Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Prezidentinin şərəfinə Böyük Britaniya-Azərbaycan Cəmiyyətinin təşkil etdiyi rəsmi qəbulda nitqi - London, 20 iyul 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Mən sizi səmimi qəlbdən salamlayıram və bu axşam bu saatları, dəqiqələri sizinlə bir yerdə keçirməyimi özüm üçün böyük xoşbəxtlik hesab edirəm.

Bu salonda Birləşmiş Krallığın hörmətli şəxsiyyətləri - həm bu gün hökumət üzvü olanlar, o cümlədən cənab Con Battl, həm də keçmişdə, uzun illər Birləşmiş Krallığın hökumətində böyük vəzifələrdə çalışıb, indi isə başqa sahələrdə işləyən cənab Duqlas Hörd, cənab Tim Eqqar və başqaları - Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçıları, Birləşmiş Krallığın, böyük şirkətlərinin nümayəndələri toplaşıblar. Ona görə də bu axşamkı rəsmi qəbul, sizinlə bir yerdə olmaq mənim üçün çox əhəmiyyətlidir. Qəbulda Böyük Britaniyanın keçmiş xarici işlər naziri Duqlas Hörd, Birləşmiş Krallığm energetika üzrə dövlət naziri Con Battl, "Britiş Petroleum" şirkətinin təmsilçisi Tik Over, Böyük Britaniyamn Azərbaycandakı səfıri Tomas Rocer çıxış etdilər. Rəsmi qəbula Britaniya-Azərbaycan Cəmiyyətinin sədri Tim Eqqar rəhbərlik edirdi.

Cənab Hörd, mən sizinlə görüşümün ilk dəqiqələrindən hiss etdim ki, siz siyasət sahəsində çox böyük təcrübəyə malik olan bir şəxsiyyətsiniz. Siz Birləşmiş Krallığın parlamentinin üzvü kimi böyük fəaliyyətinizlə bərabər, Böyük Britaniyanın xarici işlər naziri vəzifəsində də çox işlər görmüsünüz. Ona görə də sizinlə keçirdiyim görüşlər, apardığım danışıqlar mənim üçün çox vacib, əhəmiyyətli idi. Çünki biz sizinlə birlikdə Birləşmiş Krallıq hökuməti ilə Azərbaycan Respublikası arasında əlaqələrin bünövrəsini, təməlini qoyurduq, onu qururduq, yaradırdıq. Bu, mənim üçün çox vacib idi. Çünki gənc, müstəqil bir dövlət kimi Azərbaycan dünyada böyük nüfuza malik olan Birləşmiş Krallıq kimi ölkəylə, dövlətlə əlaqələr qurubyaratmalı idi. Mən çox məmnunam ki, həmin o illər - 1994-cü ilin əvvəllərində biz Birləşmiş Krallıq hökumətinin üzvlərində, nazirlərdə, o cümlədən bu gün bu rəsmi qəbulda iştirak edən keçmiş nazirlərdə Azərbaycanın problemlərinə böyük maraq, qayğı hiss etdik, onların ölkəmizlə əlaqələr qurmaq əzmində olduqlarını gördük. Böyük məmnuniyyət hissi ilə xatırlayıram ki, Azərbaycanda xalq tərəfindən prezident seçiləndən sonra dekabr ayında mənim ilk səfərim Fransaya, ikinci səfərim isə 1994-cü ilin fevral ayında Londona, Birləşmiş Krallığa oldu. İndi o vaxtdan dörd il keçibdir. Ancaq mən bu gün hesab edirəm ki, o vaxt, həmin səfər zamanı Birləşmiş Krallıq hökuməti ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın yaxşı təməlini qoya bildik. Bu işdə Birləşmiş Krallıq hökumətinin böyük xidmətləri olmuşdur. Bu işdə hökumət üzvlərinin, o cümlədən hökumətin o vaxtkı üzvləri - xarici işlər naziri cənab Hördün və energetika naziri cənab Eqqarın da böyük xidmətləri olmuşdur.

Mən məmnunam ki, Birləşmiş Krallıqda indi hökumət dəyişsə də, Azərbaycana qarşı siyasət dəyişməyibdir. Görünür ki, biz bu əməkdaşlığın təməlini həqiqətən çox möhkəm qoymuşuq. Mənim bu dediklərimi sübut edən odur ki, yeni hökumətin dəvəti ilə mən yenidən Birləşmiş Krallığa, Londona rəsmi səfərə gəlmişəm. Mən buraya rəsmi səfərə gəlməmişdən əvvəl, yeni hökumətin dövlət naziri cənab Con Battl iki dəfə qısa müddətdə Azərbaycanda səfərdə olmuş və biz çox səmərəli görüşlər keçirmişik, danışıqlar aparmışıq. Bilirsiniz, məni sevindirən Birləşmiş Krallıqda olan bu demokratik iqlimdir, əhval-ruhiyyədir. Bugünkü hökumət sizə qarşı 18 il müxalifətdə olmuşdur. Onlar 18 il ərzində sizi hakimiyyətdən kənarlaşdırıb hakimiyyətə gəlməyə çalışmışlar və buna da nail olmuşlar. Ancaq sizin aranızda nə qədər dostluq və səmimi əlaqələr vardır. Siz bir-birinizlə mübarizə aparmısınız, amma düşmən olmamısınız. Demokratiyanın bu cəhəti indi yeni müstəqillik əldə etmiş, demokratiya yolu ilə gedən ölkələr, o cümlədən Azərbaycan üçün çox əhəmiyyətlidir. Məni sevindirən cəhət bir də odur ki, yeni hökumətin, parlamentin üzvü, nazir cənab Con Battl mənim sağ tərəfimdə, keçmiş hökumətin üzvləri - cənab Hörd və cənab Eqqar isə sol tərəfimdə oturmuşlar. Biz Britaniya-Azərbaycan Cəmiyyətini birlikdə yaratmışıq və həmin cəmiyyətin yaranması münasibətilə bu gün bu məclisə toplaşmışıq.

