Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Belarus Respublikasının baş naziri Vladimir Yermoşini qəbul edərkən söhbətindən - 8 avqust 2001-ci il


Heydər Əliyev: Vladimir Vasilyeviç, sizi və sizin mötəbər nümayəndə heyətini salamlayıram.

Buraya məhz belə bir heyətlə gəlməyinizə çox şadam və bunu Belarusla Azərbaycan arasında iqtisadiyyat, elm, mədəniyyət sahəsində və bütün digər sahələrdə münasibətlərin daha da inkişafı üçün olduqca faydalı hesab edirəm. Əməkdaşlıq üçün böyük imkanlarımız var, amma demək lazımdır ki, biz onlardan heç də tam istifadə etmirik. Ona görə də sizin addımınız, bizim baş nazirin dəvəti ilə səfəriniz, şübhəsiz, əməkdaşlığımızı fəallaşdırmaq üçün yaxşı başlanğıcdır.

Biz - sizin ölkəniz və Azərbaycan bir-birimizi çoxdan tanıyırıq. Keçmişdə birlikdə Sovetlər İttifaqının tərkibində olmuşuq. İndi MDB-nin tərkibində müstəqil dövlətlər olaraq vaxtaşırı görüşürük, fikir mübadiləsi aparırıq, bu və ya digər qərarları müəyyənləşdiririk. Mənə gəlincə, şəxsən mən Belarusa, Belarus xalqına həmişə böyük məhəbbət bəsləmişəm. Mən keçmiş vaxtlarda da sizin respublikanıza gəlmişəm. Lakin indi MDB-nin qərargahının sizdə yerləşməsi və bundan əlavə, dövlət başçılarının görüşlərinin bir neçə dəfə Minskdə keçirilməsi ilə əlaqədar ölkənizə gəlmək imkanım olmuşdur. Mən sizin uğurlarınıza sevinirəm. Bununla belə, sizdə də, bizdə də problemlər var. Əgər bir daha sıx əməkdaşlıq etsək, onların bir çoxu, xüsusən iqtisadiyyat sahəsindəki problemlər həll oluna bilər. Zənnimcə, siz baş nazirlər və nümayəndə heyətinizin digər üzvləri nazirlərlə, müxtəlif idarələrin rəhbərləri ilə bu gün həmin məsələləri müzakirə etmisiniz və yenə də müzakirə edəcəksiniz. Bütün bunlar çox faydalı olacaqdır. Mən sizi salamlayıram.

Vladimir Yermoşin: Cənab prezident, xoş sözlərinizə görə çox sağ olun. Biz buraya əməkdaşlığımızın söhbət açdığınız praqmatik vəzifələrinin həlli üçün gəlmişik.

Mən hər şeydən öncə Aleksandr Qriqoryeviçin ən səmimi salamını Sizə yetirmək istərdim. Dünən o dedi ki, Heydər Əliyeviçlə bu yaxınlarda görüşdüm, bu görkəmli xadimə səmimi hörmət hissləri bəsləyirəm və onun Belarusa xoş münasibətlərini yüksək qiymətləndirirəm. Buna görə də onun dünən bildirdiyi ən yaxşı arzuları Sizə yetirirəm.

Biz bunu xüsusilə qiymətləndiririk ki, məhz Siz Belarus tərəfə, obrazlı desək, heç vaxt daş atmamısınız və biz də Azərbaycana qarşı heç vaxt belə şey etməyəcəyik.

Siz MDB-dən də danışdınız. Biz Sizi Minskdə görməyə həmişə şadıq. Siz keçən il də, bu il də bizdə olmusunuz. Öz tərəfimdən deyim ki, ötən il, xatirinizdədirsə, zirvə görüşünün başa çatması münasibətilə təşkil edilmiş qəbulda söylədiyiniz nitqi unutmamışıq. Siz nitq söylədiniz və sözün düzü, mən MDB haqqında, onun əsasları, perspektivləri haqqında, dövlətlərdən hər birinin bu birlikdəki rolu haqqında belə analitik, açıq söhbəti ömrümdə heç vaxt eşitməmişdim. Yadımdadır, Kasyanov mənimlə yanaşı oturmuşdu, o dedi ki, belə təhlili ilk dəfə eşidir. Siz təxminən 20 dəqiqə əsaslardan danışdınız və bunu məntiqi şəkildə hər birimizə çatdırdınız, zənnimcə, illər ötüb keçəcək və biz əməkdaşlığımıza verdiyiniz ölçülüb-biçilmiş, analitik qiyməti həmişə xatırlayacağıq.

Heydər Əliyeviç, Siz tamamilə haqlısınız ki, Sovet İttifaqının süqutundan sonra ötən illər bizi bir-birimizdən çox ayırmışdır. Sovet İttifaqı çərçivəsində olmuş əlaqələrimiz daha yoxdur. Halbuki açıq deyə bilərik ki, o vaxtlar biz, hər bir respublika bir-birini tamamlayırdı, çünki inteqrasiya proseslərinin bölgüsü prosesləri belə qurulmuşdu. Bu gün biz hörmətli baş nazir Artur Rasizadə ilə, sizin Nazirlər Kabinetinin üzvləri ilə bir sıra məsələləri müzakirə etdik, əməkdaşlığımızın yollarını müəyyənləşdirdik. Məsələn, mən Sizin nümayəndələrinizə bildirdim ki, respublikamızın maşınqayırma sektoru iki il əvvəl tam yeni əsasda 90-cı illərin istehsal səviyyəsinə çatmışdır. Əgər biz əvvəllər bir modeldə traktor buraxırdıqsa, indi 6 modeldə traktor istehsal edirik. Əgər əvvəllər biz məşhur MAZ-ı yükünü özüboşaldan avtomobil kimi istehsal edirdiksə, indi onu 80-100 modifikasiyada buraxırıq. Şəhər və yol təsərrüfatı üçün texnikanın bütöv bir kompleksinin istehsalını mənimsəmişik və onunla özümüzü təmin edirik, məhsulun 80 faizini isə başqa ölkələrə göndəririk. Biz hər növ sərnişin avtobusları istehsal edirik. Ölkəmizdə yüngül sənaye, ağac emalı, meşə sənayesi və başqa sahələr dirçəldilmişdir. Biz bu məsələləri müzakirə edərək, əməkdaşlığın yollarını müəyyənləşdirdik. Mən hələ məişət texnikası istehsal edən digər müəssisələri - konversiya müəssisəsini demirəm. Biz hər bir sahədə öz marağımızı görürük.

Belarusun marağı nədədir? Əlbəttə, biz həmişə aldığımız ənənəvi mallara maraq göstəririk. Bizim günahımız deyildir ki, ölkəmizdə pambıq parça, yun parça istehsal edən bu qədər müəssisə var. Bizə pambıq lazımdır, tütün lazımdır, şərab məhsulları lazımdır. Bizə neft kimyası sənayesi sahəsində əməkdaşlıq lazımdır. Özünüz bilirsiniz ki, Sovet İttifaqı dövründə nə qədər kimya zavodu tikilmişdi.

Sizdə neft-qaz sənayesi inkişaf etmişdir. Əslinə qalsa, bu sənaye sizdə ənənəvi olaraq yüksək inkişaf etmiş sahədir, lakin bu gün Siz onu yeni əsasda yüksəldirsiniz. Biz burada da səylərimizi birləşdirməli və tamamlayıcı cəhətlər kimi bu sahələrdə bir-birimizə kömək etməliyik. Həm də biz ancaq ticarət sahəsində əməkdaşlığı sahmanlamaq fikrindən tamamilə uzağıq. Müştərək müəssisələr yaradılması və ya komponentlərin göndərilməsinin təmin edilməsi tamamilə mümkündür. Mənə elə gəlir ki, bu, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, məşğulluğun təmin edilməsi və xalqlarımızın rifahının yüksəldilməsi üçün son dərəcə vacibdir.

