Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ-in) Prezidenti Devid Vudvord və şirkətin digər rəhbərləri ilə görüşdəki söhbətindən - Prezident sarayı, 9 aprel 1999-cu il


Heydər Əliyev: Sizinlə görüşümdən çox məmnunam. Mənim də, sizin də belə bir görüşə ehtiyacımız var idi. Mən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin hazırkı işlərinin vəziyyəti barədə məlumat almaq istəyirəm.

Devid Vudvord: ABƏŞ-in rəhbərləri ilə görüşə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Cənab Prezident, ABƏŞ-in fəaliyyətinə verdiyiniz dəstəyə görə çox sağ olun. Biz bu yaxınlarda bir daha Supsada olmuşuq. Ümidvarıq ki, Siz aprelin 17-də Supsa terminalının açılış mərasimində iştirak edəcəksiniz. Mənə elə gəlir ki, Bakı-Supsa kəməri layihəsinin həyata keçirilməsi çox əlamətdar bir hadisədir. Bu kəmər tezliklə Şərqdən Qərbə yeni bir dəhliz açacaqdır və həmin dəhlizlə təkcə neft yox, bir çox digər məhsullar da dünya bazarına ixrac ediləcəkdir. Cənab prezident, bu layihə məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində həyata keçirilir.

Heydər Əliyev: Səmimi sözlərə görə təşəkkürümü bildirirəm. Cənab Vudvord, mən çox məmnunam ki, siz qərb marşrutu üzrə Bakı-Supsa neft kəmərinin tikintisinin başa çatdırılmasına nail olmusunuz. Mən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Dövlət Neft Şirkətini bu münasibətlə təbrik edirəm. Mən aprelin 17-də Bakı-Supsa neft kəmərinin istismara verilməsi mərasimində iştirak edəcəyəm. Bu, böyük hadisədir. Biz Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil olunan neftin dünya bazarlarına çıxarılması üçün ikinci neft kəməri əldə edirik. Bu gün siz digər işlərin gedişi və proqramın həyata keçirilməsi barədə də verdiyiniz məlumat əhəmiyyətli və maraqlıdır.