Azərbaycanda biz həmişə hesab etmişik ki, Qərb ölkələrindən - iqtisadiyyat, demokratiya cəhətdən inkişaf etmiş ölkələrdən çox şey öyrənməliyik. Biz sizin ölkəni çox yaxşı tanıyırıq. Çünki biz gənc vaxtlarımızdan sizin ölkənizin tarixi haqqında kitablardan çox şeylər oxumuşuq. Sizin ölkənizin, xalqmızın mədəniyyəti, incəsənəti, ədəbiyyatı bizim hamımıza çox yaxşı məlumdur. Azərbaycan teatrının böyük sənətkarı, bizim böyük artistimiz, eyni zamanda Azərbaycan Parlamentinin üzvü Şəfiqə xanım bu məclisdə iştirak edir. O, Şekspirin şeirlərini Azərbaycan dilində saatlarla oxuya bilər. Mən isə hələ 13-14 yaşımdan Şekspirin bütün əsərlərini oxumuşdum. Bu əsərləri o qədər sevmişdim ki, hələ 15-16 yaşımda, orta məktəbdə oxuyarkən biz Şekspirin "Hamlet" əsərini tamaşaya qoyurduq və mən Hamlet rolunu ifa edirdim.

Yenə də deyirəm, bunların hamısı keçmişdən bizə məlumdur. Amma sizdə olan demokratiyanı biz o vaxtlar anlaya bilməmişdik, indi sizdən bunu da öyrəndik. Xüsusən bugünkü bu mənzərə demokratiyanın ən əyani nümayişidir. Arzu edirəm ki, bunu təkcə mən, məni müşayiət edənlər yox, bizim Azərbaycandakı həmkarlarımızın hamısı görsün və öyrənsin. Bu gün biz Britaniya - Azərbaycan Cəmiyyətinin toplantısında iştirak etdik və mən orada geniş bir nitq söylədim. Mən orada dediklərimi təkrar etmək istəmirəm. Ancaq sadəcə onu qeyd etmək istəyirəm ki, ötən dörd il ərzində biz böyük bir yol keçmişik, Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edibdir. Məhz bunların nəticəsində bu gün İngiltərə-Azərbaycan Cəmiyyətinin toplantısına bir neçə yüz adam yığışmışdı. Eşitdiyimə görə, cəmiyyətin sədri cənab Tim Eqqar bəzi adamların buraya gəlmək arzusunu yerinə yetirməyibdir. Çünki onlar Amerika şirkətlərinin nümayəndələri imiş. O istəməyibdir ki, Amerika şirkətləri gəlib burada Birləşmiş Krallığın şirkətlərindən çox olsunlar. Mən isə orada dedim ki, bu dörd ildə biz çox nailiyyətlər əldə etmişik. Azərbaycanın da nailiyyəti ondan ibarətdir ki, nəhayət, Amerika Birləşmiş Ştatları ilə Birləşmiş Krallıq arasında ciddi rəqabət yarada bilmişik. Beləliklə, bu dörd ildə biz çoxlu nailiyyətlər əldə etmişik. Bizim dostluq əlaqələrimiz daha da inkişaf edibdir. Mən hesab edirəm ki, bu görüşlər zamanı, - sabah Baş nazirlə, əla-həzrət kraliça ilə görüşəcəyəm, başqa görüşlərimiz də olacaqdır, - Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələri daha da irəliyə aparacağıq.

Cənab Hörd, siz bildirdiniz ki, mənim vaxtilə sizə dediklərimin 90 faizinin təsdiq olunduğunu bu gün bəyan edirsiniz. Qalan on faizini də bu ilin axırınadək təsdiq edəcəksiniz. Mən bilmirəm, bu məclisimiz ingilissayağı, yoxsa azərbaycansayağıdır? Yox, bu, hər ikisinin qarışığıdır. Mən təklif edirəm, bu badələrinizi Britaniya-Azərbaycan Cəmiyyətinin şərəfinə qaldırasınız. İcazə verin, bu badələrimizi Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsinin şərəfinə, sizin şərəfinizə qaldıraq. Sağ olun.