Tbilisi Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasimində Azərbaycan prezidenti Heydər Əliyevin çıxışı - 9 mart 1996-cı il


Hörmətli cənab prezident Eduard Şevardnadze!

Hörmətli cənab rektor Roin Metreveli, hörmətli alimlər, hörmətli xanımlar və cənablar!

Mən bu gün böyük iftixar hissi ilə sizin qarşınızda çıxış edirəm. Bu dəqiqələri, bu günü həyatımın xoşbəxt anları sayıram. Çünki dünyada ən məşhur universitetlərdən biri olan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin məşhur alimlərindən ibarət elmi şurası mənə bu təhsil ocağının fəxri doktoru adı verilməsi haqqında qərar qəbul edib və bu fəxri mükafat artıq mənə təqdim olunubdur. Sizin bu qərarınıza görə, mənim fəaliyyətimə, xidmətlərimə, xüsusən gürcü və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində xidmətlərimə verdiyiniz yüksək qiymətə görə mən sizə təşəkkürümü bildirirəm. Çox sağ olun.

Mən bu mükafatı, yəni fəxri doktorluq adını eyni zamanda müstəqil Azərbaycan Respublikasına, onun əldə etdiyi nailiyyətlərə və onun müstəqillik yolunda uğurlar qazanmasına göstərdikləri gözəl bir münasibət kimi qəbul edirəm. Əmin ola bilərsiniz ki, mən çalışacağam, sizin mənə göstərdiyiniz yüksək şərəfi və dostluq, qardaşlıq münasibətlərini, mənim siyasi fəaliyyətimə və xidmətlərimə verdiyiniz yüksək qiyməti bundan sonrakı əməli işlərimlə doğruldum.

İki gündür ki, mən və mənimlə bərabər Azərbaycandan gəlmiş böyük nümayəndə heyəti dost və qardaş gürcü xalqının qonaqpərvərliyi, dostpərvərliyi ilə əhatə olunmuşuq. Biz iki gündür ki, böyük bir bayram keçiririk. Müstəqil Gürcüstan ilə müstəqil Azərbaycan Respublikası arasında, xalqlarımız arasında dostluğun, qardaşlığın, əməkdaşlığın, möhkəmlənməsi və inkişaf etməsi üçün çox dəyərli və cəsarətli addımlar atırıq. Güman edirəm ki, bu günlər bizim birgə gördüyümüz işlər və imzaladığımız çox böyük əhəmiyyətə malik sənədlər xalqımızın və dövlətimizin gələcəyi üçün olduqca böyük xidmətlər göstərəcəkdir.

Mənim əziz dostum, qardaşım Eduard Şevardnadze bizim bu iki gün müddətində gördüyümüz işlər və əldə etdiyimiz nailiyyətlər haqqında sizə məlumat verdi. Mən təkrar etmək istəmirəm. Sadəcə demək istəyirəm ki, mən onun bütün fikirləri ilə razıyam, onun dediyi sözlər mənim dediyim sözlərdir. Bu da çox əhəmiyyətli haldır. Biz həm Gürcüstan - Azərbaycan əlaqələrinin bu günü və gələcəyi haqqında, həm də dünya problemləri, Qafqaz problemləri haqqında eyni fikirdəyik. Bu böyük problemlər haqqında bizim eyni fikirdə olmağımız xalqlarımızın və ölkələrimizin qarşısındakı vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə çox kömək edəcəkdir.

Biz Gürcüstan ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında çox dəyərli bir sənəd imzalamışıq. Əminəm ki, hər iki tərəf bu sənədin bütün müddəalarının həyata keçirilməsi üçün əzmlə çalışacaqdır. Bizim bu görüşümüzün mühüm nəticələrindən biri cənab Şevardnadze ilə mənim Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olunması haqqında imzaladığımız birgə bəyannamədir. Bu, çox əhəmiyyətli sənəddir. Eyni zamanda bu, dünya miqyasında qiymətləndirilə biləcək böyük bir təşəbbüsdür. Bu bəyannamə bütün Qafqaz dövlətləri üçün də, başqa dövlətlər üçün də açıqdır. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəyən başqa sülhsevər dövlətlər, respublikalar da bu bəyannaməyə qoşulacaqlar.

