Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinə müraciəti - Bakı şəhəri, 4 may 1998-ci il


Azərbaycan Respublikasının Milli Məclisinin mayın 1-də keçirilən iclaslarında Azərbaycan Respublikasının prezidentinin seçkiləri haqqında və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası haqqında qanun layihələri ətrafında gedən müzakirələri Azərbaycan Dövlət televiziyası verilişləri vasitəsilə diqqətlə dinləmişəm. Məlum oldu ki, göstərilən qanun layihələrinin bəzi müddəaları müxalifəti təmsil edən bir sıra deputatları narahat etmişdir. Bununla əlaqədar bildirirəm ki, Milli Məclisə təqdim edilən qanun layihələri dünyada mövcud olan prezidentli respublikaların, o cümlədən MDB üzvü olan ölkələrin standartlarına və praktikasına uyğun hazırlanmışdır.

Hesab edirəm ki, bəzi deputatların narahatçılıqlarının əsas səbəbi onların təmsil etdikləri siyasi partiyalar tərəfindən gələcəkdə irəli sürülməsi nəzərdə tutulan prezident vəzifəsinə namizədlərin Azərbaycan Respublikasının prezidentinin seçkiləri haqqında qanun layihəsində nəzərdə tutulan tələblərin yerinə yetirilməsində çətinlik çəkmələri qorxusudur. Zənnimizcə, əhali tərəfindən geniş dəstəklənən prezident vəzifəsinə namizəd bu layihədə nəzərdə tutulan müddəalara riayət etməyə qadir olmalıdır. Qeyd etmək istərdim ki, bir sıra ölkələrdə prezident vəzifəsinə namizədlər üçün daha sərt tələblər nəzərdə tutulmuşdur. Bu onunla bağlıdır ki, söhbət dövlət başçısının seçirməyindən gedir və dövlət başçısı vəzifəsinə namizəd bütün xalqın mandatını almağa qadir olmasını sübut etməlidir.

Eyni zamanda Milli Məclisdə qanun layihəsi ətrafında gedən müzakirələr zamanı layihədə dəyişiklikləri tələb edən deputatların onların təmsil etdikləri siyasi partiyaların nümayəndələrinin gələcək prezident seçkilərində müəyyən çətinliklərlə rastlaşmalarına dair narahatçılıqlarını anlayaraq, Azərbaycan Respublikasının prezidentinin seçkiləri haqqında qanun layihəsində aşağıdakı dəyişikliklərin edilməsini mümkün hesab edirəm:

Hal-hazırda qanun layihəsində nəzərdə tutulmuşdur ki, "Seçici birliklərinin, seçici bloklarının və yaxud seçicilərin təşəbbüs qruplarının prezidentliyə irəli sürdükləri namizəd üçün təyin etdikləri səlahiyyətli nümayəndələr vasitəsilə 50 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. Bu halda toplanan imzaların ümumi sayının 0,8 faizindən az olmayan hissəsi seçkilər keçirilən hər bir rayonun (şəhərin, şəhərdə rayonun) ərazisindən toplanmalıdır". Bu müddəa aşağıdakı redaksiyada verilə bilər: "Seçici birliklərinin, seçici bloklarının və yaxud seçicilərin təşəbbüs qruplarının prezidentliyə irəli sürdükləri namizəd üçün təyin etdikləri səlahiyyətli nümayəndələr vasitəsilə 50 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. Bu halda toplanan imzaların ümumi sayının 0,4 faizindən az olmayan hissəsi seçkilər keçirilən rayonların (şəhərlərin, şəhərdə rayonların) yarısından çoxunun ərazisindən toplanmalıdır".

Milli Məclisdə Mərkəzi Seçki Komissiyasının siyasi partiyaların təmsilçiliyi prinsipi əsasında formalaşdırılması müxalifəti təmsil edən bəzi deputatlar tərəfindən təklif edilmişdir. Qeyd etmək istərdim ki, təqdim edilən qanun layihəsində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası gələcəkdə Azərbaycan Respublikasının Konstitusiyasında xalq tərəfindən birbaşa seçilmələri nəzərdə tutulan ali dövlət hakimiyyət orqanlarının formalaşdırılmasını təmin edən vahid dövlət orqanıdır. Məhz buna görə, Mərkəzi Seçki Komissiyası həmin dövlət hakimiyyəti orqanları tərəfindən paritet və təmsilçilik prinsipləri əsasında təşkil edilməlidir. Heç bir hakimiyyət budağı - nə Azərbaycan Respublikasının prezidenti, nə Azərbaycan Respublikasının Milli Məclisi bu orqanı təkbaşına və müstəsna şəkildə təşkil edə bilməz. Lakin hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının tərkibinə hər bir prezidentliyə namizədin nümayəndəsinin məşvərətçi səs hüququna malik üzv statusu ilə daxil edilməsi mümkün olardı. Eyni zamanda ərazi və məntəqə seçki komissiyalarının bitərəf vətəndaşlar arasında keçirilən püşkatma yolu ilə təşkil edilməsinin qanun layihəsində birbaşa nəzərdə tutulması mümkündür.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış