Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə "Avropa" otelində bu ölkənin Bakıdakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda Azərbaycan prezidenti Heydər Əliyevin nitqi - 23 iyul 2002-ci il


Hörmətli xanım səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Misirin Milli bayramı - 23 iyul inqilabının 50-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Sizə və qardaş Misir xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.

1952-ci il 23 iyul Misir inqilabı XX əsrin ən böyük tarixi hadisələrindən biri olmuşdur. Uzun müddət müstəmləkə əsarətində yaşayan xalqlar İkinci Dünya müharibəsindən sonra öz müstəqilliyi haqqında düşünməyə başladılar. Məhz İkinci Dünya müharibəsindən sonra dünyada hələ mövcud olan böyük müstəmləkə imperiyaları dağılmağa başladı. Yer kürəsinin, demək olar ki, bir çox bölgələrində müstəmləkə sisteminə qarşı çıxışlar, mübarizə başlanmışdı. Bunların içərisində 1952-ci il Misir inqilabı ərəb və müsəlman dünyasında xüsusi yer tutur. Mən bu sözləri deyəndə 1952-ci il, 1951-ci il, hətta 1950-ci ildə Misirdə, onun ətrafında, Süveyş kanalı zonasında gedən mübarizə, münaqişələr və hadisələr gözümün qarşısına gəlir. O illərdə orada, nəhayət, inqilab başlayanda sanki dünyada böyük bir bomba partladı. Mərhum Camal Əbdül Nasirin rəhbərliyi altında Misirin bir qrup zabiti o vaxtkı hakimiyyəti devirib ölkədə ədalətli hakimiyyət yaratmaq və insanlara azadlıq vermək uğrunda ölüm-dirim mübarizəsinə başlamışdılar. Amma bu hərəkata müqavimət göstərənlər, - təkcə Misirin özündə, yaxud da ki, ümumiyyətlə, ətrafdakı ərəb ölkələrindəki mühafizəkar hakimiyyətlər deyil, həm də bir çox xarici qüvvələr, - Misirin coğrafi-siyasi əhəmiyyətinə və xüsusən Süveyş kanalına görə bu qəhrəman insanların mübarizəsinin qarşısını almaq istəyirdilər.

Sizin çoxlarınız bunları kitablardan, bəlkə filmlərdən bilirsiniz. Ancaq mən o vaxt bu hadisələri çox dərindən izləyən, o vaxtkı mətbuatı oxuyan və dünyada, o cümlədən həmin bölgədə vəziyyətlə maraqlanan insanlardan biri idim. Çünki bu, mənim peşəmə çox aid idi.

Misirin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparanların o zaman Süveyş kanalını bağlaması və bu kanaldan istifadə edən böyük dövlətlərin güclü təzyiqlərinə baxmayaraq öz planlarını iradə ilə həyata keçirməsi dünyada bütün insanları heyran edirdi.

Mən bu barədə çox danışa bilərəm. Ancaq bunların hamısı Misir xalqının, onun mütərəqqi insanlarının, o vaxt Misir inqilabına başçılıq edən Camal Əbdül Nasirin qələbəsi ilə qurtardı və nəhayət, onlar qalib gəldilər. Süveyş kanalını nəzarətə aldılar və Camal Əbdül Nasir Misirin prezidenti seçildi.

Biz yaşadığımız ölkədə xalq, dövlət, hökumət - hamı Misirdə inqilab edənlər tərəfində idi, onları dəstəkləyirdi. 1950-ci illərin axırı idi. Camal Əbdül Nasir Sovetlər İttifaqına gəldi. Bunu Sovetlər İttifaqının tarixində görünməmiş böyük bir hadisə kimi qarşıladılar. O səfər zamanı Camal Əbdül Nasir Azərbaycanı da ziyarət etdi. Bu, indiki kimi, gözümün qarşısındadır. Bütün Bakı, Azərbaycan onu qarşılamağa çıxmışdı. Hətta onu da deyə bilərəm ki, bizim indiki Binə hava limanı o vaxt Camal Əbdül Nasiri gətirən təyyarə kimi böyük təyyarələri qəbul edə bilmirdi. "Nasos" qəsəbəsindəki hərbi aeroport bu baxımdan yaxşı vəziyyətdə idi, təyyarəni ora qəbul etdi. Həmin aeroportun bütün ərazisi insanlarla dolu idi. Mən də orada idim.

Xatirimdədir, oradan onun üçün ayrılmış iqamətgaha qədər, - o, indiki dövlət iqamətgahı idi, - yollarda, bütün küçələrdə yüz minlərlə adam Camal Əbdül Nasiri salamlayırdı. Yadımdadır, onu aparan avtomobilin irəliləməsi bəzən çox ləngiyirdi, çünki insanlar avtomobili saxlayıb onu salamlayır, onu görmək istəyirdilər.

Mən özümü çox xoşbəxt hesab edirəm ki, həmin vaxt Bakıda idim. Camal Əbdül Nasirin qarşılanmasında iştirak edirdim və onunla tanış oldum, görüşlərdə iştirak etdim. Bu, qəlbimdə indiyə qədər də yaşayır. Təbiidir ki, bu, o vaxt bütün xalqın müstəmləkə sisteminə, əsarətə, istismara olan etirazı idi. Eyni zamanda xalqların müstəqillik əldə etmək üçün başladıqları hərəkata olan dəstəyi idi. Azərbaycanın insanları, xalqı o vaxt bu prosesi dəstəkləyirdi. Camal Əbdül Nasir bu prosesdə çox fərqləndiyinə görə, ona xüsusi məhəbbət və xüsusi hörmət vardı.

