Azərbaycan Prezidenti Heydər Əliyevin Norveçin Baş naziri Kiyel Maqne Bondevik ilə görüşdəki söhbətindən - Davos, 29 yanvar 2000-ci il


Bondevik: Cənab prezident, Sizinlə yenidən görüşməyimdən şərəf duyduğumu bildirirəm. Bakıya səfərim zamanı Sizinlə apardığım danışıqları həmişə məmnunluqla xatırlayıram. Mən ötən ilin noyabrında İstanbulun məşhur "Çırağan" sarayında Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə sazişin imzalanması mərasimində iştirak etdim və bu sənədə imza atdım. Bu tarixi əhəmiyyətli hadisə Norveçdə də böyük rəğbət doğurdu.

"Statoyl" şirkəti Bakı-Ceyhan əsas ixrac boru kəməri üzrə yaradılmış konsorsiumun ən fəal üzvlərindən biridir. Bakıda çoxdan fəaliyyət göstərən bu şirkətə diqqət və qayğıya görə sizə bir daha minnətdarlığımı bildirirəm. Ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etməsindən məmnun qaldım. Sizin rəhbərliyiniz ilə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində görülən işlər Norveçdə də böyük maraq doğurur. Norveç şirkətləri Azərbaycanda öz, işlərini genişləndirmək və ölkənizə daha çox investisiya qoymaq niyətindədir.

Heydər Əliyev: Cənab Baş nazir! Səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Norveçlə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsinə Azərbaycan da xüsusi əhəmiyyət verir. Mən Azərbaycanda "Neft fondu" yaradılması haqqında fərman imzaladım. Qabaqcıl neft dövlətlərindən biri olan Norveçin bu sahədə təcrübəsini öyrənmək üçün respublikamızın xüsusi bir nümayəndə heyəti bu ölkədə səfərdə olmuşdur. Nümayəndə heyətimiz Norveçdə yaranmış "Neft fondu" haqqında dəyərli məlumatlar gətirmişdir. Sözsüz, həmin qabaqcıl təcrübə ölkəmiz üçün faydalı olacaqdır.

Mənim məşhur alim və səyyah Tur Heyerdal ilə şəxsi dostluq əlaqələrim var. Azərbaycan və Norveç xalqları arasında münasibətlər qədim tarixə malikdir.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır. Ölkəmizin haqq işini beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə Norveç hökumətinə minnətdarlığımı bildirirəm.

Tarixi arayış