Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonun Xəzəryanı bölgə üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstarı qəbul edərkən söhbətindən - Prezident sarayı, 22 fevral 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab səfir, sizi Azərbaycanda yenidən görməyimdən çox məmnunam. Bu, bir daha onu göstərir ki, bizim işlərimiz sürətlə davam edir. Mən sizinlə yenidən görüşməyimi çox əhəmiyyətli hesab edirəm. Güman edirəm ki, ötən bir ildə gördüyümüz işlər haqqında sizdə çox dəyərli məlumatlar vardır. Şübhəsiz ki, bu barədə fikir mübadiləsi aparmaga ehtiyac vardır.

Azərbaycanda bir məsəl var, bir məsələ həll olunanda və yaxud ki yaxşı, uğurla gedəndə deyirlər ki,"kiminsə ayağı düşür". Cənab Morninqstar, siz Amerika Birləşmiş Ştatları prezidentinin Xəzəryanı bölgə üzrə xüsusi səlahiyyətli nümayəndəsi, səfir təyin olunandan sonra bu işlərdə və xüsusən boru kəmərlərinin çəkilməsində yeni bir mərhələ başlayıbdır. Ona görə də mən deyirəm ki, sizin ayağınız düşübdür. Güman edirəm ki, biz bundan sonra da bu işdə uğurla irəli gedəcəyik.

Riçard Morninqstar: Cənab prezident, Sizi yenidən görmək mənim üçün çox gözəl hadisədir. Çox şadam ki, Sizi yenidən görürəm. Deməliyəm ki, son müddətdə bu, mənim Azərbaycana beşinci səfərimdir. Birinci səfərimdən sonra biz çoxlu tərəqqi əldə etmişik. Mən çox şadam ki, bu səfərim zamanı Sizi gözəl səhhətdə görürəm. Çox şadam ki, Siz gözəl müalicə keçmisiniz.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən heç vaxt xəstə olmamışam. Amma xırda bir xəstəliyim, görürəm ki, çox narahatlıq doğurur. Ancaq indi hər şey çox yaxşıdır. Bu sözlərə görə sizə təşəkkür edirəm.

Riçard Morninqstar: Cənab prezident, bu gün mən eyni zamanda, xüsusi məmnuniyyət duyuram ki, enerji naziri cənab Riçardsonun məktubunu Sizə çatdırmaq istəyirəm. Əslində bu, əvvəlcədən imzalanmış məktubun davamıdır.

Heydər Əliyev: Mən cənab Riçardsonun məktubunu diqqətlə oxuyuram və öz mülahizələrimi bildirirəm. Bilirsiniz ki, mən cənab Riçardsonu Azərbaycana dəvət etmişəm. O, mənə son dəfə göndərdiyi məktubda bildirmişdir ki, respublikamıza səfərə gəlməyə hazırlaşır.

Riçard Morninqstar: Cənab prezident, bu məktubda da həmin məsələyə toxunulubdur. Mən buraya gələndə o bildirdi ki, iyun ayında Azərbaycana gəlməyə çox ümid edir. O həm də ümid edir ki, bu səfəri zamanı Azərbaycan ilə Türkmənistan arasında sərhəd məsələsinə dair sənədə də imza atılacaqdır. Hesab edirəm ki, bir qədər sonra biz bu məsələnin bütün detalları barədə söhbət edə bilərik.

Bugünkü görüş zamanı mən üç mövzuya toxunmaq istərdim. Birinci məsələ mənim Türkmənistana keçən həftədəki səfərim barədədir. Həmin səfərim zamanı Türkmənistan ilə "Pİ-ES-Cİ" qrupu arasında Transxəzər boru xətti haqqında sənədə imza atıldı.

İkinci mövzu sərhəd məsələsində bizim vasitəçilik fəaliyyətimiz ilə əlaqədardır. Üçüncüsü isə Bakı-Ceyhan boru kəməri layihəsi üzrə əldə etdiyimiz tərəqqi ilə bağlıdır.

Mən bu gün səhər Natiq Əliyevlə və Valeh Ələsgərovla görüşmüşəm. Bu, iki saata qədər davam edən çox gözəl bir görüş idi. Mənə elə gəlir ki, biz bu gün bütün məsələlər üzrə razılığa gələ bildik.

Mənim Türkmənistana səfərim çox yaxşı bir səfər idi. Ona görə ki, prezident Niyazov Transxəzər boru kəməri layihəsinə öz dəstəyini bildirdi. Mən bilirəm ki, Türkmənistan prezidentinin nümayəndələrinin buraya səfəri zamanı Siz də bu məsələyə öz dəstəyinizi vermisiniz. Buna görə mən Sizə minnətdarlığımı bildirirəm. Türkmənistana səfərim zamanı sərhəd məsələlərini müzakirə edərkən mən gördüm ki, cənab Niyazov bu məsələni dərindən anlamağa başlamışdır.

Heydər Əliyev: Mənə məlumat veriblər ki, siz bu gün Azərbaycan Dövlət Neft Şirkətində məsələlərin hamısını ətraflı müzakirə etmisiniz. Birincisi, onu qeyd etmək istəyirəm ki, Ankara bəyannaməsi imzalanandan sonra Bakı-Ceyhan boru xəttinin tikilməsi üçün hazırlıq işləri görülməsində biz xeyli irəli getmişik.

Bilirsiniz ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyə nümayəndə heyəti arasında bir neçə görüş olmuşdur. Bakı-Ceyhan boru kəmərinin tikilməsi üçün lazım olan sənədlər, layihələr hazırlanıbdır. Mənə verilən məlumata görə, həmin məsələlərin bəziləri Türkiyə hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mövqeyində də müəyyən dəyişikliklər müşahidə olunur. Türkiyə Cümhuriyyətinin nümayəndə heyəti Bakı-Ceyhan boru xəttinin dəyərlərinin 2 milyard 400 milyon dollar həcmində olduğunu artıq sübut edibdir. Görürsünüz ki, bu, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin vaxtilə elan etdiyi 3 milyard 700 milyon dollardan nə qədər ucuzdur. Yəni mən hesab edirəm ki, ötən bir neçə ayda çox iş görülübdür və biz onu davam etdirməliyik.

Türkmənistan qazının Xəzər dənizindən Türkiyəyə nəql olunması haqqında sizin gördüyünüz işlər, - mən bunları mətbuatdan aldığım məlumatlara əsasən deyirəm, - Türkmənistan prezidentinin bu sahədə qəbul etdiyi qərarlar çox sevindiricidir. Bilirsiniz, prezident Niyazov mənə bu barədə məktub göndərərək rica etmişdi ki, onun şəxsi nümayəndəsi olan "Merxav" şirkətinin başçısı İosif Maymanı qəbul edib, bu barədə öz fikrimi ona bildirim. Mən onun xahişini yerinə yetirdim, cənab Maymanı qəbul etdim. Biz çox ətraflı söhbət apardıq. Mən bu boru xəttinin tikilməsi barədə Azərbaycanın razılığını, dəstəyini bildirdim.

Xəzər dənizində Azərbaycanla Türkmənistan sərhədinin müəyyən edilməsi haqqında sizin verdiyiniz məlumat çox əhəmiyyətlidir ki, Türkmənistan prezidenti öz mövqeyində müəyyən mütərəqqi addımlar atır.

Siz bilirsiniz ki, mən oktyabrın 29-da Ankarada Türkmənistan prezidenti cənab Niyazovla görüşəndən sonra Azərbaycan və Türkmənistan nümayəndə heyətləri bir neçə görüş keçirmiş, danışıqlar aparmışlar. Şübhəsiz ki, Türkmənistanın bu sahədə, yəni Xəzər dənizindən qaz kəmərinin çəkilməsi sahəsində gördüyü işlərdə sizin - Amerika Birləşmiş Ştatlarının müstəsna rolu vardır. Bu sahədə irəliləmə eyni zamanda Azərbaycan-Türkmənistan sərhədinin müəyyən edilməsimə də çox kömək edir. Mən ümidvaram ki, bu məsələni də sizin köməyinizlə uğurla həll edə biləcəyik.

Cənab Riçardson Ankarada mənimlə görüşərkən bu barədə vasitəçilik edəcəyi haqqında öz bəyanatını verdi və mən bununla razı oldum. İndi sizin bu barədə çox dəqiq, ətraflı fikirlərinizi dinləmək əhəmiyyətli olar.

"Azərbaycan" qəzeti, 23 fevral 1999-cu il.