Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan polisinin 80 illik yubileyinə və polis gününə həsr olunmuş təntənəli yığıncaqda nitqi - Azərbaycan Dövlət Opera və Balet Teatrı, 2 iyul 1998-ci il


Hörmətli xanımlar və cənablar, dostlar!

Sizi Azərbaycan polisinin 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Sizə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına çox şərəfli işinizdə böyük uğurlar arzulayıram.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə müstəqil bir dövlət kimi ilk addımlarını atarkən müstəqil dövlət üçün çox zəruri, vacib olan polisin yaranmasını qərara almışdır və 1918-ci il iyul ayının 2-də Azərbaycan milli polisi yaranmışdır. Bu, bizim tariximizdə çox əlamətdar bir hadisədir. Azərbaycan xalqı uzun bir tarixi dövrdə demək olar ki, ilk dəfə özünün doğma, milli, müstəqil polisini yaratmışdır. Məhz Azərbaycan polisinin, milisinin yarandığı gündən indiyə qədər onun xidmətlərini nəzərə alaraq müstəqil respublikamızda 2 iyul günü Azərbaycan Polisi günü adlandırılıbdır və bu barədə lazımi fərman verilibdir. Bugünkü təntənəfi yığıncaq, yubiley mərasimi də məhz buna həsr olunubdur.

Xalq Cümhuriyyəti yaranandan indiyə qədər Azərbaycanın 80 illik tarixi bir neçə mərhələdən ibarətdir. Bütün bu mərhələlərdə Azərbaycan polisi, milisi, daxili işlər orqanları daim xalqla olmuş, xalqın ayrılmaz hissəsi olmuş, xalqına, ölkəsinə, dövlətinə sədaqətlə xidmət etmişdir. Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də vardır. Amma bunlar hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu, bizim xalqımızın tarixinin səhifələridir. Azərbaycanda 80 il ərzində polisin, milisin, daxili işlər orqanlarının əldə etdiyi nailiyyətlər, uğurlar, şübhəsiz ki, xalqımıza, ölkəmizə fayda vermişdir. Amma eyni zamanda, buraxılan səhvlər xalqımıza böyük itkilər gətirmişdir. 1920- 1930-cu və xüsusən 1937-1938-ci illərin repressiya dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və onun tərkibindəki milis də bu repressiyaların iştirakçıları olmuşlar. Ancaq bunlara baxmayaraq, polis, milis, Daxili İşlər Nazirliyi orqanlarında ötən dövrdə - 80 il ərzində işləmiş, çalışmış, əməkdaşlıq etmiş insanların tam əksəriyyəti öz xalqına, doğma torpağına, Azərbaycana sədaqətlə xidmət etmişdir. Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları respublikamızın bütün vətəndaşları ilə birlikdə Böyük Vətən müharibəsində də öz xidmətlərini göstərmişlər. Ermənistanın Azərbaycana təcavüzü başlanandan bəri və döyüşlər gedən illərdə Azərbaycan milisi, polisi, Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları torpaqlarımızın qorunmasında şücaətlə vuruşmuşlar, qəhrəmanlıq nümunələri göstərmişlər. Milis, polis işçiləri, Daxili İşlər Nazirliyinin əməkdaşları öz xidməti vəzifələrini həyata keçirərək, Azərbaycan vətəndaşlarının, dövlətin, xalqın mənafeyini qoruyaraq canlarını qurban vermiş, həlak olmuşlar. Belə qəhrəmanların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların qəhrəmanlıq nümunələri bizim qəlbimizdə daim yaşayacaq və bugünkü, gələcək nəsillər, müstəqil Azərbaycanın polis əməkdaşları üçün həmişə örnək olacaqdır.

