"Azərbaycan polisi günü"nə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 3 iyul 2002-ci il


Hörmətli Azərbaycan polisi!

Hörmətli xanımlar və cənablar!

Sizi Azərbaycan polisinin, Daxili İşlər Nazirliyinin peşə bayramı, Azərbaycan polisinin yaranmasının 84-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Sizə çətin, ağır, eyni zamanda, çox şərəfli işinizdə uğurlar arzulayıram, hər birinizə cansağlığı və səadət diləyirəm.

Bu bayram sizin peşə bayramınızdır. Amma, eyni zamanda, bu, bizim Azərbaycan xalqının bayramıdır - hamımızın bayramıdır. Çünki polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir. Ona görə bu, bizim hamımızın bayramıdır. Bu səbəbdən də mən bayram günü sizinlə bir yerdə olmaq üçün buraya, "Respublika" sarayının bu möhtərəm salonuna gəlmişəm.

Xatirimdədir, dörd il bundan öncə Azərbaycan polisinin 80 illik yubileyində mən sizinlə bir yerdə idim. Azərbaycanın böyük salonu, Opera və Balet Teatrında təntənəli mərasim keçirildi və mən orada geniş nitqlə çıxış etdim. O vaxtdan dörd il keçibdir. Böyük bir zaman deyil. Ancaq mən bu gün yenə də sizin bayramınıza gəldim. Ona görə yox ki, nazir Usubov məndən xahiş etmişdir. Ona görə ki, mən buraya gəlməyi özüm istəmişdim.

Sizə bir sirri də açmaq istəyirəm. Nazir Usubov bir neçə gün bundan öncə məni sizin peşə bayramınıza dəvət etdi və çox xahiş etdi ki, mən gəlib iştirak edim. Siz də bilirsiniz ki, son günlər, son həftələr mənim üçün çox gərgin keçibdir. Türkiyədə demək olar, bir həftə oldum, ondan öncə Naxçıvanda oldum, başqa səfərlərim oldu. Bunlara baxmayaraq, mən razılıq verdim ki, gəlim. Ancaq dedim, hara gəlim? Dedi ki, bizim Daxili İşlər Nazirliyinin binasına. Dedim, orada nə var? Dedi ki, bizim orada yaxşı bir salonumuz var. Mən, siz orada kollegiya iclasları keçirəndə onu hərdənbir görürəm. Deyəsən, iclasları orada keçirirsiniz, elədirmi?

Ramil Usubov: Bəli, cənab prezident!

Heydər Əliyev: Əyləş. Dedim, orada şərait nə cürdür? Dedi, cənab prezident, oranı çox yaxşı təmir etmişəm, çox gözəldir, özü də kondisioner də var, sərindir. Ona görə çox xahiş edirəm, ora gələsiniz. Mən başa düşdüm ki, bu işdə nazir Usubovla mənim baxışlarımda fərq var. Mənim üçün gəlib binaya baxmaq, yaxud yaxşı təmiri görmək o qədər də maraqlı deyil. Əlbəttə, imkan olan zaman bunu etmək olar. Ancaq buna xüsusi vaxt ayırmaq o qədər də əhəmiyyətli deyil.

Əgər mən polisin bayramına, 50 minlik kollektivin nümayəndələrinin toplaşdığı yerə gəlirəmsə, onlarla görüşəcəyəmsə, onda biz 200 nəfər tutan bir zalda hamı ilə təmasda ola bilmərik, axı. Dedim, bəs sən rayonlardan, başqa yerlərdən adam dəvət edirsən? Dedi ki, cənab prezident, bilirsiniz, - hamısını deyəcəyəm, göstəriş vermişik, bütün şəxsi heyət televiziyanın qarşısında oturacaqdır, bizim bu bayramımızı dinləyəcəkdir və sizin sözlərinizi eşidəcəkdir. Mən fikirləşdim, dedim, axı iş onda deyil ki, mənim sözlərimi, - onsuz da mən harada çıxış edirəmsə, onu televiziya ilə verirlər və insanların onu dinləmək imkanı var - dinləyəsən. İş ondadır ki, belə bir bayrama yenə də deyirəm, 50 min nəfərlik kollektivin heç olmasa, hər bir bölgədən, balaca, kiçik bölgədən bir-iki nəfər nümayəndəsi gəlsin, bayramda iştirak etsin və burada bayramı hiss etsin. Dedi, onda işlər çətindir. Dedim, çətin deyil. Respublika sarayında vəziyyəti öyrəndim, əgər konsert yoxdursa, bayramı orada keçirin. Burada hər gün konsert olur, bəxtinizdən bu gün burada heç bir konsert yox imiş. Aparatımın müvafiq şəxslərinə göstəriş verdim ki, cəmi iki gün qalıb, siz iki gün ərzində sarayda bu işləri edə bilərsinizmi? Dedilər ki, niyə edə bilmərik. Biz polisdən zəif deyilik, polisdən güclüyük. Əgər polis bir şeyi iki günə edə bilirsə, biz bir günə edərik. Hazırladılar, indi görürsünüz, burada yaxşı əhval-ruhiyyə, həqiqi bayram əhval-ruhiyyəsi var. Ona görə də mən çox məmnunam və sizi bu bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm.

Azərbaycan polisinin tarixi haqqında, onun keçdiyi şərəfli yol haqqında, onun rastlaşdığı faciələr, bəlalar haqqında biz keçən görüşümüzdə ətraflı danışdıq. Bugünkü bayramın, yəni ildönümünün əsas xüsusiyyəti ondan ibarətdir ki, bu gün Azərbaycan polisinin, - 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa edəndən sonra çox ağır proseslər içərisində yaranmış Azərbaycan polisinin 10 illik yubileyini keçiririk. Biz Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünü keçən il qeyd etdik. Xatirinizdədir. İndi də biz bu bayramda müstəqilliyimizin əsaslarından biri olan Azərbaycan polisinin, Azərbaycanın daxili işlər orqanlarının dövlət müstəqilliyinin 10 illiyi dövründə keçdiyi yol, əldə etdiyi nailiyyətlər və bugünkü vəziyyəti haqqında söhbət aparırıq.

Deməliyəm ki, nazir Usubov da öz məruzəsini təxminən bu prinsip əsasında qurdu. Məruzədə demək olar ki, müstəqillik illərində Daxili İşlər Nazirliyinin, polis orqanlarının gördüyü işlər və ötən 10 ilin mərhələləri haqqında doğru-düzgün məlumatlar verdi və o dövrü düzgün qiymətləndirdi. Ancaq biz heç vaxt unutmamalıyıq ki, bugünkü günümüz, buradakı xoş bayram əhval-ruhiyyəsi, təkcə burada deyil, bu gün Azərbaycandakı həyat, insanların sərbəst, rahat yaşaması və Azərbaycanın bir millət kimi, bir xalq, dövlət kimi dünyada günbəgün məşhurlaşması bizim əldə etdiyimiz dövlət müstəqilliyinin bəhrəsidir. Bizə bu imkanları dövlət müstəqilliyi vermişdir.

Sizin bir çoxunuz ölkəmiz dövlət müstəqilliyini əldə edənə qədər Azərbaycanda, Sovetlər İttifaqının daxili işlər orqanlarında işləyibsiniz, faydalı işlər görübsünüz, xalqımıza xidmət etmisiniz, böyük peşəyə sahib olubsunuz. Ancaq bugünkü günümüzün o dövrdən fərqi ondan ibarətdir ki, biz bu gün müstəqilik, biz bu gün azadıq. Biz heç bir mərkəzdən asılı deyilik. Heç bir dövlətdən asılı deyilik. Özümüz öz taleyimizin sahibiyik. Əgər polisin 84 illik yubileyini bir balaca dərindən təhlil etsəniz, görərsiniz ki, polis olub, xalqına xidmət edibdir. Amma polis milli olmayıbdır. İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır.

Bilirsiniz ki, keçmişdə mən də dövlət təhlükəsizlik orqanlarında uzun illər xidmət etmişəm. Deyə bilərəm ki, uğurlu xidmət etmişəm. Amma mən nəyə görə uğurlu xidmət edə bildim. Mənim işlədiyim səviyyədəki vəzifələrdə azərbaycanlı tək mən idimsə, 5-6-sı azərbaycanlı deyildi, başqa millətlərdən idi. Məndən yuxarıda olan vəzifədə azərbaycanlı yox idi. Ondan yuxarıda biri var idi. Amma onun yanında başqa millətdən olan 2-3 nəfər var idi. Ona görə də belə bir mühitdə, belə bir kollektivdə yaşamaq, işləmək həddindən artıq çətin idi. Mən Azərbaycana qəlbən xidmət edirdim. Çünki mən azərbaycanlıyam. Amma mənim ətrafımda olan adamların əksəriyyəti heç də deyə bilmərəm ki, Azərbaycana xidmət edirdi. Onlar deyirdilər ki, biz sovet hökumətinə xidmət edirik. Mən də etiraf edirdim ki, sovet hökumətinə xidmət edirəm, amma Azərbaycana xidmət edirdim.

O dövrdə bizim üçün, gənclər üçün, - mən bu həyatı yaşamışam, - olan problemlər, çətinliklər indi yoxdur. İndi hamı bir millətin, bir xalqın - Azərbaycan xalqının övladıdır və qəlbən azərbaycanlıdır. Hamısı da qəlbən öz doğma torpağına, Azərbaycan xalqına, Azərbaycan millətinə xidmət edir.

Hərbi xidmətdə olan hər bir şəxs hərbi nizamnaməyə tabedir, ona sədaqətlə and içir və o, andına görə də cavabdehdir. Bu, Azərbaycanda keçmişdə də olmuşdur. O vaxtlar azərbaycanlılar həmin bu Daxili İşlər Nazirliyinin orqanlarında xidmət edirdilər, nizamnaməyə tabe idilər, and içirdilər. Ancaq əgər onlar öz andını pozsaydılar, sadəcə, cəzalanacaqdılar, inzibati cəza alacaqdılar. Amma indi hər bir azərbaycanlı, Daxili İşlər Nazirliyində, orduda xidmət edən, bizim Silahlı Qüvvələrdə xidmət edən hər bir azərbaycanlı övladı dövlətə, xalqına sədaqətli xidmət etmək üçün, Vətəninə sədaqətli xidmət etmək üçün and içir. Əgər o, andını pozursa, cəza alır.

Amma burada mənəvi cəza da var. Öz xalqına, öz millətinə, öz doğma Vətəninə sədaqət andı içmiş insanın öz andını pozması çox böyük cəza tələb edir. Ona görə də bu gün hər bir polis nəfəri, Daxili İşlər Nazirliyində xidmət edən hər bir şəxs bizim silahlı qüvvələrimizdə olduğu kimi, anlamalıdır, dərk etməlidir ki, əgər bu peşəyə yiyələnib xidmət etmək istəyirsə, buna onun imkanı varsa, bunun üçün qabiliyyəti varsa və müvafiq dövlət orqanları bu şəxsin bu peşədə xidmət etməsini qəbul edirlərsə, o, and içirsə, bu andına daim sadiq qalmalıdır.

İşdə səhvlər ola bilər. İşinizdə səhvlər var, çoxdur. Usubov bunun üstündən bir az keçdi. Bu, var. Ancaq bir məsələdə səhv ola bilməz. Dövlətə sədaqət andına xəyanət etmək olmaz. Vətənə sədaqət andına xəyanət etmək olmaz. Xalqa sədaqət andına xəyanət etmək olmaz. Bu andı pozmaq heç kəs üçün yolverilməzdir. Sizin peşəniz bu cəhətdən elə bir peşədir ki, gərək onu şüurlu dərk edəsiniz. Bu peşəni, sadəcə, özünə iş tapmaq üçün yox, yaxud da qazanc əldə edib yaşamaq üçün qəbul etmək olmaz. Bu peşəni, polis peşəsini qəbul edən, Daxili İşlər Nazirliyinin əməkdaşı bilməlidir ki, o, sədaqətlə xidmət etməlidir.

Mən bu barədə bir az geniş danışıram, ona görə yox ki, bizim polis orqanlarında, Daxili İşlər Nazirliyində kimlərinsə öz peşəsinə sadiq olmamaları haqqında məlumatım var. Yox. Mən, sadəcə, bu məsələni ön plana çıxarıram. Bunu da ön plana çıxararaq, bir daha Azərbaycanın dövlət müstəqilliyinə bərabər səviyyəyə gətirirəm. Biz dövlət müstəqilliyimizə sadiq olduğumuz kimi, peşəmizə də sadiq olmalıyıq. Əgər peşəmizə sadiq olmasaq, onda dövlətimizə, dövlət müstəqilliyimizə sadiq ola bilmərik.

Son illər Daxili İşlər Nazirliyində, polis orqanlarında böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar. Biz bunlara görə də bütün sahələrdə islahatları keçiririk. Siz bunları bilirsiniz. O cümlədən, Daxili İşlər Nazirliyində, prokurorluqda, məhkəmə orqanlarında, Milli Təhlükəsizlik Nazirliyi sistemində bu islahatları keçiririk.

Bu da sirr deyil ki, bu orqanlarda keçmiş SSRİ vaxtından mövcud olan qanunlardan yox, qaydalardan, əmrlərdən, yaxud yaranmış ənənələrdən indiyə qədər istifadə olunur. Bunların bir qismi elə bu günün tələblərinə uyğundur. Amma bir çox hissəsi yox. Ona görə də islahatlar keçirərək biz hüquq-mühafizə orqanlarını, polisi, Daxili İşlər Nazirliyini beynəlxalq standartlara qaldırmağa çalışırıq. Beynəlxalq standartlar demokratik dövlət, hüquqi dövlətdir. Biz polis haqqında çox gözəl qanun qəbul etdik. Yaxud, prokurorluq haqqında qanun qəbul etdik. Məhkəmə islahatları keçirdik. Amma bilirsiniz, bunların həyata keçirilməsi üçün nə qədər müzakirələr aparırdıq. Bizim əməkdaşlarımızın bir qismi mühafizəkar fikirlərlə yaşayır və deyirlər ki, yox, bu belə olsa, dünya dağılar.

Məsələn, biz prokurorluq haqqında qanunun qəbul olunmasını bir il gecikdirdik. Biz gecikdirmədik. Gecikdirdilər. Nə üçün? Çünki prokurorluğun bəzi səlahiyyətləri beynəlxalq hüquq normalarına ziddir, bu, SSRİ prokurorluğunun prinsipləridir. SSRİ prokurorluğu da hələ Leninin vaxtından təşkil olunmuş prinsiplər əsasında gedir. Birincisi, prokurorluqda olan adamlar, onların başçıları bunlara öyrəniblər, ikincisi də həmin o müddəalar onlara çox böyük imkanlar yaradır. İmkanlar o mənada yox ki, onlar prokurorluq fəaliyyətlərini daha da yaxşı həyata keçirsinlər. O mənada ki, oradan şəxsi məqsədləri üçün daha da çox istifadə etsinlər.

Məsələn, indi prokurorluq orqanları vətəndaşların həbsinə sanksiya vermir. Amma iki-üç il bundan öncə bu məsələni qoyanda çoxları deyirdi, nə təhər ola bilər, nə ola bilər. Elə bizim Daxili İşlər Nazirliyində deyirdilər ki, biz bu cinayətkarı tutduq, onu məsuliyyətə cəlb etməliyik, prokurorla danışırıq, prokuror sanksiya verir. Amma gərək bu, məhkəməyə getsin, gərək məhkəmə yığışsın, bu işə baxsın, ondan sonra sanksiya versin. Bu, cinayətkarlıqla mübarizəmizi zəiflədəcəkdir. Elədir, cənab Usubov, belə fikir var idi?

Ramil Usubov: Cənab prezident, ümumiyyətlə, belə fikirlər var idi.

Heydər Əliyev: O cümlədən cənab Usubov tərəfindən də. Bilirsən, bəzən deyirlər getdim haradasa üstümə su tökdüm, təmizləndim, köhnə şey qalmadı.

Ramil Usubov: Aydındır, cənab prezident!

Heydər Əliyev: Əyləş. Amma elə başa düşməyin ki, əsas günahkar bu idi. Yox, əsas başqaları idi. Amma indi biz prokurorluq haqqında qanun qəbul etdik. Məhkəmələr bu işə baxır. Daxili İşlər Nazirliyində, polisdə bir problem yoxdur. Elədir?

Ramil Usubov: Elədir, cənab prezident, bütün qanunlar qəbul olunubdur.

Heydər Əliyev: Beynəlxalq hüquq normaları da təmin olunur. Bu islahatlar hələ gərək bütün hüquq-mühafizə orqanları əməkdaşlarının beyninə həkk olsun. Çünki yenilik təbiidir ki, ancaq köhnə ilə mübarizədə inkişaf edə bilər. Əgər yeni mübarizə uğurla aparılsa, köhnə get-gedə məhv olur. Biz qanunu qəbul etmişik. Siz qanunları icra etməlisiniz. Ancaq bunu da bilirik ki, hələ bəziləri bu qanunları dərk edə bilmirlər. Hələ köhnə fikirlə yaşayırlar. Bəlkə də buna bir az zaman lazımdır. Ancaq bilməlisiniz ki, yol bu yoldur, islahatlar yoludur və biz islahatlar yolu ilə gedəcəyik. Polis haqqında indiki qanun çox yaxşı qanundur. Polisin vəziyyətini çox yaxşılaşdırıbdır.

Polis cinayətkarlıqla mübarizə aparır. Dövlətin hüquqlarını qoruyur. Amma, eyni zamanda, polis hər bir vətəndaşın hüququnu qoruyur. Cinayətkar təkcə dövlətə qarşı cinayət etmir ki. Dövlətə qarşı cinayət edənlər, Allaha şükürlər olsun ki, tamamilə azalıbdır. Cinayət edən başqa bir vətəndaşın hüququnu pozur. Nəinki hüququnu pozur, ağır cinayətlər edir. Ona görə polisin vəzifəsi, borcu həm dövlətin mənafelərini qorumaq, dövlətin siyasətini həyata keçirmək, həm də bizim Konstitusiyada göstərildiyi kimi, vətəndaşların hüquqlarını qorumaqdır, vətəndaşın təhlükəsizliyini təmin etməkdir ki, vətəndaş rahat yaşaya bilsin.

Mən bu on il haqqında dedim. Gəlin, bir balaca o illərə qayıdaq. Mən 1989-1990-cı illəri heç demirəm. 1991-1992-1993-cü illərdə - biz bu günlərdə Qurtuluş gününün 9-cu ildönümünü qeyd edirdik - Azərbaycan necə dəhşətli bir vəziyyətdə idi. Azərbaycan parçalanırdı. Azərbaycanda vətəndaş müharibəsi başlamışdı. Ayrı-ayrı insanlar özlərinə silahlı dəstələr düzəltmişdilər, hakimiyyət uğrunda mübarizə aparırdılar. Bunlar hamısı Azərbaycanda daxili sabitliyi, ictimai-siyasi sabitliyi tamamilə pozmuşdu. Belə halda vətəndaş kimə arxalana bilərdi? Əgər polisin özündə müxtəlif cinayətkar dəstələr varsa, vətəndaş kimə arxalana bilər? Yaxud, cəzasız, qanunsuz silahlı dəstələr avtomatla küçədə gəzirdilər, nə qədər reket var idi, xatirinizə salın. Bunlar 1993-cü ildə olan hadisələrdir. Biz bunlarla mübarizəni kəskin apardıq. Amma bir ay, bir il yetərli olmadı. Nə üçün? Çünki o cinayətlər çox kök salmışdı. Təəssüf ki, onların kökü 1988-1989-cu illərdən başlanmışdır. O vaxt ermənilər Azərbaycanın qədim torpağı Dağlıq Qarabağa qarşı iddia ilə çıxış etdilər və buna hazırlaşmışdılar. Bu, hələ Sovet hakimiyyəti dövründə idi. Azərbaycanlılar bunun qarşısını ala bilmədilər. Ermənilər çox mütəşəkkil idilər, Azərbaycanda isə mütəşəkkillikdən söhbət gedə bilməzdi.

Bir neçə gün bundan öncə televiziyada Vaqif Mustafayevin bir filmini göstərdilər. Ola bilər, görmüsünüz. Orada deyəsən, Daxili İşlər Nazirliyinin hansısa nümayəndəsi çıxış edib deyirdi. O filmi görmüsən?

Ramil Usubov: Xeyr, mən baxmamışam. Amma o, cinayət-axtarış idarəsinin keçmiş rəisi Əzim Piriyevdir.

Heydər Əliyev: O deyirdi ki, Moskvadan buraya 1300, 1400, ya 1500 adam göndərmişdilər ki, burada Heydər Əliyevin tərəfdarlarının hamısını həbs etsinlər. Hətta deyir ki, biz Şüvəlanda həbsxananın bir hissəsini onlara verməli olduq. Nə uçun? Heydər Əliyev o vaxt işdən getmiş adam idi. Amma ermənilər Dağlıq Qarabağ uğrunda mübarizə aparırdılar. Hakimiyyət dəyişildi, bura yeni bir adam gətirdilər, başçı qoydular. Həmin filmdə onu da göstərirlər. Keçmiş milli təhlükəsizlik naziri də deyir ki, yeni birinci katib gələn kimi məni - orada ermənilər Dağlıq Qarabağı əlinə keçirir, döyüşlər gedir - çağırıb dedi ki, mən buraya "Əliyevşina" ilə mübarizə aparmağa gəlmişəm. Bilirsiniz də, rus dilində "Əliyevşina" nə deməkdir, - bununla mübarizə aparmağa gəlmişəm. Yaxşı, ermənilər gəlib torpaqlarımızı tutur, Qarabağı ələ keçirmək istəyir. Sən get, bununla məşğul ol, Əliyev isə Moskvada yaşayır, əgər lazım olsa, onu tutub asa da bilərsən.