Ölkə prezidenti olaraq Sizdən xahiş edərdim ki, - bunu prezident Lukaşenko da bildirmişdir, - diplomatik münasibətlərimizin səviyyəsini yüksəldək. Biz vaxtilə diplomatik münasibətlər yaratdıq, amma bunun daha da inkişaf etdirilməsi üçün bizim burada, Azərbaycanda nümayəndələrimiz yoxdur. Bu gün mənə dedilər ki, Sizin Ukraynadakı səfiriniz əvəzçiliklə Belarusda da səfirdir. Görünür, o, yaxşı işləyir, mən onu bir dəfə də görməmişəm. Biz bu səviyyəni yüksəltməliyik. Ona görə də bu gün Belarus tərəfinin belə bir təklifini bildirdik ki, gələn il eyni vaxtda müəyyən səviyyəli diplomatik nümayəndəliklər yaradaq. Bununla nə nəzərdə tutulur? Müvəqqəti işlər vəkili, səfir bütün bunlar səviyyədən asılıdır. Əgər siz razısınızsa, mən belə bir tapşırıq verərdim və biz bu məsələləri Xarici İşlər Nazirliyinin kanalları ilə işləyib hazırlayardıq.

İkincisi. Heydər Əliyeviç, beynəlxalq təşkilatlarda da, MDB çərçivəsində də bizi siyasi cəhətdən dəstəklədiyinizə görə çox sağ olun. Bilirsiniz ki, düz bir aydan sonra bizdə prezident seçkiləri keçiriləcəkdir. Seçki kampaniyası normal gedir, heç bir gözlənilməz hal baş vermir. Əlbəttə, müəyyən xoşagəlməz hallar olur, müxtəlif cür ifşaedici matieriallar axtarmağa çalışaraq maraqlanırlar ki, prezidentin neçə kostyumu var, onun qalstuku neçəyədir, onu hansı mağazadan almışlar? Lakin seçkilərin nəticələrinin dünya birliyi tərəfindən siyasi cəhətdən tanınması respublikamız üçün son dərəcə vacibdir. Respublikada nə edilirsə, hamısı seçkilərin şəffaf, demokratik olması naminə edilir. Əlbəttə, müşahidəçilərinizin seçkilərin gedişini izləməsi, sərt siyasi çarpışmalarda qazandığınız təcrübədən və indi mövcud olan və seçkilər günü qarşıya çıxacaq problemlərə baxışınızdan bəhrələnmək seçkilərimizin ciddi dəstəklənməsində, başlıcası isə onun müsbət qiymətləndirilməsində ciddi addım olardı. Müvafiq dəvətlər göndərilmişdir, Avropa strukturlarına da göndərilmişdir. İstərdik ki, Siz Belarus tərəfinin bu xahişini dəstəkləyəsiniz. Biz Sizə minnətdar olardıq. Aleksandr Qriqoryeviç dedi ki, inşallah, seçkilər normal keçdikdən sonra biz, ümumiyyətlə, Azərbaycanla tam razılaşdırılmış siyasət qurmalıyıq. Elə bir siyasət ki, hətta ayrı-ayrı məsələlərdə bir-birimizə nəinki zərər gətirməsin, həm də münasibətlərimizin səmimiliyinə əsla şübhə doğurmasın.

Bu gün və sabah görmək istədiyimiz işlər barədə qısaca olaraq bu qədər.

Biz gördük ki, Azərbaycanda da bu cür kateqoriyalarla düşünürlər. Ümidvarıq ki, işlərimizi görüb qurtardıqdan sonra Sizə və Belarus prezidentinə qəti inamla məruzə edəcəyik ki, ticarət-iqtisadi əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmaq üçün, həqiqətən zəmin var. Heydər Əliyeviç, bununla əlaqədar bir məsələ barəsində xahiş etmək istərdim. Bizim təcrübəmiz göstərir ki, əgər ikitərəfli qaydada ticarət-iqtisadi əməkdaşlıq komissiyası fəaliyyət göstərirsə, onda daimi, müntəzəm iş başlayır. Komissiya ildə iki dəfə toplaşır. Bizdə bir çox ölkələrlə belə komissiyalar mövcuddur. Hələ ötən il hökumətimiz bu komissiyanın tərkibi haqqında qərar qəbul etmişdir. Ona baş nazirin müavini rəhbərlik edir. Bilirəm ki, Azərbaycan tərəfindən belə bir komissiya yaradılmayıbdır. Əgər Siz tapşırıq versəniz, təklif edərdim ki, komissiyanın ilk iclası bu ilin dördüncü rübündə Minskdə keçirilsin. Bu halda biz burada əldə etdiyimiz razılaşmaları komissiyanın iclasında təfərrüatı ilə işləyib təkmilləşdirə və əməkdaşlığımızı xeyli irəlilədə bilərdik. Hamı Belarusun guya iqtisadiyyatda islahatlar aparmasında geri qaldığını desə də, hər bir ölkə öz yolu ilə gedir. Başlıcası, qarşımıza qoyduğumuz məqsədə nail olmaqdır. Baş nazirlə tamamilə eyni fikirdəyik ki, biz sırf bazar münasibətləri şəraitində işləyirik. Biz bununla ticarət etməyəcəyik, edə də bilmərik, amma bütün strukturların dövlət, kommersiya strukturlarının fəaliyyəti üçün dəhliz yaratmaq, şərait yaratmaq bizim vəzifəmizdir. Əgər etiraz etməsəydiniz, mən Sizdən dəstək verməyinizi xahiş edərdim. Bizi dinlədiyinizə görə sağ olun.

Heydər Əliyev: Vladimir Vasilyeviç, sağ olun. Hər şeydən öncə, Belarus prezidenti hörmətli Aleksandr Qriqoryeviçin salamını mənə yetirdiyinizə görə sizə təşəkkür edirəm. Mən onunla bu yaxınlarda görüşmüşəm. Bilirsiniz ki, MDB ölkələri prezidentlərinin bu yaxınlarda Soçidə qeyri-rəsmi görüşü keçirilmişdir. Biz birlikdə olduq və deməliyəm ki, görüş çox uğurlu keçdi və MDB dövlətlərinin başçıları belə görüşə ilk dəfə toplaşmışdılar. Bu, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin təşəbbüsü idi və biz onu dəstəklədik. Doğrudur, iki prezident görüşdə iştirak etmədi. Lakin fikir mübadiləsi aparmaq, ikitərəfli görüşlər keçirmək və bir az da istirahət etmək üçün biz kifayət qədər idik. Biz Aleksandr Qriqoryeviçlə görüşdük. Buna baxmayaraq, onun yenidən salamını və xoş arzularını eşitməyimə şadam.

Mən həmçinin şadam ki, orada, qəbulda etdiyim çıxış yadınızda qalmışdır.

Vladimir Yermoşin: Bir daha təkrar edirəm ki, o, gözəl bir çıxış idi. Qəbulda edilən çıxışa belə diqqət yetirilməsi nadir hadisədir.

Heydər Əliyev: Şadam ki, dediklərim təkcə sizin deyil, eləcə də başqalarının fikir və maraqları ilə, görünür, uyğun gəlirdi. Doğrudan da, mən nitqimi qurtarandan sonra o, təkcə həmkarlarım prezidentlər tərəfindən deyil, bütün iştirakçılar tərəfindən yaxşı, müsbət reaksiya doğurdu.

İqtisadi münasibətlərimiz barədə artıq sözümün əvvəlində dedim ki, biz hələ çox şeydən istifadə etmirik. Sizdə maşınqayırma sahəsinin 90-cı illərin səviyyəsinə qalxması məmnunluq hissi doğurur. Bilirəm ki, o vaxtlar Sovet İttifaqının respublikaları arasında Belarus bəzi sahələrdə, xüsusən maşınqayırma sahəsində aparıcı yer tuturdu. Sizin BELAZ-lardan, traktorlardan, trolleybuslardan, avtobuslardan və bir çox digər məhsullarınızdan Sovet İttifaqının hər yerində, o cümlədən də bizdə - Azərbaycanda istifadə edilirdi. Bilirəm ki, sizdə böyük hərbi-sənaye kompleksi, toxuculuq sənayesi vardı. Bir çox sahələri hərəkətə gətirməyiniz, hətta, 90-cı illərin səviyyəsinə çıxmağınız və ən yeni traktorlar istehsal etməyiniz və satmağınız böyük işdir. Mən sizə yeni-yeni uğurlar arzulayıram. Təbii ki, siz istehsal etdiyiniz nə varsa, hamısını alıb bizim necə istifadə edə biləcəyimizlə bağlı məsələləri müzakirə edəcəksiniz. O ki qaldı bizə, Azərbaycanda böyük neft kimyası kompleksi var, neft sənayesi istər hasilat, istərsə də emal baxımından çox yaxşı səviyyədədir. Kimya kompleksinə gəlincə, orada da uğurla işləyən sahələr var, amma bəziləri keçmiş vaxtlarda olduğu kimi deyildir.

Zənnimcə, əməkdaşlıq imkanları heç də yalnız bu sahələrlə məhdudlaşmır, Siz görüşlər və söhbətlər, müzakirələr zamanı mütəmadi söhbətlərimizin inkişafı baxımından maraqlı çox şey tapacaqsınız. Mən birgə Azərbaycan-Belarus iqtisadi komissiyasının yaradılmasını dəstəkləyirəm. Lakin bilmirəm ki, biz bu komissiyanı nə üçün indiyədək yaratmamışıq. Biz onu yaxın vaxtlarda yaradacağıq. Siz isə, komissiyanın ilk iclasını mümkün olarsa, dördüncü rübdə keçirmək barədə razılığa gələrsiniz.

Əlbəttə, biz istərdik ki, bir çox ölkələrdə, o cümlədən də Minskdə səfirliyimiz olsun. Sizdə şərait sarıdan vəziyyətin necə olduğunu bilmirəm, bizdə isə, əlbəttə, bütün bunlar üçün vəsait çatışmır. Ona görə də biz vaxtilə Ukraynaya səfir təyin etdik və həmin zamanda Belarus və Polşada da səfir funksiyalarını yerinə yetirməyi ona həvalə etdik. Biz bu barədə düşünərik.

Vladimir Yermoşin: Heydər Əliyeviç, mən səfirlik demədim. İlk vaxtlar üçün nümayəndəliklərimiz olmalıdır. Bu, bəlkə də əvvəlcə, ticarət-iqtisadi məsələlər üzrə nümayəndəliklər olacaq və sonra hasısa nümayəndəliyə, ya da səfirliyə çevriləcəkdir. Bunu birgə işlərimizin həcmini nəzərə alaraq müəyyənləşdirmək lazımdır.

Heydər Əliyev: Düşünürəm ki, biz bunu edəcəyik. Siz nə kimi işlər görüləcəyi barədə düşünün, biz onları həyata keçirəcəyik. Çünki bu, hər iki dövlətin - həm Belarusun, həm də Azərbaycanın mənafeyinə uyğundur. Bilirəm ki, sentyabrın 8-də sizdə prezident seçkiləri keçiriləcəkdir. Biz Aleksandr Qriqoryeviç Lukaşenkonu prezident kimi həmişə dəstəkləmişik. Bu gün də dəstəkləyirik. Biz respublikamızın nümayəndələrini, müşahidəçilərini göndərmək haqqında təklif almışıq, çünki Aleksandr Qriqoryeviç MDB dövlətləri başçılarının görüşü zamanı bu barədə demişdi. Bütün dövlət başçıları belə bir yekdil fikirdə olmalıdırlar ki, biz hökmən öz nümayəndələrimizi müşahidəçilər kimi göndərməli və seçkiləri prinsipcə dəstəkləməliyik. Şəxsən mən Aleksandr Qriqoryeviçi fəal dəstəkləyirəm və istəyirəm ki, o, seçkilərdə bu dəfə də qalib gəlsin və yenidən seçilsin. Ona görə ki, artıq bizim aramızda kifayət qədər yaxşı işgüzar münasibətlər yaranmışdır. Mən istəyirəm ki, bu münasibətlər inkişaf etsin. Biz bunu hökmən edəcəyik. Ancaq digər tərəfdən respublikamızdakı vəziyyəti bildiyimə görə şübhə etmirəm ki, seçkilərin nəticəsi mütləq indiki prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun xeyrinə olacaqdır. Buna baxmayaraq, biz seçkilərdə öz iştirak payımızı verəcəyik.

Sizin buraya belə bir tərkibdə gəlmək təşəbbüsünüz çox yüksək qiymətə layiqdir. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Bu işdə bizə birgə iqtisadi komissiya kömək göstərəcəkdir. Lakin iş təkcə bununla bitmir. Yəqin ki, siz bizim baş naziri və nümayəndə heyətimizi respublikanıza dəvət edəcəksiniz. Biz bir-birimizi nə qədər çox tanısaq, bunun Belarus üçün də, Azərbaycan üçün də bir o qədər böyük faydası olacaqdır.

Keçmişdə, Sovetlər İttifaqının tərkibində olduğumuz dövrdə biz çox sıx əməkdaşlıq edirdik. Lakin o vaxt mərkəzləşdirilmiş dövlət vardı. Hər şey mərkəzdən planlaşdırılırdı. Buna baxmayaraq, xatirimdədir, biz Belarusdan ət də, yağ da, yaxşı kartof da, traktorlar da, BELAZ-lar da, bir çox digər məhsullar da alırdıq. Azərbaycan neft məhsulları və bir çox digər məhsullar göndərirdi. İndi isə bunların hamısını müstəqil dövlət kimi etmək gərəkdir. O vaxt bunların hamısını SSRİ Dövlət Plan Komitəsi planlaşdırırdı, haraya nə qədər məhsul göndərilməsini müəyyənləşdirirdi və bütün bunlar yerinə yetirilirdi. İndi isə razılığa gəlmək lazımdır ki, ticarət olsun. Əlbəttə, yeni sistem əvvəlkindən fərqlənir. Yəni bu sistem daha böyük səylər göstərilməsini tələb edir. O vaxtlar biz yalnız istehsal edirdik, satış isə mərkəzin ixtiyarında idi. İndi isə həm istehsal etmək, həm satış bazarları tapmaq, həm ticarət etmək, həm valyuta qazanmaq, həm də ölkəni dolandırmaq lazımdır. Bu vəzifə sizin qarşınızda, bizim qarşımızda, indi müstəqil dövlətlər olan bütün MDB ölkələri qarşısında durur. Ona görə hesab edirəm ki, birgə iqtisadi komissiya çərçivəsində də belə sıx qarşılıqlı fəaliyyət, şübhəsiz, Belarus üçün də, Azərbaycan üçün də faydalı olacaqdır.

Xahiş edirəm ki, mənim salamımı və ən xoş arzularımı Aleksandr Qriqoryeviç Lukaşenkoya yetirəsiniz, qoy o, seçkilərdə qalib gəlsin. Azərbaycanda xüsusi hörmət və xüsusi rəğbət hissləri bəslənilən bütün dost Belarus xalqına mənim ən xoş arzularımı yetirəsiniz.

Vladimir Yermoşin: Heydər Əliyeviç, münasibətlərimizə müfəssəl qiymət verdiyinizə görə sağ olun. Sizin dedikləriniz bizim üçün istiqamətverici sözlər olmalıdır. İnsanların əksəriyyəti Sovet İttifaqında doğulub.

və hazırda tamamilə yeni şəraitdə yaşayırlar. Ona görə də tamamilə aydındır ki, bu gün nə istehsal etmək barədə düşünmək lazım deyildir. Əksinə, əvvəlcə düşünmək lazımdır ki, məhsul harada və hansı fayda ilə satılacaqdır. Respublikamıza, prezidentimizə, xalqımıza xoş arzularınıza görə sağ olun.

Bu gün baş nazir Dağlıq Qarabağla, hazırda ölkədə bir milyon qaçqın olması ilə bağlı ciddi problemlərdən danışarkən biz onu diqqətlə dinlədik. Ürəkdən arzu edirəm ki, Azərbaycan xalqının başı üstünü bir daha belə ixtilaf təhlükəsi almasın. Allah göstərməsin ki, bir daha soyqırım olsun. Arzu edirəm ki, bütün bu proseslər nizama salınsın. Axı, biz hələ bu yaxınlaradək bütün qonşularımızla normal şəraitdə yaşayırdıq. Allah eləsin ki, bütün bunlar ancaq sülh yolu ilə nizama salınsın. Belarusdan nə asılıdırsa, biz bu problemlərin həllinə kömək etmək üçün istənilən yolu keçməyə hazırıq.