Azərbaycanın Daxili İşlər Nazirliyinin, milis, polis orqanlarının tarixində son on il çox mürəkkəb, ziddiyyətli, çətin və ağır dövr olmuşdur. Bu on ildə Azərbaycanın Daxili İşlər Nazirliyində sədaqətlə xidmət edən insanlar öz vətəndaşlıq borcuna sadiq qalmış, öz xidməti vəzifələrini layiqincə yerinə yetirmişlər. Ancaq eyni zamanda, bu müddətdə Azərbaycanda gedən ictimai-siyasi proseslərin ucbatından və ayrı-ayrı vəzifəli şəxslərin etdikləri cinayətin, xalqa xəyanətin nəticəsində Daxili İşlər Nazirliyinin bir çox əməkdaşlarının özləri cinayətkarlara çevrilmişlər, peşələrinə ləkə gətirmişlər va ümumiyyətlə, Daxili İşlər Nazirliyi orqanlarının işinə böyük zərbələr vurmuşlar. Bütün bunlara baxmayaraq, Azərbaycanın Daxili İşlər Nazirliyi orqanları yaşamış, inkişaf etmişdir və bu gün o, müstəqil Azərbaycan dövlətinin, vətəndaşlarının, xalqımızın, respublika Konstitusiyasinın keşiyində duran bir orqandır.

Son on il içərisində Azərbaycanın Daxili İşlər Nazirliyi orqanlarında olan vəziyyət və eyni zamanda görülən işlər haqqında, ümumiyyətlə, 80 illik tarix barədə respublika daxili işlər naziri Ramil Usubov ətraflı məlumat verdi. Mən onu xüsusi qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi orqanlarında nə qədər mənfi hallar olmuşdursa da, bu orqanlarda çalışan şəxsi heyətin əksəriyyəti öz mənliyini qorumuş, vətənə, xalqa sədaqətini daim saxlamışdır. Məhz bunun nəticəsində bu gün biz Azərbaycan Daxili İşlər Nazirliyində sağlam, mübariz, öz vəzifəsini peşəkarcasına yerinə yetirə bilən böyük bir heyəti görürük. Son illər ölkəmizdə Azərbaycanın dövlətçiliyinə, Konstitusiyasina, konstitusion quruluşuna, xalqımıza, vətəndaşlara qarşı edilən cinayətlərin qarşısının alınmasında respublika Daxili İşlər Nazirliyi böyük xidmətlər göstərmiş, yaxşı naliliyyətlər əldə etmişdir. 1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd göstərilən zaman, 1995-ci ildə ölkəmizə düşmən olan müxtəlif qüvvələrin səylərini özündə cəmləyən, Daxili İşlər Nazirliyinin tərkibində olan OMON dəstəsinin böyük cinayət törətdiyi və respublikamızda hakimiyyəti devirməyə cəhd etdiyi vaxt, o illər və ondan sonrakı dövrdə Azərbaycanda ciddi təxribat cəhdlərinin, terror aktlarının qarşısının alınmasında Daxili İşlər Nazirliyi və onun əməkdaşları böyük xidmətlər göstərmiş, uğurlar əldə etmişlər.

Əziz dostlar, mən sizin bütün bu xidmətlərinizi yüksək qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bundan sonra da öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Polis peşəsi ağır, çətin peşədir. Polis peşəsinə öz həyatını sərf edən insan bir çox xüsusi keyfiyyətlərə malik olmalıdır. Polis əməkdaşı birinci növbədə ölkəsinin dövlətinə, Konstitusiyasina, qanunlarına tam sadiq olmalıdır. Polis əməkdaşı bilikli, öz sahəsində yüksək təhsilə, yaxşı təcrübəyə malik, iradəli, cəsarətli, qorxmaz olmalıdır. Polis əməkdaşı saf mənəviyyata malik olmalıdır. Polis əməkdaşı yalnız və yalnız qanun çərçivəsində fəaliyyət göstərməlidir, qanunun aliliyini daim rəhbər tutmalıdır, qanuna həmişə hörmət etməlidir. Polis əməkdaşı vətəninə, torpağına hədsiz sədaqətli və istənilən vaxt öz vəzifəsini yerinə yetirərək həyatını belə qurban verməyə hazır olmalıdır. Azərbaycanın bugünkü polisinin, daxili işlər orqanları əməkdaşlarının əksəriyyəti belə keyfiyyətlərə malikdir. Əgər belə olmasaydı, Daxili İşlər Nazirliyi son illərdə artıq bütün ictimaiyyətimizə məlum olan nailiyyətləri əldə edə bilməzdi.

Bu gün biz böyük məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, 80 illik tarixi ərzində Azərbaycan polisi, daxili işlər orqanları böyük təcrübə toplamış, böyük bilik potensialı əldə etmiş, dünya təcrübəsindən xeyli bəhrələnmiş, mütəşəkkilləşmiş bir təşkilatdır. Respublikanın polis işçiləri, Daxili İşlər Nazirliyi Azərbaycanın dövlətçiliyini, Konstitusiyasinı, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını qorumaq üçün çox mühüm əhəmiyyət kəsb edən bir dövlət orqanıdır. Bütün bunlar sizin, bizim, hamımızın, Azərbaycan xalqının milli sərvətidir. Biz bundan sonra da Azərbaycan Respublikasının daxili işlər orqanlarının işinin təkmilləşdirilməsinə və orqanlarda qanun-qaydanın, nizam-intizamın möhkəmlənməsinə, peşəkarlıq səviyyəsinin yüksəlməsinə fikir verməliyik, öz səylərimizi göstərməliyik.

Bütün müsbət nəticələrlə yanaşı, bu gün, yubiley günü polisin, Daxili İşlər Nazirliyinin qarşısında duran vəzifələr haqqında da deməyi lazım bilirəm. Vəzifələrimiz məlumdur. Onlar birinci növbədə Azərbaycanın Konstitusiyasında, qanunlarında, prezidentin fərmanlarında əks olunubdur. Siz bu vəzifələrin yerinə yetirilməsi üçün daha da səmərəli işlər görməlisiniz. Bünun üçün böyük imkanlar da vardır. İndi bizim üçün müstəqil dövlətimizin polisini, Daxili İşlər Nazirliyini dünya standartları səviyyəsinə qaldırmaq imkanı vardır. Çünki biz müstəqil dövlətik, müstəqil ölkəyik. Biz öz işimizi özümüz qururuq.

Bu gün Azərbaycan polisinin 80 illiyi haqqında danışarkən, ötən 80 il ərzində polisin keçdiyi yola layiqli qiymət verərkən eyni zamanda qeyd etmək lazımdır ki, biz müstəqil olmadığımız dövr - 70 il içində Azərbaycan Respublikası özünün Daxili İşlər Nazirliyinin işini istədiyi kimi qurmaq imkanına malik olmamışdır. O vaxt Azərbaycan Daxili İşlər Nazirliyində hətta milis kiçik leytenantı rütbəsi vermək üçün gərək Sovetlər İttifaqının Daxili İşlər Nazirliyinin əmri olaydı. Təkcə rütbə vermək məsələsi deyildir. Rəhbər vəzifələrin əksəriyyətinə kadrlar Moskvanın, Sovetlər İttifaqı Daxili İşlər Nazirliyinin əmrləri ilə təyin olunurdu. Bizim xalqımıza, millətimizə xas olmayan bir çox adətlər, ənənələr güclə həyatımızın bir çox sahələrinə, o cümlədən Daxili İşlər Nazirliyinin işinə də tətbiq olunurdu. Ancaq indi Azərbaycanın Daxili İşlər Nazirliyi müstəqil dövlətin nazirliyidir, Azərbaycan polisi müstəqil Azərbaycanın polisidir və Daxili İşlər Nazirliyinin rəhbərliyinə çox böyük səlahiyyətlər verilibdir. Vəzifə bu səlahiyyətlərdən düzgün, səmərəli, qanunlar əsasında istifadə etməkdən ibarətdir.

Ümid edirəm ki, indiyə qədər, xüsusən son üç ildə toplanmış təcrübə əsasında Azərbaycanın Daxili İşlər Nazirliyi öz işini günü-gündən təkmilləşdirəcəkdir, əməkdaşların peşəkarlıq səviyyəsi artacaqdır və Daxili İşlər Nazirliyinin, Azərbaycan polisinin qarşısında duran vəzifələr daha da müvəffəqiyyətlə həyata keçiriləcəkdir. Bir də qeyd etmək istəyirəm ki, vəzifələr haqqında danışanda Daxili İşlər Nazirliyinin əsas vəzifəsi xalqa xidmət etmək, hər bir Azərbaycan vətəndaşına xidmət etmək, Azərbaycan dövlətinə xidmət etməkdən ibarətdir. Son üç ildə Daxili İşlər Nazirliyinin Azərbaycanın digər hüquq-mühafizə orqanları ilə birlikdə apardığı işlər nəticəsində, həyata keçirdiyi tədbirlər və əməliyyatlar nəticəsində Azərbaycanda cinayətkarlığa qarşı mübarizə güclənibdir, cinayətkarlıq azalıbdır, ictimai asayişin vəziyyəti yaxşılaşıbdır və bunlar hamısı Azərbaycanda mövcud ictimai-siyasi sabitliyin yaranmasına kömək edibdir.

Ötən illəri unutmaq lazım deyildir. Cəmi beş il bundan öncə Azərbaycanda vətəndaş müharibəsi gedirdi, polisin kimə xidmət edib-etmədiyi məlum deyildi, - o, ayrı-ayrı cinayətkar dəstələrə, qüvvələrə xidmət edirdi və vətəndaşların təhlükəsizliyi təmin olunmurdu. O günlər hamımızın xatirindədir. İnsanlar daim təhlükə altında yaşayırdılar. İnsanlar rahat əmək fəaliyyəti göstərə bilmirdilər, rahat istirahət edə bilmirdilər, Öz həyatlarını istədikləri kimi qura bilmirdilər və bəziləri də hesab edirdi ki, elə belə də olmalıdır. Çünki belə bir vəziyyəti yaradanlar bu vəziyyətdən öz şəxsi mənafeləri üçün faydalanırdılar və xalqın, vətəndaşlarnı hüquqları, azadlıqları, onların vəziyyəti belələrini qətiyyən maraqlandırmırdı. 1995-ci ildən cəmi üç il keçibdir. Bu üç il müddətində nə qədər müsbət dəyişikliklər vardır! Mən Daxili İşlər Nazirliyinin işində keçmişdə buraxılan səhvlər, qara ləkələr haqqında deyəndə Daxili İşlər Nazirliyinin içində cinayətkarlar dəstəsinin yaranmasını xüsusi qeyd edirəm. Bilirsiniz, bu, ola bilər ki, son dövrdə başqa ölkələrlə müqayisədə analoqu olmayan bir hadisədir. O vaxt keçmiş Sovetlər İttifaqının respublikalarında Xüsusi Təyinatlı Milis Dəstələri yaradılmışdı. Bu dəstələrin yaradılmasının məqsədi mütəşəkkil cinayətkarlarla mübarizə aparmaqdan və Daxili İşlər Nazirliyinin, milisin çox güclü bir strukturu olmaqdan ibarət idi. Bu, Azərbaycanda da yaranmışdı və yaranan zamandan sonra, xüsusən Ermənistanın təcavüzündən Azərbaycan torpaqlarının qorunmasında XüsusiTəyinatlı Milis Dəstəsinin - OMON-un xidmətləri olmuşdur. Əgər səhv etmirəmsə, o dəstənin içərisindən 45 nəfər şəhid olmuşdur. Onlar vətən, torpaq yolunda şəhid olmuşlar. Biz onların qəhrəmanlığını heç vaxt unuda bilmərik və onların silahdaşlarının sonra cinayət yoluna düşməsi, cinayətkar dəstəyə çevrilməsi Xüsusi Təyinatlı Milis Dəstəsinə mənsub olmuş, qəhrəmanlıq göstərmiş, şəhid olmuş insanların xidmətlərinə heç vaxt ləkə sala bilməz. Ancaq sual olunur: Bəs nə cür oldu ki, belə bir dəstə, qəhrəmanlıq nümunələri göstərmiş dəstə sonra bir cinayətkar dəstəsinə çevrildi? Bunun kökü o insanların özündə deyildir. Bunun kökü o vaxt Azərbaycanda gedən mürəkkəb və qeyri-normal ictimai-siyasi proseslərlə əlaqədardır. Bunun kökü o vaxt Azərbaycanda hakimiyyət uğrunda silahlı mübarizə aparmaq xəstəliyi ilə əlaqədardır və dövlət strukturları, silahlı strukturlar olduğu halda, Azərbaycanın ayrı-ayrı vəzifəli şəxslərinin, bəzən də heç vəzifəsi olmayan şəxslərin, ancaq böyük vəsait sahiblərinin özləri üçün cinayətkar silahlı dəstələr yaratması ilə bağlıdır. Məhz belə bir vəziyyətdə, ölkənin rəhbərliyində cinayətkarlıq geniş yayıldığı bir zaman, Azərbaycanın daxili işlər naziri Həmidov cinayətkar bir adam olduğu zaman, şübhəsiz ki, çox sağlam niyyətlərlə yaranmış polis dəstəsi sonra cinayətkar dəstəyə çevrildi.

