Azərbaycan Prezidenti Heydər Əliyevin MDB-nin icraçı katibi Boris Berezovski ilə görüşdəki söhbətindən - Yalta, 9 avqust 1998-ci il


Heydər Əliyev:  Hörmətli cənab Berezovski! Sizinlə görüşümdən çox şadam. Hər şeydən əvvəl Sizin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün göstərdiyiniz səyləri yüksək qiymətləndirir və bu səylərin davam etdirilməsini vacib hesab edirəm.

Boris Berezovski:  Çox sağ olun, cənab prezident. Sizinlə, görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən şərəf duyuram. Müstəqil Dövlətlər Birliyinin icraçı katibi kimi mən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində fəaliyyətimi mütləq davam etdirəcəyəm.

Heydər Əliyev: MDB-nin üzvü olan ölkələr arasında münaqişələrin davam etməsi yolverilməzdir və bu birlik Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həll edilməsi, müstəqil dövlətimizin ərazi bütövlüyünün təmin olunması, yerindən-yurdundan zorla qovulmuş bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarına qaytarılması istiqamətində əməli addımlar atılmalıdır.

Boris Berezovski: MDB məkanında hər hansı bir münaqişəyə, doğrudan da, yol vermək olmaz. Bu sahədə fəaliyyətimizi genişləndirmək günün ən vacib məsələlərindəndir. Ukrayna prezidenti Leonid Kuçmanın 60 illik yubileyində iştirak etmək üçün Yaltaya gəlmiş dövlət başçıları bu haqda da fikir mübadiləsi etməlidirlər.

Heydər Əliyev: Mən hələ çox gənc olan müstəqil respublikalar arasında qarşılıqlı surətdə faydalı əlaqələrin durmadan inkişaf etməsindən böyük məmnunluq hissi duyuram.

Onu da deməliyəm ki, dünya ölkələri Qafqazda coğrafi-strateji mövqeyə malik olan Azərbaycanla bütün sahələrdə sıx əlaqələr qurmağa xüsusi maraq göstərirlər. Mən Qədim İpək Yolunun bərpası ilə əlaqədar Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə sentyabrın 7-8-də Bakıda keçiriləcək beynəlxalq konfransın MDB üzvü olan ölkələrdə də çox böyük faydalar gətirəcəyinə əminəm.