"Əsrin müqaviləsi"nin beşinci ildönümünə həsr edilmiş rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - "Gülüstan sarayı", 20 sentyabr 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar, dostlar!

Mən sizin hamınızı bu möhtəşəm "Gülüstan" sarayında bir daha salamlayıram və sizə bu bayram günündə xoş əhval-ruhiyyə arzulayıram.

Bu gün "Əsrin müqaviləsi"nin beşinci ildönümünə həsr olunmuş təntənəli mərasimdə bu müqavilənin siyasi, iqtisadi, sosial, mənəvi əhəmiyyəti haqqında ətraflı danışıldı. Ancaq bu gün bizi daha da çox sevindirən müqavilənin özü deyil, beş il müddətində onun uğurla icra olunması və verdiyi müsbət nəticələr, bizim müştərək işimizin böyük nailiyyətləridir.

Bu gün mən öz çıxışımda bildirdim ki, Azərbaycan neft sənayesinin 150 illik tarixi var və deyə bilərəm ki, ölkəmiz öz müstəqilliyini əldə edənə qədər Azərbaycan xalqı heç vaxt bu sərvətlərin sahibi olmamışdır. Azərbaycan, Bakı öz nefti ilə dünyanın şirkətlərini, iş adamlarını XIX əsrin ikinci yarısından, XX əsrin əvvəllərindən cəlb etmiş və bir çox xarici şirkətlər burada uğurlu fəaliyyət göstərmiş, neft hasilatını təmin etmişlər. Bu prosesə Azərbaycanın yeni sahibkarları da, iş adamları da qoşulmuş və onlar xarici neft şirkətləri ilə bərabər neftin hasil olunmasını və dünya bazarına çıxarılmasını təmin etmişlər. Təbiidir ki, bunların hamısı Azərbaycana, ancaq deyə bilərəm ki, Bakı şəhərinə çox fayda vermişdir və Bakının inkişafı üçün xidmətlər göstərmişdir. Bu gün biz Nobel qardaşlarını, Azərbaycanın böyük sahibkarlarından və xeyriyyəçilərindən biri olan Hacı Zeynalabdin Tağıyevi və o illərdə Azərbaycanın təbii sərvətlərindən istifadə edib mənfəət götürən, eyni zamanda Bakı şəhərini inkişaf etdirən insanları xatırlaya bilərik.

Bakı şəhəri XIX əsrin sonlarında - XX əsrin əvvəllərində çox güclü inkişaf etmişdir. Burada o dövrün tələblərinə uyğun olan sənaye müəssisələri, yaşayış evləri, ofislər üçün müxtəlif binalar, ticarət mərkəzləri yaradılmış və bunların hamısı Bakını bir növ Avropa üslubunda olan gözəl bir şəhərə çevirmişdir. O vaxtlar yaradılan binaların bir çoxu həqiqətən gözəl memarlıq abidələridir.

Biz o dövrdə Azərbaycan neftinin çıxarılması ilə məşğul olub ölkəmizdə iş görmüş xarici şirkətləri də və öz sahibkarlarımızı da bu gün minnətdarlıq hissi ilə xatırlayırıq.

Sonra isə, bilirsiniz ki, 1918-ci ildə ilk Azərbaycan Xalq Cümhuriyyəti bir müstəqil dövlət kimi öz sərvətlərindən xalqı üçün istifadə etməyə çalışmış, amma o, az yaşamış, buna nail ola bilməmişdir. 1920-ci ildən isə Azərbaycan Sovetlər İttifaqının, Sovet hakimiyyətinin tərkibində olmuşdur. Bu gün cəsarətlə demək lazımdır ki, 1920-ci ildən keçən 70 il ərzində Azərbaycanda neft sənayesi çox güclü inkişaf etmişdir və bunun da səbəbi ondan ibarətdir ki, o vaxt sovet hakimiyyətinə, sovet dövlətinə neft lazım idi. Sovet İttifaqını sənayeləşdirmək, onun iqtisadiyyatını inkişaf etdirmək üçün neft çox lazım idi. Əgər nəzərə alsaq ki, o illərdə Sovetlər İttifaqının ərazisində hasil edilən neftin 80, bəlkə də 90 faizi Bakıda əldə olunurdu, onda anlamaq olar ki, sovet hakimiyyəti üçün, SSRİ dövləti üçün Bakının nefti nə qədər lazım idi.

Azərbaycan xalqı, ölkəmizin neftçiləri və alimləri neft sənayesinin inkişaf etməsi üçün böyük xidmətlər göstərmiş və nailiyyətlər əldə etmişlər. Mən bir daha qeyd etmək istəyirəm ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbə çalınmasında Azərbaycan neftinin misilsiz rolu olmuşdur. Azərbaycan Sovetlər İttifaqının başqa bölgələrində neft sənayesinin inkişaf etdirilməsi üçün də böyük xidmətlər göstərmişdir. Biz iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan neftçiləri, alimləri Rusiyada "İkinci Bakı", "Üçüncü Bakı", "Dördüncü Bakı" kimi neft mədənlərinin və yataqlarının açılmasında iştirak ediblər və onların çoxu o vaxtdan indiyə qədər o divarlarda Sibirdə, Tümendə yaşayan və bu gün də neft hasilatı ilə məşğuldurlar.

Azərbaycan Xəzər dənizində neft yataqlarının aşkar olunmasında, bu yataqların sənaye üsulu ilə istismar edilməsində dünyada birinci yerdə olmuşdur. Azərbaycanda neftin sənaye üsulu ilə hasil olunmasına başlanandan bu günə qədər yerin təkindən, dənizin dərinliklərindən 1 milyard 500 milyon tona qədər neft hasil edilmişdir. Bunun təxminən 450-500 milyon tonu Xəzər dənizinin dərin sularından çıxarılmışdır. Amma bütün bu zamanlarda Azərbaycan xalqı özünün zəngin təbii sərvətlərinin sahibi olmamış, Azərbaycanın öz müstəqil dövləti olmamış və ölkəmizdə hasil edilən neft, şübhəsiz ki, Sovetlər İttifaqının bütün tələbatlarını təmin etmək üçün istifadə edilmişdir.

Keçmişdə mən uzun illər Azərbaycanda işləmişəm və 1969-cu ildən Azərbaycanın başçısı olmuşam. Mən bunları yaxşı bilirəm və yaxşı xatırlayıram. Bizdən tələb olunurdu ki, neft-qaz hasilatını artıraq. Biz bunu edirdik. Ancaq bundan əldə olunan gəlirlərin hamısı Sovet İttifaqının vahid büdcəsinə gedirdi. Yəni o illərdə neft sənayesinin Azərbaycana nə qədər mənfəət verməsinə baxmayaraq, ölkəmiz əldə olunan neftin faydasının çox hissəsini görməyibdir. Tarixin səhifələrini sizə xatırladaraq, onu demək istəyirəm ki, Azərbaycan yalnız dövlət müstəqilliyini əldə etdikdən sonra öz aqibətinin, öz sərvətlərinin sahibi olmuş və ölkəmizin ən zəngin sərvəti olan qaz və neft ehtiyatlarından müstəqil, sərbəst istifadə etmək imkanı əldə etmişdir.

Biz keçmişə minnətdarlıq edirik. Ancaq xoşbəxtik ki, nəhayət, XX əsrin sonunda Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini əldə edib və öz təbii sərvətlərindən nə cür, hansı yolla istifadə olunmasını özü müəyyən edir.

"Əsrin müqaviləsi" məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş bir tarixi hadisədir. Biz yalnız müstəqil dövlət olandan sonra dünyanın müxtəlif ölkələri, neft şirkətləri ilə sərbəst, heç kəsdən asılı olmayaraq danışıqlar aparmaq imkanı əldə etmişik və bu sahədə gördüyümüz işlərin ən görkəmlisi, ən böyüyü, ən mühüm tarixi əhəmiyyət kəsb edəni "Əsrin müqaviləsi"nin hazırlanıb imzalanması idi. Bu gün təntənəli mərasimdə artıq deyildi ki, bu müqavilənin hazırlanması ilə biz nə cür ağır şəraitdə məşğul olmuşuq, daxili və xarici qüvvələrin yaratdığı nə qədər çətinliklərlə rastlaşmışıq. Ancaq biz iradə və əzm göstərmişik, risk etmişik və "Əsrin müqaviləsi"ni imzalamağa nail olmuşuq.

"Əsrin müqaviləsi" bu möhtəşəm "Gülüstan" sarayında imzalanıbdır. O gün bizim üçün böyük sevinc, bayram günü idi. Eyni zamanda biz yaxşı bilirdik ki, üzərimizə böyük məsuliyyət götürmüşük və qarşımızda çox böyük sınaqlar vardır. Bu gün iftixar hissi ilə deyirəm ki, bu beş illik yolun bütün sınaqlarından şərəflə keçmişik, bütün çətinliklərin qarşısını almışıq, hər cür təzyiqlərə cavab vermişik və "Əsrin müqaviləsi"nin qısa bir zamanda həyata keçirilməsinə nail olmuşuq. Təbiidir ki, bu nailiyyətlərimiz böyük neft şirkətləri ilə bizim müştərək işimizin nəticəsidir.

Bu gün tam cəsarətlə demək olar ki, müqavilənin imzalanmasından sonra yaranmış Beynəlxalq Əməliyyat Şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan dövlətinin və hökumətinin rəhbərliyi altında, daim onun dəstəyini alaraq çox böyük işlər görmüşlər və bizi bu nəticəyə gətirmişlər.

"Əsrin müqaviləsi"nin beş illiyini qeyd edərək deyirik ki, biz böyük sınaqlardan çıxmışıq. Tərəfdaşlarımızın və böyük neft şirkətlərinin mənsub olduqları ölkələrin, dövlətlərin etimadını doğrultmuşuq. Azad, müstəqil dövlət kimi dünyaya nümayiş etdirmişik ki, Azərbaycan xalqı, ölkəmizin neftçiləri, alimləri daha böyük nailiyyətlər əldə etməyə qadirdirlər. Təbiidir ki, bunların hamısı bizdə, şəxsən məndə böyük iftixar hissi doğurur.

Bu gün "Əsrin müqaviləsi"nin beş illiyini qeyd edərkən, bu müqavilənin imzalanmasında xidmətlər göstərmiş və bizə dəstəklər vermiş dövlətlərin, təşkilatların, şirkətlərin hamısını minnətdarlıqla xatırlayırıq. Biz bu gün Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinə, Azərbaycan Dövlət Neft Şirkətinə və bunların ətrafında müqavilənin icrası ilə məşğul olan mütəxəssislərə, alimlərə, mühəndislərə, texniklərə, fəhlələrə, bu sahədə çalışanların hamısına təşəkkürümüzü bildiririk.

Müqavilənin imzalanması və həyata keçirilməsində, qeyd etdiyim kimi, biz bir çox maneələrlə, çətinliklərlə rastlaşırıq. Ancaq müqaviləni imzalamış şirkətlər, onların mənsub olduqları dövlətlər və biz inamla irəliləyirdik. Ona görə də mən müqaviləni imzalamış şirkətlərin mənsub olduqları dövlətlərə, onların hökumətlərinə təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Müqavilənin hazırlanması və xüsusən həyata keçirilməsi dövründə, o cümlədən Bakı-Supsa neft kəmərinin yaranması üçün qərarların qəbul olunması zamanı Amerika Birləşmiş Ştatları hökumətinin, xüsusən Prezident cənab Bill Klintonun rolunu mən bu gün xüsusi qeyd edirəm.

İndi, müqavilənin gözəl nəticələrini bayram edərkən ötən illərdə "Əsrin müqaviləsi"ndən sonra 18 müqavilənin imzalandığını dünyaya nümayiş etdirərək sübut etdik ki, Azərbaycan müasir səviyyədə, bazar iqtisadiyyatı prinsipləri əsasında, xarici sərmayədən istifadə etməklə çox işlər görə bilər və bundan sonra da görəcəkdir.

Bu gün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti cənab Vudvord öz çıxışında müqavilənin həyata keçirilməsi üçün altı il müddətində Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması və burada bizim gördüyümüz işlər haqqında dedi və bu işləri yüksək qiymətləndirdi. Dövlət və hökumət başçılarından, şirkətlərdən, ayrı-ayrı təşkilatlardan və bir çox neft şirkətlərindən aldığımız təbrik məktublarında da məhz Azərbaycanda xarici sərmayədən istifadə olunması üçün yaxşı şərait yaradılması xüsusi qeyd edilir. Bəli, əgər biz ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etməsəydik, Azərbaycanı dağıdan, parçalayan qüvvələri aradan çıxarmasaydıq, onları ləğv etməsəydik, respublikamızda vətəndaşların rahat yaşaması üçün lazımi şərait yaratmasaydıq, xarici şirkətlər buraya gəlməzdilər, gəlsəydilər də qısa müddətdə buradan dönüb gedəcəkdilər.

Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Ümidvaram ki, "Əsrin müqaviləsi"ndən sonra imzaladığımız müqavilələr daha da gözəl nəticələr verəcəkdir. "Şahdəniz" yatağında aşkar olunan qaz ehtiyatları və əldə etdiyimiz gözəl nəticələr bunu aydın göstərir. Məlumdur ki, "Şahdəniz" yatağı ilə bağlı hazırlanmış müqaviləni də daxilimizdəki qüvvələr bu sənədin imzalanmasına bir həftə qalmış pozmaq istədilər. Ancaq biz bu müqaviləni imzaladıq və həmin müqaviləyə inanmayan, yaxud qəsdən bunun əleyhinə çıxan adamlara sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik.

Xəzərin Azərbaycan sektorunda hələ çoxlu neft və qaz yataqları var. Şübhə etmirəm ki, gələcək illərdə yeni-yeni müqavilələr imzalanacaqdır. Biz artıq bu barədə çoxlu təkliflər almışıq.

Mən bəyan edirəm və hamını əmin edirəm ki, Azərbaycanın milli mənafelərinə cavab verən yeni-yeni müqavilələrin imzalanması və onların həyata keçirilməsi üçün bundan sonra daha da böyük imkanlar, daha da yaxşı şərait yaranacaqdır. Biz böyük işin başlanğıcındayıq. Bu gün gördüyümüz bütün işlər, "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

Bu beş il müddətində bizimlə əməkdaşlıq edənlərin hamısına bir daha təşəkkür edirəm.

Bu bayram gününü bizimlə qeyd etmək üçün Azərbaycana gəlmiş dövlət nümayəndə heyətlərinə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm. Hamınıza gələcək işlərinizdə uğurlar arzulayıram.

"Əsrin müqaviləsi"nin şərəfinə!

"Əsrin müqaviləsi"nin gələcək nailiyyətləri şərəfinə!

Gələcəkdə daha da səmərəli müştərək iş şərəfinə!

Azərbaycan neftçilərinin şərəfinə!

Azərbaycan neftçiləri ilə ölkəmizdə çiyin-çiyinə işləyən xarici mütəxəssislərin şərəfinə!

Sizin şərəfinizə hörmətli qonaqlar, bu badəni qaldırıram! Sağ olun!

"Azərbaycan" qəzeti, 21 sentyabr 1999-cu il.