Fransanın Karyer-Su-Puası şəhərinin "Sülh naminə müraciət"lə çıxış etmiş gənc sakinlərinə - Bakı şəhəri, 18 oktyabr 2000-ci il


Əziz uşaqlar!

Dünyada sülhün əbədi bərqərar olması naminə göstərdiyiniz təşəbbüsü səmimi-qəlbdən dəstəkləyirəm. Mən də, Azərbaycan Respublikasının bütün uşaqları da müraciətinizə məmnuniyyətlə qoşulur və bu istiqamətdə zəruri olan bütün tədbirləri həyata keçirməyə hazır olduğumuzu bəyan edirik.

Xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması uğrunda mübarizə milliyyətindən, irqindən, siyasi və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanların həmişə ən ümdə vəzifələrindən biri olmuşdur. Bu yolda mühüm nailiyyətlər əldə edilsə də, dünyanın bir çox ölkələrində sülhün tam bərqərar olunması ən aktual məsələ olaraq qalmaqdadır. Görürəm ki, belə vəziyyət sizdə də haqlı narahatlıq doğurur.

Təəssüflə qeyd etməliyəm ki, qonşu Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycanda da dinc həyat pozulmuş, günahsuz qanlar tökülmüş, torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız, o cümlədən qadın, qoca və uşaqlar öz yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş və hal-hazırda onların bir çoxu çadır düşərgələrində olduqca ağır şəraitdə yaşayır.

Altı ildən artıqdır ki, atəşkəs əldə edilmiş, hərbi əməliyyatlar dayandırılmışdır, lakin bütün səylərimizə baxmayaraq, hələ də sülhə nail ola bilməmişik. Azərbaycan dövləti regionda sülhün bərqərar edilməsi üçün öz səylərini davam etdirir və XXI əsri əmin-amanlıq şəraitində qarşılayacağına böyük ümidlər bəsləyir. İnanıram ki, dünya ictimaiyyətinin, o cümlədən siz uşaqların birgə səyləri nəticəsində üzümüzə gələn üçüncü minillik münaqişəsiz və müharibəsiz olacaqdır.

2000-ci beynəlxalq sülh mədəniyyəti ili çərçivəsində göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndirir və bu yolda sizə böyük uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa