Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Prezidenti Jak Şirak ilə görüşdəki söhbətindən - Vaşinqton, 24 aprel 1999-cu il


Jak Şirak: Cənab prezident, Sizi səmimiyyətlə salamlayıram, NATO-nun 50 illiyinə həsr olunmuş yubiley tədbirlərində Sizi görməkdən məmnun qaldığımı bildirir, Sizinlə yenidən görüşməyimə çox şadam.

Heydər Əliyev: Səmimi və xoş sözlərə görə təşəkkürümü, hörmət və ehtiramımı bildirirəm. Qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri kimi, Fransanın bu sahədə səylərinə böyük ümidlər bəsləyirəm. Bu münasibətlə bu ilin fevral ayında Fransa prezidentinə göndərdiyim məktuba aldığım cavaba görə Sizə, hörmətli Jak Şirak, təşəkkürümü bildirirəm.

Mən Minsk qrupu həmsədrlərinin "Ümumi dövlət" barədə təkliflərinin Azərbaycan üçün qəbul edilməz olduğunu qeyd etmək istəyirəm. Minsk qrupu həmsədrlərinin öz fəaliyyətlərini daha da genişləndirmələrini arzu edirəm.

Jak Şirak: Münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunda Fransanın bundan sonra da fəal rol oynayacağına əmin ola bilərsiniz. Təəssüflə qeyd etmək istəyirəm ki, keçən il sülh əldə edilməsinin çox yaxın olmasına baxmayaraq, prezident Ter-Petrosyanın istefa verməsi Minsk prosesində fasilə yaratdı. Lakin buna baxmayaraq, ümidvar olduğumu bildirirəm ki, Minsk qrupunun həmsədrləri tərəfləri razı sala bilən və bölgədə tam sülhün bərqərar olmasına yol açan yeni təşəbbüslər göstərəcəklər. Bu məqsədə nail olmaq üçün mən Fransa prezidenti kimi, öz səylərimi artıracağımı bildirirəm.

Heydər Əliyev: Cənab prezident, bu fəaliyyətinizə görə Sizə təşəkkür edirəm. Azərbaycan ilə Fransa arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi, iki ölkənin iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığı bizi daha da sevindirir.

Jak Şirak: Ölkələrimizin əlaqələrinin gündən-günə inkişaf etməsini mən də yüksək qiymətləndirirəm. Bütün bunlar bizi daha da yaxınlaşdırır.