Onu görənlər yəqin bilirlər ki, çox hündürboy, enlikürək, gözəl kişi idi. Onun simasında həm ərəb cizgiləri, həm də çox yüksək mədəniyyət cizgiləri vardı. O, vəfat edəndə də Sovetlər İttifaqında da, Azərbaycanda da hamımız çox məyus olmuşduq.

Xatirimdədir, sonra, 1973-cü ildə mən Misirə gedəndə, - orada səkkiz-doqquz gün qalmışdım, Sovetlər İttifaqının böyük bir nümayəndə heyətinə başçılıq edirdim, - onun qəbrini ziyarət etdim. Onun qəbri Qahirədə bir məsciddədir. Tarixi faktları düz deyirəmmi?

Ondan sonra Misir Ərəb Respublikasına Camal Əbdül Nasirin yaxın silahdaşlarından biri, böyük siyasi xadim Ənvər Sədat başçılıq etdi. O da çox böyük işlər gördü. Ancaq təəssüflər olsun ki, terror nəticəsində həlak oldu. Mən daha vaxtınızı almaq istəmirəm. Sadəcə, bu inqilabın başlanğıcını və onun qeyri-adiliyini sizə çatdırmaq üçün bunların üzərində çox dayandım.

Çox sevindirici haldır ki, həmin o nəsil, yəni o vaxtlar meydana çıxmış vətənpərvər insanların nəsli davam edir. Ənvər Sədat həlak olandan sonra onun yerinə bugünkü prezident, mənim çox hörmət etdiyim cənab Hüsni Mübarək seçildi. Hüsni Mübarək də Camal Əbdül Nasirlə, Ənvər Sədatla bir yerdə idi və o vaxt Misirin müdafiə naziri idi.

Artıq mən dedim ki, 1973-cü ildə Misirdə olmuşam. O vaxt mərhum Ənvər Sədatla da görüşdüm. Qeyd etdim ki, Camal Əbdül Nasirin qəbrini ziyarət etdim. Sonra artıq müstəqil Azərbaycanın prezidenti olaraq, Misirdə, bir sıra beynəlxalq təşkilatlarda mən hörmətli dostum Hüsni Mübarəklə bir neçə dəfə görüşlər keçirmişəm, danışıqlar aparmışam. Bütün bu görüşlərimiz, danışıqlarımız Misirlə Azərbaycan arasında olan əlaqələr və onların möhkəmləndirilməsi barədə olubdur.

Mən prezident Hüsni Mübarəki Azərbaycana dəvət etmişəm. Bir neçə dəfə görüşlərimizdə - 1994-cü ildə mən Qahirədə olanda, ondan sonrakı görüşlərimizdə də o məni Misirə rəsmi səfərə dəvət etmişdir. Ancaq nə o mənim dəvətimi yerinə yetirib, nə də mən onun dəvətini yerinə yetirmişəm. Amma hesab edirəm ki, mən onun dəvətini yerinə yetirməliyəm və vaxt tapıb mütləq Misirə rəsmi səfər etməliyəm.

Görürsünüz, tarixə mən çox vaxt həsr etdim. Amma bu, lazımdır. Çünki bugünkü gün, qeyd etdiyimiz gün, yəni 23 iyul Misir inqilabı, - mən çıxışımın əvvəlində dedim, - XX əsr tarixində ən böyük, möhtəşəm hadisələrdən biridir. Biz həmişə bunu yadımızda saxlamalıyıq və qiymətləndirməliyik.

Misirlə Azərbaycan arasında çox yaxşı dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq əlaqələri var. Biz Azərbaycanda bu əlaqələrə xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, əlaqələrimizi daim genişləndirməliyik. Bunun üçün imkanlarımız da var. Güman edirəm ki, gələcək illərdə biz bu əlaqələrimizi daha da genişləndirə biləcəyik.

Mən bu bayram münasibətilə sizi bir daha təbrik edirəm. Sizə bildirmək istəyirəm ki, mən ikinci dəfədir bu salonda sizin bayramınıza gəlmişəm. Sizdən əvvəlki səfir Azərbaycanda işləyəndə də mən buraya gəlmişəm.

Siz məni dəvət edəndə, bəlkə də inanmırdınız ki, gələcəyəm. Amma işim nə qədər də çox olsaydı, mən bugünkü bayrama gəlməyə bilməzdim. Mən artıq Misir inqilabı haqqında burada çox geniş nitq söylədim. Belə bir hadisəni gəlib burada, Misirin səfirliyində qeyd etməmək və bu barədə olanları yada salmamaq, bu hadisədən, bu gündən istifadə edib bizim münasibətlərimiz haqqında danışmamaq - təbiidir ki, mən bunu etməyə bilməzdim.

Bir də təbrik edirəm. Xahiş edirəm mənim təbriklərimi əziz dostum prezident Hüsni Mübarəkə çatdırasınız. Sizə və bütün xalqınıza bir daha sülh və əmin-amanlıq arzulayıram.

"Azərbaycan" qəzeti, 24 iyul 2002-ci il.