Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycanın nümayəndələri ilə görüşdəki söhbətindən - Ankara, Gülhanə Tibb Akademiyası, 25 yanvar 1999-cu il


Heydər Əliyev:  Sizə təşəkkür edirəm, zəhmət çəkib gəlmisiniz. Mən burada olandan bəri bir çox adamlar gəlib, gözləyiblər, amma bu xəstəxananın özünəməxsus rejimi var, ona görə də heç kəsi buraxmırlar. Siz yəqin ki, televiziya ilə görürsünüz.

Türkiyənin prezidenti, mənim əziz dostum Süleyman Dəmirəl hər gün buraya gəlir. Bu gün o, Əlcəzairə gedibdir. Dünən axşam da burada idi. Baş nazir Bülənd Ecevit, Böyük Millət Məclisinin sədri Hikmət Çətin, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hüseyn Kıvrıqoğlu da məni ziyarət ediblər. Amma yenə də çoxları var. Səfir mənə deyib, - yəqin ki, sabah Türkiyənin yüksək vəzifəli adamları ilə görüşmək lazım olacaqdır. Amma mən istəmirdim ki, siz gələsiniz. Mənə deyilməmişdi, sonra səhər eşitdim ki, belə bir təşəbbüs etmisiniz. Sağ olun, bir daha təşəkkür edirəm, zəhmət çəkib gəlmisiniz. Mən Gülhanə Tibb Akademiyasında böyük diqqət və qayğı ilə əhatə olunmuşam. Burada nə lazımdırsa, hamısını edirlər.

Elçin Əfəndiyev (Baş nazirin müavini): Siz sağ olun, əsas odur. Məlumat verim ki, Sizin tapşırığınızla Qazaxıstana, prezident Nazarbayevin andiçmə mərasiminə getmişdim. Orada olduğum müddətdə bütün qonaqlar özləri mənə yaxınlaşıb Sizi soruşur, salam söyləyirdilər. Sizinlə bağlı mövzu birinci idi, sonra Nazarbayevdən danışırdılar. Yanvarın 20-də səhər Hikmət Çətin gəldi, dedi ki, ayın 19-da mən Heydər bəyin yanında olmuşam. O, hamıya təfsilatı danışdı. Prezidentlərin hamısı - Kərimov, Akayev, başqaları Sizə salam göndəriblər.

Heydər Əliyev:  Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətin oradan qayıdan günü prezident Süleyman Dəmirəl ilə birlikdə mənim yanıma gəldi və Qazaxıstandakı mərasim, görüşlər barədə danışdı. Həmin prezidentlərin hamısı buraya teleqramlar göndərib, telefon ediblər. Başqa dövlət, hökumət başçıları da həmçinin. Teleqramlar, telefon zəngləri bu günə qədər də davam edir.

Mən burada bütün işlərlə məşğul oluram, telefonla əlaqə saxlayıram. Əsas məsələlər, hansılar ki, mənimlə razılaşdırılmalı, məndən göstəriş alınmalıdır, bunların hamısı təşkil olunur.

Arif Rəhimzadə (Milli Məclis sədrinin birinci müavini): Cənab prezident, buraya çox adam gəlmək istəyir. Biz də çalışdıq ki, gəlişimizi məxfi eləyək. Çünki bilirdik ki, bilsəniz, icazə verməyəcəksiniz. Təyyarəyə minəndən sonra dedilər ki, səfirliklə əlaqə saxlayın. Biz gəldik, amma gəlməyə də bilməzdik. Ona görə ki, çox adam gəlmək istəyir. Fikirləşdik ki, həm onlara təsəlli olsun, həm də özümüz Sizi çox görmək istəyirdik.

Elçin Əfəndiyev:  Cənab prezident, ilk günlər sənət adamları Sizin xəstələnməyinizdən çox nigarançılıq keçirirdilər. Amma səhhətinizin yaxşı olduğu barədə məlumat alandan sonra hər şey qaydasına düşdü. Mən yazıçıların, incəsənət adamlarının, teatr xadimlərinin çox səmimi, ürəkdən gələn salamlarını Sizə çatdırıram. Kimi görürəmsə, Sizi soruşur, zəng edir, hamı Sizin tezliklə tam sağalıb Bakıya qayıtmağınızı arzulayır.

Heydər Əliyev:  Onlara təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycanda işlədiyim zaman heç vaxt olmayıb ki, mən xəstə olub işə çıxmayım. Ona görə də indi bu müəyyən qədər həm təəccüb, həm də həyəcan doğurubdur.

