GUÖAM Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Yalta, 7 iyun 2001-ci il


Hörmətli Leonid Daniloviç Kuçma!

Hörmətli Eduard Amvrosiyeviç Şevardnadze!

Hörmətli İslam Əbdülqəniyeviç Kərimov!

Hörmətli Vladimir Nikolayeviç Voronin!

Hörmətli həmkarlar, xanımlar və cənablar!

Mən sizin hamınızı Azərbaycanın nümayəndə heyəti adından salamlamaq, zirvə görüşümüzə uğurlar arzulamaq və əmin olduğumu bildirmək istəyirəm ki, bu zirvə görüşü təşkilatımızın - GUÖAM-ın daha da inkişaf etməsində mühüm mərhələ olacaqdır.

Bu növbəti görüşü keçirmək təşəbbüsünə görə Leonid Daniloviç Kuçmaya təşəkkür etmək istəyirəm, hərçənd bu baxımdan bizdə indiyədək planlılıq yox idi. Hesab edirəm ki, Leonid Daniloviç Kuçmanın təşəbbüsü GUÖAM təşkilatı ilə bağlı məsələlərimizin müzakirəsi üçün bizim buraya, Krıma, Ukraynanın gözəl diyarına ən yüksək səviyyədə toplaşmağımızda mühüm rol oynamışdır.

Qeyd etməyi lazım bilirəm ki, ötən dövr ərzində GUÖAM təşəkkül yolu keçmişdir və bu, təbiidir. Qərar qəbul edildikdən, saziş əldə olunduqdan sonra hər bir təşkilatın təşəkkülü dərhal baş vermir, əksinə, bu, zamanın sınağını tələb edir. Bu gün biz deyə bilərik ki, GUÖAM təşkilatında birləşən ölkələrimiz zamanın sınağından çıxmışlar. GUÖAM yaşayır, mövcuddur və özünü hər hansı beynəlxalq təşkilata qarşı qoymur. Təbii ki, mənafelərimizlə bağlı bir sıra məsələlərin həllində ölkələrimizə kömək edir və zənnimcə, bundan sonra da kömək edəcəkdir.

Bunu demək vacibdir ki, bizim təşkilatımız ölkələrimizin, dövlətlərimizin müstəqilliyinin yetirməsidir. Bu il Sovet İttifaqının dağılmasının 10 ili tamam olur. Bu da bizim ölkəmizə, eləcə də Sovet İttifaqına daxil olmuş digər respublikalara müstəqil dövlətlər olmağa imkan vermişdir.

Müstəqilliyə gedən yol mürəkkəb prosesdir. Biz dövlət müstəqilliyini elan edərək, mühüm tarixi addım atdıq. Bununla bərabər, Azərbaycanın timsalında, - zənnimcə, digər respublikalar da öz xüsusiyyətlərini nəzərə alaraq bu fikri söyləyə bilərlər, - biz əmin olduq ki, xüsusən siyasi və iqtisadi sistemdə tamam əks tərəfə güclü dönüş edərək, bu müstəqilliyi möhkəmlətmək, qoruyub saxlamaq asan iş deyildi.

Məsələn, Azərbaycanda biz çox çətinliklərlə qarşılaşdıq. Respublikamızın xüsusiyyəti ondadır ki, müstəqillik əldə edilən zaman Azərbaycan qonşu Ermənistanla hərbi münaqişə vəziyyətində idi. Ermənistan hələ Sovet İttifaqı mövcud olduğu dövrdə, 1988-ci ildə Dağlıq Qarabağ vilayətini nəzərdə tutaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başlamışdı. Ona görə də biz müharibə və hərbi əməliyyatlar vəziyyətində idik.

Uzun illər ərzində birlikdə yaşadığımız və çalışdığımız o sistemin, - ölkələrin burada əyləşmiş rəhbərləri və mən öz timsalımızda bilirik ki, o quruluş, o sistem üçün çox işlər görmüşük, - qüsurlarından biri də bu idi ki, biz çox ədalətsizliklərlə qarşılaşdıq.

