"Hindistan Respublikasının Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri Rasendra Madnukar Abhuankarın etimadnaməsinin təqdim olunması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı" (Prezident sarayı, 9 sentyabr 1996-cı il) sənədinə tarixi arayış


1991-ci il dekabrın 26-da Hindistan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycan Respublikası ilə Hindistan arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulub. 1999-cu ilin mart ayının 1-dən Hindistan Respublikasının Azərbaycan Respublikasında, 2004-cü ilin oktyabr ayından Azərbaycan Respublikasının Hindistanda Səfirliyi fəaliyyətə başlayıb.

Ticarət, mədəniyyət, elm sahələrində müəyyən əməkdaşlıq fəaliyyətinin aparılmasına baxmayaraq, Hindistan-Azərbaycan münasibətlərinə maneə törədən amillər də vardır. Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda qızıl yatağı bir Hindistan şirkəti tərəfindən qeyri-qanuni istismar edilir. Bundan başqa BMT-də işğal olunmuş Azərbaycan ərazilərinin vəziyyəti məsələsi qaldırılan zaman Hindistan tərəfinin bitərəf qalması münasibətlərin daha da inkişaf etdirilməsi ehtiyacını ortaya çıxardır.

Hindistan və Azərbaycan tərəfdaşlığının daha yüksək səviyyəyə qaldırılmasının zəruriliyi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 9 sentyabr 1996-cı ildə Hindistan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rasendra Madnukar Abhuankarın etimadnaməsinin təqdim olunması mərasimində də bildirilib. Heydər Əliyev qarşılıqlı əlaqələrin genişləndiriləcəyinə ümid etdiyini söyləyib: "Ümidvaram ki, Hindistan ilə Azərbaycan arasında əlaqələr bundan sonra gündən-günə genişlənəcək və biz bu əlaqələrin yeni nailiyyətlərinin şahidi olacağıq."

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 7 yanvar 2000-ci ildə Hindistan Respublikasının Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş cənab Dinkar Xulların etimadnaməsini qəbul edib. Görüşdə Azərbaycan-Hindistan əlaqələrinin tarixiliyindən və iki ölkə arasında əməkdaşlığın inkişafından söhbət açılıb.

2 iyul 2003-cü ildə Heydər Əliyev Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cyoti Svarup Pandenin etimadnaməsini qəbul edib. Səfir Cyoti Svarup Pande xalqlarımız arasında illərdən bəri həm mədəniyyət, həm də ticarət sahəsində geniş əlaqələr olduğunu bildirib və Hindistan hökumətinin nümayəndəsi kimi, bu əlaqələri daha da möhkəmləndirməyə çalışacağını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bir neçə dəfə Hindistanın Azərbaycandakı səfirlərini qəbul edib.

27 sentyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Hindistanın səfiri Cyoti Svarup Pandeni ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezident İlham Əliyev cənab Cyoti Svarup Pandenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Hindistan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bu işlərdə səfirin xidmətlərini vurğulayıb.

5 mart 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bharat Rac Mutu Kumarın etimadnaməsini qəbul edib. Prezident İlham Əliyev səfirin fəaliyyəti sayəsində Azərbaycanla Hindistan arasında siyasi, iqtisadi əlaqələrin güclənəcəyinə ümidvar olduğunu vurğulayıb.

6 fevral 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Debnad Şounun etimadnaməsini qəbul edib. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Tarixi arayış 11 fevral 2009-cu ildə yeniləşdirilib.