttə ki, Azərbaycanın vəziyyəti çətindir. Lakin mən demişəm və yenə deyirəm:

Azərbaycan öz müstəqilliyini heç vaxt əldən verməyəcək və müstəqillik bizim üçün əbədidir.

Sual: Sizcə, buradakı danışıqlarınızın başlıca nəticəsi nədir? Türk cümhuriyyətlərinin zirvə toplantısının keçirilməsi nə ilə bağlıdır?

Cavab: Ən böyük nəticə olur ki Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrini; yeni səhifəsi açıldı, yeni mərhələsi başlandı. Bir daha təsdiq olundu ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri davam edəcək və heç bir qüvvə buna təsir göstərməyəcəkdir. O ki qaldı zirvə toplantısına, bəzi səbəblərə görə onun vaxtı dəyişdirilmişdir.

Təşəkkür edirəm, sağ olun.