Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın "Marubeni" şirkətinin prezidenti İvao Toriumi ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 26 fevral 1998-ci il


Hörmətli cənab Toriumi!

Mən ən əvvəl səmimi görüş üçün, mənim haqqımda söylədiyiniz xoş sözlər üçün sizə təşəkkürümü bildirirəm.

Sizin prezidenti olduğunuz "Marubeni" şirkəti haqqında, hazırda onun dünyanın 85 ölkəsində ticarət nümayəndəliyinin, 100-ə yaxın ölkədə çoxlu törəmə şirkətinin olması barədə verdiyiniz ətraflı məlumatlar məndə hədsiz maraq doğurdu.

Müstəqil respublikamızın iqtisadiyyatının Dünya Birliyi ilə daha sıx bağlanması sahəsində son illər həyata keçirilən tədbirlərə, aparılan islahatlar prosesinə, Azərbaycanın enerji yataqlarının işlənməsində əldə edilmiş nailiyyətlərə verdiyiniz qiymətlərə görə sizə çox minnətdaram.

Azərbaycanla bir çox sahələrdə əlaqələr qurulmasına və əməkdaşlığın möhkəmləndirilməsinə "Marubeni" şirkətinin böyük maraq göstərdiyini mən də yüksək qiymətləndirirəm, əminəm ki, bizim nailiyyətlərimiz həm Azərbaycanın, həm də bütün regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edəcəkdir. Biz Yaponiya ilə bütün sahələrdə əməkdaşlığa böyük əhəmiyyət verir və belə hesab edirik ki, bu əməkdaşlığın genişlənməsi və dərinləşməsi üçün böyük potensial imkanlar vardır.

Siz "Marubeni"nin neft və qaz sənayesi üçün istehsal etdiyi boruların yüksək keyfiyyətindən söhbət açdınız. Bakıdakı sement zavodunun yenidən qurulması ilə bağlı hazırladığınız layihə haqqında məlumat verdiniz. Dediniz ki, neftayırma sənayesi infrastrukturlarının yaradılması, elektrik stansiyalarının tikilməsi və bir çox digər sahələrdə şirkətin zəngin təcrübəsi vardır.

Cənab Toriumi! Sizin təkliflərinizi yüksək qiymətləndirirəm və onların həyata keçirilməsi üçün müzakirələr aparılmasının vacib olduğunu qeyd etmək istəyirəm. Yaponiyanın çox nüfuzlu şirkətləri ilə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa Azərbaycan xüsusi diqqət yetirəcəkdir.

Əminəm ki, bu əlaqələrin daha da möhkəmləndirilməsi hər iki tərəfə böyük faydalar verəcəkdir.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2005, 14-cü cild, səh. 373