Bu ədalətsizliklərdən birinə bizim respublikamız da məruz qaldı. Təəssüf ki, Sovet İttifaqı kimi böyük ölkə Ermənistan və Azərbaycan arasındakı bu münaqişənin qarşısını ala bilmədi və almaq istəmədi, bu münaqişə genişlənib müharibəyə çevrildi və indiyədək öz həllini tapmamışdır. Üstəlik, müxtəlif səbəblərə görə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etdi, bütün azərbaycanlıları oradan didərgin saldı. Nəinki Dağlıq Qarabağ vilayətində, - orada az miqdarda əhali yaşayırdı, - həm də bu vilayətin ətrafındakı digər bölgələrdə bir milyon azərbaycanlı öz yaşayış yerlərindən qovuldu. Bir milyondan artıq adam qaçqın vəziyyətindədir və olduqca ağır şəraitdə yaşayır, onların çoxu artıq 8-9 ildir çadırlarda yaşayır. Bax, biz müstəqilliyimizi belə şəraitdə əldə etdik. Ölkəmizin daxilində baş vermiş sonrakı proseslər isə onunla bağlıdır ki, Dağlıq Qarabağda münaqişə ilə əlaqədar yaradılmış silahlı dəstələr ayrı-ayrı siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Bu isə ölkənin daxilində sabitliyin pozulmasına, hakimiyyət uğrunda mübarizəyə gətirib çıxarmışdı. Odur ki, 1993-cü ildə Azərbaycan əslində uçurumun kənarında, hərc-mərclik şəraitində idi və təbii ki, ölkənin parçalanması təhlükəsi vardı. Sonralar da müstəqilliyimizi möhkəmlətməyə mane olan hallar baş verdi. Ancaq indi böyük məmnunluq hissi ilə demək olar ki, biz bütün bunları dəf etməyə və müstəqilliyi qoruyub saxlamağa, möhkəmlətməyə müvəffəq olduq.

Bu gün müstəqil ölkə olaraq Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur, müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən də beynəlxalq əhəmiyyət kəsb edən GUÖAM kimi təşkilata daxildir.

Ölkələrimiz, əvvəla, regional prinsiplərə görə, ikincisi, mənafelərin oxşarlığına görə, xüsusən də müstəqilliyi möhkəmlətməyin və daha da inkişaf etdirməyin zəruriliyi ilə, iqtisadi əməkdaşlıq üçün və təbii ki, bu çətin keçid dövründə bir-birini dəstəkləmək üçün daha əlverişi imkanların olması ilə əlaqədar birləşmiş və GUÖAM təşkilatını yaratmışlar.

Bəzən eşidirsən ki, deyirlər, GUÖAM nəyə gərəkdir, o, nə olan şeydir, başqa təşkilatlarla ziddiyyət təşkil etmirmi? Məsələn, mən bu suallara həmişə cavab vermişəm və indi də deyirəm ki, onlar tamamilə əsassızdır. Dünyada regional təşkilatlar çoxdur və hətta MDB məkanında da GUÖAM-dan savayı ayrı-ayrı regional təşkilatlar yaranmışdır. Onlar GUÖAM-dan bəlkə də əvvəl təşkil edilmişdir.