Bizim xalqımız bu ağır, böyük itkilərlə müşayiət olunmuş dövrü yaşamışdır. Məmnunluq doğuran odur ki, biz bütün bunlara son qoya bilmişik və 1995-ci ildən bu yana bu cinayətkarlıqla mübarizə aybaay, ilbəil güclənib, genişlənibdir. Hüquq-mühafizə orqanlarının işi bir-biri ilə sıx əlaqələndirilib və bunların nəticəsində də indi Azərbaycanda insanlar ictimai-siyasi sabitlik, əmin-amanlıq, rahatlıq şəraitində yaşayırlar. Bu, bizim dövlətimizin siyasətinin nəticəsidir və onun ardıcıl surətdə həyata keçirdiyi tədbirlərin nəticəsidir. Bu, bizim qanunların tətbiq olunmasının nəticəsidir. Bu, eyni zamanda hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin gördüyü işlərin, fəaliyyətinin nəticəsidir. Görülən işlər qiymətləndirilir.Ancaq mən istərdim ki, bu gün, bayram günü, yubiley günü Daxili İşlər Nazirliyinin bütün əməkdaşları, Azərbaycanın bütün hüquq-mühafizə orqanları öz səylərini çatışmazlıqların, nöqsanların aradan qaldırılmasına, işlərin daha da yaxşı təşkil edilməsinə yönəltsinlər, cinayətkarlığın tamamilə aradan qaldırılmasına nail olsunlar. Son illərin təcrübəsi onu göstərir ki, bu mümkündür, biz buna nail ola bilərik. Güman edirəm ki, bu nailiyyətlərdən ruhlanan hüquq-mühafizə or-qanlarının əməkdaşları, Azərbaycanın Daxili İşlər Nazirliyinin əməkdaşları bundan sonra bizi daha da müsbət nəticələrlə sevindirəcəklər.

