Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi xanım Madlen Olbrayt arasında telefon danışığı - Vaşinqton, 16 fevral 2000-ci il


Madlen Olbrayt: Hörmətli cənab prezident! Salam, Sizi eşitməyimə çox şadam. Sizə deməliyəm ki, Bill Klinton Sizinlə Ağ evdə görüşündən çox məmnun qalmışdır. Həm prezident Bill Klinton, həm də mən özüm Sizinlə yenidən görüşüb Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə aradan qaldırılması məqsədi ilə aparılan sülh danışıqları barədə, Xəzərin zəngin enerji ehtiyatlarından birgə istifadə olunması ilə əlaqədar əldə edilmiş nailiyyətlər, çoxşaxəli boru kəmərləri, xüsusilə Bakı- Ceyhan əsas ixrac neft kəməri və Transxəzər qaz kəməri barədə, regional təhlükəsizlik məsələləri və ölkələrimiz arasında yaranmış strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparmaq imkanı əldə etdiyimiz üçün çox şadam. Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar Sizinlə səfir Sestanoviç və səfir Kavano arasındakı danışıqlar barədə ətraflı məlumat aldım. Ümidvaram ki, Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa dialoq davam etdiriləcək və tezliklə sülh əldə ediləcəkdir.

Cons Hopkins Universitetinin klinikasında gözünüzün müalicəsi necə keçdi?

Heydər Əliyev: Çox sağ olun, xanım Olbrayt. Diqqətinizə görə təşəkkür edirəm.

Madlen Olbrayt: Mən, cənab prezident, Sizi Amerikanın yaxın dostu hesab edir, həm prezident Bill Klinton ilə, həm də şəxsən özümlə aramızda yaranmış şəxsi dostluq münasibətlərini çox əziz tuturam.

Heydər Əliyev: Minnətdarlığımı qəbul edin, xanım Olbrayt. Vaşinqtonu ziyarət etməyimdən çox məmnunam. Prezident Klinton ilə Ağ evdə keçirdiyim görüşə çox böyük əhəmiyyət verirəm. Bu mühüm görüşə görə təşəkkürlərimi prezident Bill Klintona çatdırmağı xahiş edirəm. Ağ evdə keçirilən görüş dünyanın aparıcı kütləvi informasiya vasitələri ilə ətraflı işıqlandırılıb və geniş əks-səda doğurub. Azərbaycan üçün çox ağrılı problem olan, bütün bölgədə sabitliyə və əməkdaşlığa xələl gətirən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün göstərdiyiniz səylərə və dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə, şəxsən prezident Klintona və xanım Olbrayta minnətdarlığımı bildirirəm. Bu münaqişənin tezliklə həll olunması üçün Amerika Birləşmiş Ştatlarına böyük ümidlər bəsləyirəm. Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin qarşılıqlı surətdə faydalı prinsiplər əsasında bundan sonra da sürətlə inkişaf etməsi və möhkəmlənməsi üçün Azərbaycan tərəfindən bütün lazımi tədbirlərin görüləcəyini bildirirəm.

Mənə göstərilən yüksək qonaqpərvərliyə, diqqətə və qayğıya görə Sizə və Amerika Birləşmiş Ştatları hökumətinə dərin minnətdarlığımı bildirirəm.