Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ermənistan Prezidenti Robert Köçəryan ilə təkbətək görüşündən sonra bəyanatı - Praqa, Konqres Mərkəzi, 21 noyabr 2002-ci il


Prezident Köçəryan sizə artıq hər şeyi dedi. Mən də bu fikirdəyəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri artıq ənənə xarakteri almışdır və bu, öz qüvvəsini, zəruriliyini saxlayır. İstədiyimizə hələlik nail ola bilməsək də, biz hər dəfə görüşərkən yəqin edirik ki, görüşmək görüşməməkdən yaxşıdır. Amma, bildiyiniz kimi, problem son dərəcə mürəkkəbdir, ATƏT-in Minsk qrupu onun həllinə səfərbər edilmişdir. Biz bir az əvvəl Minsk qrupunun həmsədrləri ilə görüşdük, onlar da bu məsələ ilə məşğul olurlar. Biz Ermənistan və Azərbaycan prezidentlərinin nümayəndələrinin vaxtaşırı görüşlərində də yeni imkanlar görürük. Bütünlükdə bunların hamısı münaqişənin dincliklə həlli yolunun tapılmasına yönəldilmişdir. Biz məqsədə çatmasaq da, bu görüşlər vasitəsilə irəliləyirik. Böyük olmasa da, hər halda, irəliləyiş var. Bu, irəliləməməkdən, heç nə etməməkdən daha yaxşıdır. Odur ki, bugünkü görüşü mən də müsbət qiymətləndirirəm. Hesab edirəm ki, 2003-cü ildə Ermənistanda prezident və parlament seçkiləri, habelə Azərbaycanda prezident seçkiləri keçiriləcəyi ilə bağlı vəziyyəti nəzərə almaqla, biz gələcəkdə də görüşləri dayandırmayacaq və bundan ötrü əlverişli imkanlar tapacağıq. Siz də sağ olun ki, görüşlərimizə belə böyük diqqət yetirirsiniz.