Ramil Usubov burada rəqəmlər gətirdi ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında cinayətkarlıqla mübarizə nədən ibarətdir və Azərbaycan bu göstəricilərə görə müsbət mənada fərqlənir. Bu, çox yaxşı haldır. Bu, bizi sevindirməlidir, ruhlandırmalıdır. Ancaq biz öz işimizi tək bununla ölçməməliyik, öz işimizi mövcud vəziyyətlə ölçməliyik. Əgər bu gündə vətəndaşların həyatına sui-qəsd edilirsə, kimsə kimisə öldürə bilirsə, kimsə kimisə narahat edə bilirsə, kimsə hansısa başqa cinayət edə bilirsə, demək, hələ görüləsi işlər çoxdur, biz hələ istənilən səviyyəyə gəlib çatmamışıq. Ümid edirəm ki, əgər hüquq-mühafizə orqanları hamısı birlikdə bundan sonra da əldə etdiyi təcrübələrdən istifadə edərək işlərini daha yaxşı qurmuş olsalar, biz qarşıdakı illərdə respublikamızda cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, dövlətçiliyimizin, vətəndaşların hüquqlarının qorunmasında daha da yüksək səviyyəyə çata bilərik. Hesab edirəm ki, buna imkan vardır. Hər bir hüquq-mühafizə orqanında çalışan əməkdaş öz işinin dövlət, xalq üçün nə qədər vacib olduğunu dərk etməlidir və işini yalnız və yalnız xalqın, ölkənin mənafeyi üçün aparmalıdır.

Mən bu gün, bayram günü təəssüf hissi ilə demək istəyirəm ki, hüquq-mühafizə orqanlarının işində, o cümlədən Daxili İşlər Nazirliyinin işində nöqsanlar da çoxdur. Bu nöqsanların bir qismi işin təşkili ilə əlaqədardır, bir qismi isə ayrı-ayrı əməkdaşların vəzifələrindən sui-istifadə etməsi və bəzən hətta cinayətkarlıq yoluna düşməsi ilə əlaqədardır. Hüquq-mühafizə orqanlarının işçiləri, Daxili İşlər Nazirliyinin əməkdaşları bilməlidirlər ki, onlar Azərbaycanın başqa vətəndaşlarından fərqli olaraq xüsusi imtiyazlara, statusa malikdirlər və bu imtiyazlardan, qanunla onlara verilən hüquqlardan doğru-düzgün istifadə etməlidirlər. Daxili İşlər Nazirliyinin işçisi hansısa bir vətəndaşı saxlaya, qanun çərçivəsində lazımi əməliyyat apara bilər. Başqa vətəndaşlara belə imkanlar verilmir. Daxili İşlər Nazirliyi əməkdaşlarının xidməti formaları, xidməti rütbələri, cəmiyyətdə özfəaliyyətlərini həyata keçirmək üçün imkanları onları Azərbaycanın başqa vətəndaşlarından fərqləndirir. Ona görə bütün bu səlahiyyətlərdən, imtiyazlardan, imkanlardan yalnız qanun çərçivəsində, ölkənin, xalqın mənafeyi naminə istifadə etmək lazımdır. Təəssüflər olsun ki, Daxili İşlər Nazirliyinin əməkdaşları içərisində vəzifəsindən sui-istifadə edənlər, bəzən cinayət edənlər də vardır. Onların bəziləri məsuliyyətə cəlb olunublar. Belə hallar başqa hüquq-mühafizə orqanları əməkdaşlarının içərisində də vardır. Hüquq-mühafizə orqanları hamısı birlikdə Azərbaycanda cinayətkarlıqla mübarizəni gücləndirməlidirlər. Bir daha qeyd edirəm, ancaq eyni zamanda, onlar qanun çərçivəsində hərəkət etməlidirlər. Onların fəaliyyəti Azərbaycanda demokratik, siyasi, iqtisadi islahatların həyata keçirilməsinə kömək etməlidir, mane olmamalıdır. Təəssüflər olsun ki, bəzi hallarda hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları guya öz vəzifələrini yerinə yetirərək, Azərbaycanda islahatların keçirilməsinə mane olur, özlərinə aid olmayan işlərə qarışır və beləliklə də dövlətə, xalqa kömək etmək əvəzinə, ümumi işimizə zərər gətirirlər. Azərbaycanda cinayətkarlıqla mübarizə hər bir cinayətə qarşı olmalıdır. Amma indi biz iqtisadi islahatlar həyata keçirdiyimiz zaman hüquq-mühafizə orqanları bilməlidirlər ki, onlar harada cinayət axtarmalıdırlar, harada isə cinayət axtarmağa ehtiyac yoxdur. Təəssüf olsun ki, bəzən bunu anlamayanlar, yaxud da qəsdən, - o yerdə ki, cinayət yoxdur, ya da o yerdə ki, sadəcə, bizim yeni qanunlar əsasında iqtisadi islahatlar aparılır və bunun nəticəsində müəyyən tədbirlər həyata keçirilir, - oraya müdaxilə olunur və beləliklə də ümumi işimizə zərər vurulur. Bunların qarşısı alınmalıdır.

