Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Qafqaz və Xəzər regionu ölkələrində ABŞ-ın səfirlərini, Amerikanın müxtəlif nazirliklərinin yüksək vəzifəli şəxslərini qəbul edərkən söhbətindən - 20 yanvar 2000-ci il


Heydər Əliyev: Hörmətli səfirlər!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən sizin hamınızı Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin hamınızın Azərbaycana toplaşmağınızdan və Bakını, Azərbaycanı özünüz üçün görüş yeri seçməyinizdən çox məmnun olduğumu bildirirəm.

Bildiyimə görə, siz burada çox işlər görmüsünüz və öz işinizi davam etdirirsiniz, uğurlar əldə etmisiniz. Mən bu münasibətlə sizi təbrik edirəm. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri cənab Eskuderonu və səfirliyin bütün əməkdaşlarını mən xüsusi təbrik edirəm. Çünki Amerikanın bu qədər səfirləri Azərbaycana toplaşıblar, Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyini özləri üçün görüş yeri seçiblər.

Belə böyük bir toplantının Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində keçirilməsi, təbiidir ki, həm Amerika Birləşmiş Ştatları hökumətinin, həm də bir çox ölkələrdəki səfirliklərin Amerikanın Azərbaycandakı səfirliyinə göstərdiyi etimaddır, qayğıdır və diqqətdir. Eyni zamanda, biz sizin bu toplantının Azərbaycanda, onun paytaxtı Bakıda keçirilməsini, təbiidir ki, Azərbaycana göstərilən diqqət və qayğı kimi qiymətləndiririk. Mən bundan çox məmnun olduğumu bildirmək istəyirəm. Düşünürəm ki, sizin çoxunuz ilk dəfədir ki, Azərbaycana, Bakıya gəlmisiniz və ölkəmizin həyatı, bugünkü günü ilə tanış olmaq imkanı əldə etmisiniz. Bu, bizim üçün çox əhəmiyyətlidir. Biz bu məsələdə maraqlıyıq. Çünki biz istəyirik ki, müstəqil Azərbaycanın bu gününü hər kəs öz gözüylə görsün, onunla yaxından tanış olsun.

Azərbaycan müstəqil dövlət kimi gəncdir. Biz dövlət müstəqilliyimizin 9-cu ilini yaşayırıq. Bizim problemlərimiz, keçid dövrünün çox çətinlikləri vardır. Amma bununla yanaşı, bizim nailiyyətlərimiz də, uğurlarımız da vardır. Biz xüsusən son illər müstəqillik şəraitində bir çox uğurlara nail ola bilmişik. Ona görə də bunlarla tanış olmağınız, şübhəsiz ki, Azərbaycan haqqında sizdə daha da dolğun, düzgün və obyektiv təəssürat yarada bilər. Mən sizi bir daha salamlayıram və sizi dinləməyə hazıram.

Stenli Eskudero: Cənab prezident, çox sağ olun. Amerikanın belə geniş tərkibli bir nümayəndə heyətini burada, öz ofisinizdə - Ağ evdə qəbul etdiyinizə görə Sizə təşəkkürümüzü bldiririk. Özümə böyük şərəf hesab edirəm ki, səfirliyimizin təşəbbüsü ilə Azərbaycanda belə geniş tərkibli böyük bir görüş keçirilir və bu görüşdə çox mötəbər səfirlər iştirak edirlər.

Möhtərəm prezident, Amerika Birləşmiş Ştatlarının Qafqaz və Xəzər regionu ölkələrindəki səfirləri, Türkiyədəki, Rusiyadakı səfirliklərin nümayəndələri, Amerika Birləşmiş Ştatları hökumətinin müxtəlif nazirliklərini təmsil edən yüksək vəzifəli dövlət məmurları bu gün Sizin görüşünüzə gəliblər.

Cənab prezident, bu gün bu şəxslərin Sizin görüşünüzə gəlməsi əslində Amerika Birləşmiş Ştatları hökumətinin Qafqaz, o cümlədən Xəzər bölgəsinin ölkələri ilə məşğul olan bütün məmurlarının Bakıya toplaşması deməkdir. Bizim məhz belə bir tərkibdə buraya toplaşmağımızın və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməyimizin özü onu sübut edir ki, Amerika Birləşmiş Ştatları hökuməti Azərbaycana, Qafqaza, Xəzər bölgəsinin və Mərkəzi Asiyanın bütün ölkələrinə böyük önəm verir. Biz bu dövlətlərin qarşılaşdıqları məsələlərlə müntəzəm surətdə məşğul oluruq.

Cənab prezident, son bir gün yarımdır ki, belə bir geniş tərkibdə biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi yolları barədə də fikir mübadiləsi aparmışıq. Biz eyni zamanda, münaqişə həll olunduqdan, işğal altındakı torpaqlar azad edildikdən sonra orada aparılacaq bərpa işlərinə donor ölkələrin cəlb edilməsi üçün hansı işlər görülməsinin vacibliyi barədə də ətraflı fikir mübadiləsi aparmışıq.

Biz Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla aradan qaldırılması, tənzimlənməsi məsələləri barədə fikir mübadiləsi aparmaqla bərabər, belə bir sülh əldə olunarsa regional iqtisadi əməkdaşlığın bu dövlətlərə gətirəcəyi bəhrələr haqqında, habelə son dövrlər Bakı-Ceyhan əsas ixrac neft kəməri ilə əlaqədar başa çatmaqda olan bütün məsələlərin, Transxəzər qaz kəməri barədə məsələlərin müzakirəsinə xeyli vaxt ayırmışıq.

Cənab prezident, biz bu gün Sizinlə bu görüşdən sonra Amerikanın Bakıdakı səfirliyinə toplaşacağıq, regional təhlükəsizlik və gələcək işlərimizin planlaşdırılması məsələləri barədə yenidən fikir mübadiləsi aparacağıq. Hesab edirəm ki, bu danışıqlarımız bu günü əhatə etməklə bərabər, sabah günün birinci yarısına qədər davam edəcəkdir.

Cənab prezident, Sizin diqqətinizi bu günlər Bakıda baş verəcək ikinci bir mötəbər tədbirə də yönəltmək istəyirəm. Bu da Amerika Birləşmiş Ştatlarının biznes dairələrinin Bakıda Amerika Ticarət Palatasının toplantısına yığışmasıdır. Məlumdur ki, Amerika biznesi və Amerika-Azərbaycan iqtisadi münasibətləri də ölkələrimiz arasında iqtisadi - kommersiya əlaqələrinin inkişaf etdirilməsində önəmli rol oynayır.

Cənab prezident, Sizə məlum olduğu kimi, Amerika Ticarət Palatası yanvarın 21-də Bakıda özünün çox böyük ofisinin açılış mərasimini keçirəcəkdir. Bu regionda yerləşən Amerika ticarət palatalarının birgə görüşü də məhz Bakıda keçiriləcəkdir.

Cənab prezident, Siz görüşü başlamamışdan əvvəl lütfkarlıq göstərərək, geniş tərkibli bu nümayəndə heyətinin hər bir üzvünü şəxsən salamladınız. Ona görə də mən Sizin vaxtınızı alıb bu nümayəndə heyəti üzvlərinin hamısını Sizə təqdim etməyəcəyəm. Yalnız onunla kifayətlənəcəyəm ki, artıq tanış olduğunuz və Sizin qarşınızda qısa çıxış edəcək üç nəfəri Sizə təqdim etmək istəyirəm.

Mənim sol tərəfimdə səfir Vilyam Teylor əyləşibdir. Bildiyiniz kimi, səfir Teylor keçmiş Sovet İttifaqı dağıldıqdan sonra yeni müstəqillik qazanmış bütün dövlətlərə yardımlar üzrə Amerika Birləşmiş Ştatlarının əlaqələndiricisidir.

Cənab Teylorun solunda isə cənab səfir Con Vulf əyləşibdir. Bildiyiniz kimi, səfir Vulf prezident cənab Klintonun və dövlət katibi xanım Olbraytın Xəzər regionu ölkələrində enerji məsələləri üzrə xüsusi müşavirədir. O, boru kəmərləri ilə, əlaqədar Amerika dövlətini təmsil edən, danışıqlar aparan ən başlıca şəxsdir.

Cənab Hüseynovdan sonra cənab Kenni Houzi əyləşibdir. O, Amerika Ticarət Palatasının Azərbaycandakı prezidentidir.

Vilyam Teylor: Cənab prezident, səfir Eskuderonun bizim Amerika səfirliyində apardığımız müzakirələr barədə söylədiyi fikirlərə əlavə olaraq bildirmək istəyirəm ki, bu ziyarətim zamanı biz Azərbaycan hökuməti ilə daha iki sahədə böyük irəliləyiş əldə edəcəyik.

Birincisi, bu görüşümüzdən bir az sonra Azərbaycanın maliyyə naziri və mən Amerika Birləşmiş Ştatları hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığa dair memorandum imzalayacağıq. Bu sənəd ölkələrimiz arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə yeni xüsusi bir təkan olacaqdır.

Mənim Bakıya səfərimin ikinci ən önəmli hissəsini isə Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri ilə keçirəcəyim görüşlər təşkil edəcəkdir. Bu görüşlərdə əsas mövzulardan biri Ermənistan ilə Azərbaycan arasında sülh əldə olunandan sonra bərpa işlərinin həyata keçirilməsi üçün imkanlarımız daxilindəki ehtiyatların bir araya gətirilməsi və bu işlərin əvvəlcədən planlaşdırılması barədə fikir mübadiləsi aparmaqdır.

Biz buraya səfərə gəlməmişdən öncə Dünya Bankının Avropa Birliyinə daxil olan qurumları ilə ətraflı danışıqlar aparmışıq ki, belə bir saziş əldə edilərsə, onun beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinə mütləq nail olaq.

Cənab prezident, mənim buradakı işimin hər iki sahəsi çox uğurlu, məhsuldar olubdur. Ümidvaram ki, bu işləri müvəffəqiyyətlə başa çatdıracağıq.

Con Vulf: Cənab prezident, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton dekabrın 6-dakı çıxışında Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə bağlanmış sazişi öz hökumətinin 1999-cu il üçün xarici siyasətinin ən böyük uğurlarından biri kimi qiymətləndiribdir.

Hesab edirik ki, boru kəmərləri sizin və regionun digər ölkələrinin liderlərinin bu bölgə üçün müdrikcəsinə cızdığınız gələcək əməkdaşlıq, iqtisadi, siyasi təsisatların yaradılması xəttinə, strategiyasına yalnız yardımçı bir vasitədir. Hesab edirik ki, ümumilikdə götürüldükdə bütün bu siyasətlər dövlətlərinizin müstəqilliyinin gücləndirilməsinə xidmət edir.

Noyabrın 18-də İstanbulda keçirilmiş imzalanma mərasimi başlanğıcdır. Lakin qarşımızda hələ görüləcək işlər və tez bir zamanda həyata keçirilməsi gözlənilən böyük işlər durur. Məhz buna görə də Ağ ev məni buraya göndərmişdir ki, regionda danışıqlar aparım və bu işlərin müvəffəqiyyətlə irəliləməsinə öz köməyimi göstərim. Prezident cənab Dəmirəl və prezident cənab Şevardnadze mənə söyləyiblər və ümidvar olduqlarını bildiriblər ki, yanvarın 21-də başlanacaq Ankara danışıqları nəticəsində Bakı-Ceyhan əsas ixrac boru kəməri ilə bağlı bütün məsələlər həll ediləcəkdir. Amerika Birləşmiş Ştatları bunu dəstəkləyir və alqışlayır. Biz hesab edirik ki, bu saziş həm ölkələr, həm xalqlar üçün ədalətli olmaqla bərabər, həm də kommersiya maraqlarının təmin olunmasına kömək etməlidir. Bu, elə bir saziş olmalıdır ki, əgər kimsə qalib gəlmək istəyirsə, onda hamı bu işdə qalib çıxmalıdır.

Transxəzər qaz boru kəmərinin inkişaf etdirilməsi üçün də yaxşı imkanlar vardır. Bu imkanlar belə bir kəmərin inkişaf etdirilməsinə, Türkmənistanın və Azərbaycanın qaz yataqlarının işlədilməsinə və Türkiyənin qaza olan ehtiyaclarının ödənilməsinə gətirib çıxaracaqdır. Eyni zamanda bu, regionda iqtisadi əməkdaşlığın genişlənməsinə və region dövlətlərinin bir-biri ilə sülh şəraitində təmas, əlaqə qurmasına yardım göstərəcəkdir.

Düzdür, bütün bunlara nail olmaq heç də asan deyildir. Lakin bu layihələr və sazişlər gələcək nəsillərə xidmət göstərəcəkdir və bu işlə məşğul olanların ömründən bəlkə də çox uzun çəkən bir dövrü əhatə edəcəkdir.

Mən çıxışımı prezident Bill Klintonun sözləri ilə başladım. Mənə tez-tez sual verirlər ki, siz prezident cənab Klintonun Xəzər regionu barədə şəxsi fikirlərini, görüşlərini çatdırırsınız, amma bilmək istərdik ki, cənab Bill Klintonun prezidentlik müddəti başa çatdıqdan sonra Amerika hökumətinin bu region üçün həmin siyasəti davam etdiriləcəkmi?

Mən bunu dəfələrlə bəyan etmişəm və indi də bildirirəm: biz hesab edirik ki, bu siyasət regionda mövcud olan zəngin enerji ehtiyatlarının səmərli istismarına və regional iqtisadi əməkdaşlığın inkişafına xidmət etdiyi üçün Amerikanın geniş siyasi dairələrinin dəstəyinə layiqdir. Bu iş gələcəkdə də davam etdiriləcəkdir. Mən hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və həmçinin Transxəzər qaz kəməri müvəffəqiyyətlə çəkilib başa çatdırılacaqdır. Bu regionun dostları kimi, biz bu bölgədən çoxşaxəli boru kəmərlərinin çəkilməsi işini bundan sonra da davam etdirəcəyik ki, həmin kəmərlər regionun iqtisadi inkişafına və çiçəklənməsinə kömək göstərsin, bölgəyə sabitlik və təhlükəsizlik gətirsin.

Cənab prezident, bütün bu işlərin irəli aparılmasına göstərdiyiniz şəxsi dəstəyə görə mən Sizə öz təşəkkürlərimi bildirmək istəyirəm. Sağ olun.

Kenni Houzi: Cənab prezident, Amerika Ticarət Palatasının bu gün və sabah keçirəcəyi tədbirlər üçün yaratdığınız şəraitdən biz çox məmnunuq.

Səfir Eskudero çox doğru dedi - bu, Amerika Birləşmiş Ştatlarının regionda yerləşən ticarət palatalarının ilk Bakı görüşüdür, Qafqazda, Mərkəzi Asiyada yerləşən ticarət palatalarımızın təmsilçiləri bizim bu görüşümüzdə iştirak edəcəklər.

Bizim Bakı görüşümüzün əsas amalı Amerikanın ayrı-ayrı ticarət palatalarında olan təcrübəni bölüşmək, fikir mübadiləsi aparmaq və Amerikanın kommersiya, iqtisadi maraqlarının bu regionda daha dərin kök atması üçün əlavə işlər görməkdən ibarətdir.

Amerika Ticarət Palatası ayrı-ayrı sektorları əhatə edən biznes dairələrinin təmsilçilərindən ibarət bir təşkilatdır. Bizim təşkilatımız çərçivəsində fəaliyyət göstərən şirkətlər Azərbaycanın müxtəlif sektorlarına sərmayə qoyan şirkətlərdir. Biz Amerika ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi və Azərbaycana əlavə sərmayələrin cəlb olunması işinə yardımçı olmağa çalışırıq. Digər bölgələrdə fəaliyyət göstərən Amerika ticarət palataları da eyni tipli missiyanı həyata keçirirlər.

Bizim Azərbaycanda fəaliyyətimiz çox uğurla davam edir. Bunun ən əsas səbəbi odur ki, biz Azərbaycanın hökumət dairələri ilə, cənab prezident, şəxsən Sizinlə çox güclü işgüzar münasibətlər yaratmağa nail olmuşuq. Ona görə də bizim fəaliyyətimizin həyata keçirilməsinə Sizdən hər cür dəstək alırıq.

Bu yaxınlarda biz Azərbaycan Dövlət Baş Vergi Müfəttişliyi və Dövlət Gömrük Komitəsi ilə birgə çox uğurlu işçi qrupları yaratmışıq. Hər iki təşkilatın sədrləri bizə çox yaxşı münasibət bəsləyirlər. Onlar Azərbaycanda bizimlə bərabər çalışmaq respublikanızdakı çətinliklərimizin aradan qaldırılmasına yardım etmək üçün bizə hər cür kömək göstəriblər.

Biz ümidvarıq ki, Azərbaycanın dövlət strukturları ilə münasibətlərimizi, əlaqələrimizi daha da genişləndirəcəyik. Bir daha qeyd edirəm, əsas məqsədimiz Azərbaycana əlavə Amerika sərmayələrinin gəlməsinə kömək göstərməkdir.

Cənab prezident, mən indicə Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələrinə Azərbaycan hökumətinin və şəxsən Sizin verdiyiniz dəstəkdən danışdım. İcazənizlə, bizə verdiyiniz bu dəstəyi, yardımı yüksək qiymətləndirməyinizin nümunəsi kimi Sizə balaca bir hədiyyəmizi - lövhəni təqdim edim.

Cənab prezident, əvvəlcə mən Amerika Ticarət Palatasına və işgüzar dairələrinə göstərdiyiniz dəstəyə görə Amerika Birləşmiş Ştatları Ticarət Palataları Baş Qərargahının göndərdiyi təşəkkür məktubunu Sizə təqdim etmək istəyirəm.

İkincisi isə, mən bu lövhəni Sizə təqdim etmək istəyirəm. Bu lövhə şəxsən Sizin tərəfinizdən Amerika Ticarət Palatasının Azərbaycandakı fəaliyyətinə verilən dəstəyə minnətdarlığı ifadə edir.

Cənab prezident, bizə göstərdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik, bunu çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, bu dəstəyinizi bizdən əsirgəməyəcəksiniz. Sağ olun.

Heydər Əliyev: Hörmətli səfirlər!

Hörmətli xanımlar və cənablar!

Mən sizi çox diqqətlə və maraqla dinlədim. Sizin verdiyiniz məlumatlar məndə böyük məmnuniyyət hissi doğurur.

Səfir cənab Eskuderonun burada müzakirə olunan məsələlər haqqında qısaca məlumatı, təbiidir ki, bizi sevindirir. Çünki bu, Amerika Birləşmiş Ştatlarının Qafqaza, Xəzər regionuna, Orta Asiyaya və bizim ətrafımızda olan ölkələrə diqqətinin artmasını göstərir. Biz bunu alqışlayırıq. Hesab edirik ki, bu münasibət əməli işlərlə öz təzahürünü tapmalıdır və ardıcıl olmalıdır.

Biz Amerika Birləşmiş Ştatları ilə bütün sahələrdə münasibətlərimizə geniş mənada xüsusi əhəmiyyət veririk. Amerika Birləşmiş Ştatlarına etdiyim rəsmi səfər zamanı - 1997-ci il avqustun 1-də Ağ evdə prezident cənab Bill Klinton ilə mənim imzaladığımız birgə bəyanatda Azərbaycan-Amerika Birləşmiş Ştatları əməkdaşlığının əhəmiyyəti və onun səviyyəsinin qaldırılması öz əksini tapmışdır. Biz bu birgə bəyanatda öz üzərimizə götürdüyümüz öhdəlikləri ardıcıl surətdə həyata keçiririk və onun daha da inkişaf etməsinə çalışırıq.

Amerika Birləşmiş Ştatlarının Azərbaycana, bütün Qafqaza, xüsusən Cənubi Qafqaza, Xəzər hövzəsinə, Mərkəzi Asiyaya və bu ətrafda olan ölkələrə marağının artması və iqtisadi əməkdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ardıcıl siyasət aparması bizim tərəfimizdən bəyənilir. Hesab edirəm ki, bu, tam əsaslıdır.

Bu, birinci növbədə bizim ölkələrimizin iqtisadi inkişafına, demokratiyanın, bazar iqtisadiyyatının inkişafına və təhlükəsizliyin təmin olunmasına çox böyük yardım göstərə bilər. Amerika Birləşmiş Ştatlarının siyasəti, əməli fəaliyyəti bəlkə də haradasa təəccüb doğurur. Ancaq hesab edirəm ki, təəccüblənməyə əsas yoxdur. Amerika Birləşmiş Ştatları dünyanın iqtisadi cəhətdən inkişaf etmiş böyük ölkəsidir. Bu, Amerika Birləşmiş Ştatlarının dünyanın hər yerində, o cümlədən yeni müstəqillik əldə etmiş gənc müstəqil ölkələrdə demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, bazar iqtisadiyyatının inkişaf etməsinə marağını göstərir və beləliklə də o, bizim ölkələrə əməli yardım edir.

Bizim ölkələrdə bu prinsiplərin, planların həyata keçirilməsi, təbiidir ki, eyni zamanda ölkələrimizdə sabitliyin və təhlükəsizliyin bərqərar olmasından asılıdır. Ona görə də təbiidir ki, Amerika Birləşmiş Ştatlarının bu siyasəti razılıq hissi doğurur.

Bizim bölgədə, regionda olan ölkələrin hər birinin özünəməxsus xüsusiyyəti, problemləri vardır. Amma hamımız üçün aydındır ki, - biz Azərbaycanda bunu belə dərk edirik, - bizim problemlərimizdə çox oxşarlıq vardır. Bu problemlər də, yəni bir-birinə bənzər, oxşar problemlər də bu ölkələrin keçid dövrü ilə bağlıdır. Keçid dövründə isə hər bir ölkədə demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatını inkişaf etdirmək və bunlarla əlaqədar başqa tədbirlər həyata keçirmək lazımdır.

Mən bəyan edirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən indiyə qədər bu yolla gedir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulubdur və o, inkişaf edir. Azərbaycan bazar iqtisadiyyatını tətbiq etmək üçün çoxsaylı iqtisadi, sosial islahatlar həyata keçirir. Azərbaycan çoxsaylı siyasi islahatlar həyata keçirir. Təbiidir ki, bunlar hamısı kompleks şəklində bizim demokratiya yolu ilə getdiyimizi əyani şəkildə nümayiş etdirir.

