Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in sədri, Rumıniyanın xarici işlər naziri Mirça Coane ilə söhbətindən - 1 mart 2001-ci il


Heydər Əliyev: Hörmətli cənab nazir!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

İndi ATƏT təşkilatı Avropada, təkcə Avropada yox, dünyada çox mühüm rol oynayır. Onun fəaliyyəti çoxşaxəlidir. Biz ATƏT-in üzvü olaraq, təbiidir ki, onunla bütün sahələrdə əməkdaşlıq edirik və bundan sonra da edəcəyik. Ona görə də ATƏT-in hazırkı sədrinin və nümayəndə heyətinin Azərbaycana gəlməsini çox əhəmiyyətli hesab edirəm.

Dost ölkəni - Rumıniyanı ATƏT-in sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, Rumıniya və şəxsən siz, cənab nazir, bu sədrlik müddətinizdə ATƏT-in fəaliyyətinin artırılması üçün öz səylərinizi göstərəcəksiniz. Onu da xüsusi qeyd edirəm ki, Rumıniya bu il ATƏT-in sədri səlahiyyətlərini böyük məmnuniyyətlə öz üzərinə götürən kimi siz, cənab nazir, ATƏT-in indi fəaliyyətdə olan sədri bizim bölgəyə gəlmisiniz, Azərbaycana gəlmisiniz.

Demək, ATƏT-in bizim bölgədə olan proseslərə diqqətinizi, münasibətinizi bildirirsiniz. Cənab nazir, buyurun.

Mirça Coane: Cənab prezident, çox sağ olun. Bizi Azərbaycanın paytaxtında səmimi salamladığınıza görə Sizə təşəkkürümüzü bildiririk. Biz buraya gəlməkdən məmnunuq. Nümayəndə heyətində Avropa Birliyinin, Avstriyanın, Portuqaliyanın nümayəndələri də vardır.

Bu nümayəndə heyətinin tərkibində ATƏT-in müxtəlif təsisatlarını təmsil edən şəxslər də vardır. Məsələn, bizimlə bərabər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu direktorunun müavini, habelə ən mühüm təsisatlardan birinin - münaqişələrin qarşısının alınması mərkəzinin təmsilçiləri də vardır. Yəqin Siz mənim sağımda və solumda oturan bu iki şəxsi yaxşı tanıyırsınız. Onlar da çox gərgin iş görürlər. Biz onların fəaliyyətini qiymətləndiririk. Nümayəndə heyətinin tərkibində BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının Avropa Departamenti direktorunun müavini də təmsil olunubdur. O da çox mühüm təşkilatdır və burada böyük fəaliyyətləri vardır. Şübhəsiz, bizim səfirimiz də nümayəndə heyətinin tərkibinə daxil edilmişdir.

Rumıniya ATƏT-də sədrliyə başladığı andan biz fəaliyyətimizin ilkin dövründə bu regiona səfər etmək qərarına gəldik. Ona görə ki, bu region coğrafi-strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən bir regiondur. Bu region ölkəmiz Rumıniya üçün də qonşu regiondur və bizim burada maraqlarımız vardır.

Mən ondan da məmnun olduğumu bildirmək istəyirəm ki, Avropa Birliyinin də buraya marağı artıbdır. Onlar bizim bu marağımızı bölüşürlər. Əslində biz Avropa Birliyindən olan yüksək səviyyəli nümayəndə heyətindən sonra regiona gəlmişik. Bu onu göstərir ki, həm ATƏT, həm də Avropa Birliyi buraya diqqəti artırmaq və buradakı problemlərin həllinə nail olmağa çalışırlar.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Avropa Şurasına üzv qəbul olunmağınız münasibətilə təbrik etmək istəyirəm. Bu, bir daha onu göstərir və əlavə sübutdur ki, Azərbaycan Avropanın demokratik dövlətlər ailəsinə getdikcə daha çox inteqrasiya olunmaqdadır. Bu, ATƏT-ə, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna imkan verir ki, gələcəkdə daha çox əməkdaşlıq edək və müxtəlif sahələrdə mövcud olan əlaqələrimizi genişləndirək. Güclü demokratiya və vətəndaş cəmiyyəti, eyni zamanda yaxşı idarə olunan iqtisadiyyat bu gün Avropanın inkişaf reseptidir və çox şadıq ki, o, bu regiona da sirayət etməkdədir.

Cənab prezident, Rumıniyanın ATƏT-ə sədrlik etdiyi bir dövrdə qarşısına qoyduğu iki mühüm məqsəd vardır. Birincisi, ATƏT-in regionlarda olan missiyalarını, nümayəndəliklərini region dövlətləri arasında ümumi maraq kəsb edən məsələlər ətrafında əməkdaşlığa və onları ümumi mövqedən çıxış etməyə sövq etməkdir. Çünki regionlarda mövcud olan problemlər adətən bir-birinə çox oxşardır. Problemlərdən doğan çətinliklər bir-biri ilə üzvi surətdə bağlıdır. Ona görə də bunların ümumi yanaşma əsasında həllinə nail olmaq lazımdır. Mən bu sözləri Cənubi Qafqaz regionu haqqında söyləməklə bərabər, eynilə Balkan regionu barədə də deyə bilərəm. İkincisi, ATƏT-i elə bir təşkilata çevirməkdir ki, burada ATƏT digər beynəlxalq təşkilatları - BMT-ni, Avropa Şurasını, Avropa Birliyini, NATO-nu əvəzləmək istiqamətində deyil, onlarla sıx əməkdaşlıq şəraitində, bir-birinin missiyalarını tamamlamaq, əlaqələndirmə şəraitində fəaliyyət göstərsin.

Biz bu regionu ATƏT üçün olduqca mühüm bir region hesab edirik. ATƏT burada çox mühüm rol oynamalıdır, rol oynayır və biz bu rolu gələcəkdə də oynamasını istəyirik. Hesab edirik, yaxın gələcəkdə ciddi irəliləyişlərə nail olmaq mümkündür və bunun sayəsində bu regionda ATƏT-in mövcudluğu daha da genişlənə bilər.

Cənab prezident, icazə verin Sizinlə Ermənistan prezidenti arasında aparılan birbaşa danışıqları alqışladığımızı da bəyan edim. Biz bu danışıqları bəyənir və hesab edirik ki, bu danışıqlar və ATƏT çərçivəsində, xüsusilə Minsk qrupunun həmsədrləri çərçivəsində aparılan danışıqlar bir-birini əvəz etmir. Biz bu danışıqlardan uğurlar gözləyirik.

Bilirik ki, son dövrlər ATƏT-in Minsk qrupu, onun həmsədri olan ölkələr və bunların təmsilçiləri barədə burada çox danışıqlar olub, müzakirələr aparılıbdır. Amma cənab prezident, Sizi əmin etmək istəyirik ki, ATƏT, onun Minsk qrupu, Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərləri əllərindən gələni etməyə çalışırlar ki, bu münaqişənin həllində faydalı və müsbət rol oynasınlar. Biz bu fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Eyni zamanda, hesab edirik ki, ATƏT münaqişənin həll olunduğu halda, - ümidvarıq ki, bu münaqişə sülh yolu ilə tezliklə həll ediləcək, - prosesi həm siyasi, həm də maliyyə baxımından dəstəkləmək üçün beynəlxalq ictimaiyyətin və beynəlxalq ehtiyatların səfərbər olunmasında da katalizator rolunu oynayacaqdır.

Heydər Əliyev: Cənab nazir, təşəkkür edirəm. Bizim ölkəmiz haqqında ATƏT-in baxışlarını və fikirlərini bəyan etdiyinizə görə təşəkkür edirəm. Azərbaycanın Avropa Şurasına qəbul olunmasını ölkəmiz üçün tarixi hadisə hesab edirəm. Beləliklə, Azərbaycan Avropa qitəsində olmaqla yanaşı, eyni zamanda, tamhüquqlu üzv kimi Avropa ailəsinə daxil olubdur. Təbiidir ki, Avropa Şurasının, ATƏT-in bütün prinsiplərini Azərbaycanda həyata keçirmək qarşımızda duran vəzifədir.

ATƏT-in, siz dediyiniz kimi, eyni zamanda Avropa Birliyinin bizim regiona, bölgəmizə son vaxtlar diqqətinin artırılması bizdə çox böyük razılıq hissi doğurur. Bizim ölkəmizin, Azərbaycanın ATƏT-lə əməkdaşlığı bir neçə istiqamətdə həyata keçirilir. Ancaq həm ATƏT-in prinsiplərini Azərbaycanda həyata keçirmək üçün, həm Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü, Azərbaycanın sərhədlərinin toxunulmazlığını təmin etmək üçün biz ATƏT-lə əməkdaşlığımıza, xüsusən 1992-ci ildə ATƏT tərəfindən yaranmış Minsk qrupu ilə əməkdaşlığımıza, Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığımıza çox böyük əhəmiyyət veririk və bu əməkdaşlığa böyük ümidlər bəsləyirik.