Bizim fikrimizcə, GUÖAM-ın özünü hər hansı təşkilata qarşı qoymaq məqsədi yoxdur, əksinə, hazırda baş verən dünya proseslərinə daha fəal qoşulmağın zəruriliyini öz vəzifəsi hesab edir. Dünyada gedən proseslər isə, açığını deyəcəyəm, mürəkkəb proseslərdir. Əgər biz bir vaxtlar soyuq müharibədən əzab-əziyyət çəkirdiksə, totalitar sovet rejimindən əzab-əziyyət çəkirdiksə, indi bir çox digər hallar meydana çıxır və onlar ölkələri və xalqları heç də az müsibətlərə və çətinliklərə düçar etmir. Əlbəttə, bu baxımdan müxtəlif regionlardakı hərbi münaqişələr daha da təhlükəlidir. GUÖAM-a daxil olan ölkələrdən Azərbaycan hərbi münaqişə vəziyyətindədir. Bizim qonşumuz qardaş Gürcüstan da hərbi münaqişədən əzab-əziyyət çəkir. Mərkəzi Asiya regionunda da davakar ekstremizm, dini fanatizm tərəfindən təhlükə meydana gəlmişdir. Şübhəsiz ki, Ukrayna yaranmış proseslərlə əlaqədar çox çətinliklərlə üzləşmişdir. Moldova Dnestryanı bölgədəki münaqişədən heç cür xilas ola bilmir. Hazırda GUÖAM-ı əmələ gətirən beş ölkəni götürsək, görərik ki, üçündə hərbi münaqişələr gedir. Bizdə isə əslində müharibə idi. Ona görə də bizim məqsədimiz təşkilatımızın çərçivəsində həyata keçirilə biləcək ümumi səylərlə münaqişələrin dincliklə nizama salınmasına nail olmaqdır. Biz bunu Azərbaycan üçün çox mühüm vəzifə hesab edirik.

Bu münaqişələr özü ilə bir çox digər təhlükəli hadisələr gətirmişdir. Ümumiyyətlə, hazırda təhlükəsizlik məsələləri dünyanın bir çox regionları üçün, xüsusən də bizim regionumuz üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Nə vaxtsa özünü hətta büruzə verməyən separatçılıq kimi təzahürlər nəinki təkcə ölkələrimizə - keçmişdə Sovet İttifaqının tərkibinə daxil olmuş Gürcüstana, Moldovaya, Azərbaycana çox böyük ziyan vurmuşdur, siz bir Balkan ölkələrinə, başqa ölkələrə də nəzər salın. Mən coğrafiyanı Asiyaya qədər genişləndirmək istəmirəm. Yaxud ekstremizm, dini fanatizm, separatizm - indi bunlar hamısı birlikdə qonşu Mərkəzi Asiya ölkələrində özünü büruzə verir. Ona görə də bunu bilmək, vaxtında qabaqlayıcı tədbirlər görmək, qarşılıqlı fəaliyyət göstərmək, bu təzahürlərlə mübarizə təcrübəsinin mübadiləsini aparmaq son dərəcə böyük əhəmiyyətə malikdir.

Təşkilatımız regional qurumdur. Qarşılıqlı iqtisadi fəaliyyət, iqtisadiyyat, humanitar münasibətlər, elm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq burada, əlbəttə, ön sıraya çəkilir. Xəritəyə baxsaq görərik ki, GUÖAM ölkələri əslində bütöv bir zolağı təşkil edirlər - şimaldan başlayaraq Gürcüstan Moldova, Ukrayna, Azərbaycan, Xəzərin o tayında da Özbəkistan. Burada iqtisadi əməkdaşlıq üçün, xüsusən də Avropa Birliyinin TRASEKA, Böyük İpək yolunun bərpası kimi mühüm proqramlarının həyata keçirilməsi sahəsində əməkdaşlıq üçün çox böyük imkanlar var. Bütün bunlar həm bugünkü reallıqlarımız üçün, həm də gələcək üçün son dərəcə böyük əhəmiyyətə malikdir.