Amma hər ölkədə dövlət başçısı, hökumət başçısı xəstələnir də, xəstəxanada da yatır, yaxud müayinə olunur, başqa bir ölkədə istirahət edir. Hörmətli prezident Süleyman Dəmirəl hər il məni buraya istirahətə dəvət edir. Hər dəfə də deyir ki, başqa dövlət, hökumət başçıları gəlir, amma sən gəlmirsən. Hətta axır zamanlar gördüm ki, fikirləşir - bəlkə mən gəlmək istəmirəm. Dedim ki, yox, Türkiyəyə gəlmək mənim üçün həmişə əhəmiyyətlidir. Məsələn, Türkiyənin elə istirahət yerləri var ki, Azərbaycandan çoxları gəliblər, amma mən heç o yerlərin üzünü də görməmişəm. Ümumiyyətlə, Türkiyədə İstanbul və Ankaradan başqa ayrı bir yeri görməmişəm. Bir də Naxçıvanda işləyəndə oradan Qarsa, Ərzuruma gəlirdim. Türkiyədə bunlardan savayı başqa bir yer görməmişəm, o istirahət yerlərini də görməmişəm. Təbii ki, gərək mən də gələydim, istirahət edəydim. Ancaq mənim təbiətim həmişə belə olubdur. Xüsusən son illər Azərbaycanda vəziyyət çətin olduğuna görə, çox problemləri həll etmək lazım gəldiyinə görə mən özümə heç vaxt istirahət verməmişəm. Bəzən mənə deyirlər ki, filankəs qriplə xəstələnib, üç gündür işə çıxmır, yaxud soyuq dəyibdir. Deyirəm, belə şey olarmı? Amma mən soyuqdəyməni, qrip xəstəliyini bir neçə dəfə ayaqüstə keçirmişəm. Yəni heç vaxt işdən qalmamışam. Axşam evə gəlmişəm, temperaturum bir az artıb, dərman atmışam.

Burada hamı təəccüblənir ki, mən doqquz ildir həkimsiz yaşayıram. Moskvada olan zaman, işlədiyim son illərdə də həkimim vardı, vaxtaşırı gəlib yoxlayırdı, lazım olanda özüm gedirdim. Amma 1990-cı ildə oradan ayrıldım, Naxçıvana gəldim. Allaha şükür ki, Naxçıvanda heç bir şey olmadı, eyni zamanda həkimə də müraciət etmədim. Bakıya gələndə bizim ailədən mənə təklif elədilər ki, şəxsi həkim lazımdır. Çünki bu belədir - hər bir dövlət başçısının şəxsi həkimi olur, səfərlərə gedəndə onu müşayiət edir, lazım olanda profilaktika aparır. Mən bundan da imtina elədim, istəmədim, çünki görürdüm ki, ehtiyacım yoxdur.

Bakıda olduğum axırıncı beş il yarımda bir neçə dəfə məndə qrip xəstəliyi olub, temperaturum qalxıbdır. Amma yenə deyirəm, işdən qalmamışam. Axşam gəlib aspirin atmışam, səhər yaxşı olub, yenə işə getmişəm.

Həftənin ikinci günü idi. Səhər hiss etdim ki, bədənim normal vəziyyətdə deyil. İşə gəldim, başım qarışdı. Amma görürdüm ki, üşüyürəm. Axşam İlhamgilə, nəvələrimi görməyə getdim, yenə gördüm ki, üşüyürəm. Mən, adətən, üşüyən adam deyiləm, çox da yüngül geyinirəm. Axşam temperaturum qalxdı. Üçüncü gün səhər duranda temperatur vardı, amma günün axırında normal oldu. Dördüncü gün gəlib işlədim, beşinci gün bir neçə təyinat lazım idi, çox adamlarla görüşdüm. Evə gedəndə axşam saat on idi. Altıncı günə də, bilirsiniz, ölkəmizdə siyahıya alınmaya dair böyük bir müşavirə təyin olunmuşdu, onunla əlaqədar kağızları da götürmüşdüm, onlara baxırdım. Səhər duranda gördüm ki, vəziyyətim əvvəlkinə nisbətən yaxşı deyil, ancaq yenə də saat on ikiyə qədər hazırlaşırdım ki, işə gedim. Saat on ikidə hiss elədim ki, gedə bilməyəcəyəm, telefon etdim ki, müşavirəni mənsiz aparsınlar. Axşam temperaturum 38 dərəcədən də yuxarı qalxdı.