Sizin xeyir-dualı torpağınıza, gözəl şəhərinizə baxdıqda görürsən ki, burada insanlar işləyib-çalışırlar və düşünmək belə çətindir ki, lap yaxınlarda adamlar ev-eşikdən, doğma torpaqdan məhrumdur və olduqca ağır şəraitdə yaşayırlar. İnanın ki, bu sözlər səmimidir, onları müharibədə əhalisinin üçdə bir hissəsini itirmiş, Çernobılın qara buludları altında qalmış, onlarla, yüzlərlə insanı öz yurd-yuvasından başqa yerlərə köçürmüş ölkənin nümayəndəsi kimi deyirəm. Biz bu çətinliklərə bələdik. Allah bir də göstərməsin, belə çətinlikləri nə özümüzə, nə sizə, ümumiyyətlə, heç kimə arzulamırıq. Ürəkdən istəyirəm ki, Siz bu çətinlikləri aradan qaldırasınız və hər şey Azərbaycanın gözəl xalqının rifahına uyğun olsun.

Heydər Əliyev: Arzularınıza görə sağ olun. Amma təəssüf ki, bu münaqişə hələ Sovetlər İttifaqı dövründə - 1988-ci ildə başlamışdır. Özü də bu münaqişəni biz yox, Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək məhz Ermənistan başlamışdır. Sonra bu münaqişə tədricən güclənərək müharibəyə çevrilmişdir. Yeri gəlmişkən, deməliyəm ki, bu münaqişə hələ Sovetlər İttifaqı mövcud olarkən 4 il inkişaf etmiş, genişlənmişdir. 15 müttəfiq respublikadan ikisinin arasında münaqişə yaranması, qan tökülməsi, müharibə getməsi Sovetlər İttifaqının tarixində bəlkə də yeganə haldır, xalqın çox etimad etdiyi mərkəzi dövlət isə bu münaqişəni söndürmək üçün, hərəyə öz yerini göstərmək üçün fəal, effektiv tədbir görmədi. Halbuki, ərazi bütövlüyü və sərhədlərin pozulmazlığı prinsipi hər hansı dövlət üçün əsas prinsipdir. Bunlar BMT-nin prinsipləridir, ATƏT-in prinsipləridir, beynəlxalq hüquq prinsipləridir. İndi biz müstəqil dövlətlərik. Sovetlər İttifaqının tərkibində olduğumuz, yəni bir dövlət tərəfindən idarə edildiyimiz vaxtlarda buna yol verilməsi və tədbirlər görülməməsi o vaxtkı sovet hökumətinin ən ağır cinayətlərindən biri idi. Təbii ki, o vaxt xalq çox narazı idi, burada müxtəlif hadisələr baş vermişdi.

Biz 1991-ci ilin axırlarında dövlət müstəqilliyi əldə etdiyimiz vaxt münaqişə artıq çox yüksək səviyyəyə çatmışdı. Azərbaycan ərazisinin xeyli hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bütün bunlar sonralar da davam etdi. 1994-cü ilin mayında biz atəşkəs haqqında saziş əldə etdik. Məsələni sülh yolu ilə həll etmək, bir daha müharibəyə, qan tökülməsinə qayıtmamaq üçün biz bu atəşkəs rejimini 7 ildir qoruyub saxlayırıq. Lakin Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutur, yəni nə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad edilməsini dəfələrlə tələb edən qətnamələrini, nə beynəlxalq hüquq normalarını, nə də ATƏT-in prinsiplərini tanıyır, heç nəyi tanımır. Paradoks bundan ibarətdir ki, bir tərəfdən, dünya birliyində hər bir dövlət bütün dövlətlərin ərazi bütövlüyü və onların sərhədlərinin pozulmazlığı haqqında BMT-nin prinsiplərinə, ATƏT-in prinsiplərinə, beynəlxalq hüquq prinsiplərinə sadiqliyini daim bəyan edir, təsdiqləyir, digər tərəfdən isə, bu işə, hər halda, etinasız yanaşır.

Doğrudur, Minsk qrupu var. Yeri gəlmişkən, onu 1992-ci ildə Minsk qrupu adlandırmışlar. O, indiyədək də belə adlanır. Ona dünyanın 12 ölkəsi, o cümlədən, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa və bir çox digər dövlətlər daxildirlər. Minsk qrupu öz tərkibindən həmsədrlər seçmişdir. Hazırda həmsədrlər Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Bu işlə onlar da məşğul olurlar. Onlar bu prinsipləri hər dəfə bəyan edirlər.

Avqustun 2-də biz Soçidə görüşərkən və qeyri-rəsmi işgüzar görüş keçirərkən Rusiya prezidenti Vladimir Vladimiroviç Putin öz nitqində hər bir ölkənin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına aid beynəlxalq hüquq prinsipə riayət olunmasının vacibliyini iki dəfə sərt şəkildə bəyan etdi. Lakin bu sözlər, təəssüf ki, indiyədək havadan asılı qalır. Ümumiyyətlə, paradoksal haldır və mən bu barədə MDB dövlətləri başçılarının iclaslarında bir neçə dəfə demişəm ki, bizim ittifaq beynəlxalq xarakterlidirmi. Dünyada elə bir ittifaq yoxdur ki, onun üzvlərindən, - başqaları ilə birlikdə biz 12 dövlətik, - ikisi bir-biri ilə müharibə vəziyyətində olsun və MDB-nin digər üzvləri buna biganə yanaşsın, tədbirlər görməsinlər. Mən bir neçə dəfə məsələ qaldırmışam ki, əgər biz MDB-nin həqiqətən dünya standartları səviyyəsində, digər beynəlxalq təşkilatlar səviyyəsində olmasını istəyiriksə, onda gəlin, bu məsələni öz aramızda müzakirə edək, razılığa gələk, qərar çıxaraq. Amma bu, omlayıbdır. Bu isə, şübhəsiz ki, Müstəqil Dövlətlər Birliyinin ən ciddi nöqsanlarından biridir.

Vladimir Yermoşin: Bəli. Siz haqlısınız.

Heydər Əliyev: Məsələn, Rusiya artıq neçə illərdir Çeçenistanda müharibə aparır. Düz edir, hərçənd nə qədər qan tökülmüşdür, nə qədər hərbi texnikadan istifadə edilmişdir, nə qədər yerli sakin və orada qayda-qanun yaratmaq istəyən hərbçi, gənc əsgər həlak olmuşdur. Bütün bunlar nəyin naminədir? Rusiyanın ərazi bütövlüyünü qoruyub saxlamaq naminədir. İndiki halda, Rusiyanın hərəkətləri haqlıdır, beynəlxalq hüquq normalarına uyğundur. Digər halda isə, beynəlxalq hüquq normalarının pozulması elə pozuntu olaraq da qalır. Ona görə də bu baxımdan bizim vəziyyətimiz mürəkkəbdir. Dediniz ki, Ermənistanın təcavüzü nəticəsində bir milyon adamın öz doğma yerlərindən didərgin salınması. onların əksəriyyətinin 8-9-10 ildən çoxdur çacırlarda yaşaması barədə Sizə məlumat veriblər. Çadırda bir ay, iki ay. yaxşı, bir il, iki il yaşamaq olar. Çadırlarda illərcə yaşamaq mümkün deyildir. Necə deyərlər, çadır uşaqları doğulur. İnsanlar ölürlər, çadır şəhərciklərinin yaxınlığında qəbiristan salınır. Gənc nəsil böyüyür, çadırlarda nikah bağlanır. Təsəvvür edirsinizmi, dünyada belə şey yoxdur! Amma bütün bunlar həyatımızın gerçəkliyidir. Lakin inanırıq ki, biz bu məsələni, hər halda, sülh yolu ilə həll edəcəyik, şübhəsiz, Azərbaycanın ərazi bütövlüyünün sərhədlərinin toxunulmazlığının bərpa olunması və zorla didərgin salınmış insanların öz yaşayış yerlərinə qayıtması şərti ilə. Ümidvaram ki, Belarus bu baxımdan bizi bütün beynəlxalq təşkilatlarda dəstəkləyəcəkdir.

Vladimir Yermoşin: Heydər Əliyeviç, sağ olun. Mən ölkə rəhbərliyi adından bir daha səmimiyyətlə deyirəm ki, biz bu münaqişə ilə əlaqədar narahatıq, həmin adamların halına yanırıq və ürəkdən arzulayırıq ki, münaqişə ancaq sülh yolu ilə həll edilsin, bu, bir daha baş verməsin. Ölkənizin xalqı buna layiqdir. Çox sağ olun.

Heydər Əliyev: Sağ olun.