ATƏT-in Minsk qrupu ilə, onun həmsədrləri ilə 7 ildir sıx əməkdaşlıq edirik. Bu əməkdaşlığın məqsədi, səbəbi Ermənistanın Azərbaycana torpaq iddiası nəticəsində, Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızı sülh yolu ilə azad etməkdir.

Dağlıq Qarabağ problemi kimi meydana atılan məsələ sonra Ermənistan-Azərbaycan arasında müharibəyə çevrilib və bu müharibə böyük itkilərə səbəb olubdur, Azərbaycana böyük zərbələr vurulubdur. Azərbaycanın əvvəlcə Dağlıq Qarabağ vilayəti, ondan sonra isə Dağlıq Qarabağın ətrafında olan 7 rayonu - ümumiyyətlə Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur.

Bu işğal nəticəsində həmin torpaqlardan bir milyona qədər azərbaycanlı zorla yerindən-yurdundan çıxarılıbdır. Onlar Azərbaycanın müxtəlif regionlarında ağır vəziyyətdə yaşayırlar. Əksəriyyəti isə çadırlarda yaşayır.

1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında döyüşlərin dayandırılması haqqında saziş imzalanıbdır. Ondan sonra sülh danışıqları başlayıbdır. Biz indiyə qədər atəşkəs rejimini qoruyub saxlayırıq. ATƏT-in sizin yanınızda oturan nümayəndəsi neçə illərdir ki, bunu müşahidə edir və atəşkəsin qorunub saxlanması üçün bizə yardımlar edir. Biz bunu müsbət qiymətləndiririk. Amma eyni zamanda sülh əldə olunmayıbdır. İşğal edilmiş torpaqlar azad olunmayıbdır və yerindən-yurdundan çıxarılmış insanlar ağır vəziyyətdə yaşayırlar.

Minsk qrupunun həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa dünyanın ən böyük dövlətləridir. Ancaq təəssüflər olsun ki, dünyada böyük imkanlarına baxmayaraq, böyük təsir gücü olmasına baxmayaraq, həm bu ölkələrin dövlət başçıları, həm də onların nümayəndələri indiyə qədər apardıqları işlərlə istənilən nəticəni əldə edə bilməyiblər.

Biz bir neçə gün bundan öncə bu məsələləri Azərbaycanın parlamentində, Milli Məclisində müzakirə edirdik. 1997-ci ildən indiyə qədər ATƏT-in həmsədrləri tərəfindən verilmiş üç təklif ilk dəfə mətbuatda dərc olundu və Azərbaycanın ictimaiyyətinə çatdırıldı. Baxmayaraq ki, biz 1997-ci ildə verilmiş iki təklifi - birini iyul ayında vermişdilər, birini də sentyabr ayında - şərti olaraq qəbul etmişdik. Amma Ermənistan bunları rədd etmişdi. Hətta bu təkliflər Azərbaycanın parlament üzvləri tərəfindən, artıq indi deyə bilərəm ki, ictimaiyyət tərəfindən çox ciddi tənqid olunur.

1998-ci ildə yeni bir təklif verilibdir - "ümumi dövlət" formulunu əks etdirən bir təklif. Biz bu təklifi alarkən Minsk qrupunun həmsədrlərinə dedik ki, Azərbaycana bundan da artıq ədalətsizlik ola bilməzdi. Biz onu rədd etdik. Amma Ermənistan bunu qəbul etdi. Nə üçün? Çünki bu, Ermənistanı tamamilə təmin edirdi. Bu sənəd Ermənistanın Dağlıq Qarabağ haqqında 1988-ci ildən həyata keçirdiyi fəaliyyəti tamamilə qanuniləşdirirdi. Mən parlamentdə bəyan etdim. Baxmayaraq ki, biz 1998-ci ildə bu təklifi rədd etmişik, mən sizə açıq deyə bilərəm, indiyə qədər insanlar sakit ola bilmirlər ki, nə cür ola bilər, Minsk qrupu Azərbaycana qarşı bu qədər ədalətsizlik etsin və bu cür təklifi Azərbaycana təqdim etsin? Biz ATƏT-ə təşəkkür edirik ki, o, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün Minsk qrupu yaradıbdır və Minsk qrupunun həmsədrləri dünyanın böyük dövlətləridir. Amma eyni zamanda Minsk qrupunun, onun həmsədrlərinin indiyə qədər bu məsələni həll edə bilməmələrinə görə təbiidir ki, narazıyıq və bizim ictimaiyyət, Azərbaycanın dövləti onların fəaliyyətinə çox ciddi tənqidlə yanaşır.