Dostum Süleyman Dəmirələ məlumat verildi. O, gecəynən iki təyyarə ilə hərbi qospitalın həkimlərini göndərdi, bir neçə dəfə də mənə telefon elədi ki, gəl. Səhər artıq özümü normal hiss eləyirdim, deyirdim ki, daha getməyəcəyəm, amma gecə söz vermişdim ki, gedəcəyəm. Səhər həkimlər bunu Süleyman Dəmirələ xəbər verdilər və o, bir də telefon etdi ki, bir halda belə narahatçılıqdır, sən gəl, həm bir az istirahət elə, həm də yoxlasınlar. Mən də razı oldum, gəldim. Amma gəlməzdən qabaq təhlükəsizlik şurası üzvlərinin hamısını iqamətgaha çağırmışdım, onlarla ətraflı söhbət etdim. İş ondadır ki, o gün hava da çox pis idi, yadınızdadırmı? Ona görə də həkimlər mənə dedilər ki, hava limanında mərasim keçirməyə ehtiyac yoxdur. Mən buraya gəldim, o axşamı da qar yağdı. İndiyə qədər qar yağmamışdı və mənə deyirlər ki, bərəkət gətirmisən. Düzdür, indi qar əriyibdir, ancaq mən gələn günün axşamından səhərə qədər qar yağmağa başladı. Bu pəncərələrdən Ankara çox gözəl görünür, baxırdım ki, qar hər yeri tutubdur.

Buraya gəldiyim gündən hər gün məni televiziya ilə görürsünüz. Yəqin ki, bir-iki günə Azərbaycana dönəcəyəm. Ona görə deyirdim ki, siz gəlməyin.

Bəxtiyar Vahabzadə (Xalq şairi): İnşallah, nə vaxt gəlirsiniz?

Heydər Əliyev:  Yəqin, hələ bir-iki gün müalicə alacağam. Buradakıların hamısı təəccüb edir ki, doqquz il məndə heç bir müayinə, yoxlama olmayıbdır. Gülhanə Tibb Akademiyası çox gözəl xəstəxanadır. Yüz illik tarixi var və Türkiyə Silahlı Qüvvələrinin Hərbi Tibb Akademiyasıdır. Gülhanə xəstəxanası çox böyük kompleksdir, burada çox yüksək səviyyəli həkimlər var. Süleyman Dəmirəl telefonla da deyirdi ki, burada ən yüksək dünya səviyyəsində, Amerikanın, Avropanın tibb sahəsində inkişaf etmiş ölkələrinin səviyyəsində müalicə var. Mən özüm gəlib gördüm, çox gözəl həkimləri var, ümumiyyətlə, burada işin qurulması çox yüksək səviyyədədir. Bunun filialı da İstanbuldadır. Eyni zamanda burada çox gözəl nizam-intizam, qanun-qayda mövcuddur.

Bəxtiyar Vahabzadə:  Eyni zamanda Türkiyədə böyük dövlətçilik ənənəsi var, hərbi ənənə çox güclüdür. Yəqin ki, buradan Birinci cahan müharibəsində də istifadə ediblər.

Elçin Əfəndiyev: Burada paralel olaraq həm müalicə gedir, həm də tədqiqat aparılır, təhsil verilir.

Heydər Əliyev: Bəli, bura akademiyadır, həkimlər hazırlayırlar, cürbəcür ixtisaslaşma aparırlar. Bu, çoxşaxəli bir müəssisədir. Düzü, mən buna çox sevindim. Çünki təsəvvür edə bilmirdim ki, Türkiyədə belə bir yüksək səviyyəli xəstəxana var. Təbii ki, Türkiyə qədim dövlət, hər sahədə inkişaf etmiş böyük, qüdrətli ölkədir. Amma düşünürdüm ki, tibb sahəsində necədir. Mən müqayisə edirəm, - düzdür, on il bundan qabaq gördüyümdür, - Moskvada Siyasi Büro üzvlərinin müalicə olunduqları xüsusi bir yer var idi, otaqları çox idi. O da yaxşı idi, amma bura ondan yüksəkdir. Güman edirəm, onlar da bu on il müddətində səviyyəni müəyyən qədər artırıblar. Amma yenə deyirəm, bura yüksəkdir. Çox sevindirici haldır.