Cinayətkarlıqla mübarizədə korrupsiya ilə, rüşvətxorluqla mübarizə xüsusi yer tutmalıdır. Bu, təkcə hüquq-mühafizə orqanlarının işi deyil, bütün dövlət orqanlarının, hökumətin işidir, ümumxalq işidir. Ancaq hüquq-mühafizə orqanlarının bunun üçün xüsusi imkanları var. Ona görə də korrupsiya ilə, rüşvətxorluqla mübarizə sahəsində hüquq-mühafizə orqanlarından daha da çox səmərəli iş tələb olunur. Ancaq təəssüflər olsun ki, hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində də korrupsiya ilə, rüşvətxorluqla məşğul olanlar var və bəzən az deyildir. Mən dedim ki, özünü polis peşəsinə həsr edən adam saf mənəviyyata malik olmalıdır. Bu, təkcə polisə aid deyildir. Hər bir Azərbaycan vətəndaşı mənəviyyatca saf olmalıdır. Ancaq dövlət işində çalışan adamlar, hüquq-mühafizə orqanında işləyənlər, Daxili İşlər Nazirliyinin əməkdaşları bu keyfiyyətə mütləq malik olmalıdırlar. Bu, əsas tələblərdən biridir və mən bu bayram günü bu məsələni qaldıraraq bütün hüquq-mühafizə orqanlarından bir daha tələb edirəm ki, korrupsiya ilə, rüşvətxorluqla mübarizə gücləndirilsin. Bu mübarizəni gücləndirmək üçün birinci növbədə hüquq-mühafizə orqanlarının içərisində korrupsiya ilə məşğul olan, rüşvətxorluq edən insanlar aşkara çıxarılmalı, ifşa edilməli və məsuliyyətə cəlb olunmalıdır. Əgər bu olmasa, hüquq-mühafizə orqanlarının gördüyü başqa işlər də ictimaiyyət, xalq tərəfindən lazımi dərəcədə qiymətləndirilə bilməz.

Bir daha qeyd edirəm, özünü polis peşəsinə həsr edən insan, hüquq-mühafizə orqanlarında işləyən hər bir şəxs birinci növbədə mənəviyyatca saf olmalıdır. Bütün başqa çatışmazlıqları, nöqsanları bağışlamaq olar, onlara dözmək də olar. Amma bu nöqsanı, - əgər buna nöqsan demək olarsa, - bağışlamaq, bu hallara dözmək olmaz. Bizim hüquq-mühafizə orqanları indi elə bir səviyyədədirlər ki, onlar korrupsiya ilə, rüşvətxorluqla mübarizə aparmağa qadirdirlər, -əgər öz içərilərində olan belə halları birinci növbədə aşkara çıxarıb özlərinin kollektivlərini təmizləsələr! Daxili İşlər Nazirliyinin əməkdaşları Konstitusiyaya, dövlətçiliyə daim sadiq olmalıdırlar. Bəli, Daxili İşlər Nazirliyinin əməkdaşları, ümumiyyətlə Daxili İşlər Nazirliyi siyasətdən kənar olmalıdır. Xatirinizdədir, 1988-1989-cu illərdə - hələ Sovet İttifaqı yaşadığı zaman, müəyyən islahatlar həyata keçirildiyi bir zaman hüquq-mühafizə orqanlarının siyasətsizləşdirilməsi məsələsi kəskin durmuşdu. Hələ o vaxt. Ancaq təəssüflər olsun ki, o vaxt hüquq-mühafizə orqanlarının siyasətsizləşdirilməsi haqqında daha çox danışanlar və çıxış edənlər 1992-ci ildə Azərbaycanda hakimiyyətə gələndən sonra hüquq-mühafizə orqanlarını tam siyasiləşdirdilər. Nə ilə anlamaq olardı ki, Azərbaycanın Daxili İşlər Naziri daxili işlər naziri olaraq "Boz qurd" Partiyası yaratmışdı? Daxili İşlər Nazirliyinin işçilərini məcbur edirdi ki, "Boz qurd" Partiyasına daxil olsunlar və "Boz qurd" olsunlar. Daxili İşlər Nazirliyində ən fəxri ad "Boz qurd" adı idi! Nə qədər dəhşətli bir dövr, nə qədər dəhşətli vəziyyət idi. Bu adamlar o vaxt da, indi də çox böyük iddialarla yaşayırlar, demokratiyadan dəm vururlar. Hansı demokratiyadan söhbət gedə bilər ki, daxili işlər naziri siyasətlə məşğul idi, nazirliyin tərkibində "Boz qurd" Partiyası yaratmışdı, müdafiə naziri siyasətlə məşğul idi. Başqa əməkdaşlar da - həm orduda, həm də Daxili İşlər Nazirliyində gecə-gündüz siyasətlə məşğul idilər. Bunların hamısına son qoyulubdur və bundan sonra bunlara heç vaxt imkan verməyəcəyik.

Hüquq-mühafizə orqanları tam siyasətsiz, siyasətdənkənar olmalıdırlar. Hüquq-mühafizə orqanları üçün dövlətin mənafeyinin qorunması ilə hər bir vətəndaşın hüquqlarının qorunması eyni səviyyədə durur. Vətəndaşların hüququnu qoruyaraq, cəmiyyətdən cinayətkarlığı sıxışdırıb çıxararaq dövlətçiliyin qorunması üçün yaxşı zəmin yarana bilər. Güman edirəm ki, son illər Azərbaycanda Daxili İşlər Nazirliyində və digər hüquq-mühafizə orqanlarında yaranmış vəziyyət bu tələblərə cavab verir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu sahədə işlər bundan sonra da davam edəcək və hüquq-mühafizə orqanları, Daxili İşlər Nazirliyi Konstitusiyanın nəzərdə tutduğu səviyyədə duracaqlar və öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Bu gün məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi, onun orqanları, Azərbaycan polisi yaxşı səviyyədədir. Gələcəkdə Azərbaycan polisinin, Daxili İşlər Nazirliyinin işlərini daha da səmərəli etmək üçün yaxşı zəmin yaranıbdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz, Daxili İşlər Nazirliyinin bütün əməkdaşları qarşınızda duran vəzifələrin hamısını şərəflə, layiqincə yerinə yetirəcəksiniz.

Hörmətli polis əməkdaşları, hörmətli Daxili İşlər Nazirliyi əməkdaşları, mən sizə bütün işlərinizdə uğurlar arzulayıram. Sizin hər birinizə cansağlığı, ailə səadəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və əbədi edilməsi yolunda, Azərbaycanın dövlətçiliyinin qorunması yolunda yeni-yeni uğurlar arzulayıram. Sağ olun.