Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən söhbətindən - Bakı, 21 fevral 2001-ci il


Heydər Əliyev: Hörmətli xanım nazir!

Hörmətli baş katib!

Hörmətli komissar!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən sizi bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Mən sizinlə bu görüşümüzdən çox məmnunam.

Biz bu gün sizinlə Avropa İttifaqının TRASEKA proqramının həyata keçirilməsi ilə əlaqədar burada yaradılmış katibliyin binasını açdıq. Bu, əlamətdar bir hadisədir. Ancaq Avropa İttifaqı ilə bizim əlaqələrimiz təkcə TRASEKA proqramı çərçivəsində ola bilməz. TRASEKA proqramı əməkdaşlığımızın bir hissəsidir. Ona görə də biz Avropa İttifaqı ilə artıq bir neçə ildir ki, genişmiqyaslı əməkdaşlıq edirik və bu əlaqələrimizi daha da genişləndirmək istəyirik.

Biz Avropa İttifaqının indi Avropada və bütün dünyada oynadığı müsbət rolu yüksək qiymətləndiririk. Biz Avropa İttifaqı ilə daha yaxından inteqrasiyada olmaq istəyirik. Biz artıq Avropa Şurasının üzvüyük. Fürsətdən istifadə edərək, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasında etdiyiniz köməyə görə sizə təşəkkür edirəm. Bu, birinci mərhələdir. Bundan sonra isə Avropa İttifaqına yol açılır. Biz bilirik ki, bu asan yol deyildir. Avropa İttifaqının bu təşkilata üzv olan ölkələr qarşısında qoyduğu tələblər təbiidir ki, Avropa Şurasının üzvü olan ölkələr qarşısında irəli sürülən tələblərə nisbətən daha da ciddidir. Ancaq Avropa ilə inteqrasiya bizim strateji yolumuzdur. Ona görə də biz bu yolla irəliləmək istəyirik. Hansı sürətlə, nə qədər vaxta buna nail ola bilərik, təbii ki, bunu demək olmaz. Bir daha qeyd edirəm, biz bilirik ki, sizin bu barədə tələbləriniz çox ciddidir. Ancaq biz öz istəyimizi, arzumuzu bildiririk. Eyni zamanda, tərəfdaşlıq və əməkdaşlıq proqramı əsasında indiyə qədər apardığımız işlərə görə hesab edirik ki, biz bu yolla gedə bilərik.

Bizim bölgə Avropa İttifaqı üçün, ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli bir bölgədir. Biz artıq görürük ki, Cənubi Qafqaz ölkələrinin Avropa üçün nə qədər əhəmiyyətli rol oynadığını Avropada, o cümlədən Avropa İttifaqında görürlər və bilirlər.

Yəqin siz də təsdiq edərsiniz ki, bu sırada Azərbaycan xüsusi yer tutur. Çünki Azərbaycan Avropa və Asiyanın, qərblə Şərqin qovuşuğunda yerləşir, Qərb və Şərq ənənələrini özündə əks etdirən bir ölkədir. Azərbaycanın Xəzər dənizindəki böyük təbii sərvətləri, təkcə Xəzər dənizindəki yox, ümumiyyətlə, ölkəmizin müxtəlif yerlərində mövcud olan zəngin sərvətlət əməkdaşlığımız üçün əsas yaradır. Lakin bu sərvətlərin birgə işlənilməsi üçün beynəlxalq təşkilatlar qarşısında, o cümlədən Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq edən Avropa İttifaqı qarşısında mühüm bir məsələ durur. Bu da hərbi münaqişələrin ləğv olunması, bölgədə sülhün bərqərar edilməsi və Cənubi Qafqazda təhlükəsizlik paktı yaranmasıdır. Biz bunları öz qarşımıza məqsəd kimi qoyuruq və hesab edirik ki, Avropa İttifaqının bu sahədə yardımını ala bilərik. Buyurun.

Anna Lind: Cənab prezident, çox sağ olun. Sizin ölkənizi ziyarət etməkdən çox məmnunuq. Bildirmək istəyirəm ki, bizim üçün də bu səfər çox önəmlidir.

Cənubi Qafqaz Avropa İttifaqı üçün çox önəmli bir regiondur. Çünki Avropa İttifaqı genişləndikdən sonra Cənubi Qafqaz regionu artıq Avropa İttifaqının qonşu regionu olacaqdır. Ona görə də Avropa İttifaqının təmsilçiləri olaraq biz Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunmasını, bu regionun iqtisadi inkişafı və regionda yaşayan xalqların maddi rifah halının yüksəlməsi üçün ən əsas amillərdən hesab edirik.

Biz Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığımızı genişləndirmək və beləliklə də bu regionda Avropa İttifaqının mövcudluğunu artırmaq fikrindəyik. Şübhəsiz ki, belə bir əməkdaşlığın inkişafının asan olması, daha da genişlənməsi üçün bu regionda mövcud olan hərbi münaqişələrin həll olunması vacibdir. Ona görə də bizim hamımız belə bir fikrə tərəfdarıq ki, regiondakı əməkdaşlığı genişləndirmək üçün biz də münaqişələrin həll olunması üçün çalışmalıyıq, bu işə öz töhfəmizi verməliyik. Avropa İttifaqı münaqişənin dinc yolla aradan qaldırılıması üçün öz yardımını mümkün olan hər hansı çərçivədə etməyə hazırdır, amma şübhəsiz ki, bu münaqişənin həll olunması əsasən münaqişə edən tərəflər arasında axtarılmalıdır. Münaqişənin həlli daha çox onlardan asılı olacaqdır. Biz eyni zamanda, regional əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq, bunda maraqlıyıq. Hesab edirik ki, münaqişələrin həlli ilə paralel olaraq regional əməkdaşlıq genişləndirilməlidir. Buna görə biz istəyərdik ki, regiondakı mövcud durumu necə qiymətləndirdiyinizi, dəyərləndirdiyinizi, Azərbaycan-Ermənistan münaqişəsinin həlli yolunda hansı addımlar atıldığını Sizdən eşidək. Bu münaqişənin həll olnuması üçün Avropa İttifaqı nə edə bilər - bu barədə töfsiyələrinizi də eşitmək istərdik.

Heydər Əliyev: Bu uzun bir mövzudur. Əgər bu barədə hər şeyi desəm, gərək məni iki saat dinləyəsiz.

Cənubi Qafqazda olan münaqişələr sizə məlumdur. Birincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsidir. İkincisi, gürcü-abxaz münaqişəsi, müəyyən mənada gürcü-osetin münaqişəsidir. Amma onların hamısından çətini Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişənin artıq 12 yaşı vardır.

12 il müddətində bu münaqişənin həlli üçün çox səylər göstərilibdir. Ancaq nəticə əldə olunmayıbdır.

Hər şeyi dərk etmək üçün məsələnin kökünə baxmaq lazımdır. Münaqişə nə üçün başlayıbdır? Ermənistan Azərbaycanın ayrılmaz bir hissəsi, qədim Azərbaycanın torpağı olan Dağlıq Qarabağa ərazi iddiası ilə çıxış edibdir. Bu, hələ Azərbaycanın və Ermənistanın Sovet İttifaqına mənsub olduğu vaxt - 1988-ci ildə olubdur. Təəssüflər olsun ki, vaxtında bunun qarşısı alınmayıb, bu münaqişə həqiqətən hərbi münaqişəyə çevrilibdir. İllərlə müharibə gedib və bəzi səbəblərdən Ermənistanın silahlı qüvvələri həm Dağlıq Qarabağı, həm də sonra onun ətrafında Azərbaycanın 7 rayonunu işğal ediblər. Beləliklə, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazidən bir milyona qədər Azərbaycan vətəndaşı yerindən-yurdundan didərgin düçüb və çadırlarda yaşayır.

O rayonlardan köçmüş insanların əksəriyyəti çadırlarda yaşayır.

Mən bu gün səhər evdən çıxıb işə gələrkən gördüm ki, güclü küləklə qar yağır. Evimdən gəlib avtomobilə oturana qədər qar məni vurdu. Siz Bakıya təyyarə ilə enəndə burada həm qar, həm də külək vardır. Mən gəlib sizinlə görüşən zaman siz də, mən də bu qarın, yağışın altında idik. Amma hamımız çalışdıq ki, tez binaya daxil olaq. İndi təsəvvür edin, insanlar qışda da, yayda da bir il yox, iki il yox, yeddi-səkkiz il çadırlarda yaşayırlar, qızmar istiyə də dözürlər nə etməliyik? Onların başqa yaşayış yeri yoxdur. Onların evləri, bütün varidatı işğal olunub, dağılıbdır. Amma buna baxmayaraq, yenə də onlar arzu edirlər ki, öz torpaqlarına qayıtsınlar və ilk illərdə, əlbəttə, çadırlarda öz torpaqlarında yaşasınlar. Amma biz buna nail ola bilmirik. Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmır.

1994-cü ilin may ayında biz Ermənistan-Azərbaycan müharibəsini dayandırdıq, yəni atəşkəs haqqında saziş imzaladıq. Məsələnin sülh yolu ilə həll olunması üçün danışıqlar aparırıq. 6 ildən çoxdur ki, bu danışıqlar gedir. Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi vardır ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxmalıdır. Amma Ermənistan buna riayət etmir. Ondan sonra bu məsələlərlə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Onlar son illərdə bir neçə təklif veriblər. Amma Ermənistan həmin təklifləri qəbul etməyibdir. 1998-ci ilin sonunda yeni bir təklif verilmişdir.

Bunu isə Azərbaycan qəbul edə bilmədi. Çünki o təklif Azərbaycan üçün heç cür qəbul oluna bilməz.

Bilirsiniz ki, son vaxtlar Ermənistan prezidenti və Azərbaycan prezidenti arasında bilavasitə danışıqlar aparılır. Bu danışıqlar zamanı biz qarşılıqlı kompromislər axtarırıq. Amma burada da biz irəliləyə bilmirik. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağın ya müstəqilliyini tələb edir, yaxud da ki, onun Ermənistanla birləşməsini tələb edir. Bu, Azərbaycanın ərazisidir. Deməli, beləliklə, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına biz gərək imza ataq. Bu, beynəlxalq hüquq normalarına tam ziddir. Biz bunu edə bilmərik. Ancaq Minsk qrupunun təklifləri olmuşdur ki, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində ən yüksək dərəcəli özünüidarəetmə hüququ verilsin. Ermənistan bununla razı deyil. Təəssüf ki, dünya ictimaiyyəti də, Birləşmiş Millətlər Təşkilatı da, ATƏT də, başqa böyük ölkələr də, elə Avropa İttifaqı da bu cür ədalətsizliyə qarşı göz yumurlar.

Zaman keçir, münaqişə aradan götürülmür. Bir-biri ilə qonşu olan iki ölkə arasında sülh yaranmayıbdır. Mən hesab etmirəm ki, bu, ancaq Azərbaycana zərər vurur. Doğrudur, onların ərazisinin heç bir metri də Azərbaycan tərəfindən işğal olunmayıbdır. Amma buna baxmayaraq, onlar da bu münaqişədən zərər çəkirlər. Ona görə məsələnin həll olunması Ermənistandan asılıdır. Ermənistan isə bunun həll olunmasına getmir. Bu da Cənubi Qafqazda, ümumiyyətlə, sülhün yaranmasına nəinki mane olur, qətiyyən imkan verə bilməz.

Siz Cənubi Qafqaz ölkələrinin iqtisadi əməkdaşlığı haqqında dediniz, biz də hesab edirik ki, bu, çox vacib məsələdir. Məsələn, Gürcüstanla biz bütün sahələrdə çox səmərəli əməkdaşlıq edirik. Nəinki əməkdaşlıq edirik, hətta bizim çox səmimi, mehriban dostluq əlaqələrimiz vardır. Biz istərdik ki, Ermənistanla Azərbaycan arasında sülh olsun. Bunun üçün işğal olunmuş torpaqlar azad edilməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olnumalıdır. Onda Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlıq çox surətlə inkişaf edə bilər. Bir də deyirəm, bütün məsələlərin həlli Ermənistan tərəfindən asılıdır. Biz isə sülh istəyirik. Məsələnin yalnız sülh yolu ilə həll olunmasını istəyirik. Müharibənin yenidən başlanmasını istəmirik. Eyni zamanda torpaqlarımızın da böyük bir hissəsinin Ermənistanın silahlı qüvvələrinin işğalı altında qalmasına dözə bilmərik.

Avropa İttifaqı da çox böyük və mötəbər təşkilatdır. Bu barədə o öz sözünü deyə bilər. Amma biz bunu da eşitmirik. Bu qədər.

Anna Lind: Hər şeydən öncə Sizə təşəkkür edirəm və bildirmək istəyirəm ki, Avropa İttifaqı bu münaqişənin həllində oynadığı rolu əslində Minsk qrupunu dəstəkləməkdə görür. Biz hesab edirik ki, Minsk qrupu bu proseslərlə məşğul olur və çox mühüm bir strukturdur. Biz Sizinlə Ermənistan prezidenti arasında aparılan birbaşa danışıqları böyük maraqla və ümidlə izləyir, bu danışıqlara böyük əhəmiyyət veririk. Qarşılıqlı güzəşt etmək üçün liderlərdən böyük cəsarət tələb olunur və münaqişənin həlli üçün onların qarşılıqlı səy göstərməsi gərəkdir.

Biz ümidvarıq ki, yaxın bir zamanda, tezliklə bu münaqişənin həllində dönüş nöqtəsi əldə olunacaqdır və məsələ danışıqlar yolu ilə həll ediləcəkdir.

Bu münaqişənin necə və hansı şərtlərlə həll olunacağı barədə heç bir fikir söyləmədən yenidən regional əməkdaşlıq məsələsinə qayıtmaq istəyirəm. Çünki hesab edirik ki, çox gərgin keçən danışıqlar zamanı regional əməkdaşlığın həyata keçirilməsi tərəflər arasında gərginliyin aradan qaldırılmasına da xidmət etmiş olar.

Cənab prezident, bir daha bəyan edirəm ki, biz Ermənistan prezidenti ilə Sizin aranızda olan bu danışıqları çox müsbət qarşılayırıq. Sizi ruhlandırır və ona çağırırıq ki, bu sülh danışıqları ilə bərabər, regional əməkdaşlıq məsələlərində də əlaqələrinizi genişləndirəsiniz.

Mən istərdim ki, indi də sözü cənab Solanaya verəm.

Heydər Əliyev: O, bizim köhnə dostumuzdur.

Xavyer Solana: Cənab prezident, yenidən Azərbaycana qayıtmağımdan, Sizinlə görüşməyimdən, Sizi dinləməkdən çox məmnunam. Hesab edirəm ki, bizim belə bir tərkibdə sizin ölkənizə səfərimizin, regiona səfərimizin mühüm bir rəmzi mənası vardır. Bu, bizim sizin ölkəniz və region üçün hansı xoş niyyətlərimizin olmasının göstəricisidir.

Siz öz özlkəniz üçün çox böyük işlər görmüsünüz. Mən özüm bunun şahidiyəm. Mən əminəm ki, Siz bundan sonra da ölkəniz üçün böyük xidmətlər göstərəcəksiniz.

Sizin indi münaqişə ilə, sülhün əldə olunması ilə əlaqədar söylədiklərinizi mən çox diqqətlə dinlədim. Ümumiyyətlə, mən bu məsələlərə həmişə diqqətlə yanaşıram. Sizin hansı miqyaslı, hansı çəkili bir siyasətçi olduğunuzu da mən yaxşı bilirəm. Mən hesab edirəm ki, bizlərin hamımızın bu münaqişənin həlli üçün bir imkanı vardır. Eyni zamanda, bildirirəm ki, Sizin indi apardığınız birbaşa danışıqlar da xüsusilə əhəmiyyətlidir.

Mən Sizi əmin etmək istəyirəm ki, bu danışıqlar zamanı Sizə yardımçı olmaq üçün bizim imkanlarımızdan, bizim sərəncamımızda olan resurslardan istifadə etmək mümkün olarsa, əlimizdən gələn nə varsa, onlarla Sizə kömək etməyə hazırıq.

Belə bir prosesi irəli aparmaq üçün məhz Sizin kimi liderlərə və Sizin kimi cəsarətli şəxslərə ehtiyac duyuruq.

Cənab prezident, Sizinlə mən son dövrdə çox kövrək və yaddaqalan illəri birlikdə keçirmişik, böyük hadisələrin şahidi olmuşuq. İcazə verin, yadınıza Sizin qonşu otaqda ikimizin təkbətək görüşü zamanı söylədiyim bir sözü xatırladım. Xatırlayırsınızsa, Sizinlə görüşümüz zamanı Avropanın tarixinə birlikdə nəzər saldıq, o tarixi birlikdə nəzərdən keçirdik. Xatırlayırsınızsa, söhbətimiz zamanı Avropada olmuş böyük faciələrdən, münaqişələrdən və böyük müharibələrdən, onların törətdiyi, meydana gətirdiyi əzab-əziyyətlərdən danışdıq və axırda onların hamısının sülh yolu ilə həllinin tapılmasından söz açdıq. Avropa artıq münaqişələrdən bezib və münaqişələrə yol verməmək yolunu tutubdur. İndi Avropa artıq birləşmək yolunu tutubdur. Bu gün Avropanın adından onu təmsil edən bu şəxslər yəqin ki, bir neçə ildən sonra artıq birləşmiş, böyük, əhalisi bəlkə də Yaponiyadan dörd dəfə, ABŞ-dan bir neçə dəfə çox olan bir toplumu təmsil edəcəkdir. Elə bir qurumu, elə birliyi təmsil edəcəkdir ki, onun hərbi qüvvələri, hərbi gücü bəlkə də dünyada ən güclü, ən qüdrətli olacaqdır. Mən özüm şəxsən öz atama, babama və qədim əcdadlarıma minnətdaram ki, bugünkü Avropada yaşamağım üçün imkan yaradıblar. Çünki bizim əcdadlarımızın dünyaya baxışları çox açıq-aşkar olubdur. Onlar Avropanı vahid, sülh şəraitində yaşayan, regional əməkdaşlıqda bulunan, çiçəklənməyə, firavanlığa birlikdə addımlayan region kimi görmək istəyiblər.

İndi icazə verin, Sizə bu region üçün arzumu bildirim. Arzu edirəm ki, sizin regionunuzda da sülh bərqərar olsun, regional əməkdaşlıq inkişaf etsin, region ölkələri və xalqları firavan həyat şəraitində yaşasınlar. Özünüzü tənha hiss etməyin. Siz bu arzuların həyata keçməsi üçün çalışmağa hazır olan, bunu arzulayan çoxlu dostlarınızın əhatəsindəsiniz. İnanın ki, bu sözlər mənim ürəyimin, qəlbimin dərinliklərindən gələn sözlərdir. Sizi böyük işlərə ruhlandırmaq üçün deyirəm, xahiş edirəm ki, sülh, regional inteqrasiya naminə fəaliyyətinizi davam etdirəsiniz, genişləndirəsiniz ki, bu da son nəticədə xalqınızın layiq olduğu inkişafa, tərəqqiyə və firavanlığa gətirib çıxaracaqdır. Bir daha Sizə təşəkkürlərimi bildirirəm.

Heydər Əliyev: Hörmətli cənab Solana, mənim əziz dostum! Mənim haqqımda dediyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm. Mən hesab edirəm və deyə bilərəm ki, sizinlə mənim aramda qarşılıqlı, çox yüksək səviyyəli rəğbət yaranıbdır. Həqiqətən bu illərdə biz dəfələrlə sizinlə görüşüb çox əhəmiyyətli söhbətlər aparmışıq.

Avropa haqqında dediyiniz, yəni Avropanın keçdiyi yol və bu gün qarşısında duran perspektivlər haqqında dedikləriniz, təbiidir ki, heyran edir, yəni biz də istəyirik ki, regionumuzda da elə olsun. Ancaq Avropa bu yolu asanlıqla keçməyibdir. Lakin keçib, indi buna nail olub, indi birləşir. Amma deyə bilmərəm ki, indi Avropada separatizm tamamilə götürülübdür. O cümlədən sizin vətəninizdə. Elə burada baş verən münaqişələrin də əsasında separatizm durur. Əgər biz bu separatizmin qarşısını ala bilsək, hər şey edə bilərik.

Əmin ola bilərsiniz, sizə və bütün qonaqlara deyirəm ki, mən həm bugünkü nəsillər, həm də gələcək nəsillər üçün, öz uşaqlarım, öz nəvələrim üçün və xalqımın gələcəyi üçün sülh, sülh, bir də sülh yaratmaq istəyirəm. Əgər sülh və təhlükəsizlik təmin olunmasa, nə demokratiya, nə iqtisadi inkişaf, nə də insanların rahatlığı ola bilər. Ona görə də mən ömrümün böyük bir hissəsini buna həsr etmişəm. Ömrümün qalan hissəsini də buna həsr edəcəyəm. Mən dünyada özüm üçün ən böyük xoşbəxtlik onu hesab edirəm ki, Azərbaycanda sülhün, əmin-amanlığın yaranmasına nail ola bilim. Məndən nə asılıdırsa onu edirəm.

Mən hesab edirəm ki, bəli, kompromislər olmalıdır. Amma hər şeyin bir həddi var. Sərhəd vardır, həmin sərhəddən bu tərəfə keçmək olmaz. Əgər keçsən də, bu, əks- təsir bağışlayacaqdır. Ona görə də mən çalışıram və çalışacağam da. Mən o günü arzulayıram ki, biz sülh yaradaq, işğal olunmuş torpaqlar azad edilsin. O yerlər dağılıbdır və Avropa İttifaqı milyardlarla dollar gətirib bizə yardım etsin ki, orada bərpa işləri aparaq. Mənim gözlərim qarşısında bu perspektivlər vardır. Təkcə sülh əldə etmək yox, sülhün əldə olunması birinci şərtdir. Amma dağıdılmış yaşayış evlərinin, xəstəxanaların, - hər şey viran olubdur, - insanların yaşaması üçün bərpa olunması, bu, ən böyük vəzifələrdən biridir. Bunu biz özümüz edə bilməyəcəyik. Burada Avropa İttifaqının yardımı bizim üçün çox əhəmiyyətli olacaqdır. Bütün dünyanın beynəlxalq maliyə mərkəzlərinin yardımı bizim üçün çox əhəmiyyətli olacaqdır. Mən bu günləri görürəm. Amma onun üçün sülh yaratmaq lazımdır. Bax, biz burada dayanmışıq. Əgər, bax, bu həddi keçə bilsək, ondan sonra sizinlə də əməkdaşlığımız yaxşı olacaqdır və Cənubi Qafqazda da əməkdaşlıq, sülh yaxşı təmin ediləcəkdir. Gəlin, səylərimizi birləşdirək. Hər şeyi mənim üzərimə qoymayın.

Kristofer Patten: Hərçənd ki, çiyinlərinizi verdiyiniz bu qədər ağır yükün altına öz çiyinlərimizi verə bilməsək də, Sizi bu işdə əvəz edə bilməsək də hesab edirəm ki, Avropa İttifaqının da bu məsələdə müəyyən rolu ola bilər. Hesab edirəm ki, sülh əldə edlidikdən sonra biz onun möhkəmləndirilməsinə yardımçı ola bilərik. Hesab edirik ki, sülh əldə olunduqdan sonra kasıb, evi olmayan insanların, təhsil, səhiyyə xidməti sahəsində vəziyyəti pis olan xalqlara yardımçı olmaqla, o insanları bizlərə qulaq asmağa və sülhü möhkəmləndirməyə sövq edə biləcəyik. Baxmayaraq, həyat bizə belə öyrədibdir ki, sülh əldə edən şəxslər Allah tərəfindən qorunan və onlara yardım edilən şəxslər olublar. Amma bəzən biz öz fəaliyyətimizlə onlara heç də axıra qədər yardımçı ola bilmirik. Mən çox böyük ruh yüksəkliyinə malik bir komissaram. Amma mən bununla bərabər, çox həvəsli, böyük şövqə malik olan bağbanam. Məsələn, mən ömrümdə heç vaxt belə gözəl qızılgülləri görməmişdim. Düşünürəm ki, qarşımızda olan bu gözəl qızılgüllər bizim Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın rəmzidir.

Bizim münasibətlərimiz çox güclüdür və istəyirik ki, bu münasibətlər daha da genişlənsin. Biz Azərbaycanla bir çox sahələrdə geniş əməkdaşlıq edirik. Son illər ərzində biz Azərbaycana 300 milyon avro dəyərində yardım göstərmişik. Hesab edirəm ki, bizim birgə fəaliyyət göstərdiyimiz əməkdaşlıq etdiyimiz sahələrin ən mühümlərindən biri məhz elə həmin reabilitasiya layihələri olmuşdur.

Sizin çox həssaslıqla vəziyyətlərini təsvir etdiyiniz, qarda, yağışın altında insanların həyat şəraitinin yaxşılaşdırılması üçün onlara yardım göstərilməsi məqsədilə biz bir sıra layihələr həyata keçiririk. Biz Azərbaycanda həyata keçirdiyimiz reabilitasiya layihələri ilə əlaqədar hətta bir kitabça da buraxmışıq və burada təhsil, kənd təsərrüfatı sahəsində, məskunlaşmış insanlara yardım göstərilməsi sahəsində gördüyümüz işlər əksini tapıbdır. Baş nazirin müavini də bu kitabçaya çox yaxşı bir ön söz yazıbdır. Kitabçada yaxşı şəkillər də vardır. Baş nazirin müavini bu nəşrə yazdığı ön sözdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümid bəslədiyini bildiribdir. Əminik ki, bu, belə də olacaqdır.

Anlayırıq ki, sülh əldə edildikdən sonra bizim tərəfimizdən reabilitasiya layihələri, bərpa işləri üçün xeyli miqdarda vəsait ayrılmasına, sizə yardım göstərilməsinə ehtiyac olacaqdır. Bu regionda əməkdaşlıq çərçivəsində çoxlu birgə layihələri də həyata keçirəcəyik.

Bundan əvvəlki görüşümüz zamanı TRASEKA layihəsi nümayəndəliyi ofisinin açılışı mərasimində Siz bu layihə barəsində çox xeyirxah sözlər söylədiniz. O sözlərlə bizi TRASEKA layihəsinə daha çox cəlb olunmağa, daha çox işlər görməyə dəvət etdiniz. İndiyə qədər Avropa İttifaqı 40 milyon avro həddində texniki yardım göstəribdir. Bundan əlavə, buraya Dünya Bankından, Avropa Bankından 400 milyon avro investisiya yönəlibdir. Anlayırıq ki, daha çox iş görməliyik. Boru kəmərlərinin çəkilişinə 25 milyon avro məbləğində investisiya qoyulması barədə layihə vardır. Hesab edirik ki, bundan sonrakı fəaliyyətimiz zamanı regiondan çəkiləcək boru kəmərlərinə verdiyimiz diqqəti daha da artırmalıyıq ki, daha çox vəsait ayırmalıyıq ki, həmin boru kəmərləri ilə nəql ediləcək məhsullar sürətlə dünya bazarlarına çatdırılsın.

Ümidvaram ki, bu layihələr regionun ümumi iqtisadi inkişafına yardımçı olacaqdır. Əminik ki, biz ölkənizdə iqtisadi və siyasi islahatların daha da genişləndirilməsi üçün Sizinlə digər sahələrdə də əməkdaşlığı genişləndirəcəyik. Ən çətin iş Sizin öhdənizə düşübdür. Amma ümidvaram ki, qısa bir zamandan sonra Siz böyük nailiyyətlər əldə edərək, bizi Sizin kimi yaxşı işləməyə, bu layihələrin müvəffəqiyyətli olması üçün səylərimizi artırmağa sövq edəcəsiniz.

Heydər Əliyev: Təşəkkür edirəm, cənab komissar. Əvvələn, Avropa İttifaqı tərəfindən Azərbaycana indiyə qədər göstərilmiş yardımlara görə təşəkkür edirəm. Bəzi rayonlarımızda aparılmış bərpa işlərinə görə sizə təşəkkür edirəm. Ancaq dediniz ki, çox gözəl bir kitab yazmısınız. O kitabda da hörmətli baş nazirin müavini çox gözəl sözlər yazıbdır. Mən istərdim ki, o sözlər həqiqətə çevrilsin. Kitab yazmaq çətin deyildir. Amma iş görmək çox çətindir. Mən çox məmnunam, siz burada bəyan edirsiniz ki, gələcəkdə, əgər biz sülh yarada bilsək, bərpa işlərində Azərbaycana çox güclü yardım edəcəksiniz. Ancaq sülh yaratmaq lazımdır.

Bağışlayın, belə bir məsəl var: siçanlar pişikdən xilas olmaq istəyirlər, qərara gəlirlər ki, pişiyin boynundan bir zınqırov assınlar ki, o, gələndə səsi eşidib qaçsınlar. Siçanların hamısı bu təkliflə razı olur. Sonra ikinci məsələ qalxır. Soruşurlar ki, pişiyin boynuna zınqırovu kim asmalıdır? İndi belə çıxır ki, bunu ancaq mən etməliyəm. Hamınız söz verirsiniz, tərifləyirsiniz və sair, amma əsas məsələni mən etməliyəm. Hörmətli qəzetçilər, müxalifətçilər, Azərbaycan prezidentini hər gün tənqid edənlər - indi gördünüzmü? Mən o zınqırovu pişiyin boynundan asanda, pişik məni yesə nə olacaq? Dərd də bundadır.

Ancaq məni yemək çətindir.

Xavyer Solana: Onu bilirik.

Heydər Əliyev: Amma vəziyyət bundan ibarətdir.

Mən bir daha sizə təşəkkür edirəm. Belə başa düşdüm ki, siz deyirsiniz ki, mən sülh yaradım, siz də sonra gəlib mənimlə bərabər bütün bu işləri görəsiniz. İndi çalışmalıyam. Amma gərək siz də sonra sözünüzdən qaçmayasınız. Söz verirsinizmi? Bir az yavaş danışdınız.

Kristofer Patten: İstəmirik ki, biz də özümüzü pişiyin boğazına zəncir asmağa məcbur olmuş siçanın gününə salaq.

Heydər Əliyev:  Görürsünüzmü, mən o gündəyəm.

Anna Lind: Cənab prezident, amma Sizi əmin edirik ki, biz verdiyimiz sözlərə xilaf çıxmayacağıq, vədimizə sadiq olacağıq və Sizinlə keçirdiyimiz bu çox maraqlı görüşdən sonra əməkdaşlığımız daha da genişlənəcəkdir. Cənab prezident, amma mən heç vaxt cəsarət etməzdim ki, Sizi siçan ilə müqayisə edim. Amma hər halda, ən cəsarətli addım atmaq məhz Sizin boynunuza düşəcəkdir.

Heydər Əliyev: Bilirsinizmi, mən özüm də özümü siçanla müqayisə etmək istəməzdim, ancaq Azərbaycan ifadəsinin bura yeri idi və ona görə də mən bunu dedim.

Mənim dostum Solanaya bir kitab bağışlamaq istəyirəm. Bu kitab NATO-nun 50 illiyinə həsr olunubdur. Xatirinizdədir, orada biz görüşürdük. Bir orada yox, başqa yerlərdə də. Biz sizinlə NATO barəsində çox danışıqlar apardıq və çox da işlər gördük. Bu da NATO-ya aid kitabdır. İndi mən bunu sizə bağışlayıram. Burada öz şəkillərinizi və bizim danışıqlarımız barədə yazıları görəcəksiniz. Avropa İttifaqı ilə də bizim əməkdaşlığımız yaxşı getsə, sonra bir dənə də kitab yaradacağam. Onda sizə də kitab bağışlayacağıq. Sağ olun.

* * *

Anna Lind: Azərbaycan prezidenti Heydər Əliyevlə bizim görüşümüz başa çatdı. Bütün müzakirələrdən sonra sizi maraqlandıran suallar varsa, cavab verməyə hazırıq.

Sual: Siz Yerevanda olarkən regionda iqtisadi əməkdaşlığın yaranması və nizamlanması barədə təklif vermisiniz. İndicə keşirdiyiniz görüşdə Azərbaycan prezidenti bildirdi ki, münaqişə həll edilməyincə, bu, mümkün deyildir. Siz bu istiqamətdə növbəti hansı addımları atmaq fikrindəsiniz? Bu ideyanı gələcəkdə də davam etdirmək fikrindəsinizmi?

Kristofer Patten: Şübhəsiz ki, regional səviyyədə əməkdaşlığın aparılması məsələsində hələ də siyasi fikir müxtəlifliyi var. 1999-cu ildə Avropa İttifaqı və bu regionun iki ölkəsi arasında birgə bəyannamə qəbul olunmuşdur. Həmin bəyannamədə öz təcəssümünü tapmış əsas müddəalardan biri də ondan ibarət idi ki, əməkdaşlığın müəyyən formaya gətirilməsi üçün bir təkanverici qüvvə olsun və lazımi tədbirlər həyata keçirilsin. Yüksək səviyyədə danışıqlarımız, görüşlərimiz və buraya səfərimiz zamanı aydın oldu ki, ölkəniz münaqişəni sülh yolu ilə həll olunması barəsində verdiyi sözə sadiqdir. Sülhün bərqərar olması naminə biz də çalışacağıq ki, əlimizdən gələni əsirgəməyək.

Sual: Maastrixt müqaviləsinin imzalanmasından 9 il keçir. Bu illərdə Avropa İttifaqına yeni üzvlər qəbul edilmişdir. Yaxın gələcəkdə bu ittifaqa daha hansı ölkələr üzv olacaqdır?

Xavyer Solana: Ümumiyyətlə, siz bilirsiniz ki, genişlənmə prosesi artıq gedir. Növbədə olan ölkələrin Avropa İttifaqına qəbul olunması məsələsinə baxılması mümkündür. Siz bilirsiniz ki, Nitsa şəhərində zirvə görüşü keçirilmiş, orada çox vacib sənədlər və razılaşmalar qəbul olunmuşdur. Bunun özü də genişlənmə prosesinə təkan vermişdir. Bu problem həll olunduqdan sonra digər dövlətlərin də Avropa İttifaqına namizədliyinə baxıla bilər.

Sual: Siz bu gün dediniz ki, TRASEKA proqramına böyük əhəmiyyət verirsiniz. Sizə elə gəlmirmi ki, bu proqram bir qədər ləngiyir. Əgər ləngiyirsə, səbəbi nədir?

Kristofer Patten: Biz bu proqramın həyata keçirilməsi ilə əlaqədar Brüsseldə müntəzəm olaraq yığışır, müzakirələr aparırıq. Azərbaycan prezidenti ilə görüşümüzdə mən dedim ki, hazırda TRASEKA proqramı çərçivəsində boru kəmərlərinin çəkilməsi ilə əlaqədar 25 milyon avro məbləğində vəsait ayrılması barədə layihə var. Boru kəmərləri sahəsində biz daha bir sıra layihələrin həyata keçirilməsini planlaşdırırıq. Bu proqram gecikdirilirsə, gecikmə yalnız layihənin bir nöqtədən digər nöqtəyə çatdırılmasına aid ola bilər. Mən sizinlə səmimi danışıram və deyə bilərəm ki, bu, çox vacib layihədir və onun həyata keçirilməsi üçün biz bütün səylərimizi göstərəcəyik.


"Azərbaycan" qəzeti, 22 fevral 2001-ci il.