Bildiyimə görə, Gülhanədə bizim 30-dək tələbəmiz və tibb bacımız var, burada təhsil alırlar. Çox gözəldir. Təhsil alıb, yaxşı da təcrübə qazana bilərlər.

Bəxtiyar Vahabzadə: Bu il Osmanlı imperatorluğunun 700 illiyi qeyd olunmalıdır. İstəyirlər ki, Göytürk imperatorluğunun 1450 illiyini və Osmanlı imperatorluğunun 700 illiyini bir yerdə keçirsinlər. Ancaq, deyəsən, birincisini qəbul etməyiblər.

Elçin Əfəndiyev: Osmanlı imperatorluğunun 700 illiyi YUNESKO-nun tədbirlərinə daxil olunubdur.

Heydər Əliyev: Maraqlıdır, Göytürk imperatorluğunun yubileyinin keçirilməsi nə üçün qəbul olunmadı?

Bəxtiyar Vahabzadə: Orta Asiyanın türkdilli respublikalarından biri buna etiraz edibdir.

Heydər Əliyev: Bu mübahisədən xəbərim var. Yubileylərin tarixləri "50" rəqəmi ilə başa çatanda buna çox meyl göstərmirlər, çünki belə tarixlər çoxdur və ona görə də qəbul edilmək şansı az olur...

Heydər Əliyev: Bu, onunla əlaqədar deyildir. Bəxtiyar müəllim səbəbini bilir, mən də bilirəm.

Əli Nağıyev (Əmək və əhalinin sosial müdafiəsi naziri, Yeni Azərbaycan Partiyası sədrinin müavini): Cənab prezident, partiya üzvlərinin hamısının Sizə salamı var, səbirsizliklə yolunuzu gözləyirlər. Sizin xəstələnməyiniz camaatı həddindən artıq ağrıtdı, ancaq Süleyman Dəmirəl ilə yan-yana dayanıb bəyanat, müsahibə verməyiniz adamları tamamilə sakitləşdirdi, ürəkləri yerinə gəldi. Bir sözlə, respublikada hamı Sizi məhəbbətlə gözləyir.

Zeynəb Xanlarova (Xalq artisti): İki gün bundan qabaq biz Mir Möhsün ağanın qəbri üstündə üç qurban kəsdirdik. Yolboyu görürdük ki, insanlar qurban alıb aparır və orada kəsdirirlər. Sizi yormaq istəmirəm, amma bir epizod da deyim. Çox kasıb bir bağban var, körpə quzu alıb böyüdüb, indi yekə bir qoçdur. Deyir ki, o kişi gəlsin, mən də qoçu onun ayağının altında kəsəcəyəm. Bilirlər ki, mən Sizi çox istəyirəm, inanın, hər sahədən adamlar zəng edib Sizi soruşurlar. Çadırdakı qaçqınların da əlləri göydədir, Sizə dua edirlər. Ona görə də dedim ki, heç olmasa gedim, bu sözləri Heydər müəllimə çatdırım. Əlbəttə, gül-çiçək gətirmək istəyirdik, yolda buraxmadılar.

Heydər Əliyev: Çox sağ ol, düzdür, gül buraxmırlar, ancaq yaxın adamların vizit kartı ilə gül göndərirlər. Vizit kartını qəbul edirlər, amma buraya gül gətirmək olmaz. Buranın belə qanunu var. Hörmətli Məsud Yılmaz gül göndərmişdi, düzdür, onu gətirib göstərdilər və dedilər ki, bundan sonra heç göstərməyəcəyik.

Bəxtiyar Vahabzadə: Bizdə, Azərbaycanda da təbabət aşağı səviyyədə olmayıb, bu barədə söhbət eləmişik. İstər təbabət, istərsə də başqa elm sahələri üzrə ən gözəl professorlarımız Moskva məktəbini keçiblər və onların biliyi də aşağı olmayıbdır. Ancaq axır vaxtlar müasir avadanlıq, aparatlar bizdə yoxdur. Mən deyərdim ki, bizim həkimlərimizdə fəhm heç də bunlardan əskik deyildir.

Heydər Əliyev: Bu fikrə tamamilə şərikəm. Keçmiş zamanlarda bizim həkimlərimiz aparatsız-filansız müalicə edirdilər, buradakılar bu xüsusiyyətlərə malikdirlər. Amma həqiqətən bizim müxtəlif sahələrdə olan həkimlərimiz, alimlərimiz çox savadlı, bilikli, təcrübəlidirlər.

Tarixi arayış