Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Prezidenti Peter Stoyanov ilə görüşdə söhbətindən - Strasburq, Avropa sarayı, 10 oktyabr 1997-ci il


Peter Stoyanov: Hörmətli cənab Əliyev! Sizin simanızda Azərbaycanın lideri ilə görüşdən məmnunluq duyduğumu vurğulayıram.

Bildirirəm ki, sizin 1995-ci ildə Sofiyaya rəsmi səfərinizi yaxşı xatırlayıram. Biz həmin səfər zamanı imzalanmış sazişləri hazırda yerinə yetiririk. Bununla belə Azərbaycanla iqtisadi əlaqələri daha da genişləndirmək istəyirik. Bundan ötrü isə imkanlar çoxdur, biz ikitərəfli əlaqələrlə yanaşı, TRASEKA proqramı çərçivəsində də əməkdaşlıq edə bilərik. Mənim ölkəm Avropanı Mərkəzi Asiya ilə birləşdirən Transqafqaz nəqliyyat dəhlizinə böyük maraq göstərir. Hesab edirik ki, bu perspektivli marşruta qoşulmağımız təkcə Bolqarıstan üçün deyil, digər ölkələr, o cümlədən Azərbaycan üçün də faydalı olar.

Heydər Əliyev: Hörmətli cənab Stoyanov, verilən məlumata görə sizə təşəkkür edirəm. Razıyam ki, Azərbaycan ilə Bolqarıstan arasında əlaqələri genişləndirmək üçün mövcud imkanlardan istifadə edilməsi ölkələrimizin iqtisadi yüksəlisinə fayda gətirər. Transqafqaz nəqliyyat dəhlizinə göstərdiyiniz marağı da biz yüksək qiymətləndiririk.

Bildirirəm ki, hazırda Azərbaycanda iqtisadiyyatın inkişafı, xüsusən dünyanın aparıcı neft şirkətləri ilə birgə əməkdaşlıq, Xəzərin Azərbaycan sektorundakı yataqlardan çıxarılacaq neftin ixracı ilə bağlı məsələlərin həlli sahələrində böyük işlər görülür. Neftin nəqlinə dair layihələrə Bolqarıstanın da qoşulması mümkündür.

Bir daha nəzərə çatdırıram ki, biz müstəqilliyə nail olduqdan sonra dünya iqtisadiyyatına qovuşmaq xətti götürmüşük və ona görə də Azərbaycanın qapıları bütün ölkələr üçün açıqdır. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir və geniş islahatlar proqramı həyata keçirir. Xarici sərmayələrin Azərbaycana gəlməsi və onların qorunması üçün əlverişli şərait, o cümlədən lazımi hüquqi-normativ baza yaradılmışdır.

Vurğulayıram ki, biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək istəyirik.

Keçid dövründə respublikamzın qarşılaşdığı çətinliklərdən də söhbət açmamaq düzgün olmazdı. Bizim ən böyük problemimiz Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasıdır. Ermənistan tərəfindən təcavüzə məruz qalmasına baxmayaraq, Azərbaycan bu problemi sülh yolu ilə həll etmək istəyir. Ümidvar olduğumu bildirirəm ki, münaqişəyə ATƏT-in Lissabon sammitinin prinsipləri əsas götürülməklə son qoyulacaq və regionda möhkəm sülh yaranacaqdır.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa