Azərbaycan Prezidenti Heydər Əliyevin Norveç səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən - 15 mart 2002-ci il


Stenar Gil: Zati-aliləri!

Mən Norveç Krallığının Azərbaycanda səfiri təyin olunmuşam. İcazə verin, Norveç kralı V Haraldın salamını və ən xoş arzularını Sizə yetirim. Mən ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə çalışacağam. İcazənizlə, etimadnaməmi və əvvəlki səfirin geri çağırılması haqqında məktubu Sizə təqdim edim.

Heydər Əliyev: Çox hörmətli cənab səfir. Norveç Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə sizi təbrik edirəm və gələcək işlərinizdə uğurlar arzulayıram.

Norveç Krallığı ilə, Norveç xalqı ilə Azərbaycan xalqı, Azərbaycan dövləti arasında, həqiqətən, dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri yaranıb və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz, xüsusən, iqtisadiyyat sahəsində böyük vüsət alıbdır. Azərbaycanda artıq 1994-cü ildən indiyə qədər Norveçin çoxsaylı müxtəlif şirkətləri fəaliyyət göstərir. Mən inanıram ki, siz səfirliyiniz dövründə Azərbaycanda bu əlaqələrin inkişaf etdirilməsi üçün güclü səylər qoyacaqsınız. Bunun üçün yaxşı əsas yaranıbdır.

Norveç karlının mənə çatdırdığınız salamına görə təşəkkür edirəm. Ona, bütün hökumətinizə mənim salamımı və ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm. Sizi bir daha təbrik edirəm.

(Prezident Heydər Əliyev səfirin azərbaycanca yaxşı danışdığını vurğuladı.)

Steynar Gil: Xeyr, yaxşı danışmıram, amma öyrənməyə başlamışam. Buraya gəldiyim ikinci gündən etibarən Azərbaycan dilini öyrənirəm.

Heydər Əliyev: Mən bilirəm ki, Siz linqvistsiniz. Müxtəlif dilləri bilirsiniz, amma tezliklə Azərbaycan dilini öyrənib danışmağınız da çox təqdirəlayiq haldır.

Steynar Gil: Mənə elə gəlir, hər bir səfirin borcudur ki, işlədiyi ölkənin dilini öyrənsin. Çünki bu yolla ölkədə baş verən hadisələri daha yaxşı duya və insanlarala birbaşa əlaqəyə girə bilər.

Heydər Əliyev: Doğrudur, bu, təbiidir və olmalıdır. Bir tərəfdən, səfir əgər çalışdığı ölkədə xalqın dilini yaxşı bilirsə, bu, həqiqətən onun işlərinə kömək edəcəkdir. Amma, ikinci tərəfdən də, biz, məsələn, bunu səfirliyin Azərbaycan dilinə, Azərbaycan xalqına hörməti kimi də qəbul edirik.

Necəsiniz, Azərbaycanda necə yaşayırsınız?

Steynar Gil: Özümü Azərbaycanda yaxşı hiss edirəm. Birinci gündən burada rahatam. İnsanlarınız qonaqpərvərdir, dostcasına münasibət göstərirlər. Buraya gəldiyimiz ilk günlərdən etibarən ölkəni gəzməyə çıxmışam, regionları gəzmişəm. Elə bilirəm ki, bunu davam etdirəcəyəm, ölkəniz haqqında da çox məlumat əldə edəcəyəm. Cənab prezident, həm də Siz qeyd etdiyiniz kimi, bizim ümumi maraqlarımız vardır. Bu, ilk növbədə iqtisadi maraqlardır. Gərək bu əlaqələri genişləndirmək üçün yollar axtaraq, arayaq, tapaq ki, əməkdaşlığımızı daha da inkişaf etdirək.

Heydər Əliyev: Mən dedim, Norveç şirkətləri burada çox yaxşı yer tutublar və səmərəli fəaliyyət göstərirlər. Ona görə sizin burada artıq böyük bir icmanız var.

Steynar Gil: Bəli, bizim bir icmamız vardır ki, burada Azərbaycanda 60-70 norveçli yaşayır. Norveçdən buraya qısa müddətə çoxlu adam gəlir.


"Azərbaycan" qəzeti, 16 mart 2002-ci il.