Adətən, alimlər tarixi hadisələrə onların mənasını əks etdirən xüsusi adlar verirlər. Mən dünən imzalanmış bəyannaməni sizin qarşınızda "Tbilisi bəyannaməsi" adlandırmaq istəyirəm. Bir daha əmin olduğumu bildirmək istəyirəm ki, Tbilisi bəyannaməsi Qafqazda sülhün möhkəmləndirilməsi üçün çox faydalı olacaqdır.

Gürcüstanın və Azərbaycan Respublikasının son illərdəki vəziyyəti bir-birinə çox bənzərdir və bir çox hallarda eynidir. Biz həm ölkələrimizin daxilində, həm də ölkələrimizin təhlükəsizliyinin və ərazi bütövlüyünü qorumaq üçün eyni problemlərlə qarşılaşmışıq. Bu problemlər bizim həyatımızı çox gərginləşdiribdir. Ancaq mən ümidvaram ki, həm gürcü xalqı, həm də Azərbaycan xalqı bu problemlərin öhdəsindən gələcəkdir, həm Gürcüstanın, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunacaqdır.

Ölkələrimizin daxilində baş vermiş problemləri də xalqın dəstəyi ilə, xalqın həmrəyliyi ilə müvəffəqiyyətlə həll edirik. Gürcüstanın həyatında 1992-ci ildən indiyədək baş vermiş çox ağır və çətin problemlərin həll olunmasında gürcü xalqının milli həmrəyliyini və gürcü xalqının görkəmli oğlu, mənim dəyərli dostum Eduard Şevardnadzenin xüsusi fəaliyyətini mən burada qeyd etmək istəyirəm. Eduard Şevardnadzenin gürcü xalqı qarşısında xidmətləri keçmişdə də çox böyük olmuşdur. Ancaq Gürcüstan müstəqil dövlət kimi yaşamağa başladığı bir zamanda, Gürcüstan xarici qüvvələr tərəfindən böyük təzyiqlər altında olduğu bir zamanda, Gürcüstanın ərazi bütövlüyü pozulduğu bir zamanda, Gürcüstanın daxilində çox gərgin və mürəkkəb proseslər getdiyi bir zamanda Eduard Şevardnadzenin Gürcüstan rəhbərliyinə qayıtması və onun böyük siyasi təcrübəsi, gərgin əməyi, hesab edirəm ki, gürcü xalqının, Gürcüstanın tarixində əvəzsizdir, yüksək qiymətə layiqdir.

Biz Azərbaycanda Gürcüstanı sevdiyimizə görə, gürcü xalqına əsrlər boyu böyük hörmət etdiyimizə görə Gürcüstanda gedən prosesləri daim çox maraqla izləmiş və çalışmışıq ki, bu proseslərin normal istiqamətdə getməsi üçün kənardan da olsa həm öz həmrəyliyimizi bildirək, həm də dost əlimizi uzadaq. Ona görə də indi artıq Gürcüstanda ictimai-siyasi sabitlik bərqərar olduğu üçün, bir çox proseslərin qarşısı alındığı üçün və ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu sürətlə həyata keçirildiyi üçün, Gürcüstanda dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda çox gərəkli addımlar atıldığı üçün biz bir qonşu kimi, dost kimi ürəkdən sevinirik və mən Azərbaycan xalqı adından sizi bu nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm.

Əmin ola bilərsiniz ki, biz, azərbaycanlılar, Azərbaycan xalqı dostluğa sadiqik və dostluğumuzun əbədi olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik.

Azərbaycanda çıxarılan təbii qaz 1959-cu ildə ilk dəfə Gürcüstan torpağına gəldi, Tbilisidə ilk dəfə olaraq qaz məşəli yandırıldı. İndi isə bizim ölkələrimiz müstəqil dövlətlər olduğu bir zamanda Azərbaycanın zəngin neft yataqlarından çıxarılan neftin Gürcüstan ərazisindən keçməsi haqqında və böyük neft kəmərinin çəkilməsi haqqında qəbul edilmiş qərar da Azərbaycan ilə Gürcüstan arasında, xalqlarımız arasında mövcud dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.

Şəxsən mən ən gənc yaşlarımdan Gürcüstana, gürcü xalqına çox böyük hörmət və ehtiram hissi ilə yanaşdığıma görə bu hisslərimin keçmişdə də əməli surətdə həyata keçirilməsinə çalışmışam, indi də çalışıram və gələcəkdə də çalışacağam. Bizim dostluğumuzun gözəl nümunələrindən biri də Gürcüstanda yaşayan azərbaycanlılara göstərilən qayğı və diqqətdir. Biz bu gün mənim dostum, cənab Eduard Şevardnadze ilə bərabər, Azərbaycanın dəyərli şəxsiyyətləri olan Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin və ilk Azərbaycan Demokratik Respublikasının baş naziri, 1920-ci ildə Tbilisidə erməni terrorçularının gülləsindən həlak olmuş Fətəli xan Xoyskinin məzarlarını ziyarət etdik.

