Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Senator Sem Braunbək ilə görüşdə söhbətindən - Vaşinqton, Kapitoli, 30 iyul 1997-ci il


Hörmətli cənab Braunbək!

Sizi salamlayıram və respublikamızın həyatının müxtəlif sahələrində gedən uğurlu proseslər, o cümlədən, demokratikləşdirmə, bazar münasibətlərinin yaradılması ilə bağlı görülən işlər barədə məlumata malik olduğunuza və bütün bu sahələrdə mənim - Azərbaycan prezidentinin fəaliyyətini yüksək qiymətləndirdiyinizə görə Sizə təşəkkür edirəm.

Hörmətli cənab Braunbək, Siz ölkəmizin yaxın dostusunuz. Məhz belə olduğuna görə respublikamızda son illərdə aparılan quruculuq işlərini, qarşıya çıxan çətinlikləri tamamilə düzgün qiymətləndirə bilirsiniz. Sizə də çox yaxşı məlum olduğu kimi, respublikamızın ən böyük və ağrılı problemi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar yaranmış münaqişədir. Ermənistanın təcavüzü respublikamız üçün ağır nəticələrə səbəb olmuşdur. Bütün dünyanın gözü qarşısında ərazimizin 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız öz torpaqlarından qovulmuş və çadırlarda ağır vəziyyətdə yaşamağa məcbur olmuş, onlarla şəhərimiz, minlərlə yaşayış məntəqəmiz, mədəniyyət abidələrimiz dağıdılmışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistanla atəşkəsə nail olmuşdur və ona dönmədən əməl edərək məsələnin sülh yolu ilə həllinə tərəfdardır. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına dair ATƏT-in indiki həmsədrlərinin - ABŞ, Rusiya və Fransa nümayəndələrinin son təklifləri maraq doğurur. ABŞ, Rusiya və Fransa prezidentlərinin Denver bəyanatı da problemin həllinə böyük ümidlər yaradır. Qeyd etməliyəm ki, həmsədrlərin son təklifləri bizim üçün tam məqbul olmasa da, regionda əmin-amanlıq yaratmaq naminə konstruktiv mövqe tutaraq, həmin təklifləri danışıqların intensivləşdirilməsi üçün əsas kimi qəbul etmişik, Ermənistan tərəfi isə indiyədək buna razılıq verməmişdir.

Sözümüzün sonunda Sizi bir daha əmin edirəm ki, Azərbaycan müstəqillik yolundan heç vaxt dönməyəcək, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu, iqtisadiyyatın bazar münasibətləri prinsipləri əsasında inkişafını davam etdirəcək, Azərbaycan - Amerika əlaqələrini daha da genişləndirməyə çalışacaqdır. Xahiş edirəm ki, Amerika Konqresinin Azərbaycana qarşı ədalətsiz qərarının - 907-ci düzəlişin ləğvi barədə konqresmen Kinqin təklif etdiyi layihənin dəstəklənməsində öz səylərinizi əsirgəməyəsiniz.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2003, 11-ci cild, səh.168-169