Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyann İmperatoru əlahəzrət Akixito ilə təkbətək görüşdəki söhbətindən - İmperator sarayı, 25 fevral 1998-ci il


Əlahəzrət Akixito: Mən sizi, Azərbaycan Respublikasının prezidentini səmimi-qəlbdən salamlayıram, sizinlə görüşməyimdən çox məmnunam.

Sizin bu ilk rəsmi səfəriniz Yaponiya ilə Azərbaycan arasında əlaqələrin durmadan inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir. Yaponiya ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr ənənəvi olaraq davam edir. Bu gün də Yaponiya dövləti müstəqil Azərbaycan Respublikası ilə əməkdaşlığın daha da sıxlaşdırılmasına xüsusi maraq göstərir. Son vaxtlar Yaponiya ilə Azərbaycan arasında əlaqələri genişləndirmək məqsədilə müəyyən işlər görülmüş, Yaponiyanın bir çox şirkəti ilə əlaqələr yaranmış, bu əlaqələr iki ölkə arasında münasibətlərin inkişafı üçün qarşılıqlı surətdə atılan ilk addımlardır. Azərbaycanda hüquqi demokratik dövlət qurulur, demokratik cəmiyyət yaranır, islahatlar həyata keçirilir, xarici olkələrlə əlaqələr genişlənir, bir sözlə əzəmətli işlər görülür. Yaponiya dövləti bütün bunları maraqla izləyir. Əminəm ki, Azərbaycan tezliklə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir.

Heydər Əliyev: Əlahəzrət imperator!

Səmimi sözlərə, qonaqpərvərliyə görə sizə minnətdarlıq edir, Yaponiyaya rəsmi səfərə gəlməyimdən çox məmnun olduğumu bildirirəm.

Bizim ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində xeyli işlər görülmüşdür. Müstəqil Azərbaycan Respublikası Yaponiya ilə münasibətlərin daim inkişaf etdirilməsinə və daha da möhkəmləndirilməsinə böyük maraq göstərir. Bildiyiniz kimi, Azərbaycan öz müstəqilliyini bir neçə il bundan əvvəl qazanıb. Respublikamız müstəqil bir dövlət kimi dünya birliyində öz yerini tutmaqdadır. Lakin ölkəmizin müharibə şəraitində olması müstəqil Azərbaycanın həyatında böyük çətinliklər yaradıb. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-dən çoxu işğal olunub, 1 milyondan artıq insan qaçqın, köçkün vəziyyətində yaşayır. Bütün bunlara baxmayaraq, biz müharibəyə son qoymaq istəyirik, onun gələcəyinin olmadığını yaxşı bilirik. Azərbaycan dünya ölkələri ilə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişaf etməsinə daim diqqət yetirir. Azərbaycanın qapıları dünyanın bütün ölkələrinin iş adamlarının üzünə açıqdır. Ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətin sabitliyi xarici investorların sərmayələrinin qorunması, xarici ticarətin sərbəstləşdirilməsi, iş adamlarının tam sərbəst fəaliyyəti üçün şərait yaratmışdır, İndi dünyanın əksər ölkələrinin ən nüfuzlu şirkətləri Azərbaycanda fəaliyyət göstərir, müstəqil respublikamızın iqtisadiyyatının inkişaf etdirilməsinə çox həvəslə sərmayə qoyurlar. 1970-ci illərdə Azərbaycana rəhbərlik edərkən Bakıda kondisionerlər zavodunun inşasında Yaponiyanın "Toşibo" şirkətinin yaxından iştirak etdiyini məmnunluqla xatırlayıram. Dünyada çox böyük nüfuz qazanmış Yaponiya şirkətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsinə respublikamızın çox böyük əhəmiyyət verdiyini bildirirəm. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün imzalanmış müqavilələrin həyata keçirilməsində "İtoçu" şirkətinin hazırda böyük paya malik olduğunu vurğulamaq istəyirəm. Yaponiyanın bir çox şirkətlərinin Azərbaycanla bütün sahələrdə əlaqələrin genişləndirilməsinə maraq göstərməsini yüksək qiymətləndirirəm.

Biz Azərbaycan-Yaponiya əməkdaşlığının daha da inkişaf etdirilməsinə səy göstərməli, iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin artmasına çalışmalıyıq.