Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankaranın mərkəzi küçələrindən birinə - 3-cü caddəyə Azərbaycan prospekti adı verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı - 6 may 1997-ci il


Hörmətli prezident, hörmətli cümhur başkanı!

Hörmətli bələdiyyə başkanı, hörmətli nazirlər, Ankara vətəndaşları, əziz dostlar, xanımlar və cənablar!

Bu gün burada, Türkiyə Cümhuriyyətinin paytaxtında, başkəndində əlamətdar hadisə baş verir. Türkiyə-Azərbaycan dostluğunun yeni bir simvolu olan Ankara caddələrindən, küçələrindən birinə Azərbaycan caddəsi, Azərbaycan küçəsi adı verilir. Bu hadisə həm sizin üçün, həm bizim üçün - hamımız üçün birlikdə çox sevindirici haldır və buraya toplaşanları, Türkiyənin, Azərbaycanın bütün vətəndaşlarını bu münasibətlə ürəkdən təbrik edirəm.

Bu qərarı qəbul etmiş böyük Ankara bələdiyyə başkanına və bələdiyyənin bütün böyüklərinin hamısına təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin böyük tarixi var. Keçmiş zamanlarda, əsrlərdən-əsrlərə xalqlarımız bir-biri ilə sıx bağlı olduğuna görə heç bələdiyyə başkanı olmadan da, hökumətin qərarı olmadan da öz dəyərli yerlərinə, küçələrə, meydanlara öz sevdikləri, bir-birini birləşdirən, bağlayan, bir-birinə daha da yaxınlaşdıran adları veriblər. Bunlar bizim keçmişimizdə xalqlarımızın nə qədər bir olduğunu sübut edir.

Ancaq indi böyük Türkiyə Cümhuriyyəti dünyada özünə layiq yer tutduğuna görə və Azərbaycan xalqı da milli azadlığına, dövlət müstəqilliyinə nail olduğuna görə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daha da genişlənib və yeni vüsət alıbdır, yeni bir mərhələyə çatıbdır. Buna görə də Azərbaycanda da, Türkiyədə də insanlar, dövlət, hakimiyyət orqanları bu əlaqələrin təsdiqini nümayiş etdirmək üçün belə qərarlar qəbul edirlər.

Mən sizə bildirmək istəyirəm ki, hələ dövlət müstəqilliyi əldə edilmədən, yəni ondan öncə Azərbaycanda xalqımızın Türkiyəyə, Türkiyə Cümhuriyyətinə olan məhəbbəti özünü o qədər büruzə verirdi ki, dövlətin, hökumətin qərarı olmadan insanlar ayrı-ayrı küçələrə Türkiyə ilə əlaqədar adlar verirdilər. Azərbaycanda küçələrin, caddələrin, meydanların bir çoxu böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyır. Bakıda da, Gəncədə də, Naxçıvanda da, Sumqayıtda da, Azərbaycanın başqa şəhərlərində də Türkiyənin rəmzi olan, Türkiyəni nümayiş etdirən adlar geniş yayılıbdır. Bu şəhərlərin əksəriyyətində ən gözəl küçələr indi Mustafa Kamal Atatürkün adını daşıyır.

Bilirsiniz, mən Moskvada yaşayırdım, 1990-cı ildə oradan doğma şəhərim Naxçıvana gələndə keçmişdə Sovetlər Birliyinin böyük şəxsiyyətlərindən birinin adını daşıyan ən böyük küçələrdən birinin Atatürk adını daşıdığını gördüm. Mənim ilk addımlarım o küçəyə oldu, oraya gedib Türkiyəyə və onun böyük şəxsiyyəti Atatürkə hörmət və ehtiramımı bildirdim. Belə küçələr Bakıda da, başqa yerlərdə də var. Bunlar təbiidir, çünki insanların qəlbindəki hisslər çox vaxt dövlətlərin, hökumətlərin qəbul etdikləri qərarlardan güclü olur. Çox vaxt dövlətlər, hökumətlər, hakimiyyət orqanları bu qərarları insanların istəyinə, arzusuna görə edirlər. Bəziləri müəyyən bürokratik səbəblərə görə bunu etmək istəməsə də, xalqın təzyiqinə davam gətirə bilmir və bunu edirlər.

Mən çox sevinc hissi keçirirəm ki, bu gün Türkiyənin başkəndində, paytaxtında, bizim üçün çox əziz olan Ankara şəhərində Azərbaycan caddəsi də yarandı, yəni bu caddə var, Azərbaycan adı aldı. Doğrudur, Azərbaycan caddəsi adı Aşqabat, Bişkek, Düşənbə, Daşkənd, Almatı adlarından sonra verilir, ancaq, yəqin ki, bunun da mənası var. Həmişə ən çox hörmətli, istəkli yer son nömrələrə verilir.

Güman edirəm ki, bu qərar, bu hadisə, gözəl mərasim Bakıda, Azərbaycanda böyük sevinc hissi doğuracaqdır. Əminəm ki, bugünkü gün də, indiyə qədər atdığımız addımlar və bundan sonra görəcəyimiz işlər də Türkiyə-Azərbaycan dostluğunu daha da gücləndirəcək, yüksəklərə qaldıracaqdır.

Ankara bələdiyyə başkanının Bakı və Ankara şəhərlərinin qardaşlaşması haqqındakı təklifini məmnuniyyətlə qəbul edirəm. Güman edirəm ki, Bakı şəhərinin başçıları da bu qərarı qəbul edəcəklər. Arzu edirəm ki, tezliklə bu qərarın həyata keçirilməsi də təmin edilsin, Ankara və Bakı şəhərləri əbədi qardaş şəhərlər olsunlar.

Bu gün hava da, günəş də, Azərbaycan caddəsindəki xoş əhval-ruhiyyə də - hamısı Türkiyə-Azərbaycan dostluğuna olan münasibətdir. Məhz belə bir bahar günündə, günəşin gözəl şüaları altında, gözəl əhval-ruhiyyə ilə, insanların sevinci ilə bu caddəyə Azərbaycan caddəsi adının verilməsini məmnuniyyətlə qəbul edirəm və buraya toplaşanlara, Ankaranın bələdiyyə başkanına və mənim əziz dostum, qardaşım, cümhur başkanı Süleyman Dəmirələ hörmət və ehtiramımı, təşəkkürümü bildirirəm.

Bundan sonra Ankaraya gələn hər bir azərbycanlı bu caddəni ziyarət edəcək, burada görüşlər keçirəcək, Azərbaycanın vətəndaşları bu caddədə yaşayan insanlarla daha sıx əlaqələr quracaqlar və bunlar da Türkiyə-Azərbaycan dostluğunun bir zərrəsi kimi bizi daha da irəli aparacaqdır.

Eşq olsun türk xalqına! Eşq olsun Ankaraya! Eşq olsun Türkiyə-Azərbaycan dostluğuna!

Sağ olun.