Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdəki söhbətindən - Yalta, 5 iyun 1998-ci il


Heydər Əliyev: Əziz dostum Eduard Amvrosiyeviç!

Sizi səmimi-qəlbdən salamlayır və bundan məmnun qaldığımı bildirmək istəyirəm. Gürcüstan ilə Azərbaycan arasında, xalqlarımız arasında həmişə xoş və mehriban münasibətlər mövcud olmuşdur. Mən dövlətlərimizin, xalqlarımızın ənənəvi dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verirəm. Biz müstəqillik yolu ilə inamla irəliləyən dövlətləri yüksək qiymətləndiririk. Azərbaycanın çox hörmət bəslədiyi qonşu Gürcüstan da belə dövlətlərdən biridir. Vurğulamaq yerinə düşər ki, Gürcüstanın da, Azərbaycanın da müstəqilliyi əbədidir, dönməzdir. Biz bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iştirakçısı olan ölkələrin dövlət başçıları zirvə toplantısında, habelə dövlət başçıları ilə təkbətək görüşlərdə çox yaxşı danışıqlar aparmışıq. Əminəm ki, bunlar dövlətlərimiz arasında münasibətlərin daha da inkişafına xidmət edəcəkdir.

Eduard Şevardnadze: Sizin, zəmanəmizin qüdrətli siyasətçisi və müdrik dövlət başçısı, mənim dostum, qardaşım Heydər Əliyevin sayəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutur, müstəqillik yolunda inamlı addımlarını atır. Az bir müddət ərzində Azərbaycan yaxşı nəticələrə nail olmuşdur. Həyata keçirilən daxili islahatlar, ictimai-siyasi, iqtisadi-mədəni həyatm bir çox sahələrində əldə etdiyiniz uğurlar, xarici ölkələrlə əlaqələrinizin genişlənməsi, müvafiq qanunvericilik bazasının yaradılması, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına qoşulması, inflyasiyanın qarşısının alınması sahəsində qazandığınız uğurlar bizi, Gürcüstan xalqını çox sevindirir.

Heydər Əliyev: Hörmətli dostum, qardaşım Eduard Amvrosiyeviç, Azərbaycan Respublikası, onun xalqı, ölkəmizdə aparılan demokratik proseslər haqqında, şəxsən mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm. Dəfələrlə sizinlə görüşlərimiz, danışıqlarımız zamanı qarşılıqlı maraq doğuran bir sıra siyasi və iqtisadi problemlərin həlli yollarını nəzərdən keçirmişik, Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsinin və inkişafının vacib olduğunu vurğulamışıq. Bundan ötrü bütün imkanlar, şərait var, ən başlıcası isə, həm Azərbaycan tərəfindən, həm də Gürcüstan tərəfindən böyük səy və istək var. Bizim bu əməkdaşlığımız ən əvvəl ona yönəlmişdir ki, həm Azərbaycan, həm də Gürcüstan Qafqazda sülhün, təhlükəsizliyin, əmin-amanlığm bərqərar olunmasını istəyir, buna böyük cəhd göstərir.

Eduard Şevardnadze: Bütün bunlar da bizi yaxınlaşdırır, münasibətlərimizin, iqtisadi əlaqələrimizin genişlənməsi və daha da inkişaf etməsi üçün son dərəcə əlverişli şərait yaradır.

Heydər Əliyev: Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin genişləndiyini nümayiş etdirən faktlardan biri ondan ibarətdir ki, Azərbaycandan ilkin neftin Qara dənizə ixracı üçün Gürcüstan ərazisi ilə Supsa limanına gedəcəyinin şahidi olacağıq. Xəzər dənizi hövzəsindəki yataqlardan hasil edilən nefti dünya bazarına çıxaracaq boru kəmərlərinin marşrutları barədə dəfələrlə sizinlə danışıqlar, müzakirələr aparmışıq. Qətiyyətlə bildirməliyəm ki, Azərbaycanda hasil edilən neftin dünya bazarına çatdırılması üçün Gürcüstan, Türkiyə əraziləri ilə Aralıq dənizinə, Ceyhan limanına gedəcək böyük neft kəməri çəkmək də planlaşdırılıb. Bu kəmərlərin tikintisində işlərin daha da sürətləndirilməsinin və həyata keçirilməsinin vacib olduğunu vurğulayıram. Biz bu mövzuda sizinlə, hörmətli Eduard Amvrosiyeviç, dəfələrlə danışmışıq. Hesab edirəm ki, bu barədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə 1998-ci il sentyabr ayının 7-8-də Bakıda keçiriləcək beynəlxalq konfransda qərar qəbul ediləcəkdir. Bununla da biz Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığın yeni yollarını açırıq.