Belə bir ağır şəraitdə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət pozuldu və bunun nəticəsində dəstələr yarandı. Onlar hakimiyyət uğrunda mübarizəyə başladılar, Azərbaycanda daxili ictimai-siyasi sabitlik pozuldu, ermənilər bundan istifadə edərək, Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Bizim üçün nə qədər vaxt lazım oldu ki, 1993-cü ildən - 1996 və ondan sonrakı dövrə qədər həmin bu dəstələrin kökünü kəsək, onları zərərsizləşdirək, insanlara rahatlıq verək. Bunları etdik. Bu işlərdə Azərbaycanın Daxili İşlər Nazirliyi əməkdaşlarının böyük xidmətləri olmuşdur.

Amma bizim işimiz təkcə bununla qurtarmırdı. Biz gərək Azərbaycanda pozulmiş ictimai-siyasi sabitliyi tam bərpa edəydik və onu bərpa etdik. İndi Azərbaycandakı daxili ictimai-siyasi sabitlik MDB ölkələrində nümunə kimi göstərilir. İndi buraya gələn adamlar gecə saat 2-3-ə qədər bulvarda, Bakının gəzməli yerlərində istirahət edirlər və təəccüblənirlər ki, onlara dəyən, toxunan yoxdur. Amma bu, o Azərbaycandır ki, 1993, 1994, hətta 1995-ci illərdə insanlar qorxusundan axşam saat 7-dən sonra küçəyə çıxa bilmirdilər.

Ölkəmizdəki möhkəm sabitlik bir tərəfdən cinayətkarlıqla mübarizə, sizin öz vəzifələrinizi layiqincə yerinə yetirməyiniz, ikinci tərəfdən də insanların, vətəndaşların hüquqlarının qorunması üçün dövlətimizin yaratdığı təminat nəticəsində mümkün olmuşdur. Əgər vətəndaş istədiyi vaxt evindən rahat çıxıb harasa gedirsə, axşam haradasa istirahət edə bilirsə, şəhərin hər hansı hissəsinə rahat gedə bilirsə, demək, bəli, bizim polis, Daxili İşlər Nazirliyi sabitliyi, asayişi, eyni zamanda, insanların hüquqlarını təmin edirlər. Sizin vəzifəniz budur və bu vəzifəni layiqincə yerinə yetirmək lazımdır.

Uğurlarınız çoxdur. Mən bunu açıq deyirəm. Mən, ümumiyyətlə, tərif deməyə o qədər də meylli adam deyiləm. Həmişə çalışıram, tənqid edim. Çünki nə qədər tənqid etsən, iş o qədər yaxşı gedəcəkdir. Amma bu gün bayramdır. Ona görə də işinizin müsbət tərəflərini deyirəm. Amma nöqsanlarınız da çoxdur.

Mən insanların hüquqlarını qorumaq barədə dedim. İnsan öz şəxsi avtomobilində şəhərdə gedir, onu bir döngədə saxladılar. DYP işçisi gəldi, bununla danışdı, nə bilim, sənədinə baxdı, sənədin içində nə var, bilmirəm, ona baxdı. O, bundan canını qurtarıb getdi. Bir kilometrdən sonra onu yenə saxladılar. Həmin qayda. Sonra üçüncü dəfə saxladılar. Həmin qayda. Bu vətəndaş özünü necə hiss edəcəkdir, onun hüquqları pozulmurmu?! Pozulur. O, narazı olacaqdır. Kimdən? Təbiidir ki, onu əsassız saxlayan polis işçisindən. Ancaq təkcə ondan yox, eyni zamanda, hökumətdən, hakimiyyətdən narazı olacaqdır. Nə üçün, niyə?

Beş-altı il bundan əvvəl vətəndaş küçəyə çıxa bilmirdi. Onda anlayırdı ki, Azərbaycanda hakimiyyətsizlikdir, gərək hərə öz başını dolandırsın. Amma indi Azərbaycanda hakimiyyət var, dövlət var, qanun var, hər şey var, ictimai-siyasi sabitlik təmin olunubdur. Belə vətəndaş istəyir ki, özünü tamam sərbəst hiss etsin. Heç kəs ona qanunsuz müdaxilə etməsin. Onun yaşayışına, onun istirahətinə, onun yolda getməsinə qanunsuz müdaxilə etməsin. Amma təəssüf ki, bizdə bu hallar var, özü də az deyil.

Bir neçə il bundan qabaq müşavirə keçirəndə 1-2 rayonun icra hakimiyyəti başçısı mənə dedi ki, bizim rayondan buraya bazarda satmağa meyvə, başqa şeylər gətiriblər. Gələnə qədər onları beş yerdə saxlayırlar, hər yerdə də haqq istəyirlər. Ona görə də gətirib onu satanda heç pulunu da çıxara bilmirlər. Mən onda Usubova dedim. Dedim, DYP-nin tərkibini ixtisar et. Usubov mənim bu göstərişimi yerinə yetirdi. Amma sonra nə oldu? Ondan sonra xırda-xırda, aybaay, ilbəil DYP işçilərinin sayı artdı. Mənə deyirlər ki, əgər Azərbaycanda adambaşına düşən DYP işçisini hesablasan, onların sayı başqa respublikalardan çoxdur.

Burada nazir Usubov yaxşı rəqəmlər gətirdi ki, hər yüz min adama...

Ramil Usubov: Cənab prezident, hər yüz min nəfərə düşən cinayətə görə Azərbaycan MDB məkanında ən az cinayət edilən ölkədir. Yüz min nəfərə cəmi 195 cinayət düşür.

Heydər Əliyev: Onu bilirəm, sən də məruzəndə dedin. Ona görə də mən sizə təşəkkür edirəm.

Amma DYP-nin sayına görə? Sən buna cavab verə bilməyəcəksən. Əyləşin. İstəmirəm indi cavab verəsən.

Ramil Usubov: Cənab prezident, aydındır, nəticə çıxararam.

Heydər Əliyev: Sən buna cavab vermək üçün gedib araşdıracaqsan, DYP-nin say tərkibini ciddi azaldacaqsan. Güman edirəm ki, indi insanlar ictimai-siyasi sabitlik şəraitində daha da yaxşı yaşayırlar. Yəni, özlərini yaxşı aparırlar. Əgər DYP işçilərinin bir hissəsi olmasa, onlar elə böyük avtocinayət etməyəcəklər. Amma, necə deyərlər, vətəndaşların həmin sənədləri o tində, bu tində çıxarıb, içinə bir şey qoymaqdan canları qurtaracaqdır.

Nöqsanlar təkcə DYP-də deyil. Sonra hamınız hesab edərsiniz ki, yaxşı işləyirsiniz, təkcə DYP pisdir, gəlin, bu DYP-ni döyəcləyək. Mən DYP haqqında dedim. Çünki vətəndaşlar onlarla daha çox təmasda olurlar. Amma təkcə DYP yox, sahə müvəkkili var, polis nəfəri var, filan var. Mənim dediyim bu sözlər bütün bu tərkibə aiddir. Vətəndaşlarla təmasda olan bütün tərkibə aiddir. Onlar, yəni sizin polis işçiləri gərək cinayətkarlarla kəskin mübarizə aparsınlar. Cinayətkarlıq yuvalarını axtarıb tapsınlar, onları zərərsizləşdirsinlər. Gərək, ictimai asayişi təmin etsinlər, ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə yardım etsinlər. Amma, eyni zamanda, gərək yüksək polis mədəniyyəti göstərsinlər.

Bilirsiniz, mən bu gün sizinlə açıq danışıram. Bu, söhbətdir. Keçmişdən belə bir fikir var ki, polis işçisi, adətən, küt olur, kobud olur, mədəni olmur və sair. Bu, həqiqətdir ki, belə bir əhval-ruhiyyə var. Mən bununla razı deyiləm. Bu, keçmişdə olubdur. Amma təkcə elə bu müstəqillik dövründə yox, ondan əvvəlki illərdə də bizim xalqımız getdikcə daha da çox savadlanıb, daha da çox təhsil alıbdır. Təbiidir ki, çox bilik alandan sonra həmin bu adamların böyük bir hissəsi Daxili İşlər Nazirliyində işləyirlər. Demək, onların mədəni səviyyəsi də artıbdır və bu gün də artır, sabah da artacaq. Amma sizin dərdiniz nədir? Polisin üstündə keçmişdən bir damğa var.

Siz gərək elə çalışasınız ki, o damğanı götürəsiniz. Gərək elə işləyəsiniz, özünü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim olasınız, amma cinayətkarlara qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər. Lazımdır ki, polisi sevsinlər. Başa düşürsünüz, mən istəyirəm ki, polisi sevsinlər.

Gənc kadrlar hazırlamaq lazımdır. Sən dedin ki, Polis Akademiyasında kadrlar hazırlanır. Bilmirəm. Siz ildə nə qədər adam qəbul edirsiniz?

Ramil Usubov: Cənab prezident, 100-150 nəfər.

Heydər Əliyev: Siz Polis Akademiyasına 100 nəfər qəbul edirsiniz. 100 nəfər adam nədir ki?

Ramil Usubov: Cənab prezident, eyni zamanda, universitetdən götürürük.

Heydər Əliyev: Bilirsən, siz universitetdən götürürsünüz, götürün. Ancaq universitetdən gələn işçi hüquq elmini bilir, başqa şeyləri bilir, amma polis orqanının xüsusiyyətlərini bilmir. Nə üçün siz Polis Akademiyasını genişləndirmirsiniz? İmkanınız yoxdur?

Ramil Usubov: Cənab prezident, bir az problem var.

Heydər Əliyev: Maddi?

Ramil Usubov: Bəli, bu barədə çətinliyimiz var.

Heydər Əliyev: Yaxşı, mən bu məsələni həll edərəm.

Ramil Usubov: Çox sağ olun.

Heydər Əliyev: Mən Təhsil Nazirliyinin büdcəsindən bir az kəsərəm, sizə verərəm. Siz akademiyanı genişləndirin. Özünüz-özünüzə mütəxəssis hazırlayın. Başa düşürsünüz, mütəxəssis. Bir var ki, universitetin hüquq fakültəsindən gələn adam prokurorluqda da, məhkəmədə də, polisdə də, notariusda da, Ədliyyə Nazirliyində də işləyə bilər. Amma bunların içərisində polis orqanları, Daxili İşlər Nazirliyi silahlı qüvvədir. Başa düşürsən, bu, silahlı qüvvədir. Sən Polis Akademiyasında gənclərə tüfəng atmaq, avtomat atmaq, tapança atmaq, başqa şeylər öyrədirsən. Elədirmi?

 

Ramil Usubov: Bəli, bəli.

Heydər Əliyev: Amma universitetin hüquq fakültəsində bu yoxdur. Düzdür, ya yox?

Ramil Usubov: Elədir, cənab prezident. Onun öz xüsusiyyəti var.

Heydər Əliyev: Bilirsən nə var, sən deyirsən vəsaitin yoxdur. Mən bu cibimdəki vəsaitdən götürüb, o biri cibimə qoyacağam.

Ramil Usubov: Cənab prezident, daxili imkanlar hesabına edərik.

Heydər Əliyev: Sən məni başa düşmədin.

Ramil Usubov: Mən belə başa düşdüm ki, daxili imkanlar hesabına.

Heydər Əliyev: Daxili imkanlar nədir?

Ramil Usubov: Yəni, fikirləş, özün həll et. Mən belə başa düşdüm.

Heydər Əliyev: Elə şey yoxdur. Daxili imkanlar yox. Mən söz verirəm. Polis Akademiyasına qəbul sayını nə qədər qaldıra bilərsiniz?

Ramil Usubov: 250-300-ə kimi qaldıra bilərik.

Heydər Əliyev: 300.

Ramil Usubov: Bəli, kifayət edir.

Heydər Əliyev: Müəllimin var, yaxşı dərs var?

Ramil Usubov: Bəli.

Heydər Əliyev: Bu il sən Polis Akademiyasına qəbulu 300 nəfər planlaşdır.

Ramil Usubov: Baş üstə.

Heydər Əliyev: Demək, sizə 200 nəfər üçün maliyyə təminatı vermək lazımdır. Elədirmi?

Ramil Usubov: Cənab prezident, elədir. Amma gərək orada siniflərin sayı olsun, orada bina, yataqxana tikilsin.

Heydər Əliyev: Görürsən, mən buna kömək etmək istəyirəm, bu da qaçır.

Ramil Usubov: Çox sağ olun. Olarmı vaxt verəsiniz, gələn il o hissəni, yəni yataqxana məsələsini hazırlayım? Ondan sonra edək.

Heydər Əliyev: Yaxşı, nə qədər?

Ramil Usubov: Cənab prezident, gələn il bu vaxt Sizə Polis Akademiyasında qəbulun sayını iki-üç dəfə artırmağa söz verirəm.

Heydər Əliyev: Yaxşı, daha mən nə edim. Əgər sənin...

Ramil Usubov: Cənab prezident, real olmalıdır. Mən Ali Baş Komandanın qarşısındayam.

Heydər Əliyev: Görürəm, imkanın yoxdur. Demək, əziz cənab nazir, sən bu barədə düşünməmisən. Sən çıxışında dedin ki, Heydər Əliyev 1970-ci illərdə Naxçıvanski məktəbini yaratdı, başqasını yaratdı. Yaxşı, bu nümunədən özün niyə istifadə etmirsən? Sən də yarat da. Mən yaratdım, sən niyə yaratmırsan?

Ramil Usubov: Cənab prezident, çalışaram.

Heydər Əliyev: Yaxşı, danışdıq, əyləş.

Demək, Usubov söz verir ki, gələn il, 2003-cü ilin may ayına qədər Polis Akademiyasının tərkibini genişləndirmək üçün lazımi işlər aparacaq və mən oraya 200 nəfər əlavə edəcəyəm ki, gələn il 100 nəfər yox, 300 nəfər qəbul olunsun. Oldumu?

Ramil Usubov: Cənab prezident, aydındır, icra olunacaqdır.

Heydər Əliyev: Mən yenə də deyirəm, hər peşənin özünün xüsusiyyəti var. Beləliklə, siz Polis Akademiyasının hörmətini də qaldıracaqsınız. O nə Polis Akademiyasıdır ki, cəmi 100 nəfər oxuyur. Bu, nə akademiya oldu? Adını da akademiya qoymusunuz. 100 adam qəbul edirsiniz, 100 adam oxuyur?

Ramil Usubov: Cənab prezident, bağışlayın, mən əyani şöbəni deyirəm. Amma bizdə ikinci ali təhsil alanlar çoxdur. Yəni, 150 nəfər də onlardır.

Heydər Əliyev: A kişi, özünü müdafiə etmə. Mən deyirəm ki, yaxşı mütəxəssis polis kadrları hazırlamaq lazımdır. Bunun üçün də xüsusi məktəbdə təhsil alınmalıdır. Anladın?

Ramil Usubov: Cənab prezident, elədir, o daha çox səmərə verir.

Heydər Əliyev: Yaxşı.

Ümumiyyətlə, gəncləri daha sürətlə irəliyə çəkmək lazımdır. Bizdə polis orqanlarının çox hörmətli veteranları var. Onlara həmişə böyük hörmət və ehtiram hissi olmalı, nazirlik tərəfindən qayğı göstərilməlidir. Eyni zamanda, gənc kadrları daha sürətlə hazırlamaq lazımdır. Çünki biz müstəqilliyin on illiyini keçdik. İndi 5 il də gərək bizim polis orqanlarının tərkibi tamamilə yeni fikirli insanlardan, müstəqillik əhval-ruhiyyəsi ilə yaşayan insanlardan ibarət olsun. Ona görə bunları da irəliyə aparmaq lazımdır.

Siz burada dediniz ki, mən son vaxtlar Azərbaycanın daxilində olan və xarici iş adamları, sahibkarlarla müşavirələr aparmışam. Dövlətimizin iqtisadi siyasəti bazar iqtisadiyyatıdır. Bunu bilmək lazımdır. Biz bazar iqtisadiyyatından geri dönməyəcəyik. Artıq bazar iqtisadiyyatı Azərbaycanda yer tutubdur. Məsələn, 1995-1996-cı illərdən torpaq islahatı keçirməyə başladıq. İndi kənd təsərrüfatının 98 faizi özəl sektora malikdir. Görürsünüz, bizdə nə qədər kənd təsərrüfatı məhsulları var. Bazarlar dolu, hər yer doludur. Bu haradandır? Bunları Azərbaycan kəndlisi ona verilən torpaqda yetişdirib gətirib satır. Eləcə də başqa sektorlarda özəlləşdirmə sürətlə gedir.

