Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın keçmiş dövlət katibi, görkəmli siyasi xadim Henri Kissincer ilə görüşdəki söhbətindən - Vaşinqton, 24 aprel 1999-cu il


Henri Kissincer: Cənab prezident, Sizi səmimiyyətlə salamlayıram. Sizin ölkəmizə səfərinizi və Bakıda keçirdiyimiz görüşləri məmnuniyyətlə xatırlayıram. Sizin ilə hər bir görüşdən məmnunluq duyduğumu və Sizə böyük hörmət və ehtiram bəslədiyimi bildirirəm.

Heydər Əliyev: Xoş sözlərə görə təşəkkür edirəm. NATO-nun 50 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirakıma böyük əhəmiyyət verdiyimi nəzərə çarpdırıram. Görüş iştirakçılarına məlumat verim ki, indi Azərbaycan müstəqil dövlətdir, müstəqil dövlət kimi fəaliyyət göstərir, çoxpartiyalı sistem əsasında demokratik parlament seçilmiş, xarici sərmayələrin ölkəmizə böyük axını başlanmışdır. Müstəqillik əldə etmiş Azərbaycan heç vaxt bu yoldan dönməyəcəkdir.

Qafqazda mövcud münaqişələrə gəlincə, onu deyim ki, bu ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejimi əldə edilməsinin 5 ili tamam olacağına baxmayaraq, münaqişə hələ də aradan qaldırılmamışdır. ATƏT-in Minsk qrupunun fəaliyyətindəki passivliyi xüsusi vurğulamaq istəyirəm. Böyük coğrafi-strateji və iqtisadi əhəmiyyətli olan Qafqaz regionunda sülh və sabitlik əldə edilməsi məqsədi ilə münaqişələrin həllində ABŞ-ın daha fəal iştirakı vacibdir.

Məlumat verim ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğal altındadır, bir milyondan çox vətəndaşımız çadırlarda ağır vəziyyətdə yaşayır. Biz münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün bu ilin əvvəlində Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentlərinə-B.Klintona, J.Şiraka, B.Yeltsinə məktub göndərərək onları öz səylərini fəallaşdırmağa çağırmışıq. Həmçinin ATƏT-in Minsk qrupunun "Ümumi dövlət" haqqında son təklifinin Azərbaycan tərəfindən rədd edildiyini, bu təklifin dövlətimiz üçün qətiyyən yolverilməz olduğunu xüsusi vurğulamaq istəyirəm.

Görüş iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm ki, Rusiyanın münaqişə tərəflərindən biri olan Ermənistanı silahlandırması, Ermənistana qanunsuz və gizli olaraq bir milyard dollar məbləğində silah göndərməsi faktı aşkar edilmişdir. Rusiya buradakı hərbi bazasını genişləndirir. Hazırda Ermənistana S-300 raketləri, MİQ-29 təyyarələri göndərmişdir. Azərbaycan bütün bunlardan çox narahatdır.

Hazırda Avropanın mərkəzində - Yuqoslaviyada baş verən hadisələr dünya üçün çox təhlükəli nümunədir. Bütün münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruriliyini qeyd edərkən bildirirəm ki, biz bu ölkənin ərazi bütövlüyünü tanıyırıq, lakin etnik təmizləmə siyasətini qətiyyətlə pisləyirik.

Brend Skoukroft: Cənab prezident, mən Xəzər neftinin hasilatı və nəqli məsələləri ilə maraqlanıram. Bu barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Məlumat verim ki, Azərbaycan 1994-cü ildə Amerika Birləşmiş Ştatlarının və Qərb ölkələrinin iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan böyük bir müqavilə imzalamış, sonralar da beynəlxalq şirkətlərlə neft müqavilələri bağlamışdır. Xəzər neftinin nəqlində Qərb istiqamətinin marşrutları əsas götürülmüşdür.

Ley Kennet: Mən Xəzərin zəngin neft və qaz ehtiyatları barədə kifayət qədər informasiyaya malik olduğumu və başçılıq etdiyim şirkətin Azərbaycandan qazın nəqli sahəsində əməkdaşlığa hazır olduğunu bildirirəm.

Heydər Əliyev: Azərbaycanın bütün dünyanın iş adamları üçün açıq olduğunu, xarici şirkətlərin ölkəmizdə geniş fəaliyyət göstərməsindən ötrü hər cür şərait yaradıldığını vurğulayaraq bildirirəm ki, biz öz iqtisadiyyatımızın dünya birliyi ilə sıx bağlanmasına, beynəlxalq inteqrasiyaya xüsusi diqqət yetiririk və bu sahədə uğurlu nəticələr əldə etmişik.

Nəzərə çarpdırım ki, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün dünyanın bir sıra nüfuzlu şirkətləri ilə imzalanmış müqavilələr tarixi əhəmiyyət daşıyır. Geniş potensial imkanlara, zəngin təbii ehtiyatlara malik olan Azərbaycan bütün sahələrdə xarici iş adamları ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa daim böyük maraq göstərir.

Brend Skoukfort: Biz erməni lobbisinin üzdəniraq səyləri ilə 1992-ci ildə Konqres tərəfindən qəbul edilmiş 907-ci düzəlişin ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mənfi təsir göstərdiyini bilirik. Sizə məlumat verərək bildiririk ki, hazırda bu sənədin ləğvi üçün müvafiq işlər görülür.

Lourens İqlberger: Mən Sizin şəxsiyyətinizə və müdrikliyinizə heyran olduğumu bildirirəm. Amerikada Azərbaycanın daha çox təbliğ edilməsi üçün bu sahədə işin gücləndirilməsi lüzumunu qeyd etmək istəyirəm.

Henri Kissincer: Mən Azərbaycana dərin hörmət bəslədiyimi və mühüm coğrafi-strateji mövqeyə malik ölkənizlə siyasi, iqtisadi əlaqələrə böyük əhəmiyyət verdiyimi vurğulayaraq, prezident Heydər Əliyevlə həmişə olduğu kimi, bu görüşümdən də çox məmnun qaldığımı bildirirəm. Maraqlı söhbət üçün Sizə, cənab prezident, hədsiz minnətdarlığımı bildirir və ən xoş arzularımı ifadə edirəm. Sizinlə hər bir görüş bizim üçün çox maraqlı və dəyərlidir.

Heydər Əliyev: Yüksək diqqət və ehtirama görə Sizə, görüş iştirakçılarına dərin təşəkkürümü bildirir və Sizin hamınızı Azərbaycana dəvət edirəm.