Biz, GUÖAM-da təmsil edilən ölkələr bu məsələlərlə fəal məşğul olmuşuq və TRASEKA proqramının gerçəkləşdirilməsinə fəal girişmişik. 1998-ci ildə Avropa Birliyinin himayəsi ilə Azərbaycanda ilk beynəlxalq konfrans keçirildi. Konfransda 32 ölkə, 15 beynəlxalq təşkilat təmsil olunmuşdu. Biz bir sıra qərarlar qəbul etdik, bir sıra sənədlər imzaladıq və əminəm ki, bunların hamısının böyük perspektivi, böyük gələcəyi var. Şərqlə Qərbi ən qısa yolla birləşdirən və həm də təhlükəsizlik baxımından daha sərfəli olan Böyük İpək yolunun bərpası, şübhəsiz, bizim GUÖAM təşkilatının fəaliyyət dairəsinə daxil olan vəzifədir.

İqtisadi əməkdaşlığın böyük əhəmiyyəti var. Zənnimcə, biz öz təşkilatımız çərçivəsində belə bir yekdil fikirdəyik ki, iqtisadi əməkdaşlıq sahəsində hər bir ölkənin müxtəlif ölkələrlə, müxtəlif beynəlxalq təşkilatlarla, müxtəlif regionlarla ikitərəfli və ya çoxtərəfli maraqlarının istisna edilməsi, şübhəsiz, hansısa bir öhdəlik deyildir. Bu baxımdan, GUÖAM belə əməkdaşlığa əlavədir, həmin iqtisadi əlaqələrin daha fəal irəliləməsi üçün vasitədir.

Hesab edirəm ki, ötən dövr ərzində GUÖAM formalaşmışdır. İndi təkcə ölkələrimizi deyil, dünyanın bir çox regionlarını və ümumən bütün dünyanı da narahat edən təhlükəli təzahürlərin bəziləri - beynəlxalq terrorizm, ekstremizm, dini fanatizm, davakar separatizm əvvəllər, biz 1997-ci ildə GUÖAM-ı yaratdığımız vaxtlarda bu təzahürlərə heç də bütün ölkələrdə əhəmiyyət verilmədiyinə və bəzi ölkələr onları bəlkə də qabaqcadan görə bilmədiklərinə görə, bəlkə də belə təhlükəli görünmürdü. Bu təzahürlər geniş yayılmışdır. Görünür, gələcəkdə biz məhz bu istiqamətdə daha böyük təhlükələrlə, böyük çətinliklərlə qarşılaşa bilərik. Ona görə də dünyanın təhlükəsizliyi, onun müxtəlif regionlarının təhlükəsizliyi, Avropada Qafqazda, Mərkəzi Asiyada, Şərqi Avropada təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bu təhlükəsizliyi pozan və çox böyük çətinliklər yaradan amillər isə dediyim həmin təzahürlərdir. Ona görə də mən hesab edirəm ki, biz bu məsələləri ön sıraya çəkərək, GUÖAM çərçivəsində bundan sonra da çox fəal əməkdaşlıq etməli, bir-birimizlə qarşılıqlı fəaliyyət göstərməliyik. Təcrübə mübadiləsi apararaq digər beynəlxalq təşkilatlarda dünyanın təhlükəsizliyi məsələlərinə dair fəal çıxış edərək, böyük təhlükə mənbəyi olan həmin meyllər barədə danışaraq çox iş görə bilərik.

Əvvəldə dediyim kimi, mənim fikrimcə, GUÖAM artıq formalaşmış təşkilatdır. Elə bugünkü Yalta görüşü də bu baxımdan ona görə dönüş görüşüdür ki, biz ilk dəfə olaraq burada təşkilatımızın Yalta xartiyasını və bəzi digər sənədləri imzalayacağıq. Məsələn, mən bu fikirdəyəm ki, biz təşkilatımızı inkişaf etdirməli və ona daha böyük güc, böyük fəallıq verməliyik. Odur ki, göstərdiyi təşəbbüsə və bugünkü görüşə görə Ukrayna prezidenti Leonid Daniloviç Kuçmaya bir daha təşəkkür etmək istəyirəm. Görünür, bu görüş gələcək fəal işlərimiz üçün, GUÖAM çərçivəsində daha güclü qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız üçün zəmin olacaqdır.