1999-cu ilin əvvəlində Minsk qrupunun təşəbbüsü və tövsiyəsi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında bilavasitə görüşlərin keçirilməsi başlanmışdır. Biz bu müddətdə çox görüş keçirmişik. Hətta bəzən hesablayırlar ki, 15, ya 16 görüş keçirmişik. Əvvəldən də bəyan etmişik ki, məsələni həll etmək üçün qarşılıqlı kompromislərə getmək lazımdır. Ancaq bir nəticə əldə edə bilməmişik. Çünki Ermənistan Azərbaycandan çox böyük güzəşt tələb edir. Buna isə biz razı ola bilmərik. Ermənistan bir tərəfdən Azərbaycanın torpaqlarını işğal edibdir, bir milyon insanı qaçqın vəziyyətinə salıbdır, təcavüzkardır. İndi də zor gücünə əldə etdiklərini qanuniləşdirmək istəyir. Ona görə də biz bununla heç razı ola bilmərik. Mart ayının 4-5-də Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin yenidən görüşü keçiriləcəkdir. Bundan sonra Fransa, Ermənistan, Azərbaycan prezidentləri arasında üçtərəfli görüş olacaqdır. Mən çox arzu edərdim ki, Ermənistan prezidenti qarşıdakı görüşdə konstruktiv mövqe tutsun.

Biz dəfələrlə bəyan etmişik, bunu mən sizə də - ATƏT-in yüksək səviyyəli nümayəndəsinə bir də bəyan edirəm ki, Azərbaycan məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır və sülh yolu ilə həll olunmasına çalışır. Baxmayaraq ki, bizim Milli Məclisdəki müzakirədən sonra Azərbaycan ictimaiyyətində məsələnin hərb yolu ilə, müharibə yolu ilə həll edilməsinə daha da çox üstünlük verilir. Bunu da anlamaq olar. Tarixən gücə qarşı həmişə güc işlədilibdir, təcavüzə qarşı böyük xilaskarlıq hərəkəti işlədilibdir. Ancaq Azərbaycanın dövlət başçısı kimi mən bəyan edirəm ki, sülh yolu ilə məsələnin həll olunması üçün hələ böyük imkanlar vardır. Bu imkanlar da birinci növbədə Minsk qrupundadır, onun həmsədrlərindədir. Təbiidir ki, bu imkanlar Ermənistan və Azərbaycan rəhbərliyindədir. Azərbaycan konstruktiv mövqe tutur. Ancaq biz Ermənistanın bütün tələblərini də yerinə yetirə bilmərik. Ona görə də, cənab nazir, mən rica edərdim ki, siz ATƏT-in Minsk qrupunda bu məsələni bir daha qaldırasınız.

Mən Minsk qrupu həmsədrləri olan ölkələrin dövlət başçılarının hamısı ilə dəfələrlə görüşüb bu məsələni müzakirə etmişəm. Amma Azərbaycanın parlamenti bunları yetərli hesab etmir və parlament adından da həm Minsk qrupunun həmsədrlərinə, yəni dövlət başçılarına, həm ATƏT-in sədrinə, həm də Birləşmiş Millətlər Təşkilatının rəhbərliyinə, o cümlədən, Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərib ciddi tədbirlər görülməsini xahiş edən qərar qəbul olunubdur.

Mən hesab edirəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri davam etməlidir. Amma bu, Minsk qrupu həmsədrlərinin fəaliyyətinin passivləşməsinə gətirməməlidir. Hər iki istiqamətdə biz çox sürətlə işlər görməliyik.

Mən sizə açıq demək istəyirəm, 8 ildir ki, çadırlarda yaşayan insanların səbri tükənibdir. Məsələnin sülh yolu ilə həll edilməsi üçün gördüyümüz tədbirlər nəticə vermədiyinə görə Azərbaycan xalqının səbri tükənibdir. Ona görə mən rica edərdim ki, siz - ATƏT-in rəhbərliyi bu barədə yeni və çox təsirli tədbirlər həyata keçirəsiniz.

Mirça Coane: Cənab prezident, çox sağ olun. İcazə verin, Sizi əmin edim ki, ATƏT və onun Minsk qrupu Sizinlə Ermənistan prezidenti arasında bu çətin danışıqlarda tərəfdaşınız, möhkəm tərəfdaşınız olmaqda davam edəcəkdir. Həmsədrlər tərəflərlə danışıqlar aparmaqda, işlərini görməkdə davam edirlər, bundan sonra da bu fəaliyyətlərini davam etdirəcəklər. Mən də ATƏT-in hazırkı sədri kimi bu fəaliyyətin gücləndirilməsi üçün əlimdən gələni etməyə hazıram.

Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları ən yüksək səviyyədə açıq surətdə bəyan edirlər ki, onlar bu münaqişənin sülh yolu ilə həllinə nail olmağa sadiqdirlər və bunun üçün hər cür səylər göstərməyə hazırdırlar.

Ancaq münaqişənin uzunmüddətli və davamlı həllinə nail olmaq üçün gərək bütün tərəflər də ciddi kompromislər etməyə hazır olsunlar və bunu həyata keçirmək niyyətini nümayiş etdirsinlər. Amma mən həm şəxsən, həm də beynəlxalq təşkilatın təmsilçisi kimi narahat oldum ki, hələ də cəmiyyətin elə təbəqələri var ki, onlar müharibə dövrünün mentaliteti ilə yaşayır, sülh dövrünün fəlsəfəsi yolunu tutmurlar.

Cənab prezident, gəlin bu cür adamlara sübut edək ki, onlar yanılırlar. Gəlin onlara nümayiş etdirək ki, sülh tərəqqi və milli qürur danışıqları yolu ilə də mümkündür. Ölkənizin lideri kimi Siz çox haqlı olaraq vətəndaşlarınızın bu münaqişə nəticəsində hələ də öz torpaqlarından didərgin düşməsi və ağır şəraitdə yaşaması məsələsinə toxundunuz.

Sizinlə bu görüşdən əvvəl keçirdiyimiz təkbətək görüşümüzdə söylədiyim fikirləri təkrar edərək bir daha bildirmək istəyirəm: ATƏT-in hazırkı sədri kimi mən mövcud imkanların müəyyənləşdirilməsi və səfərbər olunması üçün əlimdən gələni edəcəyəm ki, bunlar münaqişənin sülh yolu ilə aradan qaldırılmasına yardım edilməsi işinə yönəldilsin. O cümlədən münaqişə regionunda ərazilərin minalardan təmizlənməsi, qaçqın və köçkünlərin öz yurdlarına dönməsi, işğaldan azad ediləcək ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, infrastrukturların bərpa olunması və bir də sülhün monitorinqinin həyata keçirilməsi üçün tədbirlər görülməsinə yardım etməyə hazırıq.

Nəhayət, icazə verin Sizi əmin edim ki, Minsk qrupu fəaliyyətini passivləşdirməyəcək, zəiflətməyəcəkdir. Əksinə, bizdə hər cür enerji, imkan və siyasi iradə də vardır ki, Minsk qrupunun fəaliyyətini gücləndirək və o, siz iki prezidentin apardığı danışıqlara yardımçı olsun, öz töhfəsini versin.

Nəhayət, cənab prezident, xahiş edirəm, ATƏT-in bu missiyasından, burada fəaliyyət göstərən ofisindən və ümumiyyətlə, ATƏT-də mövcud olan təsisatların fəaliyyətindən istifadə edin. Bizi özünüzə tərəfdaş kimi qəbul edəsiniz ki, ATƏT-in təsisatları ilə birlikdə mövcud olan hər hansı çətinlik və problemlərin, o cümlədən, insan haqları sahəsində olan işlərin yaxşılaşdırılması üçün bizimlə və Avropa Şurası ilə müştərək fəaliyyət göstərəsiniz. Bizdə olan imkanlardan istifadə edəsiniz və beləliklə də ölkənizin güclənməsi, demokratikləşməsi üçün səylərimizi daha da artıraq.

Paris səfərinizdə Sizə uğurlar arzulayıram. Sizin xarici işlər nazirinizə də uğur diləyirik.

Cənab prezident, icazə verin, nəhayət, ölkəmizin prezidenti cənab İliyeskunun məktubunu Sizə yetirim. Prezident İliyesku Sizə və Azərbaycan xalqına səmimi salamlarını yetirir, ölkənizə sülh, tərəqqi arzu edir. O, bu məktubu ilə Sizi bir daha Rumıniyaya münasib vaxtda rəsmi səfərə dəvət edir.

Heydər Əliyev: Təşəkkür edirəm. Belə bir məktub almaqdan mən çox məmnunam. Xahiş edirəm, mənim salamlarımı, ən xoş arzularımı prezident cənab İliyeskuya çatdırasınız. Mən dəvəti də məmnunluqla qəbul edirəm.