Buraya toplaşan azərbaycanlıların və bu gün məsciddə olan azərbaycanlıların hamısı Azərbaycan xalqının adət və ənənələrini, o cümlədən Azərbaycan xalqının dəyərli şəxsiyyətlərinin ruhunu və qəbirlərini Gürcüstan torpağında qoruyub saxladığınıza görə sizə böyük minnətdarlıq və təşəkkürlərini bildirirlər. Şübhəsiz ki, bu sahədə alimlərin, müəllimlərin, Gürcüstan ziyalılarının xüsusi rolu var və mən sizə Azərbaycan xalqı adından minnətdarlıq və təşəkkürümü yetirirəm.

Burada Tbilisi universitetində təhsil alan gənc bir azərbaycanlı çıxış etdi. Bu, məni sevindirdi ki, Gürcüstan torpağı burada yaşayan azərbaycanlıların da vətənidir və azərbaycanlılar bu son illərdə, Gürcüstanda çox ağır vəziyyət olduğu dövrdə də Gürcüstan torpağını heç vaxt tərk etməmişlər. Eyni zamanda Gürcüstanda əmin-amanlıq bərqərar olduğuna görə həddindən artıq sevinmiş və bu əmin-amanlığın yaranması üçün əllərindən gələni etmiş, Gürcüstan parlamentinə seçkilərdə, Gürcüstan prezidentinin seçkilərində iştirak etmişlər. Mənə verilən məlumatlara görə, Gürcüstanda yaşayan azərbaycanlıların 99 faizi Eduard Şevardnadzenin Gürcüstan prezidenti seçilməsinə səs vermişdir. Bütün bunlar, bir tərəfdən, əziz dostlarım, sizin tərəfinizdən, Gürcüstan dövləti tərəfindən, hər bir gürcü tərəfindən azərbaycanlılara göstərilən diqqətin və qayğının təzahürüdür, digər tərəfdən isə Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan vətəndaşı kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini nümayiş etdirir.

Bunların hamısı birlikdə gürcü - Azərbaycan dostluğu deməkdir. Zənnimcə, dünən və bu gün biz bu dostluğun daha da möhkəmlənməsi üçün çox dəyərli addımlar atdıq. Hörmətli alimlər, hörmətli universitet rəhbərləri, bu münasibətlə sizinlə görüşmək mənim üçün unudulmaz bir hadisədir. Bu görüş münasibətilə, sizin mənə göstərdiyiniz bu diqqət və hörmətə görə sizə bir daha təşəkkür edirəm. Sizi əmin edirəm ki, mən bu günləri heç vaxt unutmayacağam və Gürcüstan ilə Azərbaycan arasında olan əlaqələrin, dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Burada Gürcüstanın görkəmli alimi Maryam xanım Lordkipanidze çox dəyərli sözlər dedi. Mən Gürcüstan və Azərbaycan alimlərinin, universitetlərinin əlaqələrinin möhkəmləndirilməsi və inkişafı ilə bağlı təklifləri nəzərdə tuturam. Mən bu təklifləri məmnuniyyətlə qəbul edirəm və hesab edirəm ki, bizim ölkələrimizin alimlərinin, ziyalılarının, elm və mədəniyyət xadimlərinin, o cümlədən universitetlərin, akademiyaların əlaqələrinin daha da sıx olması xalqlarımız və ölkələrimiz arasında əlaqələrin daha da sıx olması üçün çox lazımdır. Mənim tərəfimdən siz bu sahədə hər bir dəstəyi ala bilərsiniz.

Sizə bir daha təşəkkür edirəm. Elmə, mədəniyyətə, ali təhsilə öz hörmət və ehtiramımı bildirirəm. Gürcüstan alimlərinə daim olan hörmət və ehtiramımı bildirirəm. Sizə cansağlığı və xoşbəxtlik arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Gələn görüşlərədək.

Şota Rustavelinin dövründə yaşayıb-yaratmış, Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvinin portreti toxunmuş xalçanı bu görüşümdən yadigar olaraq Tbilisi Dövlət Universitetinə bağışlayıram.