Məsələn, ticarətdəki özəlləşmə çox yaxşı səmərə veribdir. İndi nə qədər gözəl mağazalar var, nə qədər çox mallar var. Gir, hansını istəyirsən al. Amma on il bundan qabaq bir dənə belə mağaza tapmaq mümkün idimi? Yox. O vaxt bir xarici paltar almaq üçün gərək gedib anbardardan xahiş edəydin ki, altdan çıxarıb versin. Amma indi bizim gözəl-gözəl mağazalar, ictimai iaşə şəbəkələri yaranıbdır. Bunun hamısı özəlləşdirmənin nəticəsidir. Özəlləşdirmə davam edəcək, bazar iqtisadiyyatı davam edəcəkdir. Ancaq lazımdır ki, hamımız bu özəl sektorun inkişafına, sahibkarlara imkan yaradaq.

Bəzən eşidirəm ki, prokurorluq, yaxud Daxili İşlər Nazirliyi gedib hansısa firmada yoxlama aparırlar. Nə yoxlama aparırsan, firma şəxsi firmadır. Nə alır, nə satır, o, özü bilir. Orada yoxlamanı Vergilər Nazirliyi aparır. Əgər vergisini verirsə, nə alır, nə satır, nə edir, bu, onun öz işidir. Əgər keçmişdəki kimi burada yenə OBXSS yaransa, o da hər bir firmanın başının üstünü alacaqdır.

Sonra sahə müvəkkili də gəlib hər bir mağazaya deyəcək ki, sən mənə haqq verməlisən. Verməsən, nə bilim, filan şey düz deyil, gəlib bağlayacağam. Bunlara yol vermək olmaz. Kim belə hərəkətlər edirsə, bilin ki, bizim iqtisadiyyatımıza zərbə vurur. Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır. Ona görə onlara imkan yaratmaq, kömək etmək lazımdır. Mən Usubova dəfələrlə demişəm, bu gün də deyirəm, heç bir müdaxiləyə yol verməməlisiniz.

Mən bu barədə xüsusi müşavirə keçirəcəyəm. Təkcə sizin nazirlikdə deyil, bir çox nazirliklərdə belə şeylər var. Bizim ciddi söhbətimiz olacaq, qərarlar qəbul edəcəyəm. Amma mən burada sizinlə görüşümdən istifadə edərək, bu məsələni çox vacib məsələ bilib, sizə çatdırıram və öz mövqeyimi bildirmək istəyirəm.

Mən əvvəldən dedim ki, sizin peşəniz çətin, ağır peşədir. Amma şərəfli peşədir. Kim özünü bu peşəyə həsr edirsə, o, həmişə xalq, millət içində hörmətli adam olacaqdır. Sağlığında da, dünyasını dəyişəndən sonra da.

Burada nazir Usubov sadaladı ki, 1996-cı ildən Azərbaycan prezidentinin fərmanları ilə Daxili İşlər Nazirliyi işçilərinin, polis işçilərinin maaşları, rütbə maaşları, ümumi maaşları bir neçə dəfə artırılıbdır. Az deyil, elədirmi?

Ramil Usubov: Cənab prezident, elədir, az deyil.

Heydər Əliyev: Amma mən bu gün sizə elan edirəm ki, bu yaxın vaxtlarda sizin maaşınızı bir qədər də artıracağam.

Baş nazirə və maliyyə nazirinə artıq bir aydan çoxdur ki, tapşırmışam. Onlar bu məsələ ilə məşğul olurlar. Bilirsiniz ki, büdcə çox ağırdır, çətindir. Ortada pul yoxdur. Amma mən bu göstərişi vermişəm, yaxın vaxtlarda mənə məruzə olunacaqdır. Fərman verəcəyəm və sizin maaşınızı bir az da artıracağam ki, bundan da yaxşı işləyəsiniz, bundan da yaxşı yaşayasınız. Amma gözünüz daha o yanda-bu yanda olmasın.

Mən sizinlə bugünkü görüşümdən məmnun olduğumu bir daha bildirmək istəyirəm. Sizi bir daha təbrik edirəm. Sizə inanıram, sizə arxalanıram. Daxili İşlər Nazirliyi Azərbaycan dövlətinin əsas sütunlarından biridir, dövlətçiliyi, müstəqil dövləti müdafiə etmək üçündür. Əgər Azərbaycanın coğrafi vəziyyətini nəzərə alsanız, biz Ermənistanla müharibə şəraitindəyik. Bir milyondan çox qaçqınımız var. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bunun özü bizim üçün böyük bir yaradır. Ancaq mən bu gün bir daha bildirirəm ki, biz işğal olunmuş torpaqları mütləq azad edəcəyik.

Ermənilər Dağlıq Qarabağa iddiaya başlayanda ön cərgədə polis idi. Döşünü irəli verən polis idi. Vuruşan polis idi. O vaxt ordu yox idi. Ordu hissələri də yox idi. Polis vardı. Artıq burada deyildi, minə yaxın polis işçisi torpaqlarımızın müdafiəsi uğrunda Qarabağda şəhid olubdur. 600-dən çoxu əlil olubdur. Onların xatirəsini biz həmişə qəlbimizdə saxlamalıyıq və onların xatirəsinə sadiq olaraq, biz hamımız bir yerdə bütün gücümüzü toplayıb, bütün imkanlarımızı toplayıb sülh danışıqlarını sürətlə apararaq, məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq. Ancaq nə yol ilə olur-olsun torpaqlarımızı azad edəcəyik.

Azərbaycanın başqa problemləri də çoxdur. Ona görə mən bir də deyirəm, Daxili İşlər Nazirliyi polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Biz daxili ictimai-siyasi sabitliyi təmin etmişik və siz üzərinizə düşən vəziyyətləri bundan sonra da yerinə yetirməlisiniz.

Bir daha deyirəm, mən Azərbaycanın prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram. Bu güc ilə və bu qüvvə ilə də biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcəyik və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcəyik. Sağ olun.

Tarixi arayış