Bilirəm ki, bizim qonşu ölkələrimiz də öz müəyyən spesifik xüsusiyyətlərini nəzərə alaraq, hamısı bu yol ilə gedir. Ancaq təbiidir ki, bizim ölkələrimiz arasında bir-birindən fərqli problemlərimiz də vardır. Bu problemlərin içərisində, hesab edirəm, əgər bütün başqa ölkələrlə müqayisə edilsə, Azərbaycanın ən ağır və çətin problemi vardır. Bu da sizə məlum olan Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsidir, bu münaqişənin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, işğal olunmuş torpaqlardan bir milyona qədər azərbaycanlının zorla öz evindən, yurdundan çıxarılması və işğal edilmiş torpaqların tamamilə viran olunması problemidir. Tam əsasla bu gün deyə bilərəm ki, heç bir ölkə - yəni burada səfirlərin təmsil olunduqları ölkələri nəzərdə tuturam - belə ağır və ölkə üçün, Azərbaycan üçün böyük zərbələr vurmuş problemlərlə rastlaşmır.

Məlumdur ki, Azərbaycan bu qədər böyük itkilər verəndən sonra, böyük zərərlər çəkəndən sonra, buna baxmayaraq, 1994-cü ilin may ayında Ermənistanla atəşkəs sazişini imzalayıbdır və beş ildən çoxdur ki, bu atəşkəs rejimini qoruyub saxlayırıq, belə bir rejimdə yaşayırıq. Ancaq atəşkəs məqsəd deyil, vasitədir, tam sülh əldə etmək üçün vasitədir. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün vasitədir, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün vasitədir və yerindən-yurdundan didərgin düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşının öz evinə, yerinə qaytarılması üçün vasitədir.

Təəssüflər olsun ki, bu ötən illərdə aparılan danışıqlar, ATƏT-in Minsk qrupunun fəaliyyəti və xüsusən Minsk qrupunun başçıları Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın fəaliyyəti və başqa təşkilatlar vasitəsilə aparılan danışıqlar gözlənilən nəticəni verməyibdir.

Sizə məlumdur ki, məsələnin sülh yolu ilə həll edilməsi üçün son vaxtlar Ermənistan prezidenti cənab Koçaryanla mənim şəxsi görüşlərim və danışıqlarım olmuşdur. Biz bu danışıqlar zamanı belə fikrə gəlmişik ki, - bu, şəxsən mənim fikrimdir, güman edirəm ki, prezident Koçaryan da belə fikirdədir - məsələni sülh yolu ilə həll etmək mümkündür. Bu barədə Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa hökumətləri də məlumatlıdır.

Məsələ çox mürəkkəbdir, onun həll olunması çətindir. 12 ildir ki, bu münaqişə davam edir. Buna görə də bizim fikrimiz ondan ibarətdir ki, məsələnin həll edilməsi üçün hər iki tərəfdən kompromisslər olunmalıdır. Bu, mənim fikrimdir. Bu, prezident Koçaryanın fikridir. İndi qarşımızda duran vəzifə bu kompromisləri müəyyən etmək və son nəticəyə gəlməkdən ibarətdir.

Mən bu gün sizin yanınızda bir daha bəyan edirəm ki, Azərbaycan hökuməti məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır və bundan sonra da bu sahədə öz səylərini göstərəcəkdir. Biz tezliklə tam sülhün yaranmasını arzulayırıq. İşğal olunmuş torpaqların azad edilməsini və o torpaqlardan didərgin düşmüş insanların öz yerlərinə, yurdlarına qayıtmasını arzulayırıq.

Mən çox məmnunam ki, cənab Eskuderonun burada bəyan etdiyi kimi, siz öz müzakirələrinizdə Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına xeyli vaxt ayırmısınız, fikir mübadiləsi aparmısınız və güman edirəm ki, sizin müzakirəniz də məsələnin həllinə yardım edəcəkdir.

Biz Qafqazda, xüsusən Cənubi Qafqazda tam sülh əldə olunmasını istəyirik və hesab edirik ki, bütün keçmiş illərdə olan münaqişələrə, itkilərə, tökülmüş qanlara, Azərbaycana vurulmuş iqtisadi, mənəvi zərbələrə baxmayaraq sülh yaranmalıdır. Əgər Ermənistanla Azərbaycan arasında sülh yaranarsa, burada, Cənubi Qafqazda bütün sahələrdə əməkdaşlıq etmək və həqiqətən, Cənubi Qafqaz ölkələrini sürətlə inkişaf etdirmək mümkün ola bilər.

Siz bildirdiniz ki, müzakirələr zamanı, sülh yaranandan sonra, işğal olunmuş torpaqların bərpa edilməsi barəsində də fikir mübadiləsi aparmısınız, Dünya Bankının və başqa maliyyə mərkəzlərinin imkanlarını səfərbər etmək üçün lazımi tədbirlər görürsünüz. Bunlar onu göstərir ki, siz sülhün yaranmasına inanırsınız, bu məsələyə nikbin baxırsınız. Mən bunlara görə sizə təşəkkür edirəm.

Səfir cənab Teylorun fikirləri ilə mən tam razıyam. Əgər sülh əldə olunarsa, işğal edilmiş torpaqlar azad olunarsa, orada bərpa işləri başlanarsa Cənubi Qafqazda çox səmərəli əməkdaşlıq proqramı həyata keçirmək olar və təbiidir ki, bu proqramı yalnız və yalnız Amerika Birləşmiş Ştatlarının köməyi ilə, yardımı ilə, onun himayəsi altında həyata keçirmək mümkün olar. Biz dərk edirik ki, sülhün yaranması öz-özlüyündə Qafqazda, Cənubi Qafqazda təhlükəsizliyi təmin edə bilməz. Bunun üçün həm hər ölkənin daxilində ictimai-siyasi sabitliyi təmin etmək, onu möhkəmləndirmək lazımdır, həm də Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər görmək lazımdır. Məhz bu baxımdan Amerika Birləşmiş Ştatlarının təşəbbüsləri də çox qiymətlidir.

Azərbaycan bir müstəqil dövlət kimi dünyanın bütün ölkələri ilə sülh, əməkdaşlıq və mehribanlıq əlaqələri qurur. Bu baxımdan, bizi əhatə edən qonşularımızla sülh, geniş əməkdaşlığı, qarşılıqlı anlaşma prinsiplərini əsas tuturuq və bütün qonşu ölkələrlə əlaqələrimizi dostluq, mehribanlıq, əməkdaşlıq prinsipləri əsasında yaradırıq.

Sizin müzakirə etdiyiniz mövzulardan biri də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin indi artıq inşasına başlanması, Transxəzər qaz kəməri haqqında lazımi tədbirlər görülməsidir. Səfir cənab Vulfun prezident cənab Klintonun dekabr ayının 6-da verdiyi bəyanat haqqında dediyi məlumat məni şəxsən çox sevindirir. Əgər Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klinton Bakı-Ceyhan neft kəmərinin yaranması haqqında müqavilənin imzalanmasını 1999-cu ildə özünün xarici siyasətində ən uğurlu hadisə hesab edirsə, bu, təbiidir ki, bizdə böyük iftixar hissi doğurur.

İndi məlumdur ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsasını məhz müstəqil Azərbaycan dövləti qoymuşdur. Biz beş il bundan öncə - 1994-cü ilin sentyabr ayında, o vaxt hələ ölkəmizin daxilində tam sabitlik əldə edilmədiyi bir şəraitdə, ölkəmiz ağır böhran içində olduğu bir şəraitdə "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycan ilə Qərb ölkələri, Amerika Birləşmiş Ştatları arasında geniş perspektivləri olan əməkdaşlığın əsasını qoyduq.

Məlumdur ki, Bakı-Ceyhan neft kəmərinin əsasını qoyan, onun memarı olan Azərbaycan bu layihənin artıq real həyata keçirilməsi üçün hamıdan çox maraqlıdır.

1998-ci ilin oktyabr ayında Ankarada böyük bir bəyanatın imzalanmsı və ondan sonra 1999-cu ilin noyabr ayının 18-də İstanbulda Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında müqavilələrin imzalanması və bu müqavilələrin imzalanmasında, eyni zamanda müqavilələrin həyata keçirilməsi üçün bəyanatın imzalanmasında Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun iştirakı və onun o sənədə qoyduğu imzası beş il müddətində aparılan gərgin işə yekun vurdu. Biz Azərbaycan olaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsinə tezliklə başlanmasını istəyirik. Azərbaycan tərəfindən bu barədə heç bir problem yoxdur.

Bu ayın 21-22-də Ankarada Türkiyənin, Gürcüstanın və Azərbaycanın nümayəndə heyətləri görüşəcəklər. Əgər səfir Vulfun verdiyi bəyanatı nəzərə alsaq ki, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl və Gürcüstanın prezidenti hörmətli Eduard Şevardnadze bildiriblər ki, məsələnin həll olunması üçün onların tərəfindən problem yoxdur, onda demək, indi hesab etmək olar ki, hər şey başlanır. Xüsusən, prezident Şevardnadzenin bəyanatı, - hansı ki, səfir Vulf burada elan etdi, - bizim üçün çox əhəmiyyətlidir.

Dediyim kimi, ayın 21-22-də Ankarada nümayəndə heyətləri görüşəcəklər. Arzu edərdim, ondan sonra yeni görüşlər olmasın, biz də əməli işə başlayaq.

Siz bilirsiniz ki, dünən Aşqabadda Transxəzər qaz kəməri haqqında Azərbaycan Türkiyə, Gürcüstan və Türkmənistan nümayəndə heyətlərinin görüşü olubdur. Azərbaycanın baş nazirinin müavini Şərifovun başçılıq etdiyi nümayəndə heyəti orada iştirak edibdir. Ümidvaram ki, bu sahədə də işlər bundan sonra uğurlu getməlidir.

Mən sizin fikirlərinizlə tam razıyam ki, həm Bakı-Tbilisi-Ceyhan neft kəməri, həm də Transxəzər qaz kəməri böyük kommersiya xarakteri daşıyır, bizim ölkələrimizin iqtisadiyyatının inkişafı üçün çox böyük imkanlar açır. Eyni zamanda bu, bizim bölgədə, bizim ölkələrimizdə təhlükəsizliyin yaranması üçün çox vacib bir şərtdir. Biz beş il müddətində Bakı-Ceyhan neft kəmərinin tikilməsi haqqında sazişi əldə etmək üçün çalışarkən məsələnin məhz bu tərəfini də həmişə nəzərə almışıq və bəzən də üstün tutmuşuq.

İstanbulda Bakı-Ceyhan neft kəməri haqqında saziş imzalanandan sonra müxtəlif ölkələrdə bu barədə müxtəlif rəylər bildirilir, mətbuatda müxtəlif məqalələr dərc edilir və bunların əksəriyyəti gördüyümüz işlərin əleyhinə olan istiqamətdədir. O məqalələrin müəllifləri çalışırlar sübut etsinlər ki, Xəzər dənizinin neft ehtiyatları deyilən qədər deyil. Bakı-Tbilisi-Ceyhan neft kəməri real deyil və o həyata keçirilməyəcəkdir. Mən onların hamısına bu gün cavab verərək deyirəm. Siz böyük səhv edirsiniz. Onlara cavab olaraq deyirəm ki, siz hansı məqsədləri güdürsünüz - onu özünüz bilirsiniz. Amma sizin yanlış məlumatlarınız, dezinformasiyanız heç vaxt bizim bu işlərin qarşısını ala bilməyəcəkdir. Çünki Xəzər dənizində neft ehtiyatları bizim hesablamalarımızdan da xeyli artıqdır. Qazaxıstan Bakı-Ceyhan neft kəmərinə qoşulubdur. Onların da neft ehtiyatları olduqca çoxdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri mütləq tikiləcək, istifadə veriləcək və bizim ölkələrimiz üçün böyük faydalar gətirəcəkdir.

Amerika-Azərbaycan Ticarət Palatasının fəaliyyəti haqqında verilən məlumat məni çox sevindirir. Mən bu palatanın işini indiyə qədər dəstəkləmişəm və mənim bu fəaliyyətimə verilən bu yüksək qiymətə, bu məktuba görə və bu hədiyyəyə görə də çox təşəkkür edirəm.

Palatanın sabah Azərbaycanda ofisinin açılması, hesab edirəm, əlamətdar hadisədir. Azərbaycanın baş naziri bu açılış mərasimində iştirak edəcəkdir. Ticarət Palatasının indiyə qədər gördüyü işlər və gələcək planlar haqqında verilən məlumatlar məni çox sevindirir və eyni zamanda bu, Azərbaycanın bədxahlarına, ayrı-ayrı dairələrdə Azərbaycanda guya neft sektorundan başqa digər sahələrə investisiyaların cəlb olunmaması haqqında fikirlər yürüdənlərə çox tutarlı cavabdır.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna cəlb olunan xarici investisiya, yəni xarici ölkələrin, o cümlədən Amerika Birləşmiş Ştatlarının bu qeyri-neft sektoruna marağı günü-gündən artır və mən bu gün də deyə bilərəm ki, 1999-cu ildə Azərbaycana gələn investisiyanın 60 faizi qeyri-neft sektoruna qoyulubdur. 40 faizi neft sektoruna gəlibdir. Təbiidir ki, burada Amerika Birləşmiş Ştatlarının biznesinin də payı böyükdür. Ümid edirəm ki, Ticarət Palatasının burada ofisinin yaranması bir tərəfdən onu göstərir ki, burada böyük imkanlar vardır. İkinci tərəfdən də bizi ruhlandırır ki, demək, gələcəkdə daha da çox işlər görə biləcəyik.

Şübhə etmirəm ki, Amerika Birləşmiş Ştatlarının bu özəl sektoru, biznesi bundan sonra Azərbaycana daha da çox maraq göstərəcək, gəlib burada daha da böyük işlər görəcək və bunlar da Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafını təmin edəcəkdir.

Beləliklə, siz müzakirə etdiyiniz məqalələr haqqında burada verdiyiniz məlumatlarla əlaqədar mən öz fikirlərimi və təkliflərimi sizə çatdırdım. Güman edirəm ki, bu, sizin işinizə müəyyən qədər yardım edə bilər. Çox sağ olun.
 
 "Azərbaycan" qəzeti, 